Budapeştdə açılan Təbriz səhəri

 

Elə ömür də belədir. Ayrı-ayrılıqda götürəndə həyat sanki saysız olmuşların zənciridir ki, üzdən bir-biri ilə əlaqəsi olmayan, çox zaman təsadüfi hadisələr sıralanır və yalnız sonda, üstdən baxaraq ümumu mənzərəni seyr edəndə görürsən ki, sən demə, bunlar bir-biri ilə bağlıymış, birinin digərində əks-sədası varmış.

Ömür tikələri haqqında bu qənaətin - onların arasında gizli rabitənin varlığı haqqında qənaətlərin sabitləşməyə başladıqca daha onları qatmaqarışıq yuxu, pərakəndə parçalar kimi deyil, məhz bir-birinə bənd olaraq zəncirə çevrilmiş  halqalar və tikmədəki ilmələr kimi təsəvvür edirsən. Bəlkə də halqadan daha çox elə ilmə kimi. Çünki ayrılıqda sadəcə xırdaca düyün sayıla biləcək ilmələr qovuşaraq naxışa, çeşniyə, nəhayətdə isə gözəlliyi göz oxşayan bir xalıya çevrilir.

Unudulmaz Azərbaycan xalçaçısı və xalçaşünası Cəfər Mücirinin yalnız onun özü ilə danışmış gündəliklərini vərəqləyirəm. Bu adın qarşısına "xalçaçı, xalçaşünas" kəlmələrini qoydumsa da, onun kimliyini, nəçiliyini nişan verməkçün bir-iki sözlə kifayətlənmək çətindir. O, çoxcəhətli istedad sahibi idi və fəaliyyət istiqamətləri də müxtəlifdi. 40-50 il əvvəl - 1970-1980-ci illərdə onu yaxşı tanıyanlar, yüksək dəyərini bilənlər az deyildi. Ancaq indi özü də gedib, onlar da. Vaxt dəyişdikcə isə, nə heyif ki, unudulmamalı şəxsiyyətlər də yeni nəsillərdən uzaqlaşır, millət yaddaşının fəal qatından daha dərinlərə çəkilirlər. Ona görə də dünənimizlə sabahımız arasındakı Vətənə ruh qidavericisi olan surətlər təklif gözləmədən tez-tez yada salınmalıdır ki, millətin hafizəsi korşalmasın. Cəfər Müciri isə o azlardan idi ki, məşğul olduğu sahələrdə ömrü boyu sən deyən ön sıralarda durmasa da, həmişə ümummilli mənafe onunçün birinci yerdə idi və övladları indi, artıq Mücirinin dünyadan köçməsindən 20 ildən də artıq zaman keçərkən onun Azərbaycan maraqlarını daim ailənin umacaqlarından üstün tutduğunu xatırlayırlar. Bu, danılmaz və vaxtın sınaqlarından çıxmış həqiqətdir ki, məhz belə fədakar, canıyanan, istedadlı işbacaranların sayəsində yurdun da, xalqın da çöhrəsi daha parlaq görünür, millətin mənəvi kökləri dərinlərə işləməkdə davam edir.

Gündəlik yazmaq ənənəsinin yaşı çoxdur və hansı səviyyədə yazılmasından asılı olmayaraq gündəliklər onları qələmə alanların daxili intizamı və səliqəsindən deyir. Gündəliklər, təbii ki, heç vaxt hərəsi 24 saat olmuş günün bir ömürdən keçən mənzərəsini tam əks etdirmir, həmin gün boyu bu adam üçün hansı anlar daha vacib görünüb, onları əhatə edir. Hər gündəlik bir adamın həyatının qəlpələri, tikələri olmaqdan savayı, həm də bəlli vaxtın onun pəncərəsindən görünən şəklidir.

Cəfər Müciri isə sadə adam deyildi. O, varlığında Güneylə Quzey birləşən bir yaradıcı, ictimai xadim idi. Elə bu birlik mənzərəsi onun gündəliklərində də əks olunmaqdadır. Ancaq hansı ilini açsan, həm insani maraq, həm də milli tariximizi daha yaxından seyr etmək baxımından çox dəyərli olan bu gündəliklərdən parçaları hamınınkı etməzdən öncə gərək Cəfər Mücirinin özünü yaxşı tanıyaq.

İnsanlar adətən daha gözəl, daha güclü olduqları daha gənc vaxtlarının fotolarını sevir, ancaq başqalarının yaddaşında adamlar daha çox son dövr surətləri ilə qalırlar. Ömrün ixtiyar çağlarındakı Cəfər Mücirinin şəkli xəyal aynasında ən əvvəl xalça ilə yanaşı canlanır.

1987-ci ildə Bakıda "Maarif" nəşriyyatı Cəfər Mücirinin o zaman var olan Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən dərslik kimi təsdiq etdiyi, ancaq yalnız peşə məktəblərində istifadə edilməyərək ən mahir xalçaçıların da, alimlərin də masaüstü kitabına çevriləcək "Azərbaycan xalçaçılığının texnoloji üsulları" adlı əsərini nəşr etmişdi. Həmin kitabda "Bərpaçılıq" adlı bir bölmə də vardı ki, o fəsildə müxtəlif səbəblərdən - vaxtın təsiri ilə, münasib şəraitdə saxlanmaması ucbatından, zədələr almasına görə təhriflərə uğramış xalılara əl gəzdirərək onların ilkinliyinin bərpa edilməsi yolları öyrədilirdi və söz gəlib çıxırdı təkcə ornamentlərdən ibarət olmayıb insan simasının da əks olunduğu xalçalara: "Əgər bərpa olunası sahədə portret, insan surətinin hissələri vardırsa, onda orijinal çeşnidən istifadə etmək və onu əvəz edə bilən digər bir çeşni işləyib hazırlamaq lazımdır".

