Müasir və Orta əsrlərdəki Yaponiya  

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Toranaqa ingilis dənizçisi barədə də düşünürdü və belə qərara gəlmişdi ki, bu barbar heç vaxt onun ölkəsini tərk etməyəcəkdir, özü də nə diri, nə də ölü şəkildə. O, həmişəlik bu səltənətin bir hissəsinə çevriləcəkdir. Toranaqa öz təhlükəsizliyini qorumaq üçün hər cür tədbirlərə, hiylələrə əl atırdı. Qılıncını hazır saxlayırdı, bəxtinə güvənərək hər gecə yataq otağını, mühafizəçilərini, parolu dəyişirdi. Bunları daim gəlişini gözlədiyi qatillərə görə edirdi.

Yaponlar heç bir millətə, ümumiyyətlə, heç kəsə bənzəmirdilər. Onlar öz adlarına malik deyildilər. Yalnız samurayların öz adı olurdu, adi yapona isə ad daşımağa icazə verilmirdi. Bu adamlar öz peşələrinin adı ilə çağırılırdı. Oğlanlar və qızlar isə birinci qız, ikinci qız, birinci oğul və buna uyğun qaydada adlandırılırdı. Fahişə qadınlar isə özlərinə balıq növünün adından götürülmüş Karp,  Ay, Ləçək və ya Ulduz adlarını qoyurdular.

Adamlar küçədə başqası ilə qarşılaşdıqda gülümsünür, əyilir və nəfəslərini udurdular. Yapon sadə adam olmaqla yanaşı, çox sərt idi. Onlar, həqiqətən, yalnız bir cəzanı, qətlə yetirməyi bilirdilər - çarmıxa çəkirdilər, boğurdular və ya boynunu vurmaq yolu ilə adamları öldürürdülər. Nəyisə yandırma cinayətinə görə isə adamlar diri-diri yandırılmaqla öldürülürdü. Qəddarlıqda onlar, miladdan əvvəl VII əsrdə qanun məcəlləsi tərtib edən və özəl mülkiyyəti qəsd etməyin ən kiçik faktına görə ölüm cəzası qaydasını qoyan Afina arxontu Drakontun ardıcılları sayıla bilərdilər. Onlar, demək olar ki, başqa cəza növlərinə malik deyildilər, bəzən adamları sürgün edir, bəzi hallarda qadınların saçını qırxdırırdılar. Lakin daim başlıca cəza ölüm idi. Dustaqxanalar bir neçə il əvvəl yaradılmışdı, onlar üçün yeni bir şey idi. Dustaqxana yalnız adamların hökm verilənə qədər müvəqqəti saxlandığı yer idi. Bura təqsirkarlar gətirilirdi, özü də çox qısa müddətə. Dustaqxana həmçinin cəhənnəmlə yer arasında istirahət yeri olmaqla əbədi davam edən Həyat üçün fasilə idi. Burada qaçmaq və gizlənmək üçün heç bir yer yox idi. Beləliklə, hər bir kəs edama gedirdi. Əvvəlki dövrlərdə burada dustaqxana olmamışdı, o vaxtlar adam tutulduqda öz cinayətini etiraf edir və edam edilirdi.

Portuqaliyalılar Yaponiyanı ilk dəfə kəşf edəndə tayfun bu ölkədən gələn tacirləri yolundan döndərib, Kyuşyü adasında sahilə çıxmağa məcbur etmişdi. İlk dəfə idi ki, avropalılar yapon torpaqlarına ayaq basırdı. Bir neçə il sonra - 1549-cu ildə iezuitlərin başçısı İznatus Loyolanın yaxın silahdaşı, ordendə ikinci adam sayılan Fransisk Xavyer buraya gəlib çıxdı. O, buraya xristian dinini yaymaq üçün, missioner fəaliyyəti göstərmək məqsədilə gəlmişdi. Sonradan Xavyer eyni missiya ilə Çinə keçmiş və Asiyaya gəlişindən üç il sonra orada da vəfat etmişdi.

İngilis dənizçisi öz ölkəsi ilə, yenicə məskunlaşmağa başladığı diyarı müqayisə etmək imkanına malik idi. Başlıca olaraq siçovullar, dəstə-dəstə sahibsiz itlər və pişiklər, həmçinin yanğınlar Londonu təmizləmiş və milçəklərdən azad etmişdi. Toranaqa ilə görüşmək üçün onun bura gətirilib çıxarıldığı Osaka şəhəri isə vətəninin paytaxtından tam fərqli idi. Yenicə möhkəm tapdanmış küçə süpürülmüş və təmizlənmişdi. Ağacdan olan divarlar və evlər işıq saçır və təmiz görkəmdə idi. Burada hər bir xristian şəhərinin küçələrini dəstə-dəstə dolduran dilənçilər və çolaq-şil adamlar yox idi.

Adamlar nəzakətlə təzim etməklə küçədən keçir, bəziləri hətta diz çökürdü. Buradakı nəzakət qaydasında baş əymək, təzim etmək çox sayda davranış ənənələri kimi indiyədək qalır. Qadınlar isə sadəcə baş əymir, qamətlərini tamamilə bükürlər. Xanımlar, ümumiyyətlə, güman edirlər ki, onlar söyüd ağacı kimi incə olmalıdırlar, salxım söyüd kimi əyilmələri də bu oxşarlığı daha da artırır. Keçən əsrin 80-ci illərində Tokioda işləyən sovet jurnalisti yazırdı ki, ovaxtkı Baş nazirlə bir küçədə yaşadığından hər səhər onu maşınına qədər ötürən xanımının qaməti əyilmiş şəkildə yola salmasını, yalnız maşın döngədən itdikdən sonra qadının başını qaldırdığını müşahidə edirmiş. Qadınların daha nümayişkaranə surətdə təzim etməsinə mən özüm Nyu-Yorkun "Şeraton-Manhetten" hotelində rast gəlmişdim. Səhər tezdən liftdən çıxarkən holda qarşıma çıxan yaponlardan qoca qadının çox aşağı əyilməsindən özümü bir qədər itirdim, onun yanındakı üç kişinin də baş əydiyini görüb salam verdiklərini anladım və səhvimi başa düşdüyümdən qarşılıqlı qaydada başımı əydim və "sabahınız xeyir" cavabını verdikdə həmin qadının düz görkəm aldığını gördüm. Dəqiqlik kralların zəifliyi olduğu kimi, nəzakət yaponların təbii adətlərinə çevrilməklə, onların xarakterini büruzə verən cəhətlərdən biridir. Yaponiya parlamentində müxalif cəbhələrdən olan deputatların bir anlığa kəskin mübarizəni kənara atıb bir-birinə təzim qılmasını görəndə, bu, bizi təəccübləndirməyə bilmir.

Yaponiyada illər kimi günün də öz adını daşıyan on iki hissəyə bölünməsi də ingilis dənizçisinə məlum oldu. Gün səhər saat 5-dən 7-dək davam edən Dovşan saatı ilə başlayırdı. Sonrakı iki saatda Əjdaha adlanan, daha sonra, İlan, At, Keçi, Meymun, Xoruz, İt, Qaban, Siçovul və Öküz saatları gəlirdi, bu dövrə gecə saat 3-dən 5-ə qədər uzanan Pələng saatı ilə başa çatırdı. Gün və gecənin hər biri altı bərabər hissəyə bölünürdü.

Toranaqa ingilisi dustaqxanadan yanına gətirdib, ona suallar verdi. Daymyonu daha çox maraqlandıran onun ölkəsinin qaydaları idi. Bləksorn ona qum üzərində dünyanın xəritəsini cızdı. Şimalda yaşayan xalq olan laplandiyalılar haqqında onu söyləməyi lazım bildi ki, onlar ovla məşğul olur, bütün başqa işləri isə qadınlar görür. Qadınların bir hissəsinin işi paltar tikməkdən ibarətdir. Bunu etmək üçün onlar xəzi dişləri ilə çeynəyirlər ki, tikmək üçün bir qədər yumşalsın. Laplandiyalılar kiçik dəyirmi formalı evlərdə yaşayırdı, bu evlər bütünlüklə qardan düzəldilir və bu adamlar ömründə bir dəfə də olsun çimmirlər. İngiltərənin özündə də hamama nadir hallarda rast gəlinir. Çünki adamlar hamamın səhhət üçün təhlükəli olduğuna inanırdı. İndi də o, özü hamamın sağlamlığa ziyan vurduğuna inanmır. Bləksornun bəxti onda gətirmişdi ki, o, portuqalıyalı tərcüməçinin xidmətindən imtina etdikdə, Toranaqa gənc qadın Mariko-sanı tərcüməçi təyin etmişdi və ingilis sözlərinin artıq səhv çatdırılacağından qorxmurdu. Bu qadın portuqal dilində çox yaxşı danışırdı, latın dilini də bilirdi. Mariko-san ağasına ingilisin həqiqəti dediyinə inandığını bildirib, onun Toranaqa üçün çox faydalı olacağını dedi və bu uzaqgörənliyində o, yanılmamışdı.

Sonra şturman Toranaqaya katolik kilsəsinin dünyanı da Allah səltənəti kimi öz inhisarına almaq planlarından danışdı və bildirdi ki, 1530-cu ildə İspaniya və Portuqaliya kralları təntənəli müqavilə imzalamışdılar. Yeni Dünyanın onların arasında bölüşdürülməsi bu müqaviləyə əsasən aparılmalı idi. Həmin bölgüyə görə Yaponiya Portuqaliyanın payına düşürdü, rəsmi qaydada ona məxsus olurdu. Sizin özünüz, hər bir qəsr və hər şey Portuqaliyaya veriləcəkdir. Buna cavab olaraq yapon knyazı bildirdi ki, o da Çin imperatoru ilə özü arasında göyü bərabər qaydada yarı böləcəkdir. Katoliklərin bölgüsünə görə 1500-cü ildə Braziliya Pedro Kabral tərəfindən kəşf edildiyinə görə Portuqaliya bu ölkənin də sahibi olmuşdu. Roma Papası onlara bu hüququ vermişdi, o, özünü İisus Xristin Yer üzərindəki Keşişi hesab edirdi. Papa VI Aleksandr (onun özü və övladları iyrənc zinakarlıqda, qan qarışdırıcı əlaqələrdə ad çıxarmışdılar) ilk demarkasiya xəttini 1493-cü ildə, Xristofor Kolumbun Yeni Dünyanı, öz gümanına görə isə Hindistanı kəşf etdiyindən bir il sonra təsdiq etmişdi. Papa VII Kliment isə 1529-cu il Saraqosa müqaviləsinə icazə vermişdi. Bu müqaviləyə görə Yaponiya barədə, həmçinin Çindən tutmuş Afrikaya qədər Portuqaliyaya müstəsna hüquqlar verilirdi. Əvəzində isə bu ölkələrdə katolitsizm yayılmalı idi. Beləliklə, ingilis dənizçi bir protestant kimi katoliklərin iç üzünü açıb göstərdi, onların dünya ağalığına yiyələnmək cəhdlərini ifşa etməkdən də çəkinmədi.

Yaponiyada təkcə samuraylar at oynatmırdılar. Burada gizli onluq təşkilatı olan Amida Tonq fəaliyyət göstərirdi. Bu cəmiyyətdən heç bir kəs diri şəkildə tutula bilməzdi. Onlar ağalarının göstərişi ilə adamları öldürürdülər, bütöv məxfiliyə malik idilər. Muzdlu qatil öz qəsrinə geri dönüb, sonra böyük mərasimin müşayiəti ilə özünə sui-qəsd ritualını icra edirdi.

Romanda verilən ingilis dənizçisinə Toranaqanın tapşırığı ilə tərcüməçilik edən Mariko-san obrazı yapon qadınlarının təbiətini öyrənməyə çox kömək edir. Marikonun atası ağasına xəyanət etdiyinə görə seppuku icra etməklə həyatını başa vurmuşdu. Bu vaxt onun samuray əri öz həyat yoldaşından imtina etməmiş, onu uzun müddətə şimala göndərmişdi. Mariko özünü, ağası hesab etdiyi əri Buntaronun, çalmaq üçün istifadə etdiyi musiqi aləti hesab edirdi. Mariko ingilisə deyirdi ki, yaponlar üçün ölüm və həyat eyni şeylərdir. Bu, təbiətin sarsılmaz qanunudur. Buddizm dininə sitayiş edənlər inanırlar ki, biz çox dəfələrlə doğulmaq və yenidən doğulmaq qabiliyyətinə malikik. Bu o vaxta qədər davam edir ki, biz kamilliyə, qüsursuzluğa qovuşuruq və Nirvanaya - Göyə çatırıq. Qadınlar barədə isə deyirdi ki, kişilər onlardan üzr istəmirlər. Kişilər nə edirlərsə düzgün hərəkət etmiş olurlar. Ən azı buna biz qadınlar inanırıq. Əri öz arvadını ölüncə döyə bilər. Qadınların yeganə mükafatı göz yaşlarından əmələ gələn çaydır. Qadınların çoxu nifrət etdiyi adamlara ərə gedirdi. İntim yaxınlıq məsələsinə gəldikdə, bu əlaqəni yaponlar azərbaycanlıların əvvəllər çox işlətdikləri ifadə kimi yastığa (birgə) baş qoymaq adlandırırlar, bunu kişi və qadının fiziki birləşməsinin üsulu hesab edirlər. Bu, zinakarlıqdan daha nəzakətlidir. Burada haşiyə çıxaraq onu da qeyd etmək lazımdır ki, içdiyimiz çayı bildirən ifadə də, hansı dildən əxz etdiyimizdən asılı olmayaraq yapon dilindəki "ça" sözündən götürülmüşdür, ingilislər isə çayın əsl vətəni olan ölkənin sakinlərinin - çinlilərin dilindən onların "te" sözünü götürərək, onu "tii" kimi tələffüz edilən "tea" ifadəsi kimi işlədirlər.

Mariko ingilisə müraciət edərək deyirdi ki, "Ancin-san" (yapon dilində şturman "ancin" kimi tələffüz edilirdi) əgər bu üç qadından biri ilə, ya hamısı ilə yastığa baş qoymaq sənin üçün xoşdursa, bunu istəsən, onlar heç də bundan inciməyəcəklər. Həmin qadınların heç birinin əri yox idi. Əgər sən onlarla olmağı arzulamasan da, heç bir inciklik olmayacaqdır. Axı sən qadınla yastığa baş qoymadan necə sağlam ola bilərsən? "Axı bu, kişi üçün çox vacibdir". Bu rəy Çingiz xanın əbədi həyat, ən azı uzun ömürlülük barədə məsləhət umduğu çinli müdrikin sözləri ilə əkslik təşkil edir. Müdrik qoca Çingiz xana ölməzliyin mümkün olmadığını, uzun ömür üçün isə qadınla intim yaxınlıqdan uzaq olmağın məqsədəuyğun olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və ingilisə belə intim yaxınlıq imkanı təklif edildikdə, o, bunu hiddətlə rədd etdi. Axı yaxşı bilirdi ki, belə eybəcər pozğunluğa görə Allah iki şəhəri - Sodomla birlikdə Qomorranı bütöv sakinləri ilə birlikdə məhv etmişdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.-2024.-10 avqust №(142).- S.22.