Yay əhvalatı
Esse
Söz zamanına çəkər, amma məkanına
çəkməz. Belə deməyə haqqım var,
çünki onda da yay idi, indi də yaydır, onda da məzuniyyətdə
idim, indi də məzuniyyətdəyəm, ancaq onda Soçidə
idim, indi burdayam. Sadə bir sanatoriyada qalırdım.
Gündüzlər qızmar günəş, axşamlar gecə
çıraqları ətrafa nur yayırdı.
Çimərliyə çıxan kimi son dərəcə
cəzibəli, sarışın bir rus gəlinini gözaltladım.
O da mənim odlu baxışlarımı həmin an ağ sinəsində,
yumşaq ombalarında hiss edib, gözlərim həmin yerlərini
pöşüləyirmiş kimi, cəld başını
qaldırıb giley-guzarını kəndirbazın kəndiri
kimi tarım çəkilən baxışlarımın
üstü ilə sürüşütdü.
Həmin gün qarış-qarış, misxal-misxal
sezilmədən ona yaxınlaşıb tanış oldum.
- Adınız nədi? - dedim.
- Nataşa. - dedi.
- Mənim adım Yaradanquludur. - dedim.
- Çox gözəl. - dedi.
- Gözəl sənsən. - dedim.
- Bilirəm. - dedi.
Bu yerdə nə deyəcəyimi bilmədim. Söhbətimiz
yeni mərhələyə keçə biləcəyi bir
nöqtədə ilişib qaldım.
İkinci görüşümüzdə (bu
görüş də çimərlikdə oldu)
gördüm, əynində yalnız çimərlik
tumanı və zərif döşlük üzüqoylu
uzanıb isti qumun üstünə, məni yandıran gərdənini
günəşin oduna yandırır. Mənim də əynimdə
yalnız çimərlik tumanı var idi. Dədə malı
kimi yanına uzanıb:
- Salam. - dedim.
- Salam. - dedi.
- Necəsən? - dedim.
- Necə görürsən. - dedi.- Dünən
söhbətimiz nə yerdə qaldı? - dedim.
- Hansı söhbətimiz? - dedi.
- Dünənki söhbətimiz. - dedim.
- Bilmirəm. - dedi.
- Mən xatırladım, - dedim.
Əslində xatırlamadım, yarımçıq
qırılan söhbətimiz bütün gecəni yadımda
idi, gəlib yanına uzanana qədər onun məntiqi, daha
doğrusu, təbii davamı barədə
düşünürdüm.
- Çox gözəl. - dedi.
- Çox gözəl sənsən. - dedim.
Ürəyimin dərin qatlarında qorxdum söhbət
yenə bu yerdə qırılmasın, fikrimi cəmləyib
özümü ələ alaraq deyəcəyi sözün
cavabına, yəni bu xatalı keçidi keçmək
üçün hazırlaşdım.
- Bilirəm. - dedi.
- Nə bilirsən? - dedim.
- Bunu dünən dedin. - dedi.
Bu yerdə yenə sözüm kəsildi, udqundum, nə
deyəcəyimi bilmədim. Mənim vəziyyətimi təsəvvür
et, nə istədiyimi yaxşı bilirdim, onu necə deyəcəyimi
yox. Böyrümə halal-hümbət qismətim kimi uzanan
rus gözəli isə mavi gözləri ilə düz
gözlərimin içinə gülür, xəyalımda
şimşək sürəti ilə bir-birini əvəz edən
sözlərimi lap alt-üst edirdi. Araya çökən gərgin
sükuta tab gətirə bilməyib:
- Nataşa! - dedim.
- Nədi, Yaradanqulu? - dedi.
Yenə udqundum, daha doğrusu, dilimin ucuna gələn
sözü
münasibsiz bilib acı həb kimi uddum. Dilimə yenə
bu rus gəlininin adı gəldi, elə bildim, bu vəziyyətdə
ən münasib söz onun öz adıdır. Yenə:
- Nataşa! - dedim.
- Adımı bəyənirsən? - dedi.
- Səni də bəyənirəm! - dedim.
- Təşəkkür edirəm. - dedi.
