Üç şahzadənin sirri
Nağıl
Biri var idi, biri yox idi, bir padşah və onun
üç oğlu - üç şahzadə var idi.
Şahzadələr qəribə davranışları ilə
seçilirdilər. Sanki onlar bir vaxt böyüyüb yetkinləşmiş,
sonra hansısa sehrli yeməkdən dadıb yeniyetməyə
çevrilmişdilər. Çox zəhmətkeş,
güclü-qüvvətli, ağıllı və
hazırcavab idilər. Onlar gündüz vaxtı pəhləvanlarla
güləşir, nizə və ox atır, ova
çıxır, qılınc oynadırdılar. Amma gecələr
gizlincə öz otaqlarından çıxıb harasa
yollanır, səhərə az qalmış
qayıdırdılar. Onların bu səfərlərindən
kimsənin xəbəri olmurdu. Şahzadələrin bir-birindən
fərqli bacarıqları var idi. Amma bu bacarıqlarını
saraydakılardan, elə padşahın özündən də
gizli saxlayırdılar. Böyük şahzadənin əlləri
şəfalı idi, xəstələrə dərman, məlhəm
hazırlayır, onları sağaldırdı. Ortancıl
şahzadənin memarlıq və bənnalıq məharəti
var idi, gözəl evlər tikə, imarətlər ucalda
bilirdi. Kiçik şahzadə isə mahir aşpaz idi, ləziz
yeməklər bişirirdi.
Günlərin bir günü padşah gördü ki,
sarayda işlər tərs gedir. Süfrəsindəki nemətlərin
sayı, çeşidi gündən-günə azalır.
Əvvəllər sarayın qapısına
yığışan ac, yoxsul, xəstə adamlar çox da
gözə dəymirlər. Ona xəbər
çatdırıldı ki, məmləkətdəki ən
imkansızlar da ev-eşik sahibi olmağa başlayıblar. Bir
yandan da xəzinə get-gedə boşalmaqdadır. Padşah
sarayda xain olduğunu, mətbəxə və xəzinəyə
oğru dadandığını düşündü. O, saray
həkiminin kimlərləsə əlbir olub ucuz qiymətə
dərman satmasından da şübhələnirdi. Padşah qərara
gəldi ki, səfərə çıxmaq adı ilə
sarayı tərk etsin. Sonra kənardan göz qoyub burada nələr
baş verdiyini öyrənsin. Şahzadələrlə
sağollaşıb yola çıxdı. Padşahın səfərə
çıxdığını görən kiçik
şahzadə özü ilə xeyli ərzaq
götürüb sarayı tərk etdi. Getməzdən əvvəl
isə mətbəxdə qalan ərzağı kimsənin
ağlına gəlməyəcək bir yerdə gizlətdi.
O, dərviş paltarında məmləkətin ucqar yerlərini
dolaşmağa başladı. Getdiyi yerlərdə dadlı
yeməklər hazırlayıb onları insanlara
paylayırdı.
Böyük və ortancıl şahzadələr də
saraydan çıxmaq fikrinə düşmüşdülər.
Ancaq əvvəlcə yaxşıca yemək istədilər.
Aşpaz gəlib dedi ki, yeməyə heç nə yoxdur.
Çünki padşahın əmri var: o, qayıdana qədər
sarayda yemək bişirilməyəcək. Şahzadələr
onu şirin dilə tutdular. Söz verib aşpazı
inandırdılar ki, gizlincə onlara yemək bişirsə,
padşahın bundan xəbəri olmayacaq. Nəhayət,
aşpaz razılaşdı. Ancaq yemək hazırlamaq
üçün mətbəxə getdikdən az sonra
qayıtdı və orada ərzaq qalmadığını,
hamısının yoxa çıxdığını
söylədi. Bunu eşidən şahzadələr burada bir
sirr, ya da oyun olduğunu düşündülər. Odur ki, ac
da olsalar, heç yerə getməyib sarayda qalmağa qərar
verdilər.
Kiçik şahzadə səhərə yaxın
saraya qayıtdı. O, bərk yorulmuşdu. Dərviş
paltarını çıxarıb gizlətdikdən sonra
yatmağa hazırlaşdı. Amma bu vaxt qardaşları onun
otağına gəlib aclıqdan şikayətlənməyə
başladılar.
