Qələmsiz yazılanlar
status-esselər
Anar müəllimin bu günlərdə "525-ci qəzet"də
dərc olunmuş "Qatardan qalan adam" hekayəsi
böyük maraqla qarşılanıb. Akademik Rafael
Hüseynov bu barədə gözəl bir yazı yazıb, tənqidçi
Əsəd Cahangir statusda fikrini açıqlayaraq hekayəni
paylaşıb, şair Murad Köhnəqala şərhdə
münasibətini bildirib. Müxtəlif insanlar hekayəni
oxuyub rəylər yazıblar. Hekayənin ilk oxucularından
biri kimi müəllifə əsərin məndə çox bədbin
ovqat, ümidsizlik yaratdığını dedim və
sözarası da "Qəhrəmanın prototipi
varmı" sualını verdim. "Elə mən
özüm! Özümü yazmışam!" - dedi. Anar
müəllimi yaxından tanıyan, illərdən bəri
müşahidə edən, sevincli və bədbin
hallarının səbəbini anlamağa çalışan
bir adam kimi bu cavaba da məyus oldum.
Hekayə isə həqiqətən dərin mülahizələrə,
müxtəlif versiya və yanaşmalara imkan verən,
çoxlu və fərqli nəticələrə gətirib
çıxaran dəyərli bədii nəsr nümunəsidir.
Təbrik edirəm! Anar müəllimə bol enerji,
yaradıcılıq şövqü, siqaretsiz həyat və
qatardan düşməməyi arzulayıram!
lll
Anarın "Qatardan qalan adam" hekayəsi barədə
əvvəlki statusumda yazmışdım: "Hekayə həqiqətən
dərin mülahizələrə, müxtəlif versiya və
yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə
gətirib çıxaran dəyərli bədii nəsr
nümunəsidir".
Düzü, hekayənin bu qədər böyük
reaksiya doğuracağını gözləmirdim. Həddindən
artıq çoxlu rəylər oldu. Bəzi özünü
ciddi ədəbiyyat adamları sayanların Anara qarşı
içinin xıltını gizlədə bilmədən
primitiv, üzdən tənqidlərini, yaxud hekayəni
qaçaraq oxuyub mədhiyyə yazanların təriflərini
qoyaq qırağa.
Fərqli qənaətlər də rastıma
çıxdı. Yazıçı Mehriban Vəzir bir məqamı
tutaraq öz mövqeyindən irəli gələn qənaətlər
söyləmişdi. Feysbuk bu statusu niyə sildi, bilmədim.
Burda bəlkə hansısa siyasi məqamlar, ölkə
adları çəkilmişdi ona görə.
Amma ədəbiyyatşünas alim Asif
Hacılının əsasən elmi yanaşmadan ibarət məqaləsi
niyə yox oldu, bilmədim. Yaxşı ki, sayta vermişdik.
Sosial media üzrə mütəxəssis Fərid Pərdəşünasdan
da səbəblərini öyrənməyə
çalışdım. Bəzi incə detalları söylədi
və bu iki yazının niyə silinməsinə
gümanlarım yarandı.
Yazıçı Sərdar Amin də hekayə barədə
məqalə yazdı. Sərdarın müşahidə etdiyi
bir detalı Mehriban Vəzirin tutduğu nadir fərqli qənaətlər
sırasına əlavə etdim: "Qatardan qalan
adam"ın bizə yalnız ismi, bəllidir. İshaq! O da
"Salmanzadə" soyadını Amerikada yəhudilərin
biznesdə uğur qazanması zərurətindən
"sünnət" edib "Salman" etmək istəyir. Mətnin
ən uğurlu təqdimatı da elə bu istəyin
sondakı cəzasıdır; öldüyü qəsəbədə
müsəlman qəbiristanlığı
olmadığından yəhudi məzarlığına təhvil
verilir, yəhudilərə uyğun heç bir sənədi
olmadığından yandırılaraq külü göyə
sovrulur. Biznesə görə soyundan keçmək istəyən
şərqli yandırılmalıdır. Bu, kiçik ideya
deyil!
Ömrünün bir qərinəsini
Yazıçılar Birliyində anarxiyanın
qarşısını almaqla məşğul olan Anarın 86
yaşlı qəlbində belə bir iddia varsa, təbii
alqışlanmalıdır".
Görünən odur ki, hekayə təsadüfən
bu qədər reaksiya doğurmayıb. Üzdən oxuyanlar da
nəsə qeyri-adi məqamlar olduğunu hiss ediblər.
lll
"Sən əgər əlinə qələm
alıb yazmağa başlayırsansa, artıq tənhasan".
Bəs qələmsiz yazırsansa, onda da tənhasanmı?