- Dəyməz. - dedim.
Bu dəfə araya çökən sükutu
Nataşa pozdu:
- Evlisən? - soruşdu.
- Evliyəm. - dedim.
Hər şeyin əyrisindən düzü
yaxşıdır, həm də mən sində kişiyə
evli deyiləm demək yaraşmazdı. Bir də Nataşa
üçün dəxli nədi, evliyəm, ya subay!
Beş-üç gün bir yerdə olacağıq, sonra hərə
öz işinin dalınca gedəcək, təxminən müvəqqəti
kəbin kəsdirib sığa edənlər kimi. Düzü,
mən də bu rus gəlniylə sığa edərdim, amma
burada nə məscid var, nə də molla.
- Bəs sən?.. Evlisənmi? - dedim.
- Evli olmuşam. - dedi.
- İndi necə? - dedim.- İndi subayam. - dedi.
- Nə yaxşı! - dedim. Bu söz
ağızımdan necə çıxdı, bilmədim.
- Bunun nəyi yaxşıdı?! - dedi.- Pis adamın əlindən
vaxtında çıxmalısan, canını qurtalmalısan!
- dedim.
- Onun pis olduğunu sən hardan bilirsən? - dedi.
- Hər kişi sənə layiq olammaz! - dedim.
- Bilmirəm. - dedi.
- Mən bilirəm! - dedim.
- Sən nə bilirsən? - dedi.
- Bilirəm. - dedim.
- Bilmirsən! - dedi.
- Bilirəm. - dedim.
- Sən məni yaxşı tanımırsan. - dedi.
- Eləsə, gəl yaxşı tanış olaq. -
dedim.
- Olaq. - dedi.
- Adım Yaradanquludur. - dedim.
- Onu bilirəm, dünən dedin. - dedi.
- Nataşa! - dedim.
- Bu mənim adımdı. - dedi.
- Bilirəm. - dedim.
- Aha, ikinci dəfə də tanış olduq. - dedi.
- Gəl lap yaxından tanış olaq. - dedim.
- Yaxından tanış olmaq nəyə deyirsən? -
dedi.
Cürət edib, yaxından tanış olaq deyəndə,
nəyi nəzərdə tutduğumu deyə bilmədim.
- Yaxından tanış olmaq elə yaxından
tanış olmaqdı. - dedim
- Nə demək istəyirsən, başa
düşmürəm? - dedi.
- Bunun nəyini başa düşmürsən, gəl
lap yaxından, belə lap yaxından tanış olaq... - dedim.
- Bundan yaxın olar?! Yanına uzanmışam. - dedi.
Əlini uzadıb qoluma toxundurdu. Elə bildim, məni tok vurdu.
- Nataşa! - dedim.
- Yaradanqulu! - dedi.
Mən daha nə deyəcəyimi bilmədim,
sözüm bu yerdə yenə qırıldı.
Üçüncü görüşümüz yenə
çimərlikdə oldu. Mən tuman-paça
uzanmışdım. O, ətrafa xoş ətir yaya-yaya gəlib
ədəb-ərkanla yanıma uzandı.
Ürəyimin başına düşən od
alovlandı, istəyim lap cuşa gəldi. Özümü
güc-bəla ilə saxladım ki, elə oradaca, çimərlikdə,
bu qədər yarılüt camaatın içində bir oyun
çıxarmayım.
- Salam. - dedi.
- Salam. - dedim.
- Necəsən? - dedi.
- Yaxşıyam, sən necəsən? - dedim.
- Mən də yaxşıyam. - dedi.
- Sən yaxşı olduğunu bilirəm. - dedim.
- Necə yatdın? - dedi.
- Heç yatmadım. - dedim.
- Niyə? - dedi.
- Tək yatammıram. - dedim.
- Burda hamı tək yatır. - dedi.
- Bizdən başqa hamı cüt yatır. - dedim.
- Əri olan əriylə, arvadı olan arvadıyla
yatır. - dedi.
- Nə əri, nə arvadı olmayanlar kiminlə
yatır? - dedim.
- Onlar tək-tək yatırlar. - dedi.
