Memar Sinanın kəlləsi

II yazı

 

 

Tarix bir girdabdır - boylandıqca marağa səbəb olan, araşdırdıqca özünə çəkən, hərəkət etdikcə dibə batıran, boğan bir girdab... Doğru bildiklərinin yanlış olduğu ilə üzləşir, illərdir kitablarla, filmlərlə sırınmağa cəhd edilən "qəhrəmanlıq dastanlarının" pafosdan ibarət olduğunu anlayır insan. Hər millət öz keçmişini bəzəyib-düzəyir. Təbii ki, bunda yanlış heç nə yoxdur. Sadəcə olaraq, həqiqətin bütün bu bəzək-düzəklərin "ayaqları altında" qalmağı insanda məyusluq yaradır. Bu, eynilə "xoşbəxtlik uydurmalarına" bənzəyir. Gözümüzü açandan eyni şeyi eşidirik, "ömürboyu xoşbəxtlik, əbədi xoşbəxtlik". Bir nəfər də çıxıb demir ki, xoşbəxt olacaqsan, amma bədbəxtlik də qaçılmazdır. Başına yaxşı şeylər gələcək, amma bu o demək deyil ki, pis şeylərdən sığortalanacaqsan. Yaşadıqca, başın daşdan-daşa dəydikcə, zərbə aldıqca başa düşürsən ki, xoşbəxtlik sadəcə anlardan ibarətdir. Tarix də belədir, deyiləndən daha çox, deyilməyəndir. Pafosun altında qanlar, göz yaşları, intriqalar, acılar, xəyanətlər, nankorluqlar, vicdansızlıqlar, ən çox da ədalətsizlik var. Taxt üçün balasını qurban verənlər, qardaş-bacı ölümlərini qanuna çevirib əsrlərlə icra edənlər və daha nələr var, nələr! Bütün bu gerçəklərlə tanış olduqca iqtidarın nə demək olduğunu sanki yenidən dərk edirsən. İqtidar bütün gücün əlində olmağı deməkdir. Ondan sonrası sənin vicdanına və ədalətinə bağlı olan məsələdir. İqtidarlıq dönəmində tarixi yazan da sənsən, gələcəyə yön verən də. Artıq həmin tarixi qanlamı yazarsan, gözyaşıylamı, ya da mürəkkəbləmi, bu, tamamilə sənin ədalət və ya ədalətsizliyinə qalmış məsələdir.

Can bir yanda, baş bir yanda

Tarixin ən qarışıq dönəmlərindən biri də Sultan Süleyman dönəmidir. Deyilənlər çoxdur, amma deyilməyənlər də az deyil. Yarım əsrə yaxın iqtidarda olub güc zəhərlənməsi yaşamamaq yəqin ki, möcüzə olardı. Güc zəhərlənməsi əqrəb, gürzə zəhərindən daha ölümcüldür. İnsanı öz balasını belə öldürməkdən çəkindirmir. Amma nə olursa olsun, mütləq bir son var, o da ölümdür!

İstədiyimiz qədər görməzlikdən gələrək yaşayaq, harda oluruqsa olaq, əcəl gəlir, alır və gedir! Baxmır, sən xansan, yoxsa sultan! Həmin əcəl Sultan Süleymanı Macarıstanda yaxaladı. Qırx altı  illik səltənəti çıxdığı 13-cü səfərində ölümü ilə sonlandı.

Sultanın can verdiyi vaxt Ziqetvar qalasının mühasirəsi davam edir.

Nəfəsi dayandıqdan sonra yeniçərilərdən bu ölüm gizlədilir, ruh düşkünlüyü yaşamamaqları üçün. Cəsədin pozulmaması üçün Sultanın daxili orqanları isə Üzüm Təpəsində, otağının (padşah çadırı) olduğu yerdə basdırılır.

Bədəni İstanbula gətirilərək Süleymaniyə məscidində dəfn edilir.

Qanuni Sultan Süleymanın ölümündən sonra taxta çıxan II Səlim atasının daxili orqanlarının basdırıldığı yerə - türbə ətrafına  mədrəsə, hamam, məktəb kimi abidələr tikdirir.

Lakin 150 illik kompleks daha sonra Ziqetvar qalasını geri alan Hasburq əsgərləri tərəfindən dağıdılır.

Atasının ölümündən sonra 25 yaşında taxta keçən Qanuni, əsrə yaxın padşahlığı dönəmində ordusu ilə çıxdığı bütün səfərlərin demək olar ki, əksəriyyətində zəfər qazandı. Yaratdığı donanma, ordu Avropada birinci oldu. Buna görə də, imperatorluğun qüdrəti digər dövlətlərdən daha güclü idi. Hətta zəka və gücünə görə, Osmanlı padşahları içində Fatehdən və atası Yavuzdan sonra üçüncü idi. Atasından 6.5 milyon kilometr olaraq təslim aldığı Osmanlı torpaqlarını 15 milyon kilometrə çatdırmışdı. Həmin torpaqlarda Qanuni ilə birlikdə övladları, kürəkənləri və vəzirləri Anadolu və Ruməlinin hər yerində, Rodos və başqa adalarda çox sayda məscid, mədrəsə, xəstəxana, yol, körpülər qurdular. İstanbuldakı Sultan Səlim, Şahzadəbaşı, Canahgir və Süleymaniyə məscidi bu şah əsərlərin ilk sıralarında yer tutur.