Xalq yazıçısı Kamal Abdulla fərqli
olmağı, yenilik etməyi sevir və bunu bacarır.
Polemikanı da xoşlayır. Ona görə mən də əziz
Kamal müəllimə sualla başladım bu qranulamı.
İndi Kamal Abdulla, özü demiş, janrı bəlli
olmayan yeni bir kitab nəşr etdirib: "Seçmələrin
seçməsi - qranulalar".
"Qranula cümlədən (mətndən)
bütün artıq hissələri siləndən sonra yerdə
qalan cövhərdir".
Bir növ daha çevik, yığcam, dolğun
cümlələr, qısa təəssüratlar, sevimli
şeir parçaları və sair.
Kamal müəllim kitabın ön sözündə
bu qranulaların həm özlərini, həm də aid
olduqları ilkin mətnləri xatırladacaqlarına ümid
edir və kitabın oxucusuna hələlik son hədiyyəsi
olduğunu söyləyir.
Kitabın nəşrinə onu ruhlandıranlar da
sanballı ədəbiyyat biliciləridir və qranulaları
oxuduqca düşünürsən ki, haqlı
ruhlandırıblar.
Nəşrin texniki tərtibatı və dizaynı nəfis,
səliqəli və fərqlidir.
Qranulalar hərəsi bir səhifədə yerləşdirilib.
Bu da oxuduqca nəfəs dərməyə və
düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla
yaradıcılığına bələd olan oxucunu onun
tanış əsərlərinə qaytarır, sevimli
mövzularını, obrazlarını canlandırır, təkrarlayır,
yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün
də maraqlıdır. Üzdən oxuyanlar üçün
kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir
özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm
eləmək", Xalq yazıçısının daxili
dünyasına, düşüncələrinə dalmaq
üçün kitabı aram-aram, nəfəs dərərək
oxumaq vacibdir.
Kitab haqqında geniş danışmaq olar. Amma mən
də, kitabın janrına uyğun olaraq, təəssüratımın
qranulasını yazdım.
Bu orijinal kitaba görə Kamal müəllimi təbrik
edir və avtoqraflı hədiyyə üçün təşəkkürümü
bildirirəm.
lll
Rauf Arifoğluyla səfər həm də hər
anın, özün də bilmədən, telefonun
yaddaşına köçürülməsi deməkdir.
Şuşada 2-ci Qlobal Media Forumunda iştirak, İsa
bulağının suyundan içmək, Xankəndidə iki
gecə qonaq qalmaq - hamısı, sən demə, yaddaşa
köçür, xəbərə, videoçarxa
çevrilirmiş.
Xocalıda həmkarımız Səriyyə
Müslümqızıya qonaq getmək isə daha fərqli
duyğular yaşatdı və Rauf bəy bu təsirli səfərimizdən
kövrək bir film ortaya qoydu. Xocalıda olanda da çox
kövrəlmişdim, filmə baxanda da yenidən həmin ovqata
qayıtdım. Səriyyə xanımın az qala Xocalıyla
bütövləşən taleyi, uzun zaman sonra o doğma
ünvanda yenidən məskunlaşması çox təsirlidir.
Həmin anları Xocalıda yaşamaq nə qədər dərin
hisslər doğurmuşdusa, sonradan təkrar seyr edib
duyğulanmaq bir qədər də güclü təəssürat
oyatdı.
Yaşadığımız tarixi və həssas
anları yaddaşa köçürdüyünə, belə
gözəl bir film yaratdığına görə Rauf
Arifoğluya dərin təşəkkürümü bildirirəm.
lll
İndi Mark imkan yaradıb deyə yerindən duran hər
məsələyə münasibət bildirməli, qulp qoymalı,
ittiham etməli deyil ki! Hətta qulp qoymağa, ağız
büzməyə, ittiham eləməyə də gərək
adamın haqqı çatsın. İnsan bir şeyə layiq
olduğunu, nəyəsə haqqı
çatdığını öz fəaliyyəti, işi, əməli
ilə təsdiqləməlidir. Yoxsa ki hər kəsə bir
daş atıb könül bulandırmaq qəhrəmanlıq
deyil. Bundan asan nə var ki?!
lll
Ərkin də təhəri var. Hədsiz və yersiz ərk
dözülməz ərköyünlüyə gətirib
çıxarır və bezdirir.
lll
Qərəzli olduğu açıq
görünürdü.
lll
Axına qoşulmayın, məyus olacaqsınız.
lll
Dürlü-dürlü ölkələr
varmış Olimpiya Oyunlarında.
lll
Beyindən artıq informasiyaların silinməsinin bir
yolu da təbiət və telefondan uzaqlaşmaqdır.
lll
Fərqli düşüncə içdən gəlməyəndə,
qondarma olanda eybəcər görünür.
