Florensiya – intibahın çiçək açdığı şəhər

 “Avropa qeydləri” silsiləsi – II yazı

 

 

Ötən əsrin əvvəllərində Ezra Paund şairanə sadəlövhlüklə bütün pisliklərin, şərin, ədalətsizliyin kökünü dünyanı bürümüş bank sistemlərində görürdü. Buna görə də bütün esselərində, radio çıxışlarında eyni sözü təkrarlayırdı: “Usura!” Bu söz italyanca “faizlə borc vermək” deməkdir. Paund bank münasibətlərinin, faizə borc vermək kimi anlayışların İtaliyada, lap dəqiqi, Florensiyada yarandığını bilirdi. Təxminən belə yazırdı: banklar şərin mənbəyidir, heç kim sələmçiliklə kilsə divarında cənnət yarada bilməz, heç kim “usura” ilə gözəl daşlardan hörülmüş evlərdə maskalanıb öz həqiqi üzünü gizlədə bilməz. Bu gün dəqiq bilirik ki, Paund yanılırdı. Bəşəriyyət İntibahı da, o dövrdə yaranan möhtəşəm sənət əsərlərini də XIV əsrdə bank sistemini yaradan və sənətə himayədarlıq edən Mediçi ailəsinə borcludur, yəni Paundun üstünə hücum çəkdiyi “usura”ya. Mediçilərin bankı 1397-ci yaranmışdı, 1494-cü ildə isə iflas etdi; ancaq bu 97 il İntibaha təkan verdi. Bu nəslin içində ən uzunömürlüsü Kosimo de Mediçi idi. Həbsə də düşən, sürgün də görən Kosimo “Mediçi bankı”nın sərhədlərini böyütməklə yanaşı, filosofların, memarların, rəssamların – bir sözlə, sənətçilərin ən böyük dəstəkçisi, havadarı idi. O, təkcə şəhərin yox, sənətin də tarixinə düşdü. İtaliyadakı ikinci günümüzdə, Romadan Florensiyaya gedən sürət qatarında fikrimdən bunlar keçirdi.

Florensiyada hələ Akademiya və Uffitsi muzeylərini görməmiş, şəhərin düz mərkəzindəki “Cənablar meydanı”nda (Piazza della Signoria) adamın rastına çıxan Mikelancelonun “Davud”u adamı çaşdırır. Heç kim üzə vurmasa da, yüngül bir mədəni şok keçirir. Ancaq özünə gələndə sonra bunun kopya olduğunu, əslinin Akademiya muzeyində olduğunu xatırlayırsan, əlbəttə, əgər əvvəldən məlumatın varsa. Bu meydanda Ammannatinin “Neptun fontanı” da var.

Florensiyada üzünü hara tutsan, bir sənət əsəriylə rastlaşırsan; bir meydandan digərinə gedən xırda, ara küçələrdə belə, mədəniyyəti təmsil edən nəsə var. Həqiqətən də bu şəhər adamı kulturoloji şoka, mədəni başgicəllənməsinə, sənət nokautuna salır. “Stendal sindromu” həqiqət imiş!

Akademiya muzeyinin qarşısındakı növbə muzeyin özündən böyükdür, ancaq dünyanın hər yerindən milyonlarla turist bu muzeyə bircə şeyə görə gəlir: Mikelancelonun "Davud” heykəlini görmək üçün. Turistlər növbə gözləməyində olsun, biz yazının içində cümlə-cümlə muzeyə doğru addımlayarkən bir məsələni də deyim: İtaliyada bütün muzeylərə növbəsiz keçmək üçün ən yaxşı yol əvvəlcədən onlayn bilet almaqdır. Muzeylərə sürətli keçid üçün biletləri əlində tutan agentliklərin çoxunu hindistanlılar işlədirmiş. Muzeyin qabağında, Florensiya günəşinin altında təzəcə qaralmağa başlamışkən, diribaş bir hindistanlı görüş yerinə yaxınlaşdı, sənətin və elmin hamisi olan çoxqollu hind tanrısı Qaneşa kimi, bir əliylə üç əl sürətiylə hamının onlayn biletini kağıza çevirdi və “Ardımca!” mənasına gələn özündənəmin bir işarəylə qabağımıza düşüb bizi içəri ötürdü.