Ustadın öz tövsiyəsinə əməl edirəm. İstənilən xalça da, onun bərpası da əriş-arğacdan, ilmələrdən başlanır. Məqsədim Cəfər Mücirinin zamanca bizdən uzaqlaşmış, vaxtın üzərinə duman çəkməyə başladığı, üst-üstə qalaqlanan illərin ərpiylə örtülən portretini, artıq bir çox cizgiləri elə xalça naxışları kimi pozulub getmiş ömür yolunu bərpa edərək yaşanmışları əslinə daha yaxın tərzdə bugünə təqdim etməkdir.

Bu gedişatda onun öz gündəliklərindən etibarlı hansı bələdçi ola bilər ki?!

...O çağlarda ki Cəfər Müciri Azərbaycan xalçaçılığına gəlmişdi, meydanda Lətif Kərimov və Kamil Əliyev kimi iki görkəmli sənətkar vardı və nə illah etsən də, onların yanında parlamaq, daha üstün keyfiyyətlərlə seçilmək çətin idi.

Cəfər Müciri xalça rəssamı və bilavasitə xalçatoxuyan olsa da, həm də xalçaşünas idi - bu sənətin əməliyyəsi ilə yanaşı, nəzəriyyəsi ilə də məşğuldu, amma eyni zamanda müəllim idi - xalçaçılığın dərslərini verirdi.

Necə fərqlənəydin, necə üstün ola biləydin, ən azı o iki məşhurun parıltısında necə görünməzləşməyəydin ki, eyni işlərlə onlar da məşğuldular, meydanları və imkanları da müqayisəedilməz dərəcədə geniş idi.

Lətif Kərimov Azərbaycanın müasir xalçaşünaslıq elminin banisi sayılırdı, bilavasitə müəllifi olduğu xalçalar adla deyilirdi; Kamil Əliyev xalqın da, dövlətin də nəzərində ustad xalça rəssamı kimi möhürünü vurmuşdu, ancaq o da yalnız ülgü verən olmayıb yeri düşəndə qolunu çırmalayaraq boyaq qazanını qarışdıranlardan, hana toxuyanlara qarışanlardan idi və hər ikisinin tabeçiliyində bolluca köməkçilər, icraçılar vardı.

Ancaq Cəfər Müciri Azərbaycan xalçaçılığına artıq o iki azmanın yetərincə tanındığı, şöhrətləndiyi əyyamlarda gəlsə də, sənətin bu cazibədar qanadında sözünü deməyi bacardı və ən azı Üçüncü Müəllim ola bildi.

Orta çağda müsəlman Şərqi yunan dühasının yetirməsi Aristoteli tərcümələrdə oxuyub öyrənəndən, onun əsərlərinə cavab olan silsilə risalələr doğurandan sonra bu uca zəkanın adını da sevərək bizlərin dilinə daha yatımlı olan "Ərəstu"  kəlməsi ilə əvəzləmiş, ona sayğı ilə "Müəllim-i əvvəl" - "Birinci müəllim" demişdi.

Türk dünyasından doğmuş qüdrətli zəka sahibi Əbu Nəsr Farabinisə çağdaşları da, ardıcılları  da "Müəllim-i sani" - "İkinci müəllim" adlandırmışlar.

Və sonralar elə bu qəliblə ayr-ayrı sahələrdə parlayanlar, istedadı, qabiliyyəti ilə üzə çıxanları "Müəllim-i salis" - "Üçüncü müəllim" çağırmaq ənənəsi də yarandı.

Tarixin şərəf pyedestalındakı o ÜÇLÜYÜ bir ülgü olaraq götürüb Azərbaycan sənətinə tətbiq etsək, biz də Cəfər Mücirini tam haqla Azərbaycan xalçaçılığı və xalçaşünaslığında Üçüncü müəllim adlandıra bilərik.

Ancaq digər iki Müəllim - Lətif Kərimovla Kamil Əliyev bu sıralamanı heç eyinlərinə gətirmirdilər, onlar bir qədər təvazödən, o biri yandan da elə gücünü nəzərə alaraq Cəfər Müciriyə daim özlərindən geri qalmayan sənətkar və bilici kimi yanaşırdılar (Xalça sənətimizə həsr  olunmuş dərsliyində Cəfər Müciri Azərbaycanın xalça məktəbləri və görkəmli xalçaçılarına da bir bölmə ayırıb və orada haqlı olaraq ən başda Lətif  Kərimovu, ardınca Kamil Əliyevi verir, sonra o iki ustadın davamçısı və şagirdi olanları sadalayır. Cəfər ustad kitabın müəllifi olduğundan pərdə saxlayaraq öz adını bu sırada göstərməyib. Ancaq bu kitab həm tarixi əsər, həm də ilk növbədə dərslik olduğundan gərək ifrat təvazökarlıq bir kənara qoyula, o iki məşhur addan sonra Cəfər Müciri də elə onlar kimi yaradıcılığının qısa təsviri verilməklə qeyd ediləydi. Tutalım o dövrdə bunlar yazılmasa da, xalçaçılığa az-çox bələd olanlar mətləbdən agah idilər, iki xalça ağsaqqalından sonra və cavanlardan əvvəl Cəfər Mücirinin adının dayandığını təsəvvür edirdilər. Amma zaman keçəndən sonra kontekst dəyişir, müasirlərə gün kimi aydın həqiqətlər gələcəkdəkilərçün qaranlıqlaşır. Odur ki, tarix yazılanda gərək hər gerçək öz olmalı olduğu yerdə və biçimdə əksini tapa).

