Əli Tudə - ömürlük "ayrılıq imtahanı"na çəkilən şair

 

 

İyirminci yüzilliyin 40-cı illərində İranda - Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı və ziyalılar da ön sıralarda yer almış, süngü və qələmi ilə vuruşmuşdu. 1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin yazarların çox hissəsini Sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar ömürləri boyu şahidi və iştirakçısı olduqları hadisələri ürəklərində və əsərlərində yaşatdılar. Həmin şairlərdən biri də Əli Tudə idi.

Əli Tudə əslən cənublu idi. Valideynləri Ərdəbildən Bakıya gün-güzəran, dolanışıq üçün gəlmişdilər. Əlinin bir yaşı olanda atası, beş yaşında isə anası dünyasını dəyişmişdi. Əli də nənəsi Qəribin himayəsində böyüyüb boya-başa çatmışdı.

Bakıda oxuyanda Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dəməyinin fəal üzvü olmuşdu. O dövrdə bu dərnəyə gələnlər arasında sonralar məşhur şəxsiyyət kimi tanınan Bəxtiyar Vahabzadə, Şixəli Qurbanov, Hüseyn Abbaszadə və başqaları da vardı. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda ilk şeirləri dərc edilmişdi - Heydər Rzazadə imzası ilə.

Ə.Tudə Güney Azərbaycan mənşəli olduğundan 1938-ci ildə, repressiya dövründə nənəsi ilə birlikdə İrana sürgün edildi. "Günahları" Arazın o tayından gəlib bu tayda yaşamaları idi. Əli nənəsi ilə birgə Ərdəbildə məskunlaşmışdı. Gündüzlər fəhlə işləyir, axşamlarsa məktəbdə təhsil alırdı.

Nənəsi ilə ata yurduna dönüb Ərdəbildə yerləşəndən sonra Ərdəbil siyasi-ədəbi mühitinin ona böyük təsiri olur. Gənc yaşlarından inqilabi hərəkata qoşulur. 1941-ci ildə İrana daxil olan sovet ordusunu xilaskar ordu kimi tərənnüm edir və bu, onun yeni yurdda yazdığı ilk şeir olur.

Onun meydanlarda söylədiyi şeirlər xalq arasında çox bəyənilirdi. Əli 1944-cü ilin Ərdəbil Vilayət Komitəsinə gedərək "Hizbitudeyi-İran" (İran xalq Partiyası) partiyasına üzv olur. Elə orada da partiyanın ağsaqqalları ona Tudə Xalq) təxəllüsünü götürməyi məsləhət görürlər. O dövrdən Tudə onun ədəbi təxəllüsünə çevrilir. Bir ildən sonra isə Təbrizdə yeni yaranan Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına daxil olur. Ə.Tudə Ərdəbil Vilayət Partiya Komitəsinin nəzdində yaradılmış şeir məclisinin fəal üzvlərindən biri idi.

Əli Tudə və onun kimi oxşar taleyi olan Balaş Azəroğlu başqaları və (Quzeydən Güneyə sürgün edilənlər) sovet təhsil sistemində oxuyub püxtələşmiş, Azərbaycan ədəbi dilinə yiyələnmişdilər. Bu gənclərin dili farscanın təsirinə uğramış cənublulardan fərqli idi, onlar özləri ilə yeni bir dil gətirmişdilər. Üstəlik də, şeirlərini o zaman yayğın olan əruz qəlibində deyil, sadə heca vəznində yazırdılar. "Bakı ədəbi dili"ndə(yerli ictimaiyyət bu dil üslubunu belə adlandırırdı) yazan bu gənclərin şeirlərini xalq çox bəyənir, özləri də o tərzdə danışmağa can atırdılar. Əli Tudə Ərdəbilin "Şairlər məclisi"nin ən gənc və fəal üzvü olub, ədəbiyyata yeni ruh və vəzn gətirmişdi.

Çox çalışqan, firqədə boynuna düşən işləri məsuliyyətlə yerinə yetirən 21 yaşlı gənc, Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin də diqqətini çəkir, onu Maarif Nazirliyində nəşriyyat şöbəsinə müdir təyin edir. Daha sonra S.C.Pişəvəri onun yüksək potensialını görüb yeni bir vəzifəni - Milli Filarmoniyanı yaratmağı Ə.Tudəyə həvalə edir

Sonralar "Əgər Təbriz Filarmoniyası möhtəşəm bir sənət sarayı idisə, biz o sarayın tikintisində fədakarlıqla çalışan usta, şagird, fəhlə, dülgər idik. Min bir zəhmət bahasına olsa da, saray hazır oldu" - yazacaqdı Əli Tudə.

