CƏFƏR
MÜCİRİNİN GÜZƏŞTSİZ
SEVGİLİSİ
Ömrü boyu nə işlə məşğul
oldusa, eşqlə və alimanə etdi. Eyvanında balaca bir
bağça yaratmışdı. Bütün başqa
işlərindəki səliqə və sahmana, bütün təfərrüatları
ölçüb-biçməkliyə burada da əməl
olunurdu. Bu kiçik və xudmani bağçasında yapon
qızılgüllərindən tutmuş Lənkəran
limonunadək çox bitkilər vardı, evinə gələn
qonaqlara əkib-becərdiklərini göstərib hərəsinin
öz tarixçəsini danışmaqdan elə hansısa
xalçasından, hansısa tarixi araşdırmasından bəhs
edərkən aldığı ləzzəti duyardı. Bu
bağçasına elə vurğundu ki, "Xatirələr"ində,
"Gündəlik"lərində də onlara sətirlər
ayırmağı unutmurdu.
Eyvanı onunçün həm bağça idi, həm
balaca emalatxana, həm də "beyt ül-həzan". Bu
"beyt ül-həzan" onun işlətdiyi ifadə deyil,
unudulmaz xanəndəmiz Hacıbaba Hüseynovun
sözüdür. Hacıbaba ustad ovaxtkı Nərimanov, indiki
Parlament prospektində yaşayırdı. Günlərin birində
dedilər ki, binalar qəzalıdır, sökülməlidir,
sakinləri müvəqqəti başqa ünvanlara
köçürəcəyik, bu yerdə təzə bina
inşa ediləndən sonra onların hamısı mənzillə
təmin ediləcək. Hacıbaba müəllimə Dövlət
arxivinin yaxınlığında, eyvanı Azadlıq prospektinə
açılan binada mənzil vermişdilər, həyatının
axır illərini orada yaşadı, heyiflər ki, təzədən
köhnə ünvanına qayıtmaq ona nəsib olmadı,
ömür vəfa etmədi. Təzə mənzilində
onunla qonşuyduq, mən də o həndəvərdə
yaşayırdım, evlərinə tez-tez gedirdim. Bir gün
dedi ki, bu balaca balkon mənim beyt ül-həzanımdır.
Axşamlar çıxıram ora, özümlə ürəyimdə
dərdləşirəm, arada ağlayıb ürəyimi
boşaldıram.
Gendən baxan, ötkəm
danışığını dinləyən,
simasının sərt cizgilərini görən heç deməzdi
ki, Hacıbaba kövrək adamdır, adi bir sözə də
ağlamsına bilər. Yaxından tanıyanlarsa yaxşı
bilir ki, o, son dərəcə nazik bir insandı, Füzulinin
"Divan"larını hər vərəqləyəndə,
ürəyini tərpədən bir misrayla
qarşılaşanda doluxsunardı, yanıqlı bir avaz onu
duyğulandırıb qəhərləndirərdi.
"Beyt ül-həzan" "hüzn, kədər
evi" deməkdir. Əsatirə görə, Yaqub peyğəmbərin
öz oğlu Yusifin həsrətiylə qapanaraq qəm çəkdiyi,
göz yaşı tökdüyü hücrə belə
adlanırmış.
Eyvanında qurduğu həmin öz "beyt ül-həzan"ında
Cəfər Müciri gül-çiçəklə əlləşəndə
də, xalça toxuyanda da, qələm götürüb bir
məruzə üçün hazırlıqlar edəndə də,
hansısa tarixi mövzudakı məqaləsini başlayanda da
yalnız həmin anda gördüyü işlə məşğul
deyildi, xatirələrin aləmində idi və ona görə
də bu eyvanda yarananların hər birində eyvanda olanların
hamısı və Mücirinin bütün ömrü
hansısa cizgiləri və əlamətləriylə hökmən
əksini tapırdı. Təbrizdəki gənclik
çağlarında orada bitən qələmqaş
şamdanı çiçəyindən xoşu gələrmiş.
1984-cü ildə yolu Gəncəyə düşəndə
həmin çiçəkdən orada görüncə
çox sevinmişdi, rica etmişdi, vermişdilər, o
çiçəklə Təbrizi mənzilinə
köçürən kimi olmuşdu: "Kirovabaddan (sovet
dönəmində əziz şəhərimizin adına bu
yamağı vurmuşdular - D.A.) qələmqaş
şamdanı gətirmişəm. Tutub. Torpağını dəyişmişəm.
Gül açıbdır. Bu güldən çox xoşum gəlir.
Bu il balkonda qızılgül də əkmişəm.
Qönçə verir".
Cəfər Mücirinin eyvandakı
bağçası vaxtilə Ağabəyim ağanın
Qarabağ həsrətilə Tehranda saldırdığı
"Vətən bağı"ının bir başqa
tayı - "Könül bağı" idi. Həmin eyvanda
ilin hər fəslində bahar idi: "Bu gün 21 yanvar,
1986-cı il. Bakıda ilk qar yağmağa başladı.
Çox gözəldir. Çoxdan gözləyirdik. Şiddətli
külək də vardır. Buna baxmayaraq, balkonda güllər,
çiçəklər inkişaf etməkdədir. İki
böyük yapon rozası gül açır. İndi də
daha birinin üstündə yarımçıq gül
vardır. Balkona təzə güllər gətirmişəm.
