"Azad edilmiş ərazilərimizdə
mina problemi öz aktuallığında qalır"
"Bu problemin həlli həm böyük maliyyə vəsaiti,
həm də onillərlə müddət tələb
edir"
İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi
bu gün Azərbaycan dövlətinin əsas hədəflərindəndir
və bu məqsədlə bütün imkanlar səfərbər
edilir. Həmçinin gələcək mina risklərinin
qarşısının alınması məqsədilə
topoqrafik məlumatların Azərbaycana verilməsi
üçün Ermənistanla təmaslar davam edir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə
görə, azad edilmiş ərazilərin, demək olar ki, hər
qarışı işğal illərində Ermənistan tərəfindən
minalarla çirkləndirilib. Bu, həm də beynəlxalq
ictimaiyyətə verilmiş mesajdır. Çünki beynəlxalq
aktorlar minalı ərazilərin təmizlənməsi və
sözügedən topoqrafik xəritələrin Azərbaycana
verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər.
Onlar yalnız bu halda özlərinin səmimiliklərini və
beynəlxalq hüquqa hörmətlə yanaşdıqlarını
göstərə bilərlər.
İkinci Qarabağ müharibəsi başa
çatandan bu günə qədər 350 vətəndaşımız
mina qurbanına çevrilib, onlardan 65-i həlak olub, 285-i isə
ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün
başladığı ilkin dövrdən indiyədək
3429-a yaxın vətəndaşımız minalardan zərər
çəkib, onlardan 595-i həyatını itirib. Mina
qurbanlarından 357-si uşaq, 38-i isə qadındır.
Azərbaycanın İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan
hətta delimitasiyadan sonra belə öz mina terroru siyasətini
davam etdirir, əhalinin həyat və
sağlamlığına təhlükə yaradan əməllərindən
əl çəkmir: "Azad edilmiş ərazilərimizdə
mina problemi aktallığında qalır. Ərazilərimizdə
işğalçılar tərəfindən
basdırılmış minaların dəqiq xəritələrinin
ölkəmizə təqdim edilməməsi keçmiş məcburi
köçkünlərin öz torpaqlarına təhlükəsiz
qayıdışına, sağlam ətraf mühitdə
yaşamaq hüququnun təmin olunmasına, eləcə də
sərhədlərin delimitasiyası prosesinə və bölgədə
aparılan bərpa-quruculuq işlərinə ciddi maneə
törədir. Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin
ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana
təsir göstərməli, bu ölkənin mina terroruna səssiz
qalmamalıdır".
Azərbaycanda Minadan Zərərçəkənlərin
Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu
deyir ki, mina terrorundan əziyyət çəkən biri kimi o
özü də bu problemə laqeyd yanaşa bilmir:
"Əkin və otlaq sahələri, meşə
zolaqlarında baş verən mina insidentləri bizi ikiqat
narahat edir".
O, Azərbaycan vətəndaş cəmiyyətinin digər
təmsilçiləri ilə birlikdə dəfələrlə
müxtəlif beynəlxalq qurumlara, dünya ictimaiyyətinə
Azərbaycandakı mina təhlükəsi ilə bağlı
müraciətlər etdiklərini xatırladıb.
R.Kərimoğlu Azərbaycanın tanınmış
ziyalıları ilə birgə mina xəritələrinin təhvil
verilməsi üçün petisiya keçirdiklərini də
diqqətə çatdırıb. O bildirib ki, ermənilər
həmin xəritələrin bir qismini təhvil versələr
də, onların yalnız 15-20 faizi düzgün olub.
44 günlük Vətən müharibəsindən
sonra 303 nəfərin minaya düşdüyünü
xatırladan təşkilat sədri onlardan 55-nin həyatını
itirdiyini söyləyib: "Bütün bu hadisələr vətəndaş
cəmiyyətinin üzvü kimi bizi narahat etməyə bilməz.
Özüm də mina terrorundan əziyyət çəkən
biri kimi bu problemə laqeyd yanaşa bilmirəm. Bu dəfə
BMT-nin Baş katibi, təşkilatın müvafiq
qurumlarının rəhbərlərinə, o cümlədən,
Avropa İttifaqı və Avropa Şurasına üzv olan
dövlətlərə müraciət etdik ki, bəhs olunan
problemlə bağlı bizə dəstək versinlər. Bu dəstək
isə Azərbaycana mina xəritələrinin təhvil verilməsi
üçün Ermənistana təzyiqlərin edilməsidir".
R.Kərimoğlu vurğulayıb ki, mina insidentlərinin
70 faizə qədəri keçmiş təmas xəttindən
kənarda baş verib: "Artıq işğaldan azad
olunmuş ərazilərə köç prosesi start
götürüb. Əkin və otlaq sahələri, meşə
zolaqlarında baş verən mina insidentləri bizi ikiqat
narahat edir. Bu baxımdan biz də beynəlxalq ictimaiyyətin
mina terroruna susmaması və çətin işdə Azərbaycana
öz dəstəyini nümayiş etdirməsi
üçün humanitar minatəmizləmə ilə
bağlı beynəlxalq ictimaiyyətə müraciət
ünvanladıq".
Hərbi ekspert Ədalət Verdiyevin söylədiyinə
görə, dünyanın heç bir ölkəsi hərbi əməliyyatlardan
sonrakı 3-5 il ərzində ərazilərini minalardan və
partlamamış sursatlatdan təmizləyə bilmir: "Son
qırx ildə baş verən münaqişələr nəticəsində
ərazilərin çirklənməsi prosesi demək olar ki,
heç bir ölkədə tam həcmdə başa
çatmayıb. Hətta İkinci Dünya müharibəsindən
sonra atılan mərmilərin Şərqi Avropada,
keçmiş SSRİ respublikalarında xüsusilə də Belarusiya ərazisində
hələ də qalıqları tapılmaqdadır. Azərbaycanda
da bu prosesin yaxın illərdə başa
çatacağını gözləməyə dəyməz.
Bu, həm böyük miqdarda maliyyə vəsaiti, həm də
on illərlə müddət tələb edir. Hansı ərazilərdə
bərpa-qurulucuq işləri gedəcək və ya ordunun
manevrləri baş tutacaqsa, həmin ərazilərin təmizlənməsini
birinci növbədə həyata keçirilir. Ancaq
bütün ərazilərin təmizlənməsi təxminən
20-25 ilə qədər müddət tələb edə bilər.
Digər tərəfdən də prosesin sürətlənməsinə
mane olan əsas səbəb isə, Ermənistanın
minalanmış ərazilərin xəritəsini Azərbaycana
təqdim etməməsidir. Dəfələrlə mina təmizləməyə
aid Beynəlxalq Konfranslar keçirilsə də, Azərbaycana
bu prosesdə verilən dəstəyin miqdarı hazırda
çəkilən xərclərin 1 faizini belə əhatə
etmir. Ona görə də proses kifayət qədər uzun
müddət tələb edəcək. Peşəkarların
belə mina təhlükəsi ilə
qarşılaşdıqda xəsarət alması və həyatını
itirməsini heç kəs istisna edə bilmir. Çünki
bu, çox təhlükəli prosesdir. Minalar sadə sxemlərlə
quraşdırılmır. Bəzən isə sürpriz tələlər
metodu ilə basdırılmasına da rast gəlirik. Maksimum
ehtiyatlı olmalıyıq. Burada tələskənliyə yol
vermək qətiyyən qəbul edilməzdir. Bu, sonda fəlakətli
nəticələrə gətirib çıxara bilir".
Ekspertin dediyinə görə, 44 günlük Vətən
müharibəsi və torpaqlarımızın işğaldan
azad edilməsindən sonra qarşıda duran ən
başlıca vəzifə ərazilərin minalardan təmizlənməsidir.
İşğal dövründə Ermənistan ərazilərin
sıx şəkildə minalanmasını təmin edib. 30 ilə
yaxın təcavüzkar dövlət Azərbaycan ərazilərində
yaşayış yerlərini, tarixi, dini mədəni abidələri
dağıdıb talan etməklə yanaşı, sonrakı
yaşayış və bərpa üçün də
böyük problemlər yaradıb.
O qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə
humanitar minatəmizləmə fəaliyyəti icra edilir:
"Burada insan həyatı və qısa zamanda bərpa-quruculuq
işlərinin icrası üçün bu amil önəmlidir.
Çünki Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli
razılaşmadan sonra mina xəritələrini Azərbaycana
təqdim etməkdən uzun müddət boyun
qaçırdı. Hətta işğalçı ölkə
bir müddət onlarda belə bir xəritələrin
olmadığını iddia edirdi. Bu da sözsüz ki, onlarla
vətəndaşın, hərbçilərimiz və minatəmizləmə
prosesinə cəlb edilmiş insanların həyatının,
sağlamlığının itirilməsinə səbəb
oldu. Məhz Azərbaycan dövlətinin davamlı təzyiqləri
fonunda Ermənistan mina xəritələrini təqdim etdi. Amma
sonradan məlum oldu ki, Ermənistanın təqdim etdiyi xəritələrin
dəqiqliyi 25 faiz səviyyəsindədir".
O hesab edir ki, Azərbaycanın yenidənqurma və bərpa
işləri çərçivəsində minatəmizləmə
fəaliyyətinə beynəlxalq dəstəyin vacibliyini
önə çəkir: "Azərbaycan mina təmizlənməsi
sahəsində təkliflərə açıqdır.
Çünki humanitar minatəmizləmə ilə uzunmüddətli
sülh və sosial-iqtisadi inkişaf arasında
qarşılıqlı əlaqələr var".
Ekspertə görə,
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə
Yardım Günü ərəfəsində Bakıda
keçirilən beynəlxalq tədbirin mühüm əhəmiyyəti
var: "Post-münaqişə dövründə
dünyanın diqqətinin işğaldan azad edilmiş ərazilərdəki
mina probleminə cəlb edilməsi vacibdir. Çünki bu
gün qayıdış, bərpa-quruculuq üçün ən
böyük maneə məhz Ermənistanın
basdırdığı minalardır. Məhz bu konfransda 34
ölkədən 150-ə yaxın nümayəndənin
iştirakı humanitar minatəmizləmə sahəsi üzrə
dünyada tanınmış qurumlar, beynəlxalq ekspertlər
üçün unikal müzakirə, əməkdaşlıq
platforması açılması da diqqətçəkəndir.
Həmçinin BMT-nin 2030-cu il üzrə Davamlı
İnkişaf Gündəliyin məqsədlərinə nail
olunmasında minatəmizləmənin önəmi artıq bir
qlobal amil kimi önə çıxır".
Sevinc QARAYEVA
525-ci qəzet.-2024.-13 avqust (№ 143).- S.12.