Taleyin gərdişi belə deyil, başqa cür davam etsəydi, Cəfər Müciri gərək heç xalçaçı olmayaydı. O, mala-mülkə, iri torpaq sahələrinə malik varlı ailədə böyüyürdü, Təbriz ətəyində örüşlərinin, bağlarının olduğu kənd də vardı ki, elə dolanışıqları da oradan çıxırdı. Ora tez-tez gedərdilər və Cəfər uşaqkən xalça toxumağı da həmin kənddə öyrənmişdi. Ancaq gözünü açandan xalça əhatəsində olmuşdusa və xalçalı evdə böyümüşdüsə də, başqa tay-tuşları kimi elə kiçik yaşlarından xalça toxumağın yol-yolağasını mənimsəmişdisə də, xalça toxumağı bacarmaq heç də bu işi özünə peşə seçmək anlamına gəlmirdi. Bu, artıq alın yazısı kimi bir şərt idi ki, ailə ənənəsinə və dövrün şərtlərinə görə, o, böyüyəndə dövlət qulluğuna getməli idi. Cəfərgil 6 qardaş, 1 bacı olmuşdular və o, ailədəki böyük qardaş və tək bacıdan sonra üçüncü uşaqdı. Ataları Məhəmmədhüseyn kişi balalarına şəcərə hekayətlərini nağıl edəndə bunu da söyləmişdi ki, onlar Qacarlar sülaləsindəndirlər və bir zamanlar daşıdıqları vəzifəyə görə sabitləşmiş nəsil ləqəbləri "mocir ol-məmalek" imiş. Bu nəsildən çıxmışların məmləkət sərhədlərini qorumaqda vəzifə almaları sonra onların "Müciri" soyadını daşımalarına gətirib çıxarmışdı. Mülkədar xanədanı olaraq bu ailənin də dövlət qarşısında öhdəliklərindən biri bu imiş ki, atadan sonra böyük oğul əsas varis və mal-mülkün, torpaq sahələrinin idarəedicisi olacağından, ikinci oğul dövlətə "verilməli" - hərbi qulluğa getməliymiş. Cəfər mədrəsə oxuyub ardınca fransızdilli liseyi bitirəndən sonra Təbrizdəki hərbi məktəbə qəbul olunmuşdu.

Bir halda ki qəsdimiz tarix güzgüsünə qonmuş tozu silmək, Cəfər Mücirinin surətini bugünün insanına və sabahkı tarixə dürüst nişan verməkdir, bəzi oturuşmuş yanlışları da elə yolüstü islah etməyə gərək var.

Burada - artıq Sovet İttifaqında aldığı sənədlərdə yazılmışdı ki, Cəfər Müciri 1919-cu il martın 19-da anadan olub. Əslində isə o, 1917-ci il fevralın 4-də doğulmuşdu və İran dövrü sənədlərində, elə hərbi xidmətdə olduğu çağlardakı sicillində də bu cür göstərilmişdi. Ancaq 1946-cı ildə Arazı keçərək Sovet Azərbaycanına siyasi mühacirətə gələnlərin bir çoxunun doğum illəri və günlərində, bir qisminin isə hətta adları və soyadlarında əslində olandan ciddi fərqlənmələr var. Çünki o siyasi pənahəndələr bilirdilər ki, adları şahın gizli polisinin - sazman-e əmniyyətin "qara siyahı"larında yer almaqdadır, amma ümid də edirdilər ki, yəqin, haçansa təzədən geri qayıda biləcəklər. Doğum tarixlərini, bəzənsə soyadlarını, ata adlarını və isimlərini də dəyişirdilər ki, rejim bu adları bəlli siyahılarda arayanda yanlış izə düşsün. Ancaq bu taya gələnlərin bir çoxunun aldıqları yeni sənədlərdə doğum günlərinin, sanki sözləşiblərmiş kimi, 19-20 mart kimi əks olunması müəmmasının da öz açması var: Güneydən gəlmişlər orada dədə-babadan Novruzu ən əziz bayram kimi keçirmişdilər. Ancaq gəlib görmüşdülər ki, ateist Sovet Azərbaycanında Novruza da din yarlığı yapışdıraraq sevimli bayramı küncə sıxışdırıblar. Ona görə də bir çoxu təqvimdəki Novruz günlərindən özlərinə yeni təvəllüd tarixi quraşdırmışdılar ki, ad günlərini qeyd etmək adı ilə hər il Novruzlarını öz evində asudəcə, hətta doğum günləri üst-üstə düşənlərin ortaq məclis təşkil edərək birlikdə keçirməsinə kimsənin əmma qoymağa bəhanəsi qalmasın.

