General Sisianov

 

 "Qarabağın dostları və düşmənləri" silsiləsindən

 

 

Gürcü mənşəli knyaz Pavel Dmitriyeviç Sisianov (Sisiaşvili) 1754-cü il sentyabrın 8-də Moskvada hərbi qulluqçu ailəsində doğulmuşdu. Onun ulu babası, knyaz Paati Sisiaşvili Kaxetiya çarı Vaxtanq Kartalini ilə birlikdə I Pyotrla görüşmək üçün 1725-ci ildə Peterburqa getmiş və elə o vaxtdan da Rusiyada məskən salıb yaşamışdı. Pavel də atası Dmitri kimi gənc yaşlarından hərb sənətinə böyük maraq göstərmiş, ömrünü bu şərəfli və çətin peşəyə bağlamışdı. O, bir çox əməliyyatlarda iştirak etmiş, otuz yeddi yaşındaykən general-mayor rütbəsinə layiq görülmüşdü.

1796-cı ilin yazında qraf Valerian Aleksandroviç Zubovun komandanlığı altında rus qoşunları Azərbaycana ilk dəfə yürüş edərkən general Sisianov da bu qoşunların tərkibində Azərbaycana gəlmiş və Bakı işğal olunandan sonra qalanın komendantı təyin olunmuş, özünü bacarıqlı bir hərbçi kimi göstərmişdi. Bu müddət ərzində o, bir sıra Azərbaycan xanlıqlarını gəzmiş, yerli əhalinin psixologiyasını, adət-ənənələrini dərindən öyrənmişdi.

1801-ci ilin martında Rusiya çarı Pavelin ölümündən sonra I Aleksandr taxta çıxdı. Onun həyata keçirdiyi ilk siyasi tədbirlərdən biri də vəzifə dəyişiklikləri oldu. General Karl Fyodoroviç Knorrinqi Sisianov əvəz elədi. Onu şəxsən tanıyan çar 1802-ci il sentyabrın 8-də bu generalı Qafqazdakı rus qoşunlarının ali baş komandanı təyin elədi və ona çox geniş səlahiyyətlər verdi. Pavel Dmitriyeviç Sisianov eyni zamanda Qafqaz xəttinin inspektoru, Həştərxanın qubernatoru, Gürcüstanın mülki işlər rəisi vəzifələrini də icra edirdi.

General Sisianov hələ Qafqaza gəlməmişdən qabaq çar I Aleksandr ona müxtəlif məsələlərin həllində ermənilərdən istifadə etməyi məsləhət görmüşdü. Rusiya çarı 1802-ci il sentyabrın 26-da generala yazırdı: "Nəyin bahasına olursa-olsun, Azərbaycanın bu və ya digər xanlıqlarına hücum edərkən ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə, Rusiyaya daha sədaqətli erməni keşişi Danil lazım ola bilər". General Sisianov həm də qarşısına "Qafqazda xristian mədəniyyətini müsəlman cəhalətindən xilas etmək" məqsədi qoymuşdu. Ermənilər də elə ilk günlərdən onun planları ilə tanış olmuşdular və xanlıqlar üzərinə yürüşlərdə iştirak etmək fikrini dərhal ona bildirmişdilər. Ümumiyyətlə, Pavel Dmitriyeviç Sisianov Qafqazdakı bütün fəaliyyəti boyu ermənilərə xüsusi etimad və rəğbət bəsləyir, Danilə və Xoça Muradova daha çox bel bağlayırdı. Ermənilər az bir vaxtda bu rus generalında azərbaycanlılara qarşı dərin nifrət hissi oyada bilmişdilər və xanlıqlar üzərinə yürüşlərdə Pavel Dmitriyeviç Sisianov onların "sədaqəti"ndən gen-bol istifadə edirdi.

