"Görüş"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının doktorantı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü, sənətşünas Kəmalə
Mustafayevadır. Onunla Xalq rəssamı Fərhad Xəlilovun
"Görüş" əsərindən
danışmışıq.
Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə Bakı
şəhərində anadan olub. O, ilk peşə təhsilini
1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq
məktəbində alıb. 1966-1968-ci illərdə Moskva Ali
Bədii-Sənaye Məktəbində (keçmiş
S.Q.Stroqanov Rəssamlıq məktəbində), 1969-1975-ci illərdə
Moskva Poliqrafiya İnstitutunda təhsilini davam etdirib. 1967-ci ildən
incəsənət sərgilərində iştirak etməyə
başlayan rəssam 1987-ci ildə Azərbaycan Rəssamlar
İttifaqının sədri seçilib, hazırda da bu
yaradıcılıq birliyinə rəhbərlik edir. 2002-ci ildə
Azərbaycan Respublikasının Xalq rəssamı fəxri
adına layiq görülən rəssamın əsərləri
dəfələrlə SSRİ respublikalarında, Avropada, həmçinin
dünyanın müxtəlif ölkələrində qalereya
və sərgilərdə nümayiş etdirilib. Fərhad Xəlilov
Azərbaycan incəsənətinin inkişafında göstərdiyi
xidmətlərə görə "Şöhrət" və
"Şərəf" ordeni ilə
mükafatlandırılıb.
- Kəmalə xanım, Fərhad Xəlilov
yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə
özünü necə göstərir?
- Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq
istiqamətində xüsusi yeri olan Fərhad Xəlilov
yaradıcılığının təməlində sovet
incəsənətinə öz mənzərələri ilə
daxil olması dayanır. Rəssam son onillikdəki abstrakt əsərləri
ilə təkcə müasir incəsənətin dünya cərəyanına
daxil olmur, həm də yaradıcılığının
özünəməxsusluğunu nümayiş etdirir. Təbiət
onun əsərlərində qeyri-adi poetik hissi ilə vəcdə
gəlir, adi həyatın mənasını aça bilmədiyi
sirləri özündə qoruyur. Fərqli qavrama tərzi,
dünyaya özünəməxsus baxışı, fərdi
ifadə üslubu ilə seçilən rəssamın əsərləri
yaşadığı mühit çərçivəsində,
eləcə də Qafqaz regionunda unikal hesab edilir. İlya
Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov kimi rəssamların
mühitində yetişib, püxtələşib və
yüksək bədii dəyərlər aləminə bələd
olan, milli ənənələrə bağlı rəssam kimi
formalaşan Fərhad Xəlilovun çoxillik
axtarışlarının nəticəsi olaraq
yaratdığı özünəməxsus bədii üslubu
şərti-fəlsəfi bədii formalar üslubudur. Fəaliyyətinin
müxtəlif mərhələlərində fərqli vizual həllərin
yer aldığı rəssamın yaradıcılıq
tendensiyası fəlsəfi diskursdur. Rəssam əsərlərində
kəskin ümumiləşdirmə yolu ilə təsvirlərə
üstünlük verir. Onun əsərlərində bütün
predmetlər, obyektlər, tikililər özünün təəssüratı,
canlandırdığı obrazlardır. Rəssam əşyanın
zahiri formasını gərgin hisslərlə əlaqələndirməyi
bacarır. Fərhad Xəlilovun Abşerona həsr olunmuş,
doğma landşaftla bağlı, lakin Avropa avanqardının
müəyyən ənənəsinin təsiri hiss olunan rəngkarlıq
nümunəsi olan "Görüş" əsərində
həyat eşqi ilə dolu, rəng və məkanın, ritm və
hərəkətin müasir ümumiləşdirilmiş
yozumunu görmək mümkündür. Abşeronu təsvir
etdiyi əsərlərinin ölçüsünün
böyük olması rəssamın Abşeronun çoxcəhətli
obrazlı panoramını yaratmağa səy göstərməsinin
nəticəsidir. 2003-cü ildə ərsəyə gətirdiyi
bu əsərdə rəssamın seçdiyi rənglər
dolğun, tutumlu, lakonik biçimdə olub, kompozisiya həlli
isə daha çox frontal olmaqla dərinliyə doğru
açılır.