Həm də Bəylər bizə böyük bir mandarin
ağacı bağışlayıb ki, o da inkişafdadır.
Qol-budağını kəsib basdırmışam. Bəlkə
tutanları oldu. Balkonda xalçamı toxuyuram. Bu gün ara
sahə qurtarıb. Haşiyəni başlamışam.
Ümumiyyətlə, 120 çin qalır".
Cəfər Mücirinin yaratdığı
xalçalar arasında ən gözəllərindən biri və
belə bir ömür yaşadığı
üçün, məhz onun yaşamasının
qanunauyğun, bir başqasının keçilmiş tarixi
azadlıq və mübarizə yolunu bu cür bilərək və
duyaraq araya-ərsəyə gətirməsi çətin ola
biləcək "İki tale" əsəri idi. Müciri o
xalçanı 1960-cı ildə üzə
çıxarmışdısa da, söz yox ki, çoxsurətli
bu əsərin həm çeşnisinin
düşünülməsi, həm rəsmlərinin çəkilməsi,
həm də toxunması xeyli vaxt aparmışdı və əsla
bir ilə sığan iş deyildi, bəlkə də
düşüncədə dolaşdığı müddəti
də üstünə gəlsən, bir neçə ilə
sığan zəhmətin bəhrəsi idi. Uzun müddət
birgə işlədiyimiz unudulmaz ədəbiyyatşünasımız
Sabir Əmirov deyərdi ki, iki Azərbaycanın
qovuşduğu bir xalça toxumaq arzusunun onda hələ
1950-ci illərin ortalarından yarandığını
söyləyən Cəfər Mücirinin əvvəlcə
ürəyindən keçirmiş ki, xalıdakı siyasi
xadimlər də həm o, həm bu taydan olsun; ancaq bir para əsaslı
səbəblərə görə bu fikrindən tez də
daşınıbmış, çünki Cənubdan müxtəlif
dövrlərin azadlıq mübarizlərini, milli dövlət
qurmaq yolunda çalışmışları xalçada əks
etdirməkdə heç bir maneə olmasa da,
Şimaldakılarla bağlı vəziyyət qəliz idi, nəinki
Cümhuriyyət dövrünün simalarını, heç
sovet əyyamlarının Nərimanovunu xalça qəhrəmanına
çevirməkçün münasib siyasi şərait
yoxmuş. Ona görə qət edilibmiş ki, birlik
amalını təcəssüm etdirən bu xalı Azərbaycan
Demokratik Firqəsinin Azərbaycanda aprel inqilabının 40
illiyinə hədiyyəsi kimi toxunsun, simalar da Güneydəki
milli hərəkatın öndərlərininki olsun.
Xalçanın köksünü bəzəyən və
Mücirinin xalçaçı-rəssam dəst-xəttinə
xas özünəməxsus zərif naxışlar şəbəkəsi
öz yerində, onun həm sevdiyi, həm də bütün
gözəllikləri ilə aşina olduğu çiçəklər
də ornamentləri tamamlayaraq hərəsi öz rəngləri
və rəmzililəri ilə kompozisiyanın məna
yükünü ağırlaşdırır. Azərbaycan
miniatürçülüyünün həm
araşdırıcılarından, həm də zəmanəmizdəki
ən qabil yaradıcılarından olmuş Əli Minayi bu
xalçadakı rəsmlərin çəkilməsundə
yaxından iştirak etmişdi, xüsusən
parçalanmış Vətən, Babək və Koroğlu
surətlərində, Təbriz mənzərələrində
onun üslubuna xas plastika, incə rəng duyumu aşkar hiss
edilməkdədir. Ancaq sərbəst rəssamlıqla,
miniatürçülüklə xalça rəssamlığının
ciddi fərqi var və kompozisiyanı qurarkən peşəkar
xalça rəssamı həm də o şəkillərin necə
ilmələşəcəyini düşünür, toxunma
gedişinə əngəl ola biləcək
ayrıntıları öncədən daha münasib ifadəetmə
səmtinə yönəldir. Zənnimcə, bütün təsvirli
Azərbaycan xalçaları sırasında misilsiz olan bu əsərin
belə gözoxşayan və bütün
ayrıntılarının həmahəngliyi ilə meydana gəlməsinin
başlıca səbəbi onun təsvir təməlini iki
mahir ustanın qoymasıdır - biri parlaq rəssam, həm də
miniatür nəzəriyyəsinin dərin bilicisi, digəri isə
ali dərəcədə peşəkar
naxışçı, xalçaçı, həm də rəssamlığın
xalçadakı yeralma hədlərini dəqiq duyan qabil rəssam.
Sağ və sol yandakı surətlər
xalçaçılığından daha əvvəl
tarixçi, peşəkar inqilabçı olan Cəfər
Müciriyə araşdırdığı qaynaqlardan və
keçdiyi mübarizə yollarından gözəlcə məlum
olan fədakarlardır: bir tərəfdə doktor Tağı
Ərani, o biri yanda, bu tərəfdə Seyid Cəfər
Pişəvəri, bu üzdə Şeyx Məhəmməd
Xiyabani, digər qanadda Səttarxan, bu başda qoç
Koroğlu, o tayda məğrur Babək. Portretlər cərgələrinin
arasında o yanda və bu yanda iki kitab da nəqş edilib -
birinin üstünə "Qızıl səhifələr"
yazılıb, digərinin cildində "12 şəhrivər"
nəqş edilib, böyründə də "Azərbaycan"
ruznaməsi. 1945-ci ilin 3 sentyabrına tən gələn həminki
gündə Güney Azərbaycanın həyatında fövqəladə
əhəmiyyət kəsb edən hadisə baş
vermişdi. O gün Azərbaycan Demokrat Firqəsi rəsmən
fəaliyyətə başlayırdı və Təbrizdən
altında 48 mübarizin imzası olan, insanları milli
mücadiləyə çağıran müraciətnamə
yayılmışdı. İki gün sonra o müraciəti
yayan və "Firqəmiz işə başladı" bəyanatını
verən "Azərbaycan" qəzeti əslində həm
millətin, həm də İranın tarixində
büsbütün yeni bir dövrün başlanması
sorağını çatdırırdı ki, çox
keçməyəcək, məhz həmin müjdənin
xoş əks-sədası kimi Azərbaycan Milli Hökuməti
təsis edilərək işə başlayacaq.
Təbrizin məşhur "Çəhar fəsl"
xalçalarının çağdaşlaşmış
çeşidi sayılası bu xalının mərkəzdəki
gölündə Arazın ikiyə böldüyü Azərbaycan
təsvir edilib. Sağda yüksələn, tərəqqi edən
Quzey Azərbaycan, solda iri bir qartalın
parçaladığı zəncirlərin tuşundakı
Güney Azərbaycan və aşağıda da Məhəmmədhüseyn
Şəhriyarın "Heydərbabaya salam"ından 4
misra:
Mən sənüntək dağa saldım nəfəsi,
Sən də qeytər göylərə sal bu səsi:
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir dağda qalıb bağırır,
İnsanları köməginə
çağırır!
Xalçanın aşağı hissəsində
vüqarla dikələn Babəklə Koroğlunun
aralığında Təbrizin iftixarı olan mənzərələr
sıralanıb - başı qarlı Savalan dağı da
buradadır, Göy məscid də, El gölü də,
Ərk qalası da, 1934-cü ildə tikilmiş, vaxtilə Azərbaycan
Milli Hökumətinin mərkəzi binası olmuş Saat
Qülləsi meydanındakı saatlı qüllə də...
Xalçanın ən yuxarısında tən ortada
bir məşəl alovlanır. Bu, Güneydə
insanımıza 1 il boyunca istiqlalın şirin dadını
anlatmış Milli Hökumətin herbində də təsviri
olan azadlıq məşəlidir. Və azacıq
aşağıda yenə tən ortada "40" rəqəmi.
Xalçanın ətəyində ərəb əlifbası
ilə Azərbaycan türkcəsində yazılmış
sözlər və sağ küncdəki "1339" rəqəmi
o məşəllə həmin "40"ın mənasını
açır: "Azərbaycan Kommunist Partiyasının
yaradılmasının və Azərbaycanda sovet hakimiyyəti
qurulmasının 40 illiyi münasibətilə Azərbaycan
Demokrat Firqəsinin Mərkəzi Komitəsi tərəfindən
hədiyyə". 1339 isə miladi tarixə çevirəndə
1960 edir.
Kommunizmə, kommunistliyə bizim bugünkü
baxışımızla o nəsil insanların
baxışlarını heç vaxt
qarışdırmayın. O insanlar kommunizm məfkurəsinə
sidq ürəkdən inanan, insanlara bərabərlik,
azadlıq vəd edən quruluşu ideallaşdıran, əqidə
yolunda canından keçməyə hazır olan əsl, saf, mətin
kommunistlər idilər, hətta müşahidə etdikləri
ayrı-ayrı qüsurları da müəyyən
insanların naqislikləri ilə bağlayır, bu mənfilikləri
heç vəchlə sosializm quruluşu və
ideologiyasının mahiyyəti ilə əlaqələndirməyi
düşüncələrinə yaxın buraxmırdılar.
Cəfər Mücirinin gündəliklərində
müxtəlif illərin 7-8 noyabr günləri ilə bağlı
qeydlər var. Ailə bayramı kimi, elə Novruz qədər əziz
mərasim kimi qarşılayırlar o günləri. Dostlar,
tanışlar şad-xürrəm bayramlaşırlar, həvəslə,
şövqlə bayram nümayişinə yollanırlar,
hansı 7 noyabrdasa evdə məclis qururlar, hansındasa ailəlikcə
restorana gedirlər, qızı Budapeştdən zəng vuraraq
ata-anasını Böyük Oktyabr Sosialist
İnqilabının ildönümü münasibətilə
təbrik edir.
Xatirimdədir ki, 1980-ci illərin sonlarında Sovet
İttifaqı göz önündə tar-mar olarkən,
sosializm quruluşu çökərkən buradakı güneyli
siyasi mühacirlər öz yerində, Avropada, Amerikada
yaşayan, demokratik hərəkat, Cənubi Azərbaycanın
milli azadlıq uğrunda mübarizə yolu ilə qəlbən
və əmələn bağlı insanlar arasındakı
neçə tanışım nə təhər xəyal
qırıqlığı keçirirdi, necə
sarsılmışdılar. Səbəbsiz deyildi - İranda
öz milli haqlarına sahib olmaq naminə mübarizələrində
onlar sovetə həmişə dayaq, ümid yeri kimi
baxmışdılar. Onları xəyal
qırıqlığına düçar edən, sarsıdan
dayaq saydıqları, ümid bağladıqları, istinadgah
bildikləri gücün məhv olması idi. Onların
SSRİ-yə ümidlər bağlaması da əsassız
deyildi. Onillərcə bu köməyi, arxadurmanı sadəcə
hiss etməmiş, əyani şəkildə
görmüşdülər.