lll
Sürətli həyatın tempi bir az azalan kimi
yaşamaq daha mənalı olur; düşünməyə, dərdləşməyə,
bölüşməyə, yazıb-yaratmağa imkan
yaranır.
lll
Sosial şəbəkələr şantaj və qisas
yeri olmamalıdır. Bura içinin kin-küdurətini yayan,
eybəcərlik aşılayan məkan deyil. İctimai yerdə
olduğunuzu, ətrafınızdakıları nəzərə
alın. Hər kəsin kimliyi yazdıqlarında və dediklərində
üzə çıxır. Düşünməyin ki, təksiniz!
lll
"Keçib getmiş günlər, gəlin
rakı için, sərxoş olun!"
Nazim Hikmət keçmiş günləri
soraqlayır.
Bəs gələcək günlər neyləsin?
Onların sərxoş olmaq ixtiyarı yoxdur!
lll
İndi istedad nadir hallarda gözdən qaça bilər.
Texnologiyaların inkişafı buna imkan verməz. Mütləq
görünəcək, kimsə görəcək.
lll
Adam hər ağlına gələni dilinə gətirməz.
lll
Cəhalət təkcə dinlə bağlı deyil
ki! Məhdud, dar dünyagörüşü, avamlıq da cəhalətdir.
lll
Bütün ağılsız qərarlarda xalqların
iştirakı var.
lll
Dayanmadan miyoldayan pişiyə yemək verəndən
sonra səsini kəsdi, sakit uzanıb mürgü vurmağa
başladı.
lll
Uğursuzluğunun səbəbini başqalarında
axtarmaq acizlik əlamətidir.
lll
Şəkil informasiya çatdırmırsa, onu
paylaşmağa dəyməz.
lll
Zibilləri çaylara atmayın. Yaşıl
dünyanı, sağlam planeti unutmayın.
lll
Siz əgər dəyərləri müdafiə etməyəcəksizsə,
İP xətrinə nə gəldi yayacaqsınızsa, sonda məğlub
olacaqsınız! Buna şübhə etməyin.lll
Təsəlli nöqtəsi tapmaq vacibdir. Yoxsa dərin
bir boşluğa düşmək ehtimalı var.
lll
Mətbuat Şurası İdarə Heyətinin
üzvü Qulu Məhərrəmli "Jurnalistika fakültəsinə
qabiliyyət imtahanı lazımdırmı?" deyə sual
edib və fikrini tutarlı arqumentlərlə əsaslandırıb.
BDU-nun jurnalistika fakültəsinin professoru kimi tədris
prosesinə yaxından bələd olduğuna görə vacib
problemi diqqətə çatdırıb. ADA nın müəllimi,
tanınmış media eksperti Şəfəq Mehrəliyeva da
maraqlı şərh yazıb: "ADA Universitetinin Kommunikasiya
və rəqəmsal media ixtisasına qabiliyyət imtahanı
tələb olunmur. "Yaradıcı düşüncə"
tərzinə gəldikdə isə o, bütün ixtisaslara
müasir dövrün iş bazarında lazımi qabiliyyətdir".
Vaxtilə jurnalistika fakültəsinə qabiliyyət
imtahanının bərpa olunması məsələsində
Mətbuat Şurasının mövqeyi də nəzərə
alınmışdı. Ola bilər indi artıq bu
özünü doğrultmur. Sürətli zamanın gətirdiyi
tələblər və informasiya texnologiyalarının
inkişafı sayəsində jurnalistikanın yeni trendlərinin
ortaya çıxması təcrübəli pedaqoqun fikirlərini
aktuallaşdırır. Buna görə də MŞ İdarə
Heyətində məsələnin müzakirəsini vacib hesab
edirəm. Hər halda idarə Heyətinin üzvləri Qulu Məhərrəmli
və Vuqar Zifəroğlunun mövqeyi müzakirələrdə
bizim üçün aparıcı olmalıdır.
lll
Tanınmış mütəxəssis bir vacib məsələyə
fikir bildirir. Bəyənməyənlər o dəqiqə qərəzli,
sifarişli adlandırır.
Müstəqil düşüncə kiməsə
daş atmaq deyil, öz qənaətini, əminliyini
çatdırmaqdır. Buna öyrəşmək gərək.
lll
Ağdamda keçən uşaqlığımda gələcək
barədə düşüncələrim yadımdadır;
2000-ci il nağıl kimi görünürdü, 2024-ü isə
heç xəyal etməmişdim. İlğım kimi!
İndi o düşüncələrin
yaşandığı uşaqlıq illəri elə uzaq
görünür.
lll
Çalışın mətbəxdən
çıxın!..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet.-2024.-10
avqust №(142).- S.9.