Bir sıra başqa güneylilər kimi, Cəfər Mücirinin bu taya gələndən sonra illər ötdükcə bioqrafiyaya başqa "əlgəzdirmələri" də olmuşdu. Bunu da gərək yazam, çünki özünün bioqrafiya improvizələrinin üstünə sonralar başqaları da lüzumsuz artırmalar edərək mənzərəni bir qədər də dolaşıqlaşdırıblar. Nəinki başqa ölkələrdən gəlib sovetlərdə sığınacaq arayanlar, elə həmin dönəmdə əsilli-köklü buralılar arasında da zəmanənin proletar məzacına uyğun olaraq özünə zəhmətkeş keçmişli tərcümeyi-hal düzəltmək dəb idi. Bir çoxları vəzifə kürsüləri ilə irəliləmək, daha maneəsiz olsun deyə sənədlərində və söhbətlərində, vaxtaşırı doldurmalı olduqları şəxsi vərəqələrində, avtobioqrafiyalarında ictimai mənşələrini göstərəndə ata-babalarının bəy-xan, mülkədar-hampa, tacir-sahibkar, neftxuda-fabrikant olmasını ört-basdır edər, elə əməkçi təbəqədən çıxdıqlarını yazardılar, kasıb fəhlə-kəndli ailələrinin övladları isə mövcud quruluşa yaraşan məzlum əcdadları və keçmişləri ilə fəxr edərdilər.

Elə Cəfər Mücirinin özünün ötürməsi ilə onun da haqqında buradakı mətbuatda hələ sağlığında yazılar çıxmağa başlayıb ki, guya atası da xalçaçıymış, sən demə, elə əvvəldən xalçaçı sənətinə yiyələnmək, bu sadə peşə ilə məşğul olmaq ən böyük arzusuymuş, həmin məqsədlə hətta Təbrizdəki İncəsənət məktəbində oxuyaraq ardınca xalça karxanasında da çalışıbmış.

Balacalığından xalça toxumağı bacarsa da, nə ailəsi, nə özü Cəfərin bu peşəni özünə çörək ağacına çevirə biləcəyini heç ağlına belə gətirmirdi. Bu, artıq Cəfər Müciriyə münasibətdə mənim gümanım yox, ailə tarixçələrini gözəl bilən, vaxtilə Bakıda Elmlər Akademiyasında mənimlə birgə işləmiş, çoxdan Macarıstanda yaşayan doğmaca qızı Sevincin təsdiqetməsidir ki, bütün bunlar həqiqət deyil, həmin söhbətlərin ortaya çıxıb yayılmasında Cəfər kişinin özünün də əli varmış, məhz Bakıda firqə məsələlərinə daha çox qatılandan, xalçayla da elə o işlərin gedişinə uyğun sıx bağlanandan sonra həyatında xalçaçıya yaraşan belə bir müqəddimənin də peyda olmasına rəvac verib.

Cəfər Mücirinin ilk gənclik illərinin fotoları qalıb. Şax qamətli şümal bir oğlan. Bu şəkillər 1938-1939-cu illərin saxlancıdır. Cəfər Müciri Təbrizdəki hərbi məktəbin müdavimidir, buranı bitirincə Tehrana yollanacaq, oradakı Ali Zabitlik Məktəbində təhsil alacaq. Əvvəlcə təyyarəçi olmaq istəyəcək, ancaq 1 il oxuduqdan sonra onun səmtini topçu ixtisası üzrə dəyişəcəklər. Çünki təyyarəçilik elit ixtisas sayılırmış və o bölmədə əsasən paytaxtlılara, farslara, bir də xüsusi əlaqələri olanlara yer verirlərmiş. Bu ayrı-seçkilik təbiətən vüqarlı olan Cəfərin ürəyinə hakimiyyət, ölkə idarəçiliyi ilə bağlı ilk xalları salır və həmin inciklik get-gedə dərinlərə işləməyə başlayacaq.

1941-ci ildə hərbi təhsilini başa vurunca topçu zabit kimi İran ordusunda xidmət üçün təyinat alacaq, ta 1944-cü ilə qədər ölkə ərazisindəki müxtəlif qoşun hissələrində qulluq edəcək. Bu, o dövr idi ki, dünya İkinci Cahan savaşının atəşlərinə bürünmüşdü. Müharibə Avropanın sıra-sıra şəhərlərini viranəyə çevirsə də, İran o təlatümlərdən aralı idi, ölkədə zahiri əmin-amanlıq hökm sürürdü, ancaq yeraltı siyasət çaylarının da uğultusu artıq hiss edilməkdə idi. İxtiyar çağlarında etiraf etdiyi kimi, Cəfərdə elə yeniyetməliyindən bir haqsızlıqla barışmazlıq, çərçivələrə sığmazlıq olduğundan həmin dövrdə ölkədə güclənməyə başlayan, orduya da sirayət edən xalqazidd şah rejiminə qarşı mübarizə dalğası ona da sirayət edir, ordu daxilində yaranmış gizli "Azadixah əfsərlər" - "Azadlıq istəyən zabitlər" təşkilatına o da qoşulur. Lakin bu cızıqdançıxma ona baha başa gəlir, şah istibdadına, ölkədəki iqtisadi tənəzzülə, milli zülmə qarşı qalxan bir sıra başqa zabitlərlə yanaşı, onu da həbs edərək Kirman zindanına atırlar.