Gələcək gün ki, Güney Azərbaycanın
məktəblərində ana dilində keçilən tarix
kitablarında ya Cəfər Müciridən qalan bu
xalçanın şəkli olacaq, ya da dərslikdəki fəsillərdən
hansındasa tarix dolu bu xalıdan söz gedəcək.
Çünki baxınca şərəfli milli tarixin
güzgüsü təsiri buraxan həmin "İki tale"
əsəri danışa, düşündürə, həm
də milli vəhdət qayəsi üzərində kökləyə
bilir.
...Cəfər Müciri imzasıyla mən
uzaqdan-uzağa ilk dəfə hələ məktəbliykən
tanış olmuşdum. Qonşularımız və
qohumlarımız arasında el dilində "demokratlar"
deyilən xeyli siyasi pənahəndə vardı ki, onlara
müntəzəm olaraq Bakıdan firqə xətti ilə nəşr
edilən kitablar, müxtəlif məcmuələr göndərilirdi.
Həmin kitablar arasında ən sanballılardan və
xüsusi tarixi məna daşıyanlardan biri o
çağlardan saxladığım, dönə-dönə
oxuduğum, məndən ötrü əhəmiyyəti indi,
yazıldığı vaxtdan uzun zaman ötəndən sonra
daha da artmış üçcildlik "Azadlıq yolunun
mübarizləri" idi. Ərəb əlifbasında
buraxılmış o yaşıl rəngli köhnəlməz
kitablar sırasının tərtib edəni, məsul redaktoru
və bir çox oçerklərin müəllifi Cəfər
Müciri idi. Silsilənin birinci cildi 1962, ikinci hissəsi
1969-da nəşr edilmişdi. Üçüncü cild isə
üstündən xeyli ötəndən sonra - artıq 1988-ci
ildə buraxıldı. Əslində bu da Cəfər
Mücirinin daha bir xalçası idi. Xalçalarsa
başlananda gərək toxuyan əzəl başdan onun sonunu,
axırıncı ilməsi vurulandan sonra necə görünəcəyini
öncədən təsəvvür edə.
Başladığı hər işi mükəmməlcə
icra edib ləyaqətlə sona çatdırmaq ümdə məziyyətlərindən
olan Müciri bu yalnız elmi, tarixi baxımdan deyil, insanlıq
nöqteyi-nəzərindən də çox gərəkli
olan nəcib işi nə yaxşı ki, yarımçıq
qoymayıb. Bu, azadlıq yolunun şəhidlərinə
yapılan abidə idi, yarımçıq qalması
anılmışların sırasına qatılmayan digər
şəhidlərin ruhunu incidərdi. Altmışıncı
illərdə firqədə vəzifəsi və öhdəlikləri
vardı, cavandı, belə işlərə ayrılan maddi vəsait
də yetərincə idi və 1980-lərin sonlarında nə
yaş o yaş idi, nə firqədə əvvəlki səlahiyyətləri
və birbaşa məsuliyyətləri daşımaqda idi,
daha artıq - indi xalçaçılığa
bağlanmışdı, əsas fəaliyyət istiqaməti
o sahə idi, araşdırırdı, toxuyurdu, dərs deyirdi.
Yəni "Azadlıq yolunun mübarizləri" kitabının
üçüncü cildi üçün zəruri
materialların toplanması, bir sıra mətnlərin
yazılması, tərtib işlərinin görülməsinə
heç yetərli vaxtı da yox idi. Ancaq o, köhnə hərbçi
idi. Üstəlik, burada onun köhnə silahdaşlarıyla əlaqədar
daşıdığı vicdani borc məsələsi də
vardı. Çünki hələ 1969-cu ildə
buraxılmış, təbii ki, 1-2 il əvvəldən
hazır olan kitabın müqəddiməsində İran Xalq
Partiyasının - Hezb-e tude-ye İranın Azərbaycan təşkilatı
olan Azərbaycan Demokrat Firqəsi adından yazmışdı
ki: "Azadlıq yolunun salnaməsi onun ən yaxşı
oğullarının qızıl qanları ilə
yazılmışdır. Tarixi təcrübələr
göstərmişdir ki, bu qanlar heç də hədər
getməmiş və getməyəcəkdir. Bu gün
adlarını ən səmimi hisslərlə, iftixar və həyəcanla
yad etdiyimiz şəhidlərin həyat və fəaliyyətləri,
xalq işinə sədaqətlə xidmətləri,
yaratdıqları döyüş ənənəsi, rəşadət
və mətanətləri gənc nəsillər
üçün sərməşq və ilham mənbəyi
olmuşdur. ADF MK-sının 1 isfənd 1348-ci il tarixli
geniş plenumunun qərarına əsasən, "Azadlıq
yolunun mübarizləri" kitabının ikinci cildi nəşrə
hazırlanarkən gənc nəsillərin həmin inqilabi ənənələrə
sədaqət və düşmənə qarşı
barışmazlıq ruhunda tərbiyələnmələri, mərd
mübarizlərin ideya təmizliyi, rəşadət və ləyaqətlərinin,
vətən və azadlıq yolunda çəkdikləri zəhmətlərin
işıqlandırılması nəzərdə
tutulmuşdu. Ümidvarıq ki, həmin kitabın birinci cildi
kimi, onun ikinci cildi də bu istiqamətdə öz xidmətini
göstərəcək və nəşr məqsədini
doğruldacaqdır. Bu kitablar şəhid
yoldaşlarımızın azacıq bir hissəsinin şərh-i
halını əhatə etmişdir. ADF MK-sı həmin bu
cildin böyük əhəmiyyətini qeyd etməklə bərabər
xalq amalı uğrunda şəhid olanların adlarını
və xidmətlərini diriltmək, xatirələrini yad etmək
məqsədilə üçüncü cildin material
hazırlığı işinə başlanmasını da
lazım bilmişdir. Gələcəkdə isə vətənimizin
azad xalqları bütün şəhid olanların tunc abidələrini
irtica və imperializm hökmranlığının xərabələri
üzərində yüksəldəcəkdir".