Sultan Süleyman türbəsi

Bu abidələrin bir çoxunun müəllifi Memar Sinan idi. Qırx səkkiz illik memarlıq həyatına 375 əsər sığdıran memar Qanuni türbəsini də inşa etmişdi. Türbə, Fatehin Süleymaniyə səmtində, Süleymaniyə məscidinin qiblə divarının önündə yerləşir.

İnşasına Sultanın ölümündən sonra başlanır. Səkkiz guşəli planla təməli atılan türbənin içərisi XVI əsrdə yayğın istifadə edilən çinilərlə bəzənib. Çölü mərmərlə işlənib. Səkkiz guşəli planda ətrafını çevrələyən 33 sütunlu eyvanı olan, 8 sütun daxili və xarici qübbəli möhtəşəm abidədir. Eyvanın örtdüyü aşağı bölümün girişinin hər tərəfində 3 pəncərə mövcuddur. Mənəvi baxımdan olduqca dəyərli əşyalarının yer aldığı Qanuni Sultan Suleyman türbəsinin giriş qismində ziyarətçiləri dəyərli bir daş olan Hecer-ül Esvad qarşılayır.

Rənginin qara olmasına görə Hacer-ül Esvad adlandırılan bu qara daşın əsas parçası Kəbədədir. Üç böyük və bir neçə dənə kiçik parçadan ibarət bu daşın cənnətdən gətirildiyinə inanılır. Bu da həmin daşın bir və Türkiyədəki ən böyük parçasıdır. Hacer-ül Esved, Qanuni Sultan Suleyman Türbəsinə gedən ziyarətçilər tərəfindən ya gözdən qaçır, ya da dəyəri bilinmədiyi üçün çox da marağa səbəb olmur. Xüsusi olaraq qorunan bu daşa toxunmaq qadağandır, hətta toxunan cəzalandırıla bilər.

Türbəyə gəldikdə isə eyvanın alt bölümündəki girişdə cüt pəncərələr mövcuddur. Türbədə ümumilikdə yeddi sarkofaq var. Qapıdan girəndə tam ortadakı sədəf barmaqlıq içindəki böyük sarkofaq Qanuniyə aiddir. Onun solunda digər Osmanlı padşahları II Süleyman və II Əhmədin məzarı var, II Əhmədin tək həyat yoldaşı olan Rabiya Haseki Sultanın məzarı da buradadır. Qanuninin sağında Mihrimah Sultan, onun sağında II Süleymanın anası Saliha Dilaşub Sultanın, ən sağda isə II Əhmədin 3-4 yaşlarında vəfat edən qızı Asya Sultanın sarkofaqları var.

Türbə, Sultan Süleyman üçün oğlu Sultan Səlim tərəfindən xüsusi şəkildə Memar Sinana inşa etdirilib.

Süleymaniyə məscidinin yanında yerləşən türbənin ətrafında başqa türbələr də mövcuddur. Onlardan biri də Hürrəm Sultan türbəsidir.

Hürrəm Sultan türbəsi

Hürəm Sultanın Sultan Süleyman ilə birlikdə çıxdığı Ədirnə gəzintisində bir müddətdir onu narahat edən xəstəliyi ağırlaşır. Həkimlərin bütün müdaxilələrinə rəğmən, 1558-ci ildə ölür və Süleymaniyə Məscidinin yaxınlığında dəfn edilir. Sultan Süleymanın əmri ilə Memar Sinan hərəkətə keçir və türbə inşasına başlayır. Türbənin tamamlanmasından sonra Hürrəm Sultanın məzarı buraya köçürülür.

Türbə səkkizguşəli plan əsasında inşa edilib. Hündürlüyü dörd metrə yaxındır. Yonulmuş daşdan inşa edilən abidəni çənbərə oturan qübbə örtməkdədir. Girişdə üçgözlü eyvan və yeddi pəncərə mövcuddur.  Divarların içində 8 ədəd müqar və çini ilə bəzənmiş niş var. Pəncərələrin üstlərində olan çini lövhələrdə ayətlər yer almaqdadır. Türbənin qübbəsindəki orijinal qravür bəzəklər yanlış restevrasiya səbəbi ilə yox olub.

Xüsusilə içindəki çinilərin rəng və kompozisiyası memarlıq və sənət tarixində xüsusi əhəmiyyət daşımaqdadır. Osmanlı klassik dönəm abidələrindən biri olan bu türbənin divarları çini örtük ilə işlənib və dizaynı saray nəqqaşları tərəfindən hazırlanıb. Bəlkə də ilk dəfə bir türbədə çiçək açmış meyvə budaqları motivi işlənib. Bunlar lalə, qərənfil, sünbül, nar çiçəyi, səlvi ağacıdır. Altında Sinanın imzası olan bu abidə, memarın öz peşəsində dahiliyə ucaldığı əsəri olan Süleymaniyə Külliyəsinin bir parçası olaraq günümüzə gəlib çatıb. Türbənin içərisində Hürrəm Sultan, II Səlimin oğlu şahzadə Mehmet, Qanuninin bacısı Xədicə Sultanın qızı Xanım Sultanın məzarı var.