(Qızı Sevinc bunu da söyləyir ki, ailə albomunda Cəfərin həmin həbsxananın həyətində bir qıraqda əyləşərək kitab oxuduğu an çəkilmiş foto da qalıbmış).

Ancaq Cəfərin dustaqlığı uzun çəkmir. 1945-ci ilin 12 dekabrında Təbrizdə Milli Hökumət qurulacaq, 21 Azərin ilhamlandırıcı dalğası yalnız Güney Azərbaycanı deyil, bütün İranı bürüyəcək, azadlıq havası qalın məhbəs divarlarını da aşacaq, Kirmandakı bir dəstə başqa azərbaycanlı inqilabçı zabitlə bərabər Cəfər Müciriyə də qazamatdan qaçmaq müyəssər olacaq, oradan qurtulunca da hamısı Təbrizə gələrək Azərbaycan Demokrat Firqəsinə üzv yazılacaq, Qızılbaş Xalq Qoşununda xidmətə başlayacaqlar.

Çox keçməyəcək ki, əzmkarlığı, dəqiqliyi, qətiyyəti, cəsurluğu ilə diqqət çəkən kapitan Cəfər Müciri Marağadakı qoşun birləşmələrində hərbi prokuror vəzifəsinə irəli çəkiləcək.

O cavanlar həyatlarının ən ülvi arzusuna çatmışdılar, səhərləri Azərbaycanın milli marşı ilə açılan, ümidli, inamlı, daha böyük zəfərlərə içəridən səfərbər olduqları  xoşbəxt günlərdə yaşayırdılar.

Prokuror idi və bu vəzifədə işə başladığı ilk günlərdən məramı cəzalandırmağa tələsməkdən daha əvvəl əvvəlki rejim tərəfindən haqqı yeyilmişləri təmizə çıxarmaq, ədaləti yerinə qoymaq, törədilmiş haqsızlıq və qanunsuzluqları aradan götürməkdi. Gecə-gündüz usanmadan və ürəklə çalışdığı o günlərin əks-sədası Cəfər Mücirinin ömründən həmin vaxtdan 40 ilə yaxın vaxt ötəndən sonra gəlmişdi.

(Cəfər Mücirinin özünün və həyat yoldaşı Südabə xanımın İran inqilabından sonra, sərhədlərin get-gəllər üçün asanlaşdığı çağlarda Təbrizə təşrif gətirdikləri əsnada onları tapıb israrla evlərinə dəvət edən, ziyafətlər verən neçələri olur ki, sabiq hərbi prokurorun yadına vaxtilə onlara edilmiş yaxşılıqları salır, indi göstərdikləri mehmanpərvərliyin və iltifatın həmin nəcibliklərin cavabı olduğunu bildirirlər.

Qızı Sevinc bunu da söyləyir ki, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış, vaxtilə ataları Mücirinin tabeçiliyində işləmiş əsgərlərin övladları da hansısa köməklərə ehtiyac duyanda Bakıya onun yanına gəlirmişlər. Onillər ötmüşdü, amma köhnə sədaqət və xətir-hörmət yerində idi).

Lakin bütün Güneyi bəxtiyar edən 1945-ci ilin 21 Azərinin  ardında 1946-cı ilin faciə ilə gələn 21 azəri də marığa yatıbmış.

Milli Hökumət süqut edir və Mücirinin də qaçıb canını qurtarmaqdan, Arazı keçməkdən özgə çarəsi qalmır. Milli Hökumətin ordusunda xidmət etmiş, şah rejiminin dövlət əleyhinə fəaliyyətdə suçlandırıb həbsə atdığı, üstəlik də, zindandan qaçmış Cəfər Müciriyə daha rəsmi Tehran heç vəchlə sürgün, həbs kimi "yüngül" cəza verməzdi. Yəqin ki, o, yüzlərlə başqa fədailərdən biri kimi ələ keçincə ya güllələnəcək, ya dar ağacından asılacaqdı.

1946-cı ilin dekabrı idi, Cəfərin heç 30 yaşı tamam omamışdı, həyat eşqi və mübarizə əzmi ilə dolu idi, ona görə də tezliklə yenidən Təbrizə qayıdaraq mübarizələrini davam etdirmək arzusu ilə Quzey Azərbaycana siyasi mühacirətə baş almışdı. Həm də tək o yox, bu taya adlamış bir çox başqa güneyli zabitlər də eyni qənaətdəymiş.

Onları əvvəlcə 3 ay Bakı civarındakı müvəqqəti saxlama düşərgəsində yerləşdirirlər. Günlər, həftələr ötdükcə dərk etmişdilər ki, tezliklə baş verəcəyini zənn etdikləri qayıdış heç də yaxınlıqda deyil. Bu da fərzetmə yox, Cəfərin və o vaxt həmin düşərgədə onunla bərabər saxlanmış başqa zabitlərin də gəldiyi kədərli nəticəymiş ki, illər sonra ailə dərdləşmələrində bunları nəql edərmişlər.

Onsuz da Cəfər özünü dövlət işinə, siyasi fəaliyyətə həsr etməyə, taleyin hökmü ilə artıq 1930-cu illərdən, Təbrizdə hərbi məktəbdə oxuduğu çağlardan qərar vermişdi. Elə pənah gətirdiyi Bakıda da təhsili, fəaliyyəti haqqında məlumatları dəqiqləşdirəndən sonra onu sovet onillərində Qafqazda dövlət və partiya şəbəkəsi üçün kadrlar yetişdirməkdən ötrü əsas təhsil ocağı olan Bakı Ali Partiya məktəbinə yollamışdılar. Oranı başa vurunca da ovaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdi.