Bu həm də bir and idi və illər sonra Cəfər
Müciri bu andı da sədaqətlə yerinə yetirdi.
Bir tərəfdən haqqında bəhs edilənlər
onun mübarizə yoldaşları olmuşdular, digər tərəfdən
də həmin şəxsiyyətləri lap yaxından
tanımışların əksərindən fərqli olaraq,
Mücirinin yaxşı qələmi vardı və o
yazıları bir başqası əsla o cür ustalıq,
inandırıcılıq və səmimiyyətlə qələmə
ala bilməzdi. Ruhuna məhrəm, məsləkinə uyğun
bu mövzu sonralar da daim Cəfər Mücirini
düşündürmüşdü və o, Güney Azərbaycanda
azadlıq uğrunda mücadilələrin XIX yüzildən
etibarən tarixini əks etdirən "Azərbaycan demokrat hərəkatı"
adlı sanballı kitabını fars dilində yazaraq nəşr
etdirmişdi. Ancaq İrandakı milli azadlıq hərəkatı
mövzusu onu hələ Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsində təhsil
aldığı çağlardan
düşündürmüşdü, mübarizələr
yolunun mənzərəsinin yeni nəsillərə
bütöv görünüb-bilinməsi üçün tədqiqlərə
başlamışdı, bacardığı qədər həmin
şanlı tarixin salnaməsini yaratmağa səy göstərmişdi.
Cəfər Mücirinin 1920-1922-ci illərdə İranın
bir bölgəsində baş versə də, ölkənin
ictimai-siyasi gerçəkliyində ciddi təsir
baraxmış hadisələr və aparılmış
mübarizələrdən bəhs edən "Xorasan hərəkatı
və Məhəmməd Tağı xan Pesyan-Sultanzadə"
adlı əsəri onun siyasi tarix istiqamətində
çalışmalarının ən uğurlu bəhrələrindən
idi.
Mücirinin Əhsən Təbərinin redaktorluğu
ilə farsca yazıb nəşr etdirdiyi digər əsəri
- "Costocuha-ye enğelabi-ye şomal-e İran" da azərbaycanlıların
və digər xalqların bu ölkədəki azadlıq
mübarizəsi yolunda çalışmaları haqqında həqiqətləri
bilmək, keçilmiş çarpışmalar və milli
müqavimətlər yolunun tarixi mənzərəsini
dürüst anlamaqçün əhəmiyyətini həmişə
saxlayacaqdır.
Cəfər Müciri 1950-ci ildən başlayaraq Azərbaycan
Demokrat Firqəsi Mərkəzi Komitəsinin fəaliyyətlərinə
yaxından qatılandan, təbliğat şöbəsinin
müdiri, təftiş komissiyasının sədri, Firqə
MK-sı icraiyyə heyətininn üzvü kimi yüksək vəzifələr
tutarkən, xüsusən də partiyanın orqanı "Azərbaycan"
qəzetini redaktə edərkən yalnız keçmiş
deyil, həm də gecə-gündüz cari tarixin içərisində
idi. Qızı Sevincin bir xatirəsi İrandakı
gedişatı onun, demək olar ki, fasiləsiz izləməsinin
sübutudur. Deyir, evin hər otağında radio vardı və
hamısı da Tehran dalğasına tuşlanmışdı.
Yəni bu otaqdan obiri otağa keçərkən arada nəyisə
eşitməmək hürküsü yoxdu. Təbii, radioda
danışılanların heç də hamısı
Müciri üçün gərəkli deyildi, ancaq hansısa
xəbərləri və təhlilləri də təsadüfən
qaçırmaqdan özünü mənzilinin dörd
bucağını radiolaşdırmaqla belə
sığortalayıbmış.
Cəfər Müciri ədəbiyyatı sevirdi,
şeir də, nəsr də yazırdı, hətta fars
klassiki Hafiz Şirazi yaradıcılığına həsr
olunmuş ayrıca kitabı da var. Ancaq tarix, tarixçilik
iliyinə qədər elə işləmişdi ki, ədəbiyyatla
əlaqədar araşdırma məqalələr yazanda da əslində
ədəbiyyatşünaslıq yox, tarixçilik edirdi.