Knyaz Sisianovun Gürcüstana vəzifə başına gəlməsi Rusiyanın Qafqaz siyasətinin istiqamətini tamamilə dəyişdi. O, Tiflisə gələn kimi Azərbaycanın bir neçə xanlığının işğal planını hazırlayıb, I Aleksandra təqdim elədi. İmperator bu planı bəyənib, alqışladı, tezliklə həyata keçirilməsini əmr elədi. Və bununla da Azərbaycanın işğalı sürətləndirildi. Rusiya dövlətinin  cənub sərhədlərini Kür və Araz çaylarına, qərb sərhədini isə Qara dənizə qədər uzatmaq məsələsi də bu planda nəzərdə tutulmuşdu və bu işdə lazım gələrsə, İran və Türkiyə ilə müharibənin labüdlüyü də, xanlıqların paytaxtlarının dinc yolla, yəni müharibə olmadan tutulması da göstərilirdi. Ona görə də çar I Aleksandr Azərbaycan hakimlərinə - Qarabağ, Şəki, Gəncə, Şirvan, Talış xanlıqlarına dostluq, əmin-amanlıq şəraitində yaşamağa səsləyən məktublar göndərdi, onları döyüşsüz tabe olmağa çağırdı.

General Sisianov Qafqazda quduz bir siyasət yeritməyə başladı və öz siyasətini "hər şeyi güc həll edir" prinsipi üzərində qurdu. İlk növbədə, Zaqafqaziyanın düz ortasında olan Gəncəni işğal etmək, Cavad xanı aradan götürmək onun planına daxil idi. Cavad xan, əslində, Rusiya himayəsinə girməyə hazır olduğunu bildirmişdi, lakin eyni zamanda öz müstəqilliyini də qoruyub-saxlamağa çalışırdı. O, müstəqillik barədə rus çarından xüsusi fərman gözləyirdi. Veriləcək fərmanda təbəəliyə qəbul edilməklə yanaşı, müstəqilliyinin qorunmasına da zəmanət verilməli idi. Lakin fərman gecikdirilirdi. General isə Cavad xana məktub vasitəsi ilə tez-tez xatırladırdı ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiya təbəəliyinə qəbul edilmiş və şəhəri ruslar almışdı. Cavad xan isə ona cavab məktubunda yazırdı: "O zaman çar mənə reskript göndərmiş və mən də onun təklifini qəbul edərək qalanı təhvil vermişdim. İndi də sənin padşahın belə bir reskript göndəribsə, mənə göstər. Mən də onun iradəsi qarşısında düşünüb-danışım". Ancaq Cavad xanın "söz güləşdirməsi"ndən qəzəblənən general Car-Balakəni, Samuxu zəbt edəndən sonra, 1803-cü ilin noyabrında böyük bir qüvvə ilə - altı batalyon piyada, on bir top, üç eskadron və iki kazak bölüyü ilə Gəncə üzərinə yeridi, şəhəri mühasirəyə aldı. Nəhayət, 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, Orucluq bayramı günü rus qoşunları qəti hücuma keçdi. Onlar böyük itkilər bahasına şəhərin müdafiəçilərini sıxışdırıb, qalaya soxula bildilər. Amansız döyüşlərin birində mayor İvan Lisaneviçin gülləsi Cavad xandan yan keçmədi. Gəncə  xanının və kiçik oğlunun ölümü ilə, üstəlik də, iki oğlunun Şuşaya - İbrahimxəlil xanın yanına qaçması ilə xanlıq süqut elədi və Rusiyanın tərkibinə qatıldı. Bu hadisədən 3 ay sonra 1804-cü ilin martın 3-də şəhərin tarixi adı dəyişdirilərək I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı.

General Sisianov Gəncəni işğal edəndən sonra böyük strateji əhəmiyyətə malik olan İrəvan qalası üzərinə hücuma hazırlaşmağa başladı. Bu şəhərə hücum etməkdə onun əsas məqsədi İran qoşunlarını Araz çayından yuxarı buraxmamaq və öz mövqeyini orda möhkəmləndirərək keçilməz sədd yaratmaq idi. 1804-cü il may ayının 29-da general-mayor Suçkovun başçılığı ilə rus qoşunları İrəvan istiqamətində hərəkətə başladılar və Üçkilsə yaxınlığında düşərgə saldılar. Rus ordusu Qafqaz qrenadyor, iki Tiflis muşketyor və iki Saratov muşketyor batalyonlarından, 9-cu yeger və üç eskadron Narva draqun süvari polklarından, 350 kazak və 1020 nəfər yerli əsgərdən ibarət idi. Ümumiyyətlə, qoşunda əsgərli-zabitli 4370 nəfər vardı. Rus komandanlığının fikri bu idi ki, İrəvanı tutduqdan sonra Üçkilsədə və  Naxçıvanda - hərəsində bir polk qoyub, Gürcüstana qayıtsın. Bunu bilən Fətəli şah Pirqulu xanın başçılığı ilə Gürcüstana hücum etməyə hazırlaşan dörd min nəfərlik qoşunu geri qaytarıb, İrəvan istiqamətinə göndərdi, ruslardan oranı tərk etməyi tələb elədi. Lakin general Sisianov bu tələbi saya salmadı. Ona görə də iyun ayının 10-dan etibarən İranla Rusiya arasındakı bütün diplomatik münasibətlər pozuldu və birinci rus-İran müharibəsi başlandı.