Dahinin sadəliyi

Memar Sinana inşa etdirilən həmin türbələrin yaxınlığında, Süleymaniyə məscidinin həndəvərində Fətva yoxuşu ilə Memar Sinan küçəsinin kəsişməsində 1588-ci ildə Memar Sinan özünə inşa etdiyi, diqqət çəkməyən, özünü sultanlarla eyni sıraya qoymamaq üçün arxa tərəflərdə sadə görkəmi olan türbəsi də var. Memarın vaxtilə yaxınlıqda yerləşən evi və məktəb günümüzə gəlib çıxmayıb. Türbənin ətrafı iki tərəfdən hündür divarlarla əhatələnib

Abidə yonulmuş daş və mərmərdən inşa edilib. Memar Sinanın sarkofaqının önündəki pəncərənin üstündə mərmərdən bir kitab var. Sülüs yazısı ilə yazılmış bu kitabə Naqqaş Sainin əsəridir. Yarı açıq türbə bir-birinin içindən keçən kəmərlərlə 6 sütunu birləşdirir. İçəridə Sinandan əlavə, üç şəxsin məzarı var. Bu məzarlardan ikisinin kimə aid olduğu məlum deyil. Bəzi qaynaqlarda soldakı məzarın Memar Sinanın ikinci həyat yoldaşı Gülruh Xatuna, sağdakının da nəvəsinə aid olduğu deyilir. Üçüncü məzar isə neoklassik dövrün qabaqcıl memarlarından Əli Tələt bəyə məxsusdur. Tələt bəy 1922-ci ildə ölür, dostları onu heyran olduğu Memar Sinanın yanında dəfn edirlər.

Baş bədənə ağrlıq eləyəndə...

Gələk əsas və üz qızardan məsələyə. 1930-cu illərdə türklük mübahisələrinə görə Memar Sinan "başını itirir". "Bu böyük sənətkar ancaq türk ola bilər" deyən bir qrup milliyyətçinin mübahisə və müzakirələri ilə 1935-ci ildə Sinanın məzarı açılır. Əslən rum və ya erməni olduğu yönündəki iddialara görə, Sinanın kəllə qapağı məzarından çıxarılır və araşdırılması üçün Ankaraya aparılır. Elə həmin il qəzetlərdə "Memar Sinan kökünə qədər türkdür" yazıları çap edilir.

O vaxtdan bəri 89 il keçməsinə baxmayaraq, memarın kəllə qapağının hələ də kimin evində, hansı muzeydə olduğu bəlli deyil.

Topqapı Sarayındakı arxiv muzeydə olan sənədlərdə mütəmadi olaraq "Sinan-i Kayseri, Kayseri məşhur nam-ı, Abdullah oğlu" ifadələri təkrarlanır. 1574-1588-ci illər arasında yazılmış olan bu sənədlərdə böyük usta Memar Sinanın Kayseri kökündən olan bir devşirmə, yəni əslən xristian olduğu açıq-aydın dilə gətirilir. İstanbul mədəniyyətinə, tarixinə ölümsüz əsərlər bəxş edən, hətta hələ də həmin əsərlər üzərindən milyonlar qazanılmasına şərait yaradan bir dahinin əslən hansı millətdən olduğunun nə əhəmiyyəti var? Görəsən, yaşadığımız coğrafiyadakı insanların əksəriyyətinin bu qədər eqoist olmağının səbəbi nədir? Niyə heç bir şəkildə tətmin olmağı bacarmırlar? Məsələn, Memar Sinanın türk və ya qeyri-türk olmağı nəyi dəyişəcək? Bir dahini məişət səviyyəsinə endirmək üçün insan primitivliyin hansı dərəcəsini yaşamalıdır? Görəsən, İstanbulu su ilə təmin etməsinə rəğmən, evinə gələn suyun Sultan II Səlim tərəfindən kəsildiyinə görə, ölüm ayağında ikən evində dodağını islatmaq üçün bir damla su tapılmayan Memar Sinanın günahı nə idi ki, onu bu adamlar nə ölüsünü, nə də dirisini rahat buraxdılar? Bu coğrafiyada doğulub, yaşamaqmı? Sırf boş bir iddia üçün bir dahinin kəllə qapağını ilim-ilim itirən, ona sahib çıxmağı bacarmayanlara nə deməli?

Təəssüf ki, bu gün Memar Sinan məzarında başsız halda uyuyur. Daha doğrusu, uyuyurmu, yoxsa dörd dönürmü, orası bəlli deyil!

İbn Haldun haqlı idi, "Coğrafiya kaderdir".

 

Türkan TURAN

525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.14;15.