Şahidim elə Mücirinin gündəlikləri, qələmindən
çıxan araşdırmalarıdır.
1984-cü ilin 27 iyunu - "Bu gün Mirzə
İbrahimov yoldaş məni çağırıb
tapşırdı ki, 1941-1953-cü illər arasında Cənubi
Azərbaycanda milli azadlıq hərəkatı və ədəbiyyat
barədə 2,5-3 çap vərəqi əsər
yazım".
Artıq 1984-cü ilin 18 avqustudur, gündəliyində
belə "hesabat verir": "İkinci Dünya müharibəsi
və milli azadlıq hərəkatı dövründə ədəbiyyat
(1941-1953)". İki aydır bunu yazmaqla məşğulam.
Külli miqdarda material topladım. Oxudum, qeydlər
götürdüm və yazıb yarıya çatdım.
İki hissəyə bölmüşəm: 1941-1946 və 1946-1953.
Birinci hissəni bu gün 18 avqustda qurtardım. 16 avqustdan
mürəxəssidəyəm (məzuniyyətdə - D.A.).
Yazı işi getmir. Çünki Solmaz, Babək, Arman qonaq gəliblər.
Onlarla məşğul olmaq lazımdır. Hər halda,
sentyabr ayında 1946-1953 hissəsini qurtarıb, makinaya verib,
oktyabrın sonunda təhvil verməliyəm".
Sentyabrın 14-də işi əsasən tamamlayır,
amma qeyd də edir ki, bircə 1946-1953-cü illərdə
mühacirət haqqında yazmaq qaldı. Vəd də edir ki,
bunu da sentyabrın qalan günlərində yazacaq.
17 oktyabr 1984-cü il. Dəqiqləşdirir: "Bu il
iyun ayının 20-dən bu tərəfə Mirzə
İbrahimovun tapşırığı ilə yazmağa
başladığım "Cənubi Azərbaycan ədəbiyyatı
tarixi"nin "1941-1953-cü illər..." hissəsini bu
gün - oktyabr ayının 2-də qurtardım. Yaxşı əsər
olub. Fakt, təhlil və maraqlı ümumiləşmələrə
malikdir. Əlyazmam 106 səhifədir. Yəqin, 75, ya bir az
çox makina yazısı olacaqdır. 9 oktyabrda yazını
Mirzə müəllimə təhvil verdim".
Elə həmin 1984-cü ilin 26 noyabrıdır.
Görünür, Mirzə müəllim Mücirinin
yazısını bəyənib ki, onunla daha geniş əməkdaşlığın
təməlini qoymaq istəyir. Çünki görür ki,
onun istədiklərini tarixi qatı ilə dolğunluqla əks
etdirərək yazan Müciri kimi ədəbiyyatçını
tapmaq müşkül vəzifədir: "Nizami adına
Ədəbiyyat İnstitutuna işə
çağırdılar. Neçə vaxt əvvəl Cənubi
Azərbaycan ədəbiyyatı mövzusunda üç
çap vərəqi həcmində məqalə yazaraq bu
instituta vermişdim. İndi çağırıblar burada
işləməyə". Minnətdarlıq edərək
razılıq vermir ki, artıq təqaüddədir və
başqa işlərini də yüngülləşdirmək
istəyir. Mirzə İbrahimovsa dövrü yaxşı bilən,
tarixi hadisələrlə ədəbi gedişatı peşəkarcasına
əlaqələndirməyi bacaran cavandan asanlıqla əl
çəkmək fikrindən uzaqdır, əksinə, ona
növbəti sifarişini verir: "İndi də Məsrutə
dövrünə aid böyük ədəbi məqalə və
başqa yazılarla məşğulam".
Gündəliyin yeni səhifələrini vərəqlədikcə,
1901-1917-ci illər arası - Məşrutə dönəmində
ədəbiyyat haqqındakı fəsli təcrübəli
Mirzə İbrahimovun niyə peşəkar bir ədəbiyyatşünasa
yox (o dövrdəsə Elmlər Akademiyasının həm ədəbiyyat,
həm Şərqşünaslıq institutlarında sanballı
filoloq alimlər az deyildi), Müciriyə tapşırmaqda
israrlı olmasının gizlincini tuturam. Əvvələn,
Müciri dövrin özünəməxsusluqlarını həm
tarixi, həm siyasi baxımdan istənilən ədəbiyyatşünasdan
daha həssas dərk edir, digər tərəfdən də,
istifadə etdiyi ədəbi qaynaqlardan əlavə elə o
özü də gəzəri mənbədir -
yaddaşında o dövrə aid bir çox şeirlər var
ki, heç yazı-pozuda yoxdur, sadəcə Müciri kimi tək-tək
insanların hafizəsində hələ ki yaşamaqdadır:
"15 gündən artıqdır ki, materialları nəzərdən
keçirirəm. 13 yanvarda akademiyanın Şərqşünaslıq
kitabxanasına getdim. Orada Sərraf, Ləlinin
divanlarını alıb oxudum. Sərrafın qəzəlləri
məni oxumağa məcbur etdi. Bunların hər ikisində
növhə və mərsiyə vardır. Xüsusilə Ləlidə
çoxdur. 1986-cı il 31 yanvarda məqaləni yazıb
qurtardım. Çoxlu mənbələrdən istifadə
olunub. Bir sıra yeni Məşrutə şairləri (Xazəndən,
Zeynəb paşa haqqında və Sabir haqqında)
tapılıb. Mirzə Əhməd Süheyli Təbrizi, Məş`uf,
Müdərris Təbrizi və başqalarını məqaləyə
daxil etdim. Məqalə oxunaqlıdır. 37 səhifədir. Nəsr,
mətbuat, kitab və mədrəsələr haqqında,
Sabir, "Molla Nəsrəddin" barədə də
yazdım".