Mikelancelonun dünyaca məşhur “Davud” heykəlinin maraqlı tarixçəsi var. Böyük sənətkar beş metrlik bu heykəli üç ilə (1501-1504) yaradıb.

“Davud” heykəlinin düzəldiyi mərmər parçası on il lazımsız, yararsız material kimi bir qırağa atılıb, sonra Rosselino adlı heykəltaraş bu mərmər blokla işləmək istəyib, ancaq az-maz çat salıb və o da qırağa atıb. Bu mərmər blok düz qırx il öz sənətkarını gözləyib. Mikelancelo başqa heç bir materiala ehtiyac olmadan, bir cəhdə, həmin mərmər blokdan incəsənət tarixinin ən böyük əsərlərindən birini yaradıb. Özünün dediyi kimi: “Ruh bədəndə olduğu kimi, obraz mərmərin içindəydi, mən sadəcə artıqları təmizlədim”.

“Davud” heykəli əvvəlcə əzəmətiylə adamı heyrətləndirir, sonra isə yavaş-yavaş bu həcmdəki bir əsərdə hər detalın necə böyük sənətkarlıqla, dəqiqliklə işlənməsinə mat qalırsan. “Davud”un heykəlini görəndən sonra muzeyin başqa hissələrini gəzsən də, bir də görürsən, ayaqların səni yenidən onun yanına qaytarıb. Muzeydən çıxsan da, Mikelancelonun yaratdığı şedevrin ovqatı səni tərk etmir, bir də onu nə vaxt görəcəyini bilmədiyin üçün, bütün əzəmətini yaddaşına köçürmək istəyirsən.

Çöldə Florensiya günəşi təzədən bizi yandırmağa başlayanda, kölgəlik bir yer tapıb dondurma fasiləsi verdik. Dondurmamız və vaxtımız əriməkdəykən ağlıma bir fikir gəldi: böyük sənətin ecazı budur – sənin onun başına bircə dəfə fırlansan da, o, sənin içində fırlanmağa davam edir...

Uffitsi muzeyinin girişindəki balaca həyətdə Florensiyanın əhəmiyyətini başa düşürsən; burada Dantenin, Bokkaçionun, Petrarkanın, Donatellonun, Bottiçellinin, Leonardonun, Mikelancelonun, Rafaelin, Makiavellinin, Vespuççinin (hamısı buralıdır) xırda-xırda heykəlləri var.   

Uffitsi (uffizi) sözünün mənası italyanca “ofislər” deməkdir. Bu gün muzey olan bu yerin quruluşunu 1560-cı ildə əfsanəvi memar, İntibah sənətçilərinin həyatından bəhs edən, sənət tarixinin ən qiymətli kitablarından birini yazmış Corco Vasari verib. Bura dünyanın ən qədim  muzeylərindən sayılır, bina “U” hərfi şəklindədir. Əvvəl-əvvəl ofislər məkanı olan bu yer 1769-cu ildən xalqa xidmət göstərən açıq muzey kimi fəalliyyətə başlayıb.

Uffitsi muzeyinə girən kimi, elə birinci salondaca hər şeyin qat-qat, üst-üstə, mərtəbə-mərtəbə olduğunu görürsən. Bir tablonun üstündə başqa bir tablo var, onun da üstündə üçüncüsü, hələ bitmir, sonra da tavandakı rəsmlər başlayır; beləliklə, yerdən göyə, aşağıdan yuxarıya hər yer sənətlə doludur və sən heç nəyi gözdən qoymaq istəmirsən, ancaq bunun qeyri-mümkün olduğunu anladıqca, bu fərəhin ömrünü bir az da uzatmağa çalışırsan.

Bu heyrətamiz muzeydə sərgilənən rəsm əsərlərinin hamısı ecazkardır, ancaq bəzilərini xüsusilə əhəmiyyətlidir.