Ə.Tudə İran tarixində ilk dəfə yaradılan Təbriz Milli filarmoniyasının yaradıcısı və müdiri olur. Şəhərbəşəhər, kəndbəkənd gəzib istedadları üzə çıxarır, onların çoxunu filarmoniyaya cəlb edirdi. Onun filarmoniyaya cəlb etdiyi istedadlar arasında Rübabə molla Xəlil qızı İşraqi (Muradova), Aşıq Hüseyn Cavan və başqaları vardı.

Lakin yeni Hökumətin apadığı misilsiz islahatlar və xalqın xoşbəxt günləri uzun çəkmədi. Milli Hökumət süquta uğradı. Kütləvi qırğınlar, həbslər başladı. Minlərlə adam özünü təhlükəli vəziyyətdən qurtarmaq üçün ata-baba yurdunu tərk etməli oldu. Belə şəraitdə Əli Tudə Təbrizdə qala bilməzdi. Digər məsləkdaşları ilə bir daha Vətəndən Vətənə, Güneydən Quzeyə mühacirət etdi.

Əli Tudə heç zaman Güney Azərbaycanı unutmadı, bütün əsərlərində ayrılıq dərdini, otay həsrətini əks etdirdi.

Quzeydə mühacirət həyatı yaşayan yazarların əsərlərində Cənub həsrəti, bölünmüş millət dərdi motivləri üstünlük təşkil etsə də, onların əsərlərində daha çox Güney Azərbaycanda demokratik hərəkatın yenidən qələbə çalacağına ümid və inam duyğusu ifadə edilirdi. Əli Tudə də həmin nəslin nümayəndəsi idi.

Bakıda doğulan, Ərdəbildə böyüyən Əli erkən yaşlarından şeirə könül verib. Ömür yolu müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair imzasını tanıda bilib. Mühacir ömrü sürüb, gah Quzeydə, gah da Güneydə məskunlaşan Əli Tudə məşəqqətli, ağır həyatını "ayrılıq imtahanı" adlandırırdı.

Onun nəzm əsərləri həmişə azadlığa, yeni həyata doğru can atan, Pəhləvişahlarına və yadelli işğalçılara qarşı mübarizə aparan, öz məqsədi və ideyası uğrunda vətən torpağını qanı ilə boyayan, səngərlərdə ölən, yaralanan, lakin geri çəkilməyən, imkan tapdıqca yenidən mübarizə meydanına atılan bir xalqın döyüş nəğmələri idi. Şair canıyla, ruhuyla bağlı olduğu Vətənin sabahına ümidlə baxırdı.

 

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım Vətəndir, silahım qələm.

 

İnqilab şairin yaradıcılığının çiçəklənməsinə imkan yaratmışdı. Mübarizlik, cəsarət, mərdlik, azadlıq ruhu Əli Tudə şeirinin əsas motivinə çevrilmişdi. Gənc döyüşkən şair inqilabı vəsf edən şeirlər yazırdı.

Heç bir dövrdə Güney Azərbaycan ədəbiyyatı XX əsrin 40-ci illərində olduğu qədər güclü olmamış, siyasi hadisələrlə, kütləvi hərəkatla, xalq həyatı ilə bu qədər səsləşməmişdi. Şair və yazıçılar demokratik hərəkatın ədəbi iştirakçısına çevrilir, xalqı İran istibdadına qarşı çıxmağa səsləyir, mübarizə əzmini artırırdı.

Əli Tudə Təbrizdə qurulan azad Muxtar dövlətin - Güney Azərbaycanın misilsiz birillik nailiyyətlərinin təfərrüatlarını "Öz gözlərimlə" adlı avtobioqrafik kitabında yazıb göstərmişdi.

1946-cı ildə Milli Demokratik Hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya qayıdan 22 yaşlı şair ürəyinin qanı ilə "Mən nə gətirdim" şeirini yazır:

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim!

 

1946-ci il dekabrın 12-sində sərhədi keçərkən Naxçıvanda yazdığı bu məşhur şeir bu taya keçən minlərlə insanın həyat hekayətinə, manifestinə döndü. Şair ürəyində yenidən qardaşlarına qonaq getdiyini fikirləşirdi. Lakin bu ayrılıq bitməyən qara hicrana dönür. Bir daha o yerləri görə bilmir şair. Və o gündən bölünmüş vətənin "Araz", "Həsrət" adlı yanğısı onun yaradıcılığının ruhuna hopmuş olur.

Əli Tudənin ilk kitabı 1950-ci ildə Bakıda çapdan çıxıb. Qeyd edək ki, kitab 1946-cı ildə Milli Hökumət dövründə mətbəədə çapa hazır vəziyyətdə olub, Təbrizdə nəşr edilməli idi. Milli Hökumət süqut edəndə şah tərəfdarları kitabı mətbəədə yandırırlar və həmin yazılar yalnız 1950-ci ildə Bakıda "Cənub nəğmələri" adı altında işıq üzü görür.

Gənc şair bu kitabda azadlıq ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmiş, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirə bilmişdi.

Bakıda "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi vəzifəsinə işə düzələn Əli Tudə burada görkəmli şair və yazıçılarla yaxından ünsiyyətdə olur. Sənət dostları onu "səngər şairi" ,"inqiabçı şair" adlandırırdılar, bu da təsadüfi deyildi. Hər şair inqilabçı olmur. Əli Tudə inqilab ruhlu əsərləri ilə Güney Azərbaycanda siyasi lirikanın təməlini qoyanlardandır.

Mətin inqilabçı ruhu mübariz səngər döyüşçüsünü heç vaxt tərk etmədi, yazdığı əsərlərə də hopdu. İnqilabi ruh onun şeir və poemalarında özünü çox qabarıq göstərirdi.

Sonralar 40-dan artıq kitabı kiril, eləcə də ərəb əlifbasında nəşr olundu. 2000-ci illərdən sonra sənətkarın bədii irsilatın əlifbasına köçürülüb oxucuların ixtiyarına verildi. Çap olunmuş kitablardan bir neçəsi şairin arxivində olan əlyazmalar idi ki, ilk dəfə nəşr olunurdu .Ədibin çoxşaxəli yaradıcılığın da azadlıq ideyaları, Vətən həsrətli kövrək düşüncələr, ana dili və səmimi sevgi duyğuları aparıcı mövzu kimi öndə gəlir. Söz sənətkarı şeirlərində özünü "vətən nəğməkarı, vətən əsgəri" adlandırırdı. Əli Tudənin elə bir şeiri yoxdur ki, orada vətən sevgisi, eləcə də yurd həsrəti hərarətlə təsvir olunmasın. İnqilabçı bir şair olan Əli Tudə eyni zamanda həssas bir lirikdir. Şair vəsf etdiyi obyekt üçün ən münasib ifadə və təsvir vasitələri axtarır, ümumi ritmə uyğun olan boyalardan, bədii təsvir vasitələrindən istifadə edirdi. "Buzovnada gecə" şeirində bunu aydın görmək olar:

 

İşıq dənizində çimən qayalar,

Sanki göydən düşmüş ay parçasıdır.

 

Şairin bu sıradan poetik tapıntıları, təzə, qeyri-standart epitetlərləri çoxdur. Mayakla bağlı orijinal təşbeh çox ürəyəyatandır:

 

Uzaqda qızarır tənha bir mayak,

Sanki qan çəkibdir yuxusuz gözü.

 

"Bakının işıqları şeirində" "Ağ şam" ilə "axşam"ın cinas qafiyələnməsi diqqəti çəkir:

 

Ta qədimdən asimanın ağ şamlarının

Öz nağılı, əfsanəsi, rəvayəti var.

O, xəyaldır... İndi Bakı axşamlarının

Öz aləmi, öz cəlalı, öz şöhrəti var.

 

Şair müxtəlif peşə sahiblərinin, o cümlədən, sadə zəhmət adamlarının bədii portretlərinin bütöv bir qalereyasını yaradır. "Briqadir", "Sürücü", "Həkim", "Usta", "Tarzən", "Çoban", "Dəmirçi", "Cərrah", "Rəssam" bu silsilədəndir.

Görkəmli şəxsiyyətlərə heyrətini, sevgisini bəlirləyən "İthaf" silsiləsində Cavad Heyətə "Şərikli yol", Nəriman Həsənzadəyə "Təbriz suyu", Səttar Bəhlulzadəyə "Təbiət gözətçisi", Məhəmməd Hadiyə "Şairim", Pənahi Makuluya "Səni ananda", Mehdi Hüseynə"Sənət Fərhadı", Abbas Zamanova "Körpüsalanlar", Qurban Pirimova "Çobanbayatı", Mikayıl Müşfiqə "Bəstəkar" şair", M.F.Axundova "Məşəl olan qələm", Mirzə Ələkbər Sabirə "Kədərli gülüşlər", Seyid Şuşinskiyə "Müğənni" şeirlərini həsr edib. "Xətai" şeirində "torpaq bir də bölünməsin, böyüsün deyə qılıncları qılıncıyla bölən", düşmən əhatəsinə düşəndə də əqidəsinə sadiq olan, sərkərdə Şah İsmayıl Xətaini vəsf edir:

 

O istiqlal yazdı bayrağında da,

Şeir dəftərinin varağında da...