Təsəvvür etməyə
çalışıram: bu gün burada yox, lap Təbrizdə
yaşayan ən püxtə bir ədəbiyyatşünasa həmin
dövrün ədəbi mənzərəsini canlandırmaq
sifarişi verilsə, Mücirinin yazısında olan qədər
ilkin, bakirə mətni tapa biləcəkmi? Təəssüf
ki, tapmayacaq, adamlar gedib - şahidləri, sinəsində
dövrün sözünü daşıyanları əcəl
alıb, yer gizlədib.
Balaş Azəroğlu rəvan təbli şair
olmaqdan savayı səviyyəli ədəbiyyatşünas
alimdi, Saib Təbrizi haqqında monoqrafiyaya da dönən
mükəmməl dissertasiyası da vardı. Bütün
bunlardan əlavə, o da odlardan-alovlardan keçmiş
inqilabçı idi, Təbrizdə, Güneydəki həyat
onun da ömrünün ayrılmaz parçası idi. Ancaq
Balaş Balaşlığıyla Müciridən söz
soruşurdu, məsləhət alırdı. Ona Cənubi Azərbaycan
ədəbiyyatına dair oçerklərin Müciri yazan hissəsindən
qabaqkı dövrü təhlil etmək
tapşırılmışdı: "Əvvəlki dövr
haqqında Azəroğlu yazmalıdır. Ona da çoxlu
material vermişəm. Xiyabani hərəkatı və ədəbiyyat,
Məhəmmədtağı Rüfət, Məhəmmədtağı
Pivian və ədəbiyyat, dram əsərləri, mətbuat
və şifahi xalq ədəbiyyatı bunlardandır".
Vaxt elə amansız şərtlər çərçivəsində
axırmış ki, şairin, yazıçının
düşüncəsindən keçənləri yazıya
alması xatalıymış. Ona görə çoxları
ezop üsuluna əl atırmış. Mərsiyə, növhə
yazmağa kim idi mız qoyan. Bir para şairlər də fəndgirlik
edir, guya növhə, sinəzən, qəsidə
yazırmışlar, ancaq mətləblərini də həmin
qoşqularda ifadə edə bilirmişlər. Müciri hafizəsində
saxladığı şeirləri səxavətlə Azəroğluya
ötürürmüş ki, yazısında yararlansın:
"O dövrdə ictimai dərdləri demək
üçün molla dilindən, növhələrdən
çox istifadə edilib. Çünki ədəbiyyat
şiddətli qadağa altında olub.
Hüseyn, bu Kərbəla dəşti qanilən
doludur,
Yetimlərin gözü yaşdır, fəqan ilən
doludur.
Yazıq əkinçini gördüm, keyfin
soruşdum onun,
Dedi ki, kəndində un yox, saman ilən doludur".
O çağlarda, sən demə, Rza şahın
riyakar islahatçılığı haqqında fars dilində
bir poema da qoşulubmuş, elə dildən-ağızdan
eşidərək Müciri onu da əzbərləyibmiş,
"yaddaşdakı heç bir yük artıq yer tutmur və
əziyyət verən ağırlığı olmur" hikməti
növbəti dəfə yerini tutubmuş və hafizəsindəki
həmin parçaları da Müciri kağıza
köçürərək Balaşa
bağışlayıbmış: "Rza şahın
özünə lazım olan islahatına aid poemanın da
yadımda qalan hissələrini yazıb Azəroğluya
verdim".
Azəroğluya Mücirinin təhvil verdiklərinin
arasında bayatılar da varmış. Elə bayatılar ki,
onlar çoxdan unudulublar, amma oxuduqca inanırsan ki, həmin
duru, təsirli, şirin el sözlərinin yaşamaq, həm
Güneydə, həm Quzeydə kitabdan-kitaba keçmək
haqqı var.
"Azəroğluya bayatılar tapıb verdim:
Əzizim dərdə düşər,
Zülm edən dərdə düşər.
Zülmə çəkilən pərdə,
Qəm yemə, bir də düşər.
Daha biri:
Mən aşiqəm qara gün,
Qara gecə, qara gün.
Qara gecə dərdinə
Səhər edər çara gün.
Ya bir başqası:
Əzizim qara gəlsin,
Saçları qara gəlsin.
Mənə zülüm edənin
Bayramı qara gəlsin!
Bu da digəri:
Bu damlar xasa damlar,
Batıbdır yasa damlar.
Damlar həman damlardır,
Bəs hanı o adamlar?"
Bu son bayatı ürək sıyırır, qəribsədir,
itirdiklərimizi xatırladır.
El nə sərrast deyib. Doğrudan da, damlar həmin
damlardır, o adamları tap görüm haradan tapırsan! Elə
Cəfər Müciri özü də onlardan biri!
Tarix adamı olan Cəfər Müciri tarixlə elə
ləbələb idi ki, məhəbbət şeiri
yazmaqçün qələm götürəndə də nəticədə
tarixi mənzumə doğulurdu. Elə bu şeir ki, 1983-cü
ilin noyabrında yazıb və sadəcə ürəkboşaltma
olduğundan onu nə qəzetə-filana verib, nə radioda
oxuyub, nə də kimsəyə göstərib. Düzdür,
sevgiliyə yazılan elə şeirlər olur ki, onlar elə
naməhrəm qulaqlardan iraq olsa yaxşıdır. Buradakı
gözəlsə elə nazənindir ki, o nə təkcə
Mücirinindir, nə də ömrü hansısa bəlli bir
vaxt kəsiyinə düşən onlarla, yüzlərlə,
minlərlə insanınkı. Bu şeir bir Təbriz gözəlləməsidir.
Şeirin sərlövhəsi "Təbriz gözəli"dir,
amma oxuduqca görürsən ki, gərək
başlıqdakı sözlərin yeri dəyişilib
"Gözəl Təbriz" ola!
Seyx Sənan Təbrizə gəlsəydi, görsəydi
səni,
Tərk edərdi küfr ü cəhlə əql
ü din dünyasını.
İndi də hiss etsə Məcnun zülfünün ətrin,
yəqin,
Tərk edər Leylilərin əfsanələr
dünyasını.
Gər gözəllik üzbəüz dursaydı
hüsnünlə sənin,
Diz çöküb təslim edərdi öz
böyük mənasını.
Dursa qəbrindən Füzuli, görsə bir an surətin,
Tazədən başlardı bir tazə qəzəl
inşasını.
Ey gözəllər şəhri Təbriz, afərin,
min afərin!
Sən yaratdın min gözəl, min bir qəzəl dəryasını.
Sabah onu qınayan bircə nəfər olmasın deyə
şeirin axırında zəruri izahı da var ki, bu
şeirini
"Ey gözəl, var gözlərində küll
i-İranın gözü,
Sənsən aləmdə nigara, cümlə
xubanın gözü". -
beytindən duyğulanaraq yazıb.
...Tarix Cəfər Mücirinin varlığına,
taleyinə, ömrünə elə sirayət etmişdi ki,
bunu daha bədəndən xaric etmək
mümkünsüzdü. Elə xalçaya
bağlanacağının təkan nöqtəsi də tarix və
siyasət oldu. 1950-ci illərin əvvəllərində
İran Xalq Partiyasının, Azərbaycan Demokrat Firqəsinin
sosializm düşərgəsindən olan partiya və dövlətlərlə
əlaqələri sıxdı, vaxtaşırı onlardan
hansınısa ya Bakıda qəbul edərdilər, ya da
çox vaxt səfərlər, yüksəksəviyyəli rəsmi
görüşlər Hezb-e Tudəninki olardı. Bu qəbil təmaslardasa
ən münasib sovqat xalça idi. Firqə də sifariş
verməli olanda uzağa getməsinə ehtiyac qalmırdı.
Ölkəsinə uyğun olaraq Müciri hər dəfə həll
üsulunu taparaq xalçada hədiyyəsi göndəriləcək
xarici kommunist partiyası liderinin surətini nəqş edərdi.
Bu, bir dəfə argentinalı marksist-inqilabçı, Fidel
Kastronun silahdaşı Ernesto Çe Gevara olurdu, başqa dəfə
fin Erik Honneker, ayrı bir səfər Almaniya Vahid Sosialist
Partiyasının baş katibi Valter Ulbrixt, bir yol Vyetnam
Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Xo
Şi Min.
Bu minvalla xalça qədəm-qədəm Cəfər
Mücirinin ömür-gününü doldurmağa
başladı və o, qısqanc, güzəştsiz sevgili
idi. Xalça Müciriyə daha çox
yaxınlaşdıqca, bütün başqa keyfiyyətlərindən
əlavə sərfəli çörək ağacına
çevrilərək onu ağuşuna daha çox aldıqca,
səhər-axşam demədən gününün
saatlarına da daha çox yiyə durdu. Ömrün müxtəlif
fəsillərində Cəfər Müciri hərbi işə,
tarixçiliyə, siyasətə, publisistikaya, ədəbiyyata
daha çox meyilli olsa da, nəticədə yenə
üstün gələn xalça oldu.
Sən demə, uşaqlıq illərində kənd
qadınlarından ilmə vurmaq öyrəndiyi
çağlardan bu sənət onun körpəcə ürəyinə
ilk sevgi kimi daxil olurmuş, ahıllığında həmin məhəbbətin
təzədən kükrəyərək bütün qəlbi
doldurmağı da varmış və əslində
Mücirini müxtəlif çağlarda bağlı
olduğu fərqli sahələrin hər birində də elə
əvvəldən yönəldən, idarə edən, cazibəsində
saxlayan xalça fəlsəfəsi, xalça ülgüləri,
xalça düşüncəsi imiş.
4 avqust 2024
Dəmir Aranelli
525-ci qəzet.-2024.-14 avqust (№ 144).- S.10-11;12.