Həzin şeirlər
toplusu
"Kövrək
könül pıçıltıları" kitabı
haqqında düşüncələr
Həzi Həsənlinin şeirlərilə 40 ildən
yuxarıdır, baş-başayam. BDU-da tələbəykən
bu şairi tanımışam, elə ilk qələm təcrübələrini
oxuyarkən bu Borçalı balasının istedadının
əyani şahidi olmuşam. İmzası haçan rastıma
çıxıb, biganə qalmamışam, ayrıca maraqla Həzinin
kövrək, həzin misralarının təsirinə
uymuş, məqalə və esselərini mütaliə eləmiş,
izləmişəm. Etiraf edək ki, Həzi şair kimi ötən
80-ci illərinin "kəşflərindən" idi,
çox mənalı, özünəməxsus, orijinal, əsasən
xalq deyim tərzində ifadə olunmuş bənzətmələri,
metaforaları, obrazları vardı, qoşmaları, gəraylıları
fərqlənirdi, başqalarınınkına az
oxşayırdı.
Müəllif doğru olaraq, sözün sapına
düzdüyü incilərini "kövrək könül
pıçıltıları" adlandırır və
"diləyin bir durna səfi, dilərəm sənin eşqinə"
(Ana kəndim) məramında həqiqətən səmimidir.
Bu kimi vətənpərvərliklə yoğrulmuş misra və
beytlər, bəndlər yaradıcılığının
qayəsinə çevrilir. "Xankəndim - Cankəndim"
deyib, haray çəkən şairin qələbə əzmini
vəsf edən poeziya nümunələrində yer-yurd
adları seyrçi kimi çəkilmir, qədim toponimlər
poetik dona bürünür, gülü-çiçəyi,
ağacı, bulağı, daşı, qayası ilə canlanır.
Oxucu dərhal özünü dumanlı Kirs, Murov silsilə
dağlarında hiss edir, Cıdır düzündə at
çapır, butöv Şuşanı ziyarətgahına
döndərir, İsa bulağında su içib sərinlənir:
Bu könlümün dağlarına
Yenə yaz gəlir, yaz gəlir.
Lal suların axarına
Sonam az gəlir, az gəlir.
"Lal suların
pıçılıtısı" adlı bu şeir təbiət
təsviri ilə başlayır, lirik ricətlə sona
çatır. "Ruhum qərib, mən qərib"də
ecazkar lövhələr boy göstərir, "ömrün sərhəddini"
məhəbbətin sərhədi sayan şair sonra "ay
nuruna boyanmışam" (Mən, sən və dəniz)
etirafında qalır, "sınıq könlümüzə
nəğmə dolaydı, varmı bundan özgə bir
tamahımız?" cavabsız sual qarşısında
(Kaş ki...) ürək çırpıntılarına qulaq
asır. Həzinin bənzətmələri, obrazları nəzərə
çarpandı, deyəndə, "şeh sırğa
taxmışdı otlara zərdən" (eyni adlı
şeir), qızılı rəngə çalan mənzərə
qarşısında açılır və yaxud "baş
götürüb gedəcəyəm şəhərdən,
ney səsidi məni yurda döndərən" beyti təkcə
ülvi sevginin ölçüsünü, qədərini ifadə
eləmir, həm də poetik vüsətin genişliyindən
soraq verir:
Ötür könül-könül, duyğular
dil-dil,
Hər ömür duyğulu, sirli bir andı.
Qayğısız yaşamaq heç mümkün
deyil,
Yaşamaq özü də bir imtahandı.
Olduqca gözəl bənddir. Əgər həssas
oxucu azca şeirin fəlsəfi siqlətinə varsa, həqiqətən
ötən ömrü-günün mahiyyətini
doğru-dürüst anlayar, mənalı həyatın
imtahan, sınaq olduğunun dərinliyinə varar. "Mənim
analı dünyam", "Qayıt" (bir qədər
böyük şairimiz Əli Kərimin məşhur
"Qayıt"ını xatırlatsa da), "İnsan
vardı, insan yoxdu", "Son arzu, son qatar", "Bu da bir
taledi", "Səni", "Bənövşə",
"Sarıcalar", "Ay Lələ",
"Çiçək", "Əziz oğlum, çək
atımı yəhərlə", "Tənha
qadın", "Bir könül nəğməsi",
"Dağ çayı" şeirləri ovqat nəğmələridir,
müəllifin kövrək təbiəti yazıların
hamısına hopub. Həzi həzin payızın
palitrasını verir, yazda arıların "xorunu"
misralarına yükləməyi bacarır, özünü təbiətin
min bir hadisəsinə hazırlayır, kökləyir,
"gözlərim yuxumu əlimdən alıb, kölgətək
arxamca sürünür elə" məntiqinə
qayıdır.
"Kövrək könül
pıçıltıları"nda şairin "bəyaz
bayatıları" var, janr etibarı ilə bu klassik folklor
növünün özünəxas tələbləri onu fərqləndirir,
yığcamlığı, lakonikliyi isə əlavə
şərtlər istəyir. Həzi Həsənli təsdiq
edir ki, o, bu janrın tələblərinə ən yüksək
səviyyədə yiyələnib. Bunun üçün
kitablar oxumaq lazım deyil, sinədəftər nənələrin,
babaların deyimlərinə bələd olmaq gərəkdir,
beşik başında layla çalan anaları eşitmək
lazımdır:
Bu da qarlı qış - bəyaz,
Bu da qara daş - bəyaz.
Könlüm dağlar dolandı,
Zirvə bəyaz, qaş bəyaz.
Həzi Həsənli Həsənoğludan, Nəsimidən,
Xətaidən, Füzulidən, Qurbanidən gələn
"böyük sözün" təəssübünü
və qeyrətini çəən şairdir. Təəssüf
ki, klassik ənənəyə məhəl qoymayan bir sıra
müasir "şeir bülbülləri" sözü
urvatsız elədilər, ortabablar, ortabazlar meydanı
daraltdılar:
Sözdü könlümün hər simi,
Qırılmaz sözün tilsimi,
Soyub sözün dərisini, -
Anasını ağlatdılar.
Müəllif kitabında ünlü şair-tərcüməçi
Abbas Abdullanı xatırlayır, "bir qərib
yolçuyam" söyləyən şair bu "uzun hekayəti"
kövrək ahənglə "dalğın dəniz, bir də
küskün liman hey"lə tamamlayır. Həzinin mərhum
oğlu Yılmazın xatirəsinə həsr etdiyi
elegiyanı həyəcansız oxumaq mümkün deyil. Mən
cavan ömrü erkən qırılan Yılmaza həsr olunan
Həzinin bir neçə digər şeirlərini də
oxumuşam. Bu şeirlər oxucunun ürəyini qanadır,
ailə faciəsini ictimai faciəyə çevirməyi
bacaran şairə bu məqamda "əhsən"
düşür:
Oğul atasından qabaq,
Ölməz, başına dönüm.
Ürək yanar, göz ağlayar,
Gülməz, başına dönüm!
Hər yaxşı kitabın geniş təhlilə, ədəbi
tənqidin süzgəcindən keçməyə haqqı
var. Barəsində bu qısa qeydlərimi yazdığım
dostum Həzi Həsənlinin şeir toplusunun da eləcə,
filologiya elmləri doktoru, şair İslam Sadığın da
ön söz yazdığı kitab həqiqətən
maraqlıdır, diqqət çəkən məqamları
çoxdur.
Ağacəfər Həsənli
525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.15.