Ədalətin qələbəsi
Şəhid Natiq Əhmədovun xatirəsinə
Azərbaycan Silahlı Qüvvələrinin
çavuşu Natiq Əhmədov işğal altında olan
torpaqlarımızın azadlığı uğruna 27 sentyabr
2020-ci ildə başlayan haqq savaşına qatılıb.
İlk döyüşü Füzuli istiqamətində, son
döyüşü isə 11 oktyabrda Hadrutun
azadlığı uğruna olub. Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
savaşda vəzifə borcunu, yurdu qarşısında
övladlıq borcunu ləyaqətlə, hünərlə
yerinə yetirib. Anasını 6 yaşında - 2003-cü il
oktyabrın 11-də itirib Natiq. Bəlkə elə ana həsrətli
olduğundan 17 il sonra onun vəfatı günündə - oktyabrın
11-də şəhid olub. Binə Şəhidlər
xiyabanında dəfn olunub.
İgidliyinə cəsurluğuna, hərbi
bacarıqlarına görə ona çavuş rütbəsi
verilib.
27 sentyabr 2020-ci ilə qədər necə
yaşayıb Natiq?
Natiq Namiq oğlu 9 mart 1997-ci ildə Bakının Xəzər
rayonununun Binə qəsəbəsində dünyaya gəlib.
Ailənin sonbeşiyi, 3 bacının yeganə qardaşı
idi. 2013-cü ildə
dünyasını dəyişən nənənin də,
atası Namiqin də, bacılarının da əziz-xələfiydi
Natiq.
Ailə əvvəl Xətai rayonunda yaşayıb.
Natiq Xətai rayonundakı Mübariz Nəcəfov adına 86
nömrəli tam orta məktəbdə doqquzillik təhsil
aldıqdan sonra 7 nömrəli peşə liseyində təhsilinə
davam edib. 2015-2016-cı ildə Naxçıvanda müddətli
həqiqi hərbi xidmətini uğurla, təşəkkürnamələrlə
başa vurub. Xidmətdən qayıtdıqdan sonra bərbər
işləyib. Maşın sürməyi, rəqs etməyi
çox sevən Natiq adamların xarici görkəminə,
geyiminə, saç düzümünə çox önəm
verirdi.
"İstəyirdi hamı gözəl
görünsün. Gözəlliyi sevirdi. - deyir bacısı
Aytən. - Öz xarici görkəminə də çox fikir
verirdi. Gözəl nitq qabiliyyəti vardı.
Başqalarının da nitqinə diqqət edərdi.
Ümumiyyətlə, nəsə fərqli işlər
görmək istəyirdi. Deyərdi "mən bu
dünyanın adamı deyiləm". Adi yaşamaq istəmirdi.
Aliyə Abdullayevanın dediklərindən:
"Seçilmək - qəhrəmanlıq arzusu vardı
qardaşımın. Torpaqlarımızın işğalda
olması onu narahat edirdi. Tovuz hadisələri baş verəndə
bibim oğlu ilə birlikdə könüllü
yazılmışdı. Rahatlıq tapmırdı. Deyirdi ki,
müharibə olsa, gedəcəm. Bilirdim ki, gedəcək. Sadəcə
"ataya deməyin" demişdi. Müharibə başlayan
kimi də könüllü savaşa yollandı".
Atanın baxışlarındakı həsrət
yağış olub yağsa, daşları əridər yəqin...
Bu boyda ağrını necə daşıyır gözlər?
Baxa bilmirsən. Sadəcə qulaq asırsan: Onların ana həsrətlərinə
məlhəm olmağa çalışmışam həmişə.
Natiq kiçik idi, 6 yaşında. Nə qədər əzizlənsə
də, ana nisgilini hiss edirdim. Böyüdükcə gizlətməyə
çalışırdı məndən, mənim
qayğıma qalırdı oğlum... Savaşa getməyini də
gizlədib. Mənə demədən gedirmiş. Həmin
gün təcili yardımda növbətçi idim. Öz
oğlumu gördüm. Heç nə demədim. Özüm
yola saldım onu müharibəyə. İmkan olanda zəng
edirdi. "Ata, haqqını halal et, müharibədi hər
şey ola bilər. Bil ki, oğlunla fəxr edəcəksən
həmişə" - deyərdi. Bizim yükümüzü
daşıdı onlar. Mən şəhid olmalıydım,
oğlum şəhid oldu. - Oğlu ilə
vidalaşdığı son anın şəklinə baxır
ata. Natiq gülür, sevinir. Atanın üzü
qayğılıdır - son şəklimizdi. Müharibəyə
getməyinə sevinirdi. Əmin idi qalib olacağımıza.
Amma Natiq, onun kimi oğullar bu qələbə ilə ordumuzun
gücünü, Ali Baş Komandanın iradəsini göstərdilər.
Azərbaycanı qüdrətli dövlət kimi
tanıtdılar bütün dünyaya.
Natiqin xatirəsinə həsr olunmuş guşədə
onu xatırladan çox şey var. Təltif olunduğu "Vətən
uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına
görə", 3-cü dərəcəli "Vətənə
xidmətə görə" medallar da var. Bir də dostu
Hüseynin Natiqin şəhid olduğu yerdən
götürdüyü torpaqla yanaşı, üzərində
onun qanı olan qol saatı. Torpaq və zaman. Üzərində
torpaq uğruna şəhid olanların qanı olan zaman. Nə
qədər belə zaman var tariximizdə. Bu zamansa fərqli oldu.
Qələbə tarixinin zamanı oldu.
Savaşa hamıdan xəbərsiz, yaxınlarına
belə demədən könüllü qatılıb
Hüseyn Qurbanov. "Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad olunmasına görə",
"Vətən müharibəsi
iştirakçısı", 3-cü dərəcəli
"Qüsursuz xidmətə görə" medallarına
layiq görülüb: "Natiq mənim manqa komandirim idi.
Çox doğmalaşmışdıq.
"Qardaşım" deyirdi mənə. Azad etdiyimiz ərazidə
düşmənin qoyub qaçdığı BMP-nin
qarşısında şəkil çəkdirdik. Sevinirdik,
tapşırığı yerinə yetirmişdik. Amma bu, son
şəklimiz oldu. Növbəti hücuma
hazırlaşırdıq Hadrut istiqamətində. Hadrut
alınmaz qala kimiydi. Bilirdik ki, çətin döyüş
olacaq. Bir-birimizlə halallaşdıq. Dağa
qalxırdıq. Demək olar ki, yanaşı irəliləyirdik.
Azca ondan geridə idim. Ermənilər bizi artilleriya atəşinə
tutdu. Sonuncu top mərmisi Natiqin yanına düşdü.
Yaralandığını gördüm, ona
yaxınlaşdım, qollarımın arasına aldım.
Çox qan itirirdi. Çalışırdım ki, huşunu
itirməsin. Şillələyirdim. 5-6 saniyə üzümə
baxdı "anamın yanına gedirəm" dedi... Bizim
taborun ilk şəhidi olan Natiq əvəzsiz
döyüşçü, əvəzsiz silahdaş idi.
Çox ağır oldu itkisi. Göz yaşlarıma hakim ola
bilmədim. Həmin döyüşdə qəlpə
yarası alsam da, şəxsi heyətin yardımından sonra
döyüşdən çıxmadım, onun silahını
götürdüm. Son döyüşümə qədər
onunla döyüşdüm. Natiqin də, bütün şəhidlərin
də, 30 illik ağrıların da qisasını
aldıq".
Komandiri gizir Elmar Bəhramlı: "Çox
ağır döyüşlərdən sonra bölüylə
Hadruta daxil olduq. Onda əsgərləri gözdən
keçirdim. Döyüşmək çətin deyil,
döyüş yoldaşlarını itirmək, onları bir
daha görməmək ağır olur. Hamısı da əziz
idi. Natiqsə bir başqa idi mənim üçün. O qədər
çevik, mərd, dürüst idi. Döyüşdən
sonra gözlərim Natiqi axtardı. Hüseyn Natiqin şəhid
olduğunu deyəndə dünyam qaraldı elə bil. Nə
gizlədim, hönkür-hönkür ağladım. Amma
müharibədi, qarşında bu qədər oğulların
itkisinin səbəbkarı olan düşmənin var. Biz haqq
uğruna, ali amalımız uğruna vuruşurduq. Qələbəyə
inanırdıq. Bu, elə-belə döyüş qələbəsi
deyil. Bu, həqiqətin, ədalətin
qələbəsidir".
Elmar haqlıdır. Bu, ədalətin qələbəsidir.
Bizə ədalətin qələbə sevincini
yaşatdı igidlərimiz.
Dövlətimizi nə qədər güclü olsa, ədalətimiz
qalib olacaq. Ədalət qalib olduqca dövlət güclənəcək!
Ədalətin qalib olduğu dövlətin varsa,
xoşbəxtsən!
Kamalə ABİYEVA
525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.15.