Vətən sevgisi

 

44 günlük haqq savaşımızda öz qanı bahasına torpağı Vətən edən Azərbaycanın qeyrətli oğulları sırasında Hüseyn Vətənxan oğlu  Zeynallının adı iftixarla çəkilir. Ölümü xalqına başucalığı olan, müqəddəs şəhidlik zirvəsindən xoşbəxt gələcəyimizə boylanan şəhid Hüseyn bu işıqlı dünyada cəmi 27 il yaşadı. Ömür yolu nə qədər qısa olsa da, gələcək nəsillər üçündə örnək olacaq bir tarix yadigar qoydu. Ölümsüzlüyə qovuşan qəhrəmanın şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu bir daha nümayiş etdirir.

Hüseyn Zeynallı Cəlilabad torpağında boya-başa çatıb. Uşaq yaşlarında qəlbində doğma Azərbaycana ilahi bir sevgi yaşadan Hüseyn böyüdükcə onun nümunəvi davranışına, əxlaqına el-obada heyran qalıblar. Hər əməlində xalq, Vətən üçün layiqli övlad olduğu yaxşı bilinib. O, idmana daha çox həvəs göstərib, boksla məşğul olmağa başlayıb. Qatıldığı yarışlarda həmişə yüksək yerlər tutub. Dəfələrlə zona turnirlərdə qələbə qazanıb. 9-10 sinifdə oxuduğu zamanda iki dəfə Respublika çempionu olub.  Beləcə, yaxşı idmançı kimi tanınıb, sevilib.

Özünü dərk edən gündən igidlik, mərdlik, dürüstlük həyat idealı olan Hüseyn 2011-ci ildə ordu sıralarına gedib. Evdən çıxanda yaxınlarına düşmənə qarşı sona nəfəsə qədər vuruşub. Vətənin qisasını alandan sonra evə üzüağ qayıdacağını deyib.

Hüseyn idmançı olduğu üçün Zaqatalada Daxili Qoşunlarda xidmətə başlayıb. İlk gündən nizam-intizamı, təlimlərdə fəallığı onu əsgər və zabitlərin sevimlisi edib. Hər bir şəraitdə Vətənini göz-bəbəyi kimi qoruyub, uğrunda canını belə qurban verməyə hazır olub. Üç il Daxili Qoşunlarda xidmət etdikdən sonra Milli Orduya göndərilib. Nəyin bahasına olursa-olsun cənnət məkan yurd yerimiz Qarabağın tezliklə mənfur düşməndən azad etməkdən ötrü hərb sənətinə mükəmməl yiyələnib.

İkinci Qarabağ müharibəsi başlayanda ilk gündən Hüseyn ölüm-dirim savaşına girib.  Füzulidə gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib.

Hüseynin atası Vətənxan kişi deyir: "2020-ci il sentyabrın 30-da Füzulinin Yuxarı Seyidəhmədli kəni istiqamətində qızğın müharibə gedirdi. Burada torpaq uğrunda can qoymaq və mərdliklə döyüşən qəhrəmanlardan biri də oğlum Hüseyn olub. Çox çalışdıq, onunla əlaqə saxlaya bilmədik. Artıq hiss edirdim ki, boğularam. Daha sonra yaxınlarım qapımıza gəlib oğlumun şəhid olduğunu dedilər. Hüseyni oktyabrın 1-də böyük izdihamla kəndimizdə dəfn etdik. Döyüş yoldaşları bir neçə gün öncə bizə gəlmişdi və dedilər ki, Hüseyn silahı maşından idarə edirdi, amma həmin vaxt yerinə köməkçisini oturdaraq yerə düşüb üçrəngli bayrağımızı sinəsinə qoyub və irəli gediblər. Yolda bayraq yerə düşüb və döyüşçü yoldaşlarına deyib ki, bayrağı götürün. Onlar bayrağı götürəndən sonra bir də baxıblar ki, Hüseyn və döyüş yoldaşı birlikdə şəhid olub".

Bəli, torpaq şəhid qanı ilə Vətən olur. Bu müqəddəs yolu seçənlər isə heç vaxt ölmürlər. Cəlilabadın   qəhrəman oğlu Hüseyn də belə.  Milyonların ürəyində özünə əbədi məkan quran igid Vətən sevdalısı  ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Zəfər ORUCOĞLU

525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.15.