Kiçik qardaş yalnız indi xatırladı ki, ərzağın
qalan hissəsini gizlətməklə onları ac qoyub.
Qardaşlarını sakitləşdirərək, onlara yemək
bişirəcəyini söylədi. Ancaq bunu sirr kimi
saxlamalarını tapşırdı. Onlar razılaşıb
söz verdilər.
Kiçik şahzadə, yorğun da olsa, qalxıb mətbəxə
yollandı. Qardaşları da onun ardınca getdilər. Qalan ərzağı
gizlətdiyi yerdən çıxaran kiçik şahzadə,
qardaşlarına ləziz bir yemək hazırladı. Yeməkdən
sonra hər şahzadə öz otağına çəkildi.
Səfərə çıxdığı barədə
car çəkdirən padşah isə saraydan çox da
uzağa getməmişdi. Yaxındakı meşənin sıx
yerində atından enib çadır qurdurmuşdu. Adam
göndərib saraya gəliş-gedişi nəzarət
altında saxlamağı əmr etmişdi. Ertəsi gün
padşaha xəbər gəldi ki, kiçik şahzadə
xurcunlar dolusu yük ilə saraydan çıxıb harasa
yollanmaqdadır. Padşah da tez libasını dəyişib
oğlunun arxasınca gedərək gizlincə onu izləməyə
başladı. Bir xeyli gedəndən sonra gördüklərinə
inana bilmədi. Kiçik şahzadə bir məhəllənin
kənarında dayanıb ətrafdakı bir neçə nəfəri
köməyə səslədi. Onlar birlikdə ocaq
qaladılar, qazanlar asıldı, yeməklər bişirildi.
Sonra məclis quruldu, uzun bir süfrə açıldı,
süfrəyə nemətlər, yenicə bişmiş yeməklər
düzüldü. Oğluna nəzər yetirən padşah
kiçik şahzadənin öz əməlindən razı
qalıb şadlandığını gördü. Padşah əvvəlcə
oğlunun bu hərəkətindən qəzəblənsə
də, indi bir anda qəlbi yumşalmışdı. Baş verənlərə
padşah özü də sevinirdi. Çünki onun
kiçik oğlu yaxşılıq etməyi xoşlayan,
insanlara əl tutmaqdan şad olan bir şahzadə kimi
yetişmişdi. Padşah buna çox sevinsə də,
meşədəki çadırına qayıdan kimi yenə nəzarətçiyə
tapşırdı ki, sarayın qapısından
girib-çıxanları gözdən qoymasın.
Günəş üfüqdən təzəcə
boylananda padşaha xəbər çatdı ki, ortancıl
şahzadə, çiynində dolu bir xurcunla, saraydan
çıxdı. Geyimini dəyişən padşah
ortancıl oğlunu da izləməyə yollandı. Az
dayandılar, çox getdilər, padşah bir də
gördü ki, ortancıl şahzadə uca, əzəmətli
bir imarətin qapısında ayaq saxladı. Şahzadənin
çağırışına içəridən xeyli adam
çıxdı. O isə xurcununa əl salıb oradan
çıxardıqlarını həmin adamlara paylamağa
başladı. Padşah bunu gördükdə heyrətdən
barmağını dişlədi. Başa düşdü ki,
bu adamlar onun məmləkətindəki evsizlər,
yoxsullardır. Ortancıl şahzadə onları bu geniş
imarətdə məskunlaşdırıb. İndi də onlara
saraydan özü ilə gətirdiyi pulları,
qızılları paylayır. Yenə də əvvəlcə
qəzəblənən padşahın tez də
acığı soyudu. Ortancıl oğlunun da xeyirxah olması
padşahı çox sevindirmişdi.
Ertəsi gün isə padşah böyük
oğlunun izinə düşdü. Böyük şahzadə
ən ucqar məhəllədəki evlərdən birinin həyətinə
daxil oldu. Həyətə nəzər salan padşah məmləkətdəki
bir çox xəstə və yaralının buraya
toplanmış olduğunu gördü. Şahzadə o
adamları bir-bir yoxladı. Kimisinə dərman verdi, kimisinin
yaralarına məlhəm sürtdü. Padşah böyük
oğlunun da mərhəmətli, qayğıkeş
olduğunu anlayıb fərəhləndi.