- Əsərin rəng həlli necədir?
- Rəssam çalışır ki, bu əsərdə
rəng naturanı təkrarlamasın, əksinə, psixoloji, dərin,
bədii məna kəsb etsin. Rəssam əsərində
süni detallardan qaçaraq inandırıcı dolğunluqla
panoramın səciyyəsini açır, sevdiyi mənzərədə
əbədiliyi, daimiliyi, sabitliyi axtarır və tapır.
"Görüş" əsərində biz Xəzərin
dərinliklərinə doğru uzanan və
tamaşaçının nəzərini həmin dərinliyə
aparan bir panoram görürük. Nəhayətsiz məsafəyə
malik olan məqam Fərhad Xəlilovun Abşeron sahillərini
ifadə etdiyi ən uğurlu əsərlərindəndir. Onun
sənətində olan simvolika
düşündürücü forma üslublarında öz əksini
tapıb.
- İlk baxışda yaşıl və sakit dənizdə
diqqəti qara rənglə işlənilmiş iki
böyük silindr cəlb edir.
- Bu silindrlər kompozisiyanın sağından və
solundan təqribən mərkəzə gəlib, bir-birinə
müəyyən məsafədə dayanmış iki
böyük kütlədir. Bunlar Abşeronda hər birimizə
tanış olan iri neft çənlərinə bənzəyir.
İki silindrin ortasından dənizin sakit və rahat ahəngini
və uzaqdakı horizont xəttini görürük. Sakit
tonlarda işlənmiş fon bizdə təmiz bir səma təəssüratı
yaradır. Amma bu böyük, qara rəng kütləsinin
güclü təsiri olan əsərdə ən
maraqlısı silindr formaların üstündə, yəni dənizin
üstündən daha bir dənizin təsvir
olunmasıdır. Biz bu mücərrəd işdə dənizdə
dəniz, yaxud dənizdə dənizlər görürük və
qara rəng kütlələri bu təəssüratı
gücləndirir. Böyük ölçülü
üfüqi və şaquli kompozisiyalarla reallıq və
abstraksiya arasında vəhdət yaratmağa
çalışan rəssam detallıqdan uzaqlaşaraq təfərrüatları
inkar edir, izləyiciyə panoram mənzərənin yalnız
fraqmentini, psixoloji və metafizik bir anını təqdim edir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Rəssam izləyicini reallığın yeni təzahürü
ilə qarşı-qarşıya qoyur. Böyük kətandakı
dəniz öz sakitliyi, lakin içində gəzdirdiyi sirr ilə
simvolik məna kimi dünya incəsənətinə məxsus
olan xüsusiyyətləri cəmləşdirib. Bu əsər
bizim ağır düşüncələrimizin
"görüşüdür". Bu görüşün,
yaxud görüşlərin nəticəsi olaraq
qarşımızda açılan horizontun timsalında
tamaşaçıda nikbin təəssürat yaranır.
Ümumiyyətlə, Fərhad Xəlilov dünyası,
düşüncələri, fikirləri bir qəlibə,
müəyyən olunmuş şablona sığa bilən tərzdə
deyil. Onun çəkdiyi bütün atributlar - istər dəniz,
istər ağac, istər daş çəpər və s. - hər
bir obyekt fəlsəfi məna daşıyır. Onun əsərlərində
bizim tanıdığımız Abşeron öz dənizi,
öz qumu ilə bu fəlsəfi dünyanın
atributlarına çevrilir. Rəssamın milli motivlərdən
mücərrədliyə doğru dəyişən
yaradıcılıq yolu tam abstraktlaşır, "Qərbsayağı"
ifadə həlli ilə qarşımıza çıxan bu
lövhələr dinclik və sakitlik ifadı edir.
Aytac SAHƏD
525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.12.