- Onlar heç yatmırlar. - dedim.
- Mən rahat yatıram. - dedi.
Bu yerdə son cəsarətimi toplayıb:
- Nataşa! - dedim.
- Nədi, Yaradanqulu? - dedi.
- Mən yata bilmirəm. - dedim.
- Yuxu həbi at. - dedi.
- Atdım. - dedim.
- Yatdın? - dedi.
- Yata bilmədim. - dedim.
- Niyə? - dedi.
- Nataşa! - dedim.
- Yaradanqulu! - dedi.
- Mən... Mən sənsiz yata bilmirəm!.. - dedim.
- Əvəllər necə yatırdın? - dedi.
- Əvəllər səni görməmişdim, yuxum
qaçmamışdı. - dedim.
- Yuxun qaçmamışdan kiminlə yatırdın?
- dedi.
- Arvadımla. - dedim.
- Get yenə arvadınla yat. - dedi.
- Arvadımı istəmirəm. - dedim.
- Bəs kimi istəyirsən? - dedi.
- Səni, tək səni istəyirəm! - dedim.
- Baş tutan söhbət deyil. - dedi.
- Niyə? - dedim.
- Sən evlisən. - dedi.- Evliliyin belə məhəbbətə
nə dəxli? - dedim.
- Dəxli var. - dedi.
- Yoxdur! - dedim.
- Mən subayam. - dedi.
- Daha yaxşı. - dedim.
- Yaxşı onda olardı ki, sən də subay
olaydın, amma sən ailəlisən. - dedi.
- Ailəli olanda nolar. -
dedim.
- Olmaz! - dedi.
Dönüb deyə bilmədim ki, ay xanım, mən səni
almaq ha istəmirəm, cəmi beş-üç gecə səninlə
qalmaq niyyətindəyəm. Necə deyərlər, sənə
də, mənə də ləzzət verəcək
eyş-işrət istəyirəm...
Sözün düzü, hələ belə namuslu rus
gəlininə rast gəlməmişdim. Bu zənən bəlkə
də Rusiyanın ən ecazkar və ən ismətli
xanımıydı, o da çıxmışdı mənim
qarşıma.
Dördüncü görüşümüz də əvvəlki
görüşlərimiz kimi yarılüt vəziyyətdə
oldu. Vərdişimiz üzrə yan-yana uzanmışdıq.
- Gözlərinə niyə qan sızıb? - dedi.
- Yenə bir çimir də olsun yata bilmədim. -
dedim.
- Səhərə qədər məni
düşünürdün? - dedi.
- Səni düşünə-düşünə
şeir yazdım. - dedim.
- Nə yazdın? - dedi.
- Şeir yazdım. - dedim.
- Sən şeir də yazırsan? - dedi.
- Heç yazmamışdım, sənə olan hədsiz
eşqim yazdırdı. - dedim.
- Maraqlıdır. - dedi.
- Hər şeyi unutmuşam, təkcə səni
düşünürəm. - dedim.
- Şeirini oxu. - dedi.
- Baş üstə! - dedim.
Səliqə ilə qatlayıb çimərlik
tumanımın dar balağına qoyduğum vərəqi
çıxarıb oxudum:
Cibimdəki pullar sənin pulundu,
Pul cırım səninçün, ölüm,
Nataşa.
Yaradanqulu tək sənin qulundu,
Qulunu qucaqla, gülüm Nataşa!
Yaradanqulu ki quldu eşqinə,
Amma bunu deyə bilmir heç kimə.
Amandı, bu eşqi döndərmə kinə,
Oduna yanacaq külüm, Nataşa.
Şeir və Nataşa üçün bəndlərarası
etdiyim sətri tərcümə tamam oldu.
- Onu mənə bağışla, qoy səndən bir
yadigar olsun. - dedi.
- Üzünü köçürüb verərəm.
- dedim.
- Nə vaxt köçürərsən? - dedi.
- Bu axşam köçürərəm. - dedim.
- İndi köçür ver, sonra gec olar. - dedi.
- Niyə? - dedim.
- Sabah vaxtım tamam olur, mən gedirəm. - dedi.
