"Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir"

 

44 günlük savaşdan sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunan ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Quruculuq işləri ilə paralel Qarabağa keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi də öz axarındadır. Bugünədək ümumilikdə 1997 ailə (7762 sakin) azad edilmiş ərazilərə köçürülüb. Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinə 822 ailə (3132 nəfər), Ağdərə rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Şuşa şəhərinə 126 ailə (491 nəfər), Laçın şəhərinə 534 ailə (1971 nəfər), bu rayonun Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Xocalı şəhərinə isə 44 ailənin (169 nəfər) köç edib.

Politoloq Tofiq Abbasov deyir ki, Böyük Qayıdış proqramının həyata keçirilməsi uğurla davam etdirilir. Vaxtaşırı olaraq işğaldan azad olunmuş ərazilərimizə köç prosesi həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bir çox məsələlər əsaslı şəkildə öz həllini tapır. İlk növbədə həmin ərazilərdə kommunikasiyaların qurulması, yəni yolların, enerji xətlərinin çəkilməsi həyatın yenidən bərpa olması üçün hazırlıq işlərinin birinci etapıdır: "Evlərin tikilməsi prosesi də geniş vüsət alıb və sürətlə davam edir. İnsanlar artıq yeni bir şəhərə qayıdırlar. Ermənilər hər nə qədər şəhərlərimizi, torpaqlarımızı Yer üzündən silməyə çalışsalar da, bu, mümkünsüzdür. Çünki Azərbaycan xalqı hər zaman torpağına bağlı olub. Biz ölkə liderinin rəhbərliyi altında yenidən qurduğumuz şəhərlərimizi müasir standartlara uyğunlaşdırırıq. Köç prosesi də mərhələli şəkildə həyata keçirilir. Nəzərə almalıyıq ki, şəhərlərin yenidən qurulması, bərpası asan iş deyil. Bu həm böyük investisiya tələb edir, həm də quruculuq prosesi özü-özlüyündə olduqca çətin prosesdir. Buna görə də əhali də öz dəstəyini göstərməli və səbirlə köç prosesini gözləməliyik".

Politoloq Rəşad Bayramov isə bir mühüm məqamı vurğulayır ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mina təmizləmə əməliyyatları ilə paralel şəkildə istər Qarabağ, istərsə də Şərqi Zəngəzur bölgəsində bir sıra layihələrin icrasına start verilib: "Ərazilərimizin yenidən qurulması, bərpası, təmiri istiqamətində konkret proqramlar qəbul olunub və bu istiqamətdə bu günə qədər böyük işlər görülüb. Bu gün Qarabağ və Şərqi Zəngəzur bütövlükdə tikinti meydançasını xatırladır. Yəni mövcud olan abidələrin, əhəmiyyətli binaların bərpası və yenidənqurması prosesi, infrastruktur layihələrinin icrası, sosial sahələrin formalaşdırılması istiqamətində sosial-iqtisadi inkişaf impulslarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması, kommunal xidmətli sahələrin inkişaf etdirilməsi, xidmət sektorunun genişləndirilməsi istiqamətində önəmli addımların atılması, nəqliyyat infrastrukturunun demək olar ki, yenidən qurulması, hava limanlarının tikintisi və ən əsası ərazilərimizin sabit elektrik enerjisi və su ilə təmin olunması istiqamətində olduqca böyük layihələr icra olunur. Görülən işlərin nəticəsidir ki, artıq səkkiz minə yaxın keçmiş məcburi köçkünün Böyük Qayıdış proqramı çərçivəsində Füzuli, Laçın, Xocalı, Şuşa şəhərlərinə, o cümlədən də, artıq əhalinin yerləşdiyi Ağalı, Zabux, Talış və Sus kəndlərinə faktiki olaraq köç etmələri mümkün olub. Səkkiz minə yaxın insanın köç etməsi uğurlu göstəricidir. Amma nəzərə almalıyıq ki, dövlət proqramına uyğun olaraq cari ilin sonuna qədər ümumilikdə artıq 20 min məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı planlaşdırılır. Təbii ki, bu istiqamətdə fəaliyyətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgəsində tanınmaq, beynəlxalq ictimaiyyətə təqdimat və inkişaf baxımından bir sıra beynəlxalq tədbirlərin də məhz işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi xüsusi rol oynayır. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ildə ölkəmizdə "Şuşa İli" elan olunması, TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan olunması, Azərbaycan-Türkiyə qardaşlığının təsdiqi olan Şuşa bəyannaməsinin, TDT-nin birliyi olan Qarabağ bəyannaməsinin məhz işğaldan azad olunmuş ərazilərimizdə imzalanması bütövlükdə həmin ərazilərin təqdimatı və təbliği baxımından xüsusi önəm daşıyır. Bu cür tədbirlərin mütəmadi şəkildə işğaldan azad olunmuş ərazilərdə keçirilməsi həmin ərazilərin inkişafı və sərmayə qoyuluşuna müsbət mənada təsir göstərir. Artıq həmin ərazilərdə ayrı-ayrı təşkilatların həyata keçirdiyi layihələrlə yanaşı, beynəlxalq birliyin də müvafiq layihələrdə iştirakına şahidlik etmişik. Bu gün işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək istəyən müxtəlif dövlətlərdən olan şirkətlər də fəaliyyətə başlayıblar. Bütün bunlar deməyə əsas verir ki, hazırda ərazilərimizin inkişafı, yenidən qurulması və bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilir".

