Söz azadlığı və
jurnalist ləyaqəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Moskvada çıxan "Oqonyok" jurnalı və
"Literaturnaya qazeta", birincinin maarifçiliyi, ikincinin isə
ifşaedici məqalələri ilə oxucular arasında
böyük nüfuz qazanmışdı. Qorbaçov hakimiyyətə
gəldikdən sonra onlar öz ideya istiqamətlərini, bədii
dəyərlərini və onların nəticəsi kimi
populyarlıqlarını itirdilər.
Respublikamızın mərkəzi mətbuat
orqanları sayılan "Kommunist" və "Bakinskiy
raboçi" qəzetləri də geniş oxucu kütləsinin
rəğbətini qazanmışdı. On illər ərzində
onların redaksiya heyətlərinə
başçılıq etmiş Ağababa Rzayev və Mixail
Okulov böyük nüfuz sahibi idilər. Moskvanın iki ali
siyasi qəzetinin Azərbaycan üzrə müxbiri işləmiş
Zaur Qədimbəyov respublikada gedən iqtisadi-sosial inkişafa
xeyirxah münasibət bəsləməsi ilə
seçilirdi. Mətbuat orqanlarına müxtəlif dövrlərdə
jurnalist kimi başçılıq etmiş Rafiq. Zeynalov və
Fazil Muradəliyev sonralar Azərbaycan KP Mərkəzi Komitəsinin
ideologiya üzrə katibi vəzifəsinə yüksəlmiş
və göstərilən etimadı layiqincə
doğrultmuşdular.
"İzvestiya" qəzetinin ABŞ üzrə
müxbiri Stanislav Kondraşovun dərin məzmunlu analitik məqalələri,
uzun illər həmin orqanda felyeton və məktublar
şöbəsinin redaktoru işləmiş Vladimir Nadeinin
qüsurlara qarşı tənqidi yazıları ölkədə
böyük rezonans doğururdu.
Azərbaycanda isə az qala dörd onillik ərzində
"Kommunist" qəzetinin üç zonada -
Naxçıvanda, Qarabağda və şimal-şərq
zonasında xüsusi müxbiri işləmiş Əli
İldırımoğlu özünün qərəzsiz və
bədii səviyyəsi ilə seçilən felyetonları və
tədqiqat xarakterli məqalələri ilə oxucuların rəğbətini
qazanmışdı. Ömrünün son illərində o, ədəbi
yaradıcılıqla məşğul olmuş və
yazıçı kimi üç onillik ərzində Azərbaycan
kənd nəsrinə öz romanları ilə həmçinin
dəyərli töhfələr vermişdir.
Görkəmli yazıçı Fərman Kərimzadə
də əmək fəaliyyətinə Beyləqanda
çıxan "Yüksəliş" adlı rayon qəzetinin
aparıcı jurnalisti vəzifəsində işləməklə
başlamışdı. Onun məqalələri həm məzmun,
həm də bədii səviyyəsinə görə fərqləndiyindən,
qəzetin nüfuzu xeyli yüksəlmişdi. Sonralar o,
yazıçı kimi Azərbaycan tarixinə dair maraqlı
romanlar yazmışdı.
İndiki mətbuat işçiləri arasında da ləyaqətini
hər şeydən üstün tutan jurnalistlər az deyildir.
Onlar daxildən və kənardan olan hər cür təzyiqlərə
baxmayaraq, öz peşə şərəflərini
qorumağa çalışır, prinsiplərinə xəyanət
etmirlər. Onlar obyektivlik və xeyirxahlıq müstəvisini
tərk etmək istəmirlər.
Əgər hansısa təzyiq halı və şirnikləndirmə
variantı mövcuddursa, bir qədər mübaliğəyə
varsaq, bunlara onların məhəl qoymamasını hətta fədəkarlıq
adlandırmaq olar. Belə davranışı onlara təkcə
görkəmli sələfləri deyil, diqqət yetirsələr,
təbiətdəki bəzi canlılar da öyrədirlər.