 

Şair vətəni ümumi şəkildə tərənnüm etmir. Onun gözəlliklərini hər zaman özünün ictimai idealları ilə bağlayır. Təbrizi "qəhrəman Səttərxanın doğma ünvanı", Şah gölünü "ellər gölü", Savalanı "döyüş səngəri", Ərki "qəhrəmanlıq sərgisi" kimi vəsf edir.

Təbiətə subyektiv gözlə baxan şair təsvir etdiyi obyekt üçün ən münasib ifadə və təsvir vasitələri tapıb.

Əli Tudə yaradıcılığında ədəbiyyatşünaslıq məsələləri və publisistikaya da yer verib. Şair müntəzəm olaraq mətbuat səhifələrində ədəbi-tənqidi məqalələrlə çıxış etmiş, bir çox kitablara ön söz yazmışdı. O, mükəmməl tərcüməçilik fəaliyyəti də göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdi.

Bir şəxsiyyət kimi Əli Tudə məğrur adam idi. Şöhrət dalınca qaçmır, heç kəsə baş əymirdi. Quzey Azərbaycanda 50 il yazıb-yaradan şair o taydan gələn yeganə yazar idi ki, sovet pasportundan imtina edib "mühacir" olmağı seçmişdi...

 

Bütün dünya görür ki,

Yarım əsrə yaxındır,

Mən xalqımın içində

"Siyasi mühacir"əm.

Bəli! sakin deyiləm,

Hələ də müsafirəm.

Bilinmir taleyimi

Daha nələr gözləyir.

Dövran gözləri ağlar,

Yoxsa gülər gözləyir?

 

Məğrur, əyilməz poeziyası, vüqarı, qüruru ilə nəsillərə gənclərə bir örnəkdir o.

Əli Tudəsayı 50-ni aşan poemalarında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir. Bu poemalarda Əli Tudə də ölkədə baş verən Milli azadlıq hərəkatlarının ayrı-ayrı dövrlərini, ordakı insanların mübarizəsini təsvir və tərənnüm edib. Əsərlərinin əksəriyyəti şeir və poemalardan ibarət olsa da, şair qələmini nəsrdə də uğurla sınamışdı. Əli Tudənin sağlığında gün üzü görmüş 40-dan çox kitabının 3-ü nəsr əsərlərindən ibarət olub.

Əli Tudənin yazıb əlyazma şəklində arxivində qalan xatirələri sonralar oğlu Natiq Cavadzadə tərəfindən hazırlanıb V cilddə toplanaraq nəşr olundu."Həyatım, xatirələrim..." adlanan topluda Əli Tudənin həyatı boyu görüb şahidi olduğu və iştirak etdiyi hadisələr, olaylar, xatirələr qələmə alınıb. 1991-1995-ci illərdə qələmə aldığı "Həyatım, xatirələrim..." xatirə toplusu əsasən sənətkarın yaddaş, düşüncə və hisslərinə köklənərək sonradan şəxsi təcrübəsinə inteqrasiya olunaraq yazıya alınıb.  Hər zaman düzü düz, əyrini əyri yazan ədib bu topluda da prinsipinə sadiq qalıb. Bu kitablar memuar ədəbiyyatının ən gözəl örnəklərindən biri sayıla bilər.

Əli Tudə bir nasir kimi də qələmini uğurla sınamış və bir sıra orijinal hekayələr ərsəyə gətirməyə nail olmuşdu.

O, həmişə millətin, Vətənin mənafeyi naminə yaşadı. Həmişə millətinə, tanrısına tapındı. Əsərləri dərdli həqiqətləri, dərin və düşündürücü fikirləri əks etdirdiyi üçün xalq arasında sevildi. Vətənin birliyi, azadlıq, istiqlal arzusu əsas yer tutan şeirlərində Güney həsrəti, istiqlal nəğmələri, bütövlük hissləri geniş şəkildə işləndi.

2004-cü ildən başlayaraq şairin oğlu Natiq Cavadzadə onun 20 cildlik "Əsərləri"ni peşəkarlıqla nəşrə hazırlayaraq, nəfis şəkildə nəşr etdirib. Övladının bu işi alqışa layiqdir!

Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha həyatında yaşayan şairin əsərlərində bu ağrılı mövzu qırmızı xətt kimi keçib. Əli Tudə ömrü uzunu nə Ərdəbili, nə də Təbrizi unuda bildi:

 

Gül bitər qayada da,

Dürr parlar dəryada da,

Yatanda röyada da

Təbriz yadıma düşdü.

 

Ayrılığın acısını ömrü boyu köksündə gəzdirən, doğma yurda ancaq yuxularda qovuşan Əli Tudə yaradıcılığında Vətən, Cənub həsrəti mövzusuna axıracan sadiq qaldı.

 

Pərvanə MƏMMƏDLİ

525-ci qəzet.-2024.-13 avqust (№ 43).- S.13;15.