Artıq Qarakilsəni və Üçkilsəni tutan ruslar iyunun sonlarında İrəvan qalasını mühasirəyə aldılar, Fətəli şahın qoşunları isə İrəvan istiqamətində irəliləməyə başladı. İran ordusu rus qoşunları üzərinə hücuma keçib, onları mühasirəyə aldı. Həm İran qoşunlarına ciddi müqavimət göstərmək iqtidarında olmayan, həm də buranın istisinə-soyuğuna dözüb tab gətirə bilməyən rus qoşunları geri dönməyə məcbur oldular. Rus komandanlığının İrəvanı və Naxçıvanı tutmaq planları puça çıxdı, general dörd min nəfər itki ilə geri çəkilməyə başladı. Bu uğursuz hərbi səfərdən sonra Pavel Dmitriyeviç Sisianov avqustun 30-da hərbi şura çağırıb, bildirdi ki, qoşunlar geri qayıtmalıdır, əks təqdirdə rus ordusu tam məğlubiyyətlə üzləşə bilər. Beləliklə də, 1804-cü il sentyabrın 3-də rus qoşunları suyu süzülə-süzülə Tiflisə üz tutdular.

Zaqafqaziyada hadisələr elə tez inkişaf edirdi ki, bunu ardıcıllıqla izləmək o qədər də asan deyildi. Cəmi iki il ərzində ruslar tərəfindən Car-Balakən camaatı, osetinlər itaətə gətirilmiş, Gürcüstanda şahzadələrin qiyamları yatırılmış, Gəncə işğal olunmuş, İrəvan yürüşü zəngin və məhsuldar Şuragil vilayətinin fəthi ilə başa çatmışdı. İndi isə növbə  Gəncə xanlığı ilə qonşu olan Qarabağın idi. Bu əlverişli yer, Şuşa qalası artıq İran və Rusiyanın sərhədlərinin qovşağında yerləşirdi və ruslar üçün geostrateji məkan idi. Başqa cür desək, bu qala İran üçün Zaqafqaziyanın açarı, ruslar üçünsə İrana qapı idi. General Pavel Dmitriyeviç Sisianov Qarabağı özünün möhkəm hərbi bazasına çevirmək fikrində idi. Gəncə kimi bir qalanın ələ keçirilməsi isə rus ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsini xeyli asanlaşdırırdı. Bütün bunlar İbrahimxəlil xanı daha da ehtiyatlı və sərvaxt olmağa sövq edirdi.

1804-cü ilin ilk günlərindən Qarabağın siyasi həyatında böyük çaxnaşmalar başladı. İbrahimxəlil xan yenidən siyasi hadisələrin burulğanına düşdü. Gəncənin işğalından heç bir həftə keçməmiş Pavel Dmitriyeviç Sisianov Azərbaycanın şimal hakimlərinə, o cümlədən, Qarabağ xanına da hədə-qorxu ilə məktub göndərib, Rusiya hakimiyyətini qəbul etmələrini tələb etdi. İbrahimxəlil xana göndərdiyi məktubunda qazandığı qələbə münasibəti ilə rus komandanlığını təbrik etmədiyinə görə o, Qarabağ xanını təhqiramiz şəkildə qınayırdı. Məktubda deyilirdi: "Şöhrətli və yenilməz rus qoşunları ilə bir aydan çoxdur ki, burdayam. Həm də oğlu Hüseynqulu ağa və min beş yüz adamla birlikdə ölən gəncəli Cavad xanın tərsliyi və azğınlığı səbəbindən qalanın hücumla alınmasından artıq altı gün keçib. Çox təəccüblənirəm ki, siz isə belə yaxın qonşuluqda ola-ola güclü himayə axtarmalıykən məni təbrik etmədiniz. Cavad xanın dikbaşlığı qanla yuyuldu və mənim onlara yazığım gəlmir. Allahın özü də dikbaşlıq edənlərə qarşıdır. Lakin onun öz taleyinin düçar etdiyi adamlara heyifsilənirəm. Ümid edirəm ki, zati-aliləri ona oxşamaq istəməyəcək və zəifin güclüyə itaət etməsi və onunla höcətləşmək istəməməsi kimi ümumi qaydalara əməl edəcək. Rusiyanın gücü və onun idarəçilik prinsiplərinin mülayimliyi bu məmləkətə artıq çoxdan məlumdur. Onsuz da sizə ən yaxşı yolu seçmək qalır.