Artıq elə təhsil illərindən də Azərbaycan Demokrat Firqəsi ilə sıx əməkdaşlığa, partiyanın rəhbərliyində təmsil olunaraq səmərəli ictimai fəaliyyətə, mühacirlərin ərəb əlifbasında çıxan "Azərbaycan" qəzetində səmərəli jurnalist, publisist fəaliyyətlərinə başlamışdı. Lakin o vaxt və çox sonralar da çalışmalarının digər yeni fərqli istiqamətləri onu cəzb etsə də, hərbçilikdən gələn bir sıra sabit keyfiyyətlər Cəfərlə həmişəlik qalacaq: ən əvvəlinciləri - dəqiqlik, daxili intizam, öhdəsinə götürdüyü işi qoyulmuş vaxtda hökmən yerinə yetirmək məsuliyyətliliyi, dözümlülük, əzmkarlıq, sağlam bədən, dik duruş. İkincisi də, qızının söyləməsincə, ən qocaman yaşınadək hər səhər idman edərmiş, sərrast atıcıymış, imkan düşəndə paraşütdən atılmağı xoşlarmış, mahir üzgüçüymüş, sentyabrın sonunadək dənizdən ayrılmazmış.

Təbrizdəki Milli Hökumətin yüzlər və minlərlə taleyin şikəst olmasına gətirib çıxaran süqutunun Cəfərə bir başqa zərbəsi də bu olmuşdu ki, qohumlarından olan nişanlısı Fəridə o tayda qalmışdı.

Bu tayda tək idi, kirayədə qalırdı, ana dilindən əlavə farsca, ərəbcə, fransızcanı yaxşı bilsə də, ruscası yox idi, təhsil aldığı müddətdə dolanışıq üçün haradasa işləmək də lazım idi və xüsusi dil bilgisi tələb etməyən, babat maaş verən, oxumağına da maneçilik törətməyən işi sirkdə tapmışdı. O və onun kimi daha bir neçə qıvraq cavanın öhdəsinə düşən tamaşaların gedişində pərdədən arenaya qədər olan yolun sağında-solunda və tamaşaçılarla sirk meydanı arasında qoruyucu kimi dayanmaqmış. Nəsillərinin keçmişindən gələn və soyadında yaşayan qoruyuculuq məziyyəti burada da onunla idi.

Və təkliyin daşını atmasına gətirib çıxaracaq sevdasının təməli də elə sirkin tamaşalarından birində qoyulur və sonra yarım əsr qoşa olacağı Südabəsi ilə ilk dəfə burada görüşür.

1949-cu ilin fevral axşamlarından birində daha Cəfər sirkdə hərgünkü işini yerinə yetirən mühafizəçi deyildi, o gün o da tamaşaçılardan biri idi və bir neçə dostla, qohumla arenada baş verənləri izləyirdi. Onları qovuşdurmağın ssenarisini qurmuş qohumlar bu tədbiri də tökmüşdülər ki, o axşam Südabə ilə Cəfər yanaşı otursunlar. Əslində Südabə yad adam deyildi, uzaqdan-uzağa o bunu, bu onu tanıyırdı və çox ləngitmədən, həmin ildəcə mayın 2-də haysız-küysüz - tələbəsayağı mehriban bir toy məclisinə yığışırlar. Südabənin bacılarından biri Zinət diş həkimi idi, Tibb İnstitutunu bitirəndən sonra təyinatını rayona vermişdilər, indi ona da xəbər göndərmişdilər ki, bacın ailə qurur, toyunda sən də iştirak elə.

Bir başqa cənublu tarixi şəxsiyyətin, görkəmli ədibin həyatındakı qəfil və əlamətdar dönüşlə bağlı olmasaydı, heç bu təfərrüata da varmazdım.

O axşam həmin toy məclisinə qonaq gələn yaxınlardan biri də 27 yaşlı cavan yazıçı, Milli Hökumət dönəmində Təbriz radiosunda və ədəbi mühitdə ən fəallardan olmuş, devrilişdən sonra bu taya keçərək tezliklə firqənin "Azərbaycan" ruznaməsində çalışmağa başlamış, bir neçə il sonra "Ata", "İki qardaş" kimi romanlarıyla geniş şöhrət qazanacaq Həmzə Fəthi Xoşginabi idi. Mərasim başlar-başlamaz Xoşginabinin gözü Zinyəti tutur və qızla iki-üç dəqiqə söhbətdən sonra qəti təklifini edir: "Mənə gələrsənmi?" İlk görüncə bir könüldən min könülə vurulmaq, yəqin, elə bu imiş. Qız da çək-çevir etmədən "Hə" deyir və Xoşginabi  ucadan məclisə səslənir: "Bu gün bir yox, iki toy olacaq. Cəfərlə Südabənin, Südabənin bacısı Sima ilə də mənim toyum".

Hamı təəccüb içində qalır. Bu məclisdə nabələd adam yoxdu, hər kəs bir-birini tanıyırdı, ancaq nə Südabənin Sima adlı bacısı vardı, nə də qonaqların arasında bu adda xanım.

