Heykəlləşən
şuşalılar
Onlarca dünya şöhrətli şəxsiyyətlər
yetirmiş zəngin tarixli Şuşanı büstsüz, heykəlsiz,
məqbərəsiz təsəvvür etmək olmaz.
Şuşalıların həyatında pozulmaz izlər
qoymuş hadisələrlə, dahi insanlarla bağlı
binalarda, küçə və meydanlarda xatirə lövhələri
vurulmuş, onların şərəfinə memarlıq abidələri
ucaldılmışdır. Tuncdan tökülən, mərmərdən
və qranitdən yonulan bu sənət əsərləri
şəhərin gözəlləşməsində təbii
şəraitlə bərabər, çox böyük və əhəmiyyətli
rol oynayırdılar. Molla Pənah Vaqifin, Xurşudbanu Natəvanın,
Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Mir Həsən
Vəzirovun, Bülbülün, Hüsü Hacıyevