Əxlaq, azad iradə və hədəflər
Esse
Məqsədə aparan hər yol caizdirmi? Hədəflərimiz
üçün hər şeyi qurban verə bilərikmi?
Əxlaq, inanc, vicdan, sosial status bəzən bu sualın
cavabını konkretləşdirir: əlbəttə, yox! Yeni
dünyanın və yeni nəsillərin (Z nəsli) isə
yuxarıda sadaladığım dörd əsas mənəvi məhfuma
baxış bucağı fəqlidir.
Bütün düşüncə sisteminin
qırıldığı nöqtə -
Üçüncü Sənaye İnqilabı əxlaqa da, dinə
də, sosial statusun mahiyyətinə də yeni təriflər
verdi. Antik yunan filosoflarından günümüzün
sosioloqlarına qədər uzun bir tərif yolu keçən əxlaq
rəqəmlərin dünyasında başqa ifadələrlə
əvəzlənir. Əxlaq hədəf taxtası ola bilməz.
Bəs hədəfə gedən yolda nə qədər önəmlidir?
Bu sualın cavabını məşhur bir filmi analiz edərək
tapa bilərik. Teylor Hekfordun "Şeytanın vəkili"
filmi məhz əxlaq və hədəflər arasındakı
münasibətləri aydınlaşdırmağa
çalışır.
Endryu Neydermanın eyniadlı kitabı əsasında
çəkilmiş filmdə baş rolları Al Paçino və
Keano Reves oynayır. Filmin ssenarisi iradə azadlığı və
əxlaq arasındakı ziddiyətlərin
formalaşdırdığı xarakter üzərində
yazılıb.
Kevin Lomaks (Keanu Reves) kiçik bir qəsəbədə
hüquqşünasdır. Heç bir məhkəməni
uduzmadığı üçün ona xüsusi bir rəğbət
var. Ən kirli işləri belə ustalıqla müdafiə
etdiyi üçün bir çox qeyri-leqal işlərlə
məşğul olan biznesmenlər onu vəkil seçirlər.
İnadkar bir xarakterə sahib olan Kevin daha rahat həyatın və
şöhrətin ovçusudur. O,
məhkəmələrdə udsa da, nəfsinə uduzur.
Filmdə Con Milton (Al Paçino) obrazı
şeytanın prototipidir. Həddindən artıq varlı,
nüfuzlu, güclü və kifayət qədər əli
qana batmış bir şirkət sahibidir. Kevini tapır və
ona istədiyi şeyi təklif edir: zəngin bir həyat və
tükənməz güc. İndi Kevin onun bütün
qaranlıq işlərini məhkəmələrdə
müdafiə etməli və qazanmalıdır. Hadisələrin
mərkəzinə Con Milton keçdikcə filmin əsas rəngi
də qırmızı olmağa başlayır.
Qırmızı rəng həzz və şəhvət,
güc və əzm münasibətlərini əks etdirmək
üçün istifadə olunur.
Azad iradə nədir? O bizim hedonist xarakterimizə necə
təsir edir? Seçimlər bizi vicdanımız
qarşısında mühakimə etməlidirmi? Filmin əsas
mesajlarından biri də teoloji nəzəriyyədə insan və
onun əxlaqı, məhdudlaşdırılmış
azadlıq və bütün bunların təməli olan
yaxşılığın mənbəyidir. Eqo bizi ali olandan
uzaqlaşdırır. İbtidai mənliyimiz şüur
qazandıqca özünü sosial reforma hazırlayır.
Sosiologiyada buna "yalançı şüur" deyirlər.
Belə bir şüur bizim eqomuzu doyurmaq üçün əlindən
gələni edir. Film də, əslində, yalançı
şüurun nəyə xidmət etdiyi göstərmək istəyir.
Yalançı şüur konseptual olaraq ilk dəfə
Marksın "İstehsal proseslərinin mənimsənilməsi"
nəzəriyyəsində istifadə olunur. Marks bunu işverənlə
işçi arasındakı anlaşılmazlığın
bir hissəsi olaraq görür. İşçinin
"qazandığı" yalançı şüur onu
nökərə çevirir. Həqiqətin nə olduğunu
özü üçün anlamayan fərd hədəfinə
çatmaq üçün ona öyrədilənləri
şərtsiz qəbul edir və mühakimə qabiliyyətini
itirməyə başlayır. Belə olan halda ona təklif
olunan bütün instansiyaları keçməyə hazır
olur. Bu psixoloji vərdiş, əslində, insana o qədər
də yad deyil. Yalançı şüur, əxlaq və azad
iradə münasibətləri haqqında məşhur filosof
və sosioloq Maks Horkeymer də ciddi təhlillər edib. Onun
fikrincə, İkinci Dünya müharibəsindən sonra əxlaq
anlayışı tamamilə "elastikləşdi".
Ağıl öz mahiyyətində əxlaqdan heç nə
saxlamadı. Çünki Avropa artıq əxlaqın və
inancın təbliğ etdiyi zəif iradə ilə bir
neçə dəfə dəhşətli məğlubiyyətlər
yaşamışdı. İndi qərblilərə konkret hədəflər
lazım idi. Onlar güclü iradəni yalnız eqoları ilə
qura bilərdilər. Bu kontekstdə Horkeymer yaxşı və
pis, yanlış və doğru, saxta və gerçək kimi
anlayışların, haqq, ədalət, bərabərlik kimi
ictimai məhfumların öz mənasını itirdiyini
yazır. Şüurumuz bizə istədiklərimizi vermək
üçün istənilən "yola əl ata bilər".
Xarici dünyanın nəzarəti və subyektin yox olması
onun tükənməz istəkləri üçün sadəcə
alətə çevrilir. İctimai münasibətlərin tətbiqi
ilə başlayan prosesdə subyektin digərləri ilə
münasibətlərini də müəyyən etməsi
müasir dövrün ən böyük patologiyasını
ortaya çıxarır.
Qayıdaq filmə. "Şeytanın vəkili" həm
də utopik bir ekran işidir. Finala yaxınlaşdıqca hadisələr
dini motivlər üzərində davam edir. Con Milton əslində
Kevin Lomaksın atasıdır. Rejissor İncilə göndərmələr
edir. "Şüurunu və iradəsini itirənlər
İsa kimi deyillər. Onlar İblisin
övladlarıdır..." Şeytan insana güc, nüfuz vəd
edir və insan bütün ali dəyərlərin üstündən
xətt çəkir. Bunun qurbanlarından biri də Kevinin həyat
yoldaşı Meridir. Meri filmdə əsas qəhrəmanlardan
biridir. Onun kiçik qəsəbədən Nyu-Yorka əri ilə
birlikdə köçdüyü gün həyatının
axirəti kimi dəyərləndirilir. Əvvəlcə o da
gücdən və şöhrətdən məmnun
yaşayır. Sonra sərhədsiz bir tənhalığın
içində dəliyə çevrilir və nəhayət,
ölür. Ancaq onun ölümü də Kevinə dərs
olmur. Film bir periodun bitməsi və yenisinin başlaması ilə
yekunlaşır.
"Şeytanın vəkili" müasir insanın
sınağını göstərir. Çıxılmaz vəziyyətin
psixoloji təsiri və bu vəziyyətin necə qiymətləndirilməsi
haqqında mükəmməl bir ekran işidir. İnsan öz
həqiqətini tapmalıdır. Fərq etmir, bunu əxlaq
çərçivəsində və ya azad iradəsi ilə
tapır. Nəticə etibari ilə o, "ev
tapşırığını" İblisə, yəni
öz eqosuna və maddi istəklərinə yenilmədən həll
etməlidir. Əks halda aqibəti və batil şüuru ona
yeni bir tapşırıq hazırlayacaq.
Rəvan
525-ci qəzet.-2024.-10 avqust №(142).- S.21.