Oradan uzaqlaşıb əvvəlcə meşədəki
çadırına dönən padşah dərin
düşüncələrə daldı. O, yubanmadan saraya
qayıtmağa, məmləkətin idarəçiliyini
oğlanlarına tapşırmağa qərar verdi.
Çünki şahzadələrin hər biri həm
ağıllı, həm də xeyirxah idi. Padşah
düşündü ki, bundan sonra məmləkəti
oğlanları idarə edərlər, o isə kənara
çəkilər, cənnətə bənzəyən
bağının qayğısına qalar. Axı sarayın həyətində
saldırdığı geniş bağa, oradakı güllərə,
ağaclara öz əlləri ilə qulluq etmək onun
çoxdankı arzusu idi.
Bu niyyətlə saraya dönən padşah,
taxtında əyləşib şahzadələri hüzuruna
çağırtdırdı. Oğullarının sirrindən
xəbərsiz kimi davrandı. Şahzadələrin cəsarət
və dürüstlüyünü də yoxlamaq
üçün onların yanında memarı, aşpazı və
həkimi möhkəm danladı: "Siz məndən iznsiz xəzinəmdəki
qızılları xərcləyib sarayımdan da gözəl
imarət tikmisiniz! Sarayın mətbəxindən ərzaq
oğurlayıb kimlərəsə yemək
paylamısınız! Dərmanları, məlhəmləri,
şəfalı bitkiləri saraydan daşıyıb
aparmısınız! İndi bunların cəzasını
çəkəcəksiniz! Hökmdardan gizlin iş
gördüyünüz üçün cəzanız
ağır olacaq!"
Onların əvəzinə haqsız yerə
başqalarının cəzalandırılmasına razı
olmayan şahzadələr dillənib bir-bir öz sirlərini
açdılar.
- Padşah sağ olsun, memarın günahı yoxdur! O
imarəti mən tikdirmişəm!
- Ömrün uzun olsun, padşahım, həkim təqsirkar
deyil! Dediyiniz əmələ görə cəza mənə
düşür!
- Böyük hökmdar, aşpaza rəhm edin! Mən
də öz cəzamı çəkməyə hazıram!
Padşah onları razılıqla süzüb
gülümsədi.
- Oğullarım, etdiklərinizdən xəbərim
var. Mərhəmətli və xeyirxah olmağınız məni
çox sevindirib. Cəsarət və
dürüstlüyünüzdən razı qaldım.
Üçünüz də məmləkəti idarə etməyə
layiqsiniz. Mən, vəzir və sərkərdə
yaşlanmışıq artıq. Qərara gəlmişəm
ki, biriniz padşah, o biriniz vəzir,
üçüncünüz də sərkərdə olsun.
Padşaha dua və minnətdarlıq edən şahzadələr
bildirdilər ki, hökmdarlığın əvvəlki kimi
onda qalması yaxşı olar.
Padşah qaşlarını çatıb heyrətlə
dilləndi:
- Niyə belə? Məgər bu dediyim ali məqamlara
hər kəs yüksəlmək istəməzmi?
Qardaşlar bir-birinə baxdılar, nəhayət,
böyük şahzadə dilə gəlib dedi:
- Padşah sağ olsun, sizin də, vəzirlə sərkərdənin
də yaşlılıq çağına hələ
çox var. Müdriklik, ədalət və qəhrəmanlığınız
danılmazdır. Ona görə də hər
üçünüzün öz ali məqamınızda
qalması məmləkət üçün daha xeyirli olar. O
ki qaldı bizə, artıq bildiyiniz kimi, hərəmiz bir
peşədə mahirik. İzn verin, həkim, memar və
aşpaz kimi məmləkətimizə xidmət edək.
Şahzadələrin həm də gözütox, vətənpərvər
və zəhmətkeş olmaları padşahı çox
sevindirdi. Onların hər birinə hədiyyələr verib,
öz peşələrində uğurlar dilədi. O gündən
şahzadələrin üçü də yorulmadan
çalışmağa, öz bacarığı ilə məmləkətə
böyük faydalar verməyə başladı.
Əfsanə Rəhimli
525-ci qəzet.-2024.-10 avqust №(142).- S.20.