Gəncə şəhəri və Gəncə torpağı bu hadisə münasibəti ilə Rusiya imperiyasının uçsuz-bucaqsız hüdudlarına daxil oldu. Ona görə də bu yerlərin sakinləri Rusiyanın mehriban uşaqlarına çevrildilər. Mərhum gəncəli Cavad xana məxsus at ilxısını və mal-qaranı, həm də mən qoşunla gələrkən yerli tatarların və ermənilərin təhlükəsizlik üçün sizin torpaqlara sürülüb-aparılmış bütün mal-qarasını göndərdiyim adamlarla bura qaytarmağı zati-alilərindən tələb etməyi bu məmləkətin və Xəzərdən tutmuş, Qara dənizə qədər Qafqaz xəttində baş komandan kimi vəzifə borcum sayıram. İkincisi, sizin Rusiya sarayına meyl etməyinizin və qonşuluqda dostluğumuzun dəlil sübutu kimi Məlik Cümşüdün oğlu Bəhramı və onun nəvəsi Astvasaturu mənim yanıma göndərməyi zati-alilərindən xahiş edirəm. Çünki Məlik Cümşüd  yaşamaq üçün Əlahəzrətin, mənim Mərhəmətli Böyük İmperatorumun himayəsi altında həmişəlik Gürcüstanda məskən salıb. Ümid edirəm ki, mənim tələblərimi, zati-aliləri, yerinə yetirməyə tələsəcəksiniz və bunlar sizin xoşbəxtliyinizin başlanğıcı olacaq.

Nəhayət, bizim Böyük və Allah tərəfindən yüksəldilmiş İmperatorumuzun ali himayəsinə doğru sizə yol açaraq qəbul eləyə biləcəyiniz qərarların qətnamələri üçün etibarlı adamınızı, ya da uşaqlarınızdan birini gözləyirəm" (AKAK. II cild, 1868-ci il, 1416 nömrəli sənəd. Knyaz Sisianovun İbrahimxəlil xana 8 yanvar 1804-cü il tarixli məktubu. Gəncə).

İbrahimxəlil xan Cavanşir gələcəkdə bəzi olacaqları nəzərə alıb, öz saray əyanı Mirzə Məhəmmədəli bəyi rus generalının yanına göndərdi, amma ona qol çəkmək və möhür vurmaq səlahiyyəti vermədi, üstəlik də, saymazyana bir cavab göndərdi. İbrahimxəlil xanın bu hərəkətindən bərk narazı qalan knyaz birbaşa hədələrə keçərək sərt cavab məktubu göndərdi. O, Qarabağ xanına yazırdı ki, yeritdiyi İran siyasətinə görə Cavad xan kimi başı ilə cavab verəcək. Sonra general Sisianov sözünə belə davam edirdi: "Mən sizin görüşünüzə vaxtı çatanda gözlənilmədən gələcəyəm. İnanın ki, sizi darmadağın etmək üçün Gəncədə olan qoşunlarım da bəs edər. Qalanızı almaq ruslar üçün çox asandır. Heç eşitmisinizmi ki, milçək qartalla danışıq aparsın?! Əmr etmək güclüyə xasdır. Zəif isə ona görə doğulub ki, güclüyə itaət eləsin. Bir sözlə, iki həftədən sonra Gəncəyə məxsus mal-qara çatdırılmasa, Məlik Cümşüdün oğlu Astvasatur və nəvəsi Gəncəyə göndərilməsə, onda mənə itaət etməyi sizə məktublarla öyrətməyəcəyəm. Mən isə yalnız siz öz borcunuzu yerinə yetirib, mal-qaranı qaytaranda rahat olacağam. Sizi təbəəliyə yox, mənə bu, lazım deyil, tövbə etməyə çağırıram. Əgər sağ-salamat olmaq və rahat yaşamaq istəyisinizsə, mənim tələblərimi məktub vasitəsilə bildirin" (AKAK, II cild, 1868-ci il, 1417-ci sənəd. Knyaz Sisianovun İbrahimxəlil xana 4 fevral 1804-cü il tarixli, 79 nömrəli məktubu).