"Zinyətlə mən evlənməyə qərar verdik. Vaxt itirib təzə toya hazırlaşmağa ehtiyac yoxdur. Qoy iki bacının toyu bir gündə olsun. Zinyət də mənim simamdır, adı da bu gündən Sima olur".

...Hərəsinin özünə görə neçə sıxıntısı, nə qədər qayğısı vardı, Bakıda, Vətəndə olsalar da, hər halda qəribdilər, mühacirdilər, ailə qurmaq istəyirdilər, ancaq yaşayası evləri yoxdu, kirayə mənzillərdə mütəmadi ünvan dəyişməli olacaqdılar, ayın bu başından o başına zorla çatan balaca məvaciblə dolanmalı, ürəklərindən keçən çox şeylərdən ciblərinə baxıb vaz keçməliydilər. Ancaq xoşbəxt idilər, gənc idilər, güclü idilər, ümidlə, arzuyla, hər şeyin yaxşı olacağına inamla doluydular.

...Ömrün xəzanında qızları Cəfəri də, Südabəni də yanlarına - Budapeştə aparmışdılar. Südabə xanım 1929-cu ildən idi, 2020-də vəfat etdi, Bakı illərində müxtəlif vaxtlarda səhhət böhranları ilə üzləşsə də, Macarıstana köçəndən sonra düzəldi, 91 il ömür sürərək qocalıqdan vəfat etdi. Cəfərin həyatısa daha əvvəl - 2001-ci ildə bitmişdi. Qızı Solmaz həkim idi, Macarıstandakı bütün güzəşt və imtiyazlardan yaxşı xəbərdar idi və artıq yataq xəstəsi olan iflic atasını Budapeştə əlavə xərc çəkmədən tibbi sığorta vasitəsilə gətirmişdi. O gələn, 5 ildən artıq yaşadı.

Sevinc danışır ki, atasının bədəni iflic olsa da, başı salamat idi, nitqi yerində, düşüncəsi aydın, yaddaşı qaydasında.

Ömrün payızındaydılar. Balalarının yanındaydılar, öz evlərində idilər, ancaq binədən onlarçün taleyə çevrilmiş qəriblik yenə onlarla idi.

Bunu da fikirləşirəm ki, yəqin, orada, uzaq Budapeştdə, çarpayıda hərəkətsiz uzandığı günlərdə Cəfər Mücirinin yadına hərdən-hərdən Bakıdakı o toy da, yüz cür çətinliyin əhatəsində olsalar belə, xoşbəxt sabahlara bütün varlıqları ilə inandıqları, özlərini hər şeyə qadir, dünyanın güclüləri saydıqları, hər maneəni adlamağa hazır olduqları qayğıları bol qayğısız günlər də, hafizədə əvvəlki şaqraqlığında səslənən şən gülüşlər də, şux zarafatlar da düşürmüş.

Bədən artıq əldən düşüb sözə baxmayanda bütün amansızlığı ilə əvvəlki gücündə qalan hafizə çox əzabverən olur. Onun yada saldıqlarının yamanı da ağrıdır, yaxşısı ondan betər göynədir.

Söz yox, o pərişan günlərində mürgü döyəndə də, oyaq olanda da Cəfər Mücirinin yanına və yadına Bakıdakı xoş ətirli şirin məkanın böyründə, qənnadı fabrikinin yanında yerləşən, güneylilərin ortaq görüş yeri, onlarçün həm Təbriz, həm Ərdəbil, həm Urmiya, həm Zəncan, həm Xoy, həm Marağa... olan firqə həyəti, hər gün girib-çıxdığı iş otağı da gəlirmiş

O anlarında yanında olmadığım, söhbətləşmədiyim bir adamın xəyalından keçə biləcəklər haqda bunları ona görə belə arxayınlıqla yaza bilirəm ki, artıq xəstəliyin ağır-ağır qapını döyməyə başladığı çağlardan qalan yarı gündəlik, yarı xatirə olan dəftərlərini vərəqləyirəm. O səhifələrdə də eyni görüntülər qarabaqara izləyən xəyal kimi, təkrarlanan yuxu kimi hey gəlib-gedir.

Sübutmu? 1994-cü ilin payızıdır. Gündəliyində yaşanan günlərlə bağlı qeydləri sıralanır və qəfilcə yadına gənclik gəlir, gözlərinin önündə dayanır Təbrizdəki həyəti, hələ 1945-ci ildir, hələ Milli Hökumətin zəfər çalıb varlığını elan etməsinə aylar qalır, hələ heç şah zindanına da atılmayıb. Yox, yadına hansısa adamlar, onların dediyi hansısa sözlər düşmür. Həyət-bacanı sahmana salırmış, indi gözünün önündən keçən təmirdən yenicə çıxmış qapı, hasar, bağçadır, bazardan alıb həyətə təzəcə buraxdığı toyuqlardır, əkdiyi, məhsulunu dərməyə macal tapmayacağı heyva ağaclarıdır.