Misal üçün, sandal ağacına balta vurulduqda, bu qiymətli
ağac yaralandıqda ətrafa gözəl ətir
saçır. Ağac ona olan qəddar təcavüzə də,
özünə məxsus olan təbii bir alicənablıqla
cavab verir. Yaxud dəniz ilbizi yaralandıqda, bunu adətən
onun yumşaq bədənini hədəf seçən dənizin
qunu edir, yara əmələ gələn yerdə mirvari
yaratmağa başlayır. Ağır əzab çəkməsinə
baxmayaraq, o öz xeyirxah əməlindən də
uzaqlaşmır, qadınların boynunu bəzəyən, ona əlavə
gözəllik verən qiymətli əşya yaradır.
Əgər şüursuz canlı varlıqlar onları haqlayan
fəlakətlə üzləşdikdə də, özlərini
belə mərdanə aparırlarsa, şüurlu insan,
dünyanı dərk edən jurnalist niyə xeyirxah əməli
ilə fərqlənməməlidir, öz ləyaqətinə
xəyanət etməklə razılaşmalıdır.
Axı onun əməli göz önündədir, onu gizlətmək
də mümkün deyildir. Hər bir insan, daim
arzuladığı şərəfi yalnız öz əməli
ilə qazanır və cəmiyyət tərəfindən də
məhz buna görə
lazımınca qiymətləndirilir.
Jurnalist adını daşımaq hörmətli
peşə sahibi olmaq deməkdir, lakin bu mükafatı fəaliyyətinlə
doğrultmalısan. Jurnalist qəzetdə, jurnalda, televiziyada,
ya radioda işləməsindən asılı olmayaraq, öz
ləyaqətini qorumaq qayğısına qalmalıdır.
Reallığı duymaq özü də istedaddır, bu da
heç də hamıya qismət olmur. Azərbaycan 2020-ci ilin
payızında 44 günlük müharibədə möhtəşəm
qələbə çalıb, işğalçı Ermənistan
ordusunu öz torpaqlarından qovdu, ərazi suverenliyini
bütünlüklə bərpa etdi. Yazıçılar,
şairlər, jurnalistlər bu hərbi və diplomatik qələbəni,
məşhur "Hərb və sülh" romanı nümunəsinə
əsaslanaraq, öz qələmləri ilə tərənnüm
etməyə borcludurlar. Təəssüf ki, müharibənin
gedişi vaxtı şairlər əsasən susmağa
üstünlük vermiş və ondan sonra keçən
üç ildən artıq müddətdə də əsgər
və zabitlərimizin qəhrəmanlığı
lazımınca öz bədii təsvirini
tapmamışdır. Etiraf etmək lazımdır ki,
düşməni məhv etmək barədə yaradıcı
ziyalılarımızın əvvəllər də elə
bir alovlu
çağırış ənənəsi
olmamışdır. Motorlar müharibəsinə, mənfur
alman ordusu ilə ölüm-dirim savaşına gedən azərbaycanlı
gəncə, elə bil ki, ov etmək üçün seyrəngaha
çıxan adama ünvanlanan bir xeyir-dua kimi "tüfəngini
təmiz saxla, atını da tumarla" tək bayağı nəsihət
verilirdi. Ordunun, mərd oğulların fədakarlığına
güvənmək əvəzinə, "çörək
bol olarsa, basılmaz Vətən" ifadəsi ilə əslində
qəhrəmanlıq tələb
edən qalib gəlmək yolları və vasitələri
primitivləşdirilirdi, cəbhədəki öz doğma
torpağı naminə qurban gedənlərə, real igidliklərə
göz yumulurdu. Müharibə heç də çörəyin
bolluğu ilə udulmur. Bu mülahizəyə görə,
varlı dövlətlər kasıb, ehtiyac içərisində
olan xalqları asanlıqla məğlub edə bilər.