General Pavel Dmitriyeviç Sisianov bu məktubu İbrahimxəlil xana yollayandan sonra təzyiq tədbirləri görmək üçün mayor İvan Lisaneviçi Qarabağa göndərdi. Lakin İbrahimxəlil xanın adamları gözdə-qulaqda olduqlarından mayor Qarabağdakı mal-qaranı yığıb-aparmaq üçün münasib vaxt və fürsət tapa bilmədi. Çünki yerli camaat  ruslardan və ermənilərdən ibarət dəstənin Qarabağın sərhədlərini keçdiyini bilib, bütün mal-qara sürülərini və at ilxılarını əlçatmaz yerlərə - dağlara və meşələrə sürüb apardılar. İvan Lisaneviçin əli boşa çıxdı və bu xəbəri general Sisianova çatdırdı. Aciz qalan general göstəriş verdi ki, o, İbrahimxəlil xanın torpaqlarında istehsal qüvvələrini zəiflətmək üçün Qarabağdan 250 erməni ailəsini özü ilə aparıb, Gəncə ətrafında məskunlaşdırsın. Mayor Lisaneviç əmri yerinə yetirdi. Rus ordusunun Azərbaycan ərazilərində apardığı müharibələr və strateji əhəmiyyətli bir çox məntəqələri tutması İran hökmdarı Fətəli şahı bərk narahat edirdi. Odur ki, 1804-cü ilin may ayında o öz nümayəndəsi Yaqub bəyə rus komandanlığına ultimatum verməyi əmr elədi. Belə bir ultimatum verildi ki, rus qoşunları qəti surətdə Azərbaycan və Gürcüstan ərazilərindən çıxarılsın. Lakin təbii ki, general Sisianov bu tələbə rədd cavabı verdi. Fətəli şah Rusiya ilə müharibəyə hazırlaşmağa başladı...

Pavel Dmitriyeviç Sisianov isə Gəncəni işğal etdikdən sonra böyük strateji əhəmiyyəti olan İrəvan üzərinə hücuma hazırlaşırdı. Bu qalaya isə hücum etməkdə onun əsas məqsədi İran qoşunlarını Araz çayından yuxarı buraxmamaq və öz mövqeyni burda möhkəmləndirərək keçilməz sədd yaratmaq idi.

İbrahimxəlil xan Cavanşirlə diplomatiya dili ilə danışıqlardan heç nəyə nail ola bilməyəcəyini anlayan Fətəli şah məsələni zor gücünə həll etməyi üstün tutdu və Qarabağa yürüşə hazırlaşmağa başladı. Şuşada çox çətin və mürəkkəb bir şərait yarandı. Bir tərəfdən ruslardan, o biri tərəfdən isə qarabağlılara kəskin və barışmaz nifrət bəsləyən iranlılardan təhlükə gözləyən İbrahimxəlil xan odla su arasında qaldı. Ona görə də yubanmadan Tiflisə neçə ay bundan əvvəl elçi göndərib, onu Rusiyanın tabeçiliyinə dəvət eləyən general Sisianovun yanına nümayəndələr göndərdi və bildirdi ki, onların himayəsinə girməyə hazırdı. Həm də generalla görüşməyi təklif elədi və təbəəliyə hansı şərtlərlə qəbul olunacağını soruşdu. General qarabağlı elçiləri hörmət və ehtiramla yola salıb, İbrahimxəlil xanla gələn ilin yazında görüşmək fikrinin olduğunu bildirdi.

General Sisianov bağlanılası təklif olunan müqavilənin mətni ilə tanış olmaq üçün onu öz şəxsi nümayəndəsi, gürcü əsilli Niniya Caroyevlə İbrahimxəlil xana göndərdi. Onun ardınca isə mayor İvan Lisaneviçi Şuşaya yollayıb, İbrahimxəlil xanı dinc yolla itaətə gətirməyə və xan tərəfindən layihədə heç bir düzəliş edilməmək şərti ilə ondan Rusiya himayəsini qəbul etməyə razılıq almasını tapşırdı. Həm də İbrahimxəlil xan Cavanşir və onun övladları barədə xüsusi göstəriş verdi.