- Hara gedirsən? - dedim.
Görünür, bunu son dərəcə həyacanla
qışqırdım, o gülüb:
- Evimə! - dedi.
- Məni namuraz qoyub gedirsən!? - dedim.
- Səni də aparım? - dedi.
- Yox! - dedim.
- Qorxma, aparmıram. - dedi.
- Mənim murazımı gözümdə qoyub getmə.
- dedim.
- Bu barədə daha danışmayaq. - dedi.
- Danışmaya bilmərəm. - dedim.
- Sən bilirsən, bu, mümkün deyil. - dedi.
- Hələ ki burdasan, mümkündür. - dedim.
- Bu boş xəyalı başından çıxart.
- dedi.
- Necə çıxardım ki, gecələr məni
rahat yatmağa qoymur. - dedim.
- Bircə gecə də döz, sonra rahat yatarsan. -
dedi.
- Son gecə son fürsətdir, əldən verməməliyik.
- dedim.
- Fürsət-filan yoxdur. - dedi.
- Amandı! - dedim.
- Mənim üçün son gecədir, sənin
üçün növbəti gecələrdən biridir. -
dedi.
- Amandı, son fürsəti güdaza verməyək.
- dedim.
- Çox danışma, şeirin üzünü mənim
üçün köçür. - dedi.
- Harda köçürüm, burda yazı masası
yoxdur?! - dedim.
- Yazı masasını neyniyirsən? - dedi.
- Bəs nəyin üstündə
köçürüm? Gedək mənim otağıma. -
dedim.
- Yazı masası lazım deyil, vərəqi mənim
kürəyimə qoy, elə köçür. - dedi.
- Sənin belində yazım? - dedim.
- Bəli, gəl, durmuşam. - deyib çevrildi.
Vərəqin qanadını cırıb
Nataşanın "zaqar" almış kürəyinə
qoyub köçürməyə başladım. Qadın elə
tabecəsinə uzanmışdı, ehtirasımı dişlərimlə
tutub özümü güc-bəla ilə saxladım... Az qala
qələmi də, vərəqi də yana atıb, məni
odlara salıb yandıran bu xanımın üstünə
atılmışdım. Şeirin üzünü,
dünyanın əzabını çəkərək
köçürüb ona verdim. Özüm durub
dinib-danışmadan otağıma qalxdım. Orda qalsam, ölərdim.
Beşinci görüşümüz yeganə
görüş idi ki, ayaq üstdə, ancaq gecəyarı
baş verdi. Təzəcə yatağıma girib mürgü
dumanıyla əlləşirdim ki, otağımın
qapısı qeyizlə döyüldü. Döyən adam:
- Yaradanqulu! Yaradanqulu! Ay Yaradanqulu! - deyə məni səsləyirdi.
Bu o idi. Nataşa idi. Çox həyəcanlı səslə
çağırırdı. Cəld durub qapıya cumdum. Qaranlıqda
qapının açarını sinçiləyib
fırladım. Qapı açılan kimi gecə köynəyində
olan qadın özünü üstümə atdı,
köksümə sığındı.
- Nataşa! - dedim.
- Yaradanqulu! - dedi.
Onu var-gücümlə qucaqlayaraq ildırım
sürətiylə fikirləşdim, yəqin insafa gəlib, məni
arzum gözümdə qoyub getmək istəməyib. Odur ki,
bir daha cani-dildən:
- Nataşa! - dedim.
- Yaradanqulu! - dedi.
Elə bil qadın nədənsə qorxmuşdu,
budaqdakı yarpaq kimi əsirdı.
- Nataşa! - dedim.
- Yaradanqulu, - dedi, - mən qaranlıqdan qorxuram, gecələr
yatanda, işığı yana-yana qoyub yatıram. Burda da elə
edirdim. Təzəcə uzanıb mürgüyə
getmişdim. Niyəsə xarpadan gözümü
açıb gördüm, işıq keçib, otaqda zil
qaranlıqdı. Bərk qorxdum.
- Daha qorxma. - dedim. Başımı onun başına
söykədim.