Misallar isə bunun əksini göstərir. SSRİ dəhşətli
aclıqla üzləşdikdən cəmi səkkiz il sonra,
Avropada əksər materik ölkələrini işğal
etmiş və onların resurslarına sahib olmuş Almaniya tərəfindən
xaincəsinə hücuma məruz qalmışdı və
müharibənin başlanğıcındakı yarım ilə
yaxın müddətdə iqtisadi cəhətdən varlı ərazilərinin
çoxunu itirdiyindən yenə də həm də kəskin ərzaq
qıtlığı ilə üzləşmişdi. Lakin
Müttəfiqlərin də hər cür hərbi, həmçinin
ərzaq köməyi ilə faşist Almaniyası üzərində,
keçmiş ümumi ittifaqda birləşmiş ölkə,
onun xalqları qələbə çaldı. Müharibə
illərində SSRİ-də çörək olduqca qıt
idi, mülki əhali olduqca pis qidalanırdı, aclıqdan
ölənlər də az deyildi. Yaxud yarıac
Əfqanıstanı və Vyetnamı götürək.
Əfqanlar XIX əsrdə ölkələrini işğal etmək
istəyən ingilisləri qovub, torpaqlarından
çıxarmışdı. Əfqanlar həm də XX əsrin
axırıncı rübündə fövqəldövlət
olan SSRİ-nin güclü ordusunu da, öz ölkələrinə
hücuma başlamasından on il sonra qaçmağa məcbur
etmişdilər. Bunu onlar XXI əsrin ikinci onilliyində
amerikanlara qarşı da tətbiq etdilər, ABŞ ordusu uzun
müddət ərzində əfqanların müqavimətini
qıra bilmədiyinə görə 2021-ci ildə ölkəni
tərk etmək məcburiyyətində qaldı. Vyetnam isə
II Dünya müharibəsindən sonra əvvəlcə
fransız müstəmləkəçilərinə
qarşı, 1957-1975-ci illərdə isə amerikan ordusuna
qarşı görünməmiş fədəkarlıqla
mübarizə apardı. ABŞ ordusu napalm bombaları ilə
kəndləri, şəhərləri, tropik meşələri
yandırır, əhalini vəhşicəsinə məhv
edirdi, lakin bu, vyetnamlıların mübarizə əzmini
qıra bilmirdi. Amerika ordusunun Vyetnamı tərk etməkdən
başqa bir çıxış yolu yox idi.
Jurnalist, əsasən yaradıcı insanlara xas olan
eqoizmdən, eqosentrizmdən özünü qorumalıdır.
Özünə vurğunluq, bütünlüklə öz
faydası, gəlir götürməsini düşünməklə,
başqa adamların maraqları ilə müqayisədə
adamın öz marağına üstünlük verməsi şəxsiyyətin keyfiyyətinə
xələl gətirir. Öz fərdiyyəti üzərində
fikri cəmləməklə xarakterizə olunan dünyaya
münasibət, eqosentrik mövqe tutmaq fərdiyyətçiliyə
yol açır. Bundan isə həm onun
daşıyıcısı, həm də cəmiyyət ziyan
çəkir. Eqoizm, nartsisizm bəzən az qala dəlilik
xüsusiyyəti qəbul edir. Bir sıra tarixi şəxsiyyətlərin
simasında bu, aydın görünür.
Qələm sahibi öz yazılarının
uğurunu şəxsi münasibətində deyil,
oxucuların rəyində tapmalıdır. Öz məhsulunun
nadir keyfiyyətlərə malik olduğunu düşünmək,
yaradıcı insanı yüksəkliyə deyil, uçuruma
aparır. Jurnalist hadisələrinə qiymət verərkən
və onları təsvir edərkən, tonlarla xəbər
filizini araşdırıb, emal edib, ondan qızıl
çıxartmağa səy göstərir. Lakin bu o demək
deyildir ki, onun qələmindən yalnız qızıl
süzülür. Özü haqqında çox yüksək
fikirdə olmaq bir qayda olaraq şəxsiyyətin qiymətini
aşağı salır, ümumi rəy heç də onun qənaətinə
uyğun gəlmir. Dahilik eşqinə düşənlər
heç də özü düşündüyü kimi, dənizin
dərinliyində mirvari ovlamır, uşaq kimi sahildəki
balıqqulaqlarını toplamaqla məşğul olur. Ona
görə də yaradıcı insan özündə eqoizmə
qarşı immunitet yaratmalıdır.