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri göz önündədir. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə büdcədən xeyli vəsait sərf edilib.

O bildirib ki, bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Bunlar xalqımızın öz yurd-yuvasına nə dərəcədə bağlı olduğunu bir daha təsdiq edir: "Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Böyük Qayıdış sürətlə həyata keçirilir və bu, Azərbaycanın qüdrətini, xalqımızın Vətəninə bağlılığını bir daha dünyaya nümayiş etdirir".

Politoloqun dediyinə görə, otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi: "44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. Son təxribat nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olması isə səbrimizi daşırdı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Qarabağda yaşayan erməni sakinlər də separatçı kriminal rejimdən azad oldu. Prezidentinin bəyan etdiyi kimi, Qarabağın erməni əhalisinin də hüquqları - dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək".

Qarabağa köçürülən keçmiş məcburi köçkünlər də doğma torpaqlarına qayıtmaqdan məmnundurlar.

Laçına köçən Elyar Məhərrəmli deyir ki, hazırda azad edilmiş ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Laçın günü-gündən abadlaşır, cənnətə çevrilir. Buranın qışı, yazı bir başqa gözəl olur. Dağlar arasında bir inci kimi Laçın işıq saçır: "İşğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri azad edildikdən sonra sürətli quruculuq işləri aparılır və artıq çoxlu sayda ailənin köçürülməsi davam edir. Laçın mənim uşaqlığımın ən gözəl və xoş, qayğısız günləri deməkdir. Bura mənim üçün ocaq idi. Uşaq idim, qayğı, qəm, kədər bilmirdim. 8 yaşına qədər yurdumda böyümüşəm. Uşaqlığımın ən gözəl günləri Laçında keçib. Birinci sinfə başlayan uşaq üçün məktəb çox maraqlı idi. Məktəb, sinif yoldaşlarım həyatımın ayrılmaz parçası idi. Yurdumda keçən uşaqlıq illərimin hər gününü xatırlayıram. Bir sözlə, doğmaların, qohumların, qonşuların əhatəsində qayğısız böyüyürdük".

Laçının azad edilməsini böyük sevinc hissi ilə qarşıladığını deyən E.Məhərrəmli qeyd edib ki, bundan sonra xoş günlər başlayıb: "Yurda dönmək üçün müraciət etmişdik. Daha sonra biz ailəvi Laçına köçdük. Yoldaşım burada aptekdə, mən isə tikinti şirkətində çalışıram. Uşaqlarımız Laçını görmədən böyüyüblər, lakin onlar üçün yurda dönməyimiz möcüzə idi, Laçında məktəbə gedirlər. Yurdumuzda çox xoşbəxtdilər. Biz uşaqlarımızın gələcəyinə inanırıq, daha da gözəl olacaq. Şükür Allaha ki, vətəndəyik. Biz Ali Baş Komandanımıza güvənmişik, bu gün də güvənirik. Bu günə şükür, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Laçının hələ gözəl günləri qabaqdadır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.13.