- Burda səndən başqa heç kəsi
tanımıram. Məcbur oldum... Səni gecəyarı narahat
elədim. Bağışla! - dedi.
- Sən nə danışırsan, Nataşa! Təki
hər gecə işıq sönəydi, sən də hər
gecə yanıma gələydin. - dedim.
- İşıq heç sönməzdi, bu nə
işdi, bilmirəm. - dedi.
- Allah mənim Allahımdı, yenə də axıra
qədər mənə qıymadı, son gecə də olsa,
işığı söndürüb bizi qovuşdurdu. -
dedim.
- Görəsən, niyə söndü? - dedi.
- Yaxşı elədi, söndü! - dedim.
- Bəs mən nə edim, otaqda tək qorxuram. - dedi.
- Tək niyə olursan, mənim yanımda qal! - dedim.
Nataşa sanki bu sözlərdən ayıldı,
qollarımın arasından cəld çıxıb:
- Sən nə danışırsan?! Səhər sənin
otağından çıxdığımı görsələr,
nə deyərlər!? - dedi.
- Nə deyəcəklər?! - dedim.
- Burda qala bilmərəm! - dedi.
- Onda sənin otağına gedək. - dedim.
- Sənə zəhmət olmasa, gedək. Xahiş edirəm,
işıq gələnədək yanımda qal. - dedi.
- Zəhmət nədi?! Səhərə qədər
qalaram. - dedim.
Qaranlıq dəhlizlə xanımın otağına
tərəf getdik. Qapını açıq qoymuşdu.
İçəri girib qapını arxadan bağlayan kimi
Nataşanı yenə bağrıma basdım.
O, qollarimın arasında çabalayıb:
- Burax məni! - dedi.
- Nataşa, ölürəm sənin
üçün! - dedim.
- Bilirsən, bu, mümkün deyil! - dedi.
- Mümkündür! - dedim.
Onu çarpayıya tərəf aparmağa cəhd
etdim.
- Yox, burax məni! - dedi.
- Niyə? - dedim.
- Mən bu cür bacarmaram! - dedi.3
- Niyə bacarmazsan? - dedim.
- Bacarmaram! - dedi.
- Otaqda konyakım var, gedim gətirim, ruhlanmaq
üçün əvvəlcə içək. - dedim.
- Get gətir! - dedi.
Nataşanı ağuşumdan buraxıb əlim əsə-əsə
qapının açarını taptım, açıb otağıma
tərəf gedəndə qəflətən anladım ki, tələsmək
lazımdır, işıq gələ
bilər. Öz otağımın qapısını da birtəhər
açıb zil qaranlıqda skamyalara ilişə-ilişə
soyuducunun yerini bələdlədim. Oradakı konyakı
götürüb qayıtdım.
Mən Nataşanın otağına
çatar-çatmaz dəhlizi gur işıq
bürüdü. Fakt üstündə yaxalanmış
oğru kimi yerimdəcə donub qaldım. Amma ümidimi tam
üzməyib Nataşanın qapısının cəftəsindan
yapışıb itələdim. Qapı içəridən
bağlı idi. Ehmalca döydüm:
- Nataşa! - dedim.
- Yaradanqulu? - dedi.
- Mənəm, qapını aç! - dedim.
- Yaradanqulu, get yat. İşıq gəldi, daha
qorxmuram. - dedi.
- Hər ehtimala qarşı qoy gəlim, birdən yenə
keçə bilər! - dedim.
- Keçməz! - dedi.
- Dünyanın işini bilmək olmz, keçəndə
də keçər. - dedim.
- Keçsə, gəlib səni çağıraram,
indi get yat, artıq gecdir. - dedi.
- Gecən xeyrə qalsın! - dedim.
- Xeyrə qənşər! - dedi.
Qayıdıb otağıma gəldim. Hər ehtimala
qarşı işığı səhərə qədər
yanılı qoydum. Gözüm elektrik lampada qaldı, amma bircə
anlığına da olsun sönmədi. Daha sönmədi.
İmir MƏMMƏDLİ
525-ci qəzet.-2024.-13 avqust (№ 143).- S.14;15.