Sandro Bottiçellinin “Veneranın doğuluşu” (Nascita di Venera) adlı əsəri İntibahın simvollarından biridir. Məlumdur, İntibah dövründə antik mifoloji sujetlərə qayıdış baş vermişdi, Bottiçelli bu cür sujetlərlə ən yaxşı işləyən sənətkarlardan olub. Dalğalı, köpüklü dənizlə ondan doğulan Veneranın zərifliyi arasındakı kontrast! Bir də içində iki yüzdən artıq fərqli çiçək olan “İlk bahar” (Primavera) tablosu! Detallar gülüstanı!

Leonardo da Vinçinin “Müjdə” (Annuncuazione) əsəri də eyni mövzuda çəkilmiş çoxsaylı rəsmlər arasında məxsusi yerə sahibdir. Mələk Qabrielin (Cəbrayıl) Məryəmə müjdə gətirdiyi anın təsviridir bu. Özündən əvvəlki versiyalarında daha çox simvolizm ön planda olsa da, Da Vinçidə Məryəmin üzü qüssəlidir və bu insan anatomiyasının xüsusi diqqət ayıran sənətkarın əlində daha dolğun ifadəsini tapıb. Da Vinçi mələyin qanadlarını inandırıcı çəkmək üçün quş qanadları və onların uçuşu ilə bağlı çoxsaylı araşdırmalar aparıb.

Karavaccionun “Meduza” tablosu dramatik tərziylə adamı gərginliyə salır. Bütöv bir əhvalatı sadəcə Meduzanın kəsik başı və saçlarındakı ilanlarla ifadə etmək! Heyrətamiz sənətkarlıqdır!

Mikelancelonun yeganə portativ (daşına bilən) əsəri olan “Doni Tondo”su sifarişlə çəkilib. Florensiyalı tacir Aqnolo Doni arvadına toy hədiyyəsi kimi bu tablonu sifariş verib. Burada Məryəm ana oğlu İsanı Cosefdən almaq üçün çevrilərkən təsvir edilib. Arxa fonda Vəftizçi İohann hovuzunda qarşısında görünür.

Uffitsidə böyük şedevrlərin əksəriyyətinin sifarişlə çəkildiyini görəndə insan qeyri-ixtiyari düşünür ki, “sifarişlə sənət olmaz” düşüncəsi də, Paundun “bank faiziylə sənət yarana bilməz” hökmü də romantik mülahizələrdir.  

Uffitsi muzeyinin əhəmiyyəti, dünya mədəniyyətindəki yerini, döşəmədən tavana doğru qat-qat düzülmüş əsərlər kimi, hissə-hissə, yavaş-yavaş dərk etməyə başlayırsan. Bu muzey insanın  ürəyinə, ağlına, şüuruna qalaq-qalaq incəsənət boşaldır, onları öz içində yerbəyer etmək, rəflərə düzmək bir günün işi deyil.

Muzeydən çıxandan sonra Florensiyanın simvollarından olan “Köhnə körpüyə” (Ponte Veccio) tərəf addımladıq. Gözəllər gözəli Arno çayının üstündə olan bu körpüdəki keçiddə əvvəllər qəssabxanalar olub, indi isə burada zərgər dükanları var. Bir də, əlbəttə, Vazari dəhlizi var, körpüyə gedəndə ona da baş çəkirsən.

Florensiyada axşam düşərkən, Romaya qayıtmaq üçün yenidən vağzala üz tutduq. Bir dairəni də beləcə tamamladıq. Axşamı yarıb keçən, şəhəri şəhərə tikən sürət qatarında, kiçik bloknotumu açıb bu unudulmaz şəhərdə içimə yığdıqlarımla bağlı ilk qeydimi yazdım: Böyük ustadlar XVI əsrdə XXI əsri düşünmədən öz işlərinə fokuslanıblar. Demək, ən doğrusu indi üstündə işlədiyin şeyə köklənməkdir, qalanı tarixin işidir.

Terminin vağzalı gecəni qarşılamaq üçün işıq çiçəkləri hazırlamışdı.

 

QİSMƏT

525-ci qəzet.-2024.-10 avqust ¹(142).- S.18.