Təbrizdəki o həyətdə olmuş həmin ağaclar 1994-cü ilin payızında, Allah bilir, çoxdan kəsilmişdimi, qurumuşdumu, ya böyümüşdü, budaqları hasardan da aşıb qırağa çıxmışdı?! Kim bilir?! Amma artıq səksənini haqlayan ixtiyar Mücirinin yaddaşının pəncərəsindən görünənlər səliqəylə cərgələnmiş qəşəng heyva ağaclarıdır ki, təzəcə calaq ediliblər, calaqları da tutub və hərbi geyimli cavan Cəfər hələ yarpaqsız, bəhrəsiz, yalın ağaclara baxa-baxa fərəhlənir, növbəti mövsümdəmi, ondan sonrakı ildəmi sapsarı heyvaların ağırlığından əyiləcək budaqları görür: "21 Azər nehzəti qələbə çalmazdan əvvəl mən İran ordusunda topxana sahəsində çalışırdım. İran ordusunun baş qərargahı bir sıra mütərəqqi fikirli zabitləri tutub həbsə saldı. Bizi əvvəlcə Tehranda Dejban həbsxanasında, sonra da Kirman şəhərinin məhbəsində saxladılar. Mən həbsə düşməzdən əvvəl həyətimizi, bağımızı təmir etdirmişdim. Çoxlu toyuq almışdım. Həbsə düşməzdən əvvəl Dadaş bəyin oğlu məşhur calaq ustası Məmmədhüseyni çağırdım ki, bağımızdakı min heyva ağacını calaq eləsin. Pulunu da vermişdim. Hamısı da tutmuşdu".

Yaddaş deyilən zülmkar budur, unutmayan hafizənin qəddarlığı budur - onillər öncə boş həyətdə o baş-bu başa qaçan adicə toyuq-cücə də, dilsiz-ağızsız ağac da səni canlı adam kimi xatirələrə daldıra, haldan-hala sala bilir.

Budapeştdə, çarpayı əsiri olduğu günlərdəki uzun dəqiqələrdə Cəfər Mücirinin yaddaşından ürək sıyıran lətif mənzərələri ilə Təbriz də tez-tez keçməyə bilməzdi. 1946-cı ilin bitər-bitməzində məcburən ayrıldığı əziz Təbrizinə yenidən bir ömür fasilədən, yarım əsrə qədər sürən vaxtdan sonra gələ bildi. Heç doyunca gəzib-görməkçün artıq dizlərində taqət də yoxdu. Lap olsaydı, aylarla gecə-gündüz küçəbəküçə, dalanbadalan dolaşsaydı da, yarım əsrlik həsrəti ovutmaqmı olardı?!

Təbrizin o nisgilli günlərdə mütləq əzab verə-verə və dönə-dönə yaddaşından keçməsinə ona görə əmin kimiyəm ki, Təbriz xatirəsi həmişə onunla idi, xəyalən o küçələrlə addımlayırdı və tanıyanlar da bilir ki, bircə gün olmazdı ki, o, söhbəti hərləyib-fırlayıb Təbriz üstünə gətirməyəydi. 1987-ci ildə Bakıda "Yazıçı" nəşriyyatı onun "Araz sahilində" adlı hekayələr toplusunu buraxmışdı, təbii ki, orada da Təbrizin adı dəfələrlə xatırlanır, amma həmin hekayələrdən birində Cəfər Müciri qəribsədiyi doğma şəhərin sözlə şəklini də çəkir. Fəqət o şəkli məhz xalça rəssamı kimi nəqş edir və oxuduqca həmin sətirlərdə balasını əzizləyən bir valideynin nəvazişi hiss edirsən, oxuduqca anlayırsan ki, bu tablo daim onun gözünün önündə imiş - Təbrizin daha bir açılan səhəri, şəhər oyanır, camaat xiyabanlardan keçib işə tələsir. Və qəza vü qədər Mücirinin əlindən sanki adidən-adi olan bu bəxtiyarlığı - öz şəhərində hər sabah evdən çıxıb işə getmək fürsətini biryolluq aldı: "Günəş Sarı dağ tərəfdən boylandıqca Səhənd də ağ örpəyinin üstünə tökdüyü qızılı saçlarını zirvələrə dağıdırdı. Eynalı dağı özünün yüngül buludlarla ağarmış sinəsindən Səhəndə, Yanıq dağlarına tərəf uzatdığı qövs-i qüzehdə sanki şəhərin üstündə rəngbərəng bir mənzərə açmışdı. Günəş boylanıb yüksəldikcə şəhərdə get-gəl də çoxalırdı. Qocaman Təbriz şəhəri öz adi iş gününü başlamağa hazırlaşırdı. Karxanaya gedənlər, bağ-bağat işçiləri, bazar adamları, hər kəs öz yolunu tutub işə tələsirdi".

...Artıq ömrün qürub çağıydı, Mücirinin olmayan yeni minillik başlanırdı, 2001-ci il idi və bir ömür uzunluqlu tamarzısı olduğu Təbrizlə onun arasında daha nə məsafələr vardı, nə sərhədlər, nə də hər hansı qadağalar. Xəyalən hər an ora gedib-qayıtdığından, sərhədlər, məsafələr, qadağalar aradan getdiyindən, məntiqlə, daha həsrət də olmamalı idi. Ancaq kim deyə bilər ki, bir saniyədə insanın min gününü geri salan xiffət, həm acısı, həm şiriniylə ruhu ağrıdan xatirələr həsrətdən daha yüngül çəkilə bilən yükdür?!

 

 2 avqust 2024

Dəmir Aranelli

525-ci qəzet.-2024.-10 avqust №(142).- S.14-15.