Pavel Dmitriyeviç Sisianov İbrahimxəlil xana göndərdiyi məktubda həm də yazırdı ki, o, müqavilənin layihəsi ilə tanış olandan sonra böyük oğlu Məhəmmədhəsən ağanı müvəqqəti olaraq öz yerində qoysun, heç olmasa, ikicə günlüyə nəvəsini də götürüb Gəncəyə gəlsin. Müqaviləyə imza atsın və rus qoşunu ilə də geri qayıtsın. Çünki müqavilə xanın və generalın adından yazıldığı üçün o da imza atmalıdır. Bir də ki, heç nədən ehtiyat eləməsin, çünki ruslar heç vaxt yalan danışmırlar. Lakin İbrahimxəlil xan Pavel Dmitriyeviç Sisianovun bu təklifinə o qədər də əhəmiyyət vermədi və yalnız may ayında görüşəcəklərinə razılıq verdi.

İbrahimxəlil xan verdiyi sözə əməl eləyib, nəhayət, may ayının əvvəllərində görüş yerinə yola düşdü. "Ev sahibi" general Sisianov isə bura ondan qabaq gələrək Gəncədən iyirmi verst aralıda - Kürəkçay sahilində düşərgə salıb, "qonaqları"nı gözləməyə başladı. Şuşadan gələn nümayəndə heyətinin tərkibində İbrahimxəlil xan başda olmaqla oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa, digər saray əyanları və xidmətçiləri də vardı.

1805-ci il mayın 14-də Pavel Dmitriyeviç Sisianov və İbrahimxəlil xan Cavanşir arasında təntənəli şəkildə himayə müqaviləsi imzalandı və Qarabağ hakimi Şuşa qalasının açarlarını generala tədqim edərək sədaqət haqqında andlı öhdəlik götürdü.

Kürəkçay müqaviləsi girişdən və on bir maddədən ibarət idi. Girişdə hər iki tərəf təntənəli şəkildə müqavilə bağladıqlarını bildirir və sonra maddələr sadalanırdı...

General Pavel Dmitriyeviç Sisianov iki il ərzində Gəncənin ardınca Qarabağ və Şəki xanlıqlarını da işğal edərək 1805-ci il dekabrın 27-də  şamaxılı Mustafa xanla müqavilə bağlayıb, Şirvan torpaqlarını da Rusiyaya ilhaq elədi və bu barədə I Aleksandra raport göndərdi.

Qarşıda isə Bakı xanlığının işğalı dururdu. 1806-cı il fevralın ilk günlərində Sisianov öz qoşunu ilə Şamaxıdan çıxıb, Bakı yaxınlığında düşərgə saldı və general-mayor Zavalişinin qoşunları ilə birləşərək qala divarlarından bir az aralıda çadır qurdu. Daha doğrusu, o, Bakını həm qurudan, həm də dənizdən mühasirəyə aldı. General Sisanov çoxsaylı qoşununu orda qoyub, 200 nəfərlik bir dəstə ilə Bakı qalasına gəldi və qala divarları qarşısında (indiki "Azərnəşr"in binasının yerində) dayandı. Yavəri, polkovnik Elizbar Eristov vasitəsilə ilə qalanın açarlarını Hüseynqulu xandan almaq və təslim olması üçün ona məktub göndərdi. Məktubda general yazırdı ki, ya öləcəyəm, ya da Bakını alacağam. Cavab isə nədənsə, ləngiyirdi... Birdən qalanın darvazası taybatay açıldı və Eristov atını çaparaq qaladan çıxdı. Hüseynqulu xan yazdığı cavab məktubunda bildirirdi ki, Rusiyanın himayəsinə daxil olmağa razıdır. Bir qədər də keçəndən sonra Hüseynqulu xanın elçisi qala qapısından çıxıb, əlində gətirdiyi qala qapılarının açarlarını və müsəlman adətinə görə, duz-çörəyi Sisianova vermək istədi. General etika xətrinə duz-çörəyi onun əlindən aldı, açarları isə geri qaytararaq "bunları Hüseynqulu xan şəxsən özü təqdim etməlidir!" - dedi. Elçi geri qayıtdı və bir qədər də keçəndən sonra Hüseynqulu xan öz əyan-əşrəfi ilə - Seyid bəy, Ağakərim bəy, İbrahim bəy və başqaları ilə birlikdə qaladan çıxıb, açarları təqdim eləmək üçün Sisianova yaxınlaşdı. Onların yanında cəmi bircə nəfər müşayiətçi əsgər var idi. Hüseynqulu xan açarları generala uzatdığı vaxt Təbrizdən gəlmiş İbrahim bəy xanın işarəsi ilə arxadan Sisianovu tapança ilə vuraraq onu layiqli cəzasına çatdırdı. Hüseynqulu xanın yanında olan o biri adamlar isə Elizbar Elistovu öldürdülər. Müşayiətçi əsgər isə qaçıb aradan çıxaraq canını qurtara bildi. Elə bu vaxt qala divarların üstündən Sisianovun əsgərləri də gülləyə tutuldu və xeyli rus öldürüldü. Qaçan qaçıb xilas ola bildi. Hay-küyə qaladan axışıb gələn adamlar generalın meyitini doğrayıb, tikə-tikə elədilər və meyiti şəhər darvazasının yanında, divarın dibində basdırdılar.

Bu hadisə 1806-cı il fevralın 8-də Bakı qalasının Şah Abbas darvazası yaxınlığında olmuşdur. General Sisianovun başını kəsib, qalaya apardılar, sonra isə o, İbrahim bəyin vasitəsi ilə şahzadə Abbas Mirzəyə göndərildi. Fətəli şah düşməninin başını gətirənlərə bolluca xələt və ənam verdi, Bakı xanına isə bahalı hədiyyə göndərdi, İbrahim bəyə xan titulu verdi.

Hadisədən bir gün sonra Hüseynqulu xanın əmri ilə general Sisianovun başsız cəsədi qələbə rəmzi kimi qala darvazasından bir qədər aralıda, qala divarının dibində basdırıldı. Bu qaniçən rus generalın qəbri xeyli müddət - 1811-ci ilə qədər ayaqlar altında qaldı. Həmin ilin sonlarında Qafqaza yeni baş komandan təyin olunmuş markiz Pauluççi öz köhnə həmkarının sümüklərini çıxarıb, Tiflisə apartdırdı və Sion kilsəsinin həyətində təntənə ilə dəfn etdirdi.

Pavel Dmitriyeviç Sisianovun bu cür faciəli ölümü rus ordusunda möhkəm çaxnaşma saldı. Başsız qalan əsgərlər müxtəlif istiqamətlərə dağılıb-getdi, qalan hissəsi də geri çəkildi. Bu hadisə bütün Azərbaycan xanlarını sanki ayıltdı. Yerli hakimlər yaranmış vəziyyətdən istifadə edərək Rusiya imperiyasına qarşı üsyana qalxdılar və Rusiya təbəəliyindən imtina edərək özlərini yenidən müstəqil elan etdilər. Sisianovun ölümü bütün Zaqafqaziyada rusların hərbi vəziyyətini pisləşdirdi, Qafqaz siyasətində Rusiya imperiyasına vurulan böyük bir zərbə oldu.

Generalın ölümündən düz qırx il keçəndən sonra, 1846-cı ildə Bakının erməni varlılarından olan Tomas Ayvazov din qardaşı Pavel Dmitriyeviç Sisianovun xatirəsini əbədiləşdirməkdən ötrü öz şəxsi hesabına ona abidə düzəltdirdi və piramida şəkilli bu abidə generalın öldürüldüyü yerdə ucaldıldı. Abidənin bir tərəfində "Abidə 1846-cı ildə knyaz Mixail Semyonoviç Vorontsovun canişinliyi dövründə uçalmışdır", o biri tərəfində isə "Tomas Ayvazovun səyi və ianəsi ilə qazılmışdır" sözləri yazılmışdı. Abidənin üstündə xəncər və tapança şəkli də oyulub düzəldilmişdi. Tapançanın lüləsi və xəncərin uçu aşağıya əyilmiş vəziyyətdə idi. Abidənin açılış mərasimində Qafqaz canişini Mixail Semyonoviç Vorontsov da iştirak etmişdi. Bu abidə deyildiyinə görə, 1920-ci illərin əvvəllərinə kimi dururdu.

 

Vasif QULİYEV

525-ci qəzet.-2024.-13 avqust (№ 143).- S.10-11.