Nəyəsə hədd bilməyən vurğunluq,
onun təsiri altına düşmək, münasibətdə
fanatikliyə keçmək insanları azdırır,
onları gözləmədikləri problemlərlə üzləşdirir,
zərbələrə məruz qoyur. Bundan söhbət
açarkən, Heredotun "Tarix" əsərində təsvir
etdiyi, Lidiya dövlətinin (müasir Türkiyənin cənubi-qərbində
yerləşirdi) ilk çarı Kandavlın arvadına
vurğunluğu hesabına binamus hərəkət etməsi
yada düşür. Kandavl öz xanımının gözəlliyi
ilə qürur duyurdu, istəyirdi ki, ətrafındakılar
da bu həqiqəti etiraf etsinlər. Ona görə də
cangüdəni Qiqi çar arvadının gözəlliyi barədə
sorğu-suala tutdu. Mühafizəçi qadının gözəlliyi
barədə xoş sözlər dedi. Lakin cavab çarı
razı salmadı, ona xanımının bədənini tərifləməyə
başladı və bildirdi ki, buna əmin olmaq
üçün onu çılpaq görmək
lazımdır. Mühafizəçi intim təsviri
qulaqardına vurdu. Çar qızışıb dedi ki, sən
onu lüt şəkildə görməlisən, bunu mən
özüm təşkil edəcəyəm. Mən
yatağımda olanda sən qapının arxasında gizlənməklə,
arvadım soyunub yanıma girəndə, onun çılpaq bədəninin
füsunkar gözəlliyini görəcəksən. Qiq
çara etiraz etməyib, təklifi ilə
razılaşdı.
Bir gecə çar onu yataq otağının
qapısının arxasında gizlətdi, arvadı soyunub, ərinin
yanına girəndə, Qiq qadının lüt bədənini
heyranlıqla müşahidə etdi, sonra yavaşca
otağı tərk etdi. Səhərisi gün çar
mühafizəçisinin rəyini soruşanda, o,
xanımın bədənini yüksək ifadələrlə
təriflədi. Bir az sonra çarın arvadı mühafizəçini
yanına çağırıb, bədənini
çılpaq görmək cəhdi ilə, onu təhqir etməkdə
ittiham etdi. Bu cinayətinə görə o, ağır şəkildə
cəzalandırılmalıdır. Mühafizəçi hər
şeyi boynuna aldı, çarın təkidi və köməyi
ilə bunu etdiyini bildirdi. Qadın ərinin səyliyinə bələd
olduğundan, onun etirafına inandı və dedi ki, bunlar sənin
günahını azaltmır. Ərim belə alçaqlıq
etdiyinə görə öz cəzasını
almalıdır. Sən onu öldürməlisən, taxt-taca
yiyələnməli və məni almalısan, axı mənim
bədənimin detallarını görmüsən. Bunu etməsən,
özün öldürüləcəksən. Mühafizəçi
birinci şərtin daha faydalı olduğu qənaətinə
gəlib, çarı öldürdü. Sonra o, özü
çar elan edildi və çarın dul qalmış
qadınını aldı.
Bünövrəsi belə qoyulan Lidiya dövləti
sonralar fəlakətlə üzləşdi. B.e.ə. VI əsrdə,
çar Krezin vaxtında Persiya çarı Böyük Kir
ölkəni işğal etdi, Krezi əsir götürdü və
onu tonqalda yandırmaq istədi. Sonra mərhəmət
göstərib, onun həyatına aman verdi. Lidiya dövləti
məhv oldu və Persiya imperiyasının bir əyalətinə çevrildi.
Həddən ziyadə vurğunluq, nəyəsə
fanatikcəsinə münasibət göstərmək gözlənilməyən
ağır sonluqla nəticələnir. Jurnalistə gəldikdə,
o, nifrətində də, vurğunluğunda da həddi bilməlidir.
Nifrət adamı kor edir, onun bəsləndiyi hədəf
azacıq yara alsa da, nifrətin daşıyıcısı
özünün bu hissinin əsirinə çevrilməsi ilə,
daha böyük ziyan görür. Bunu tarixi hadisələr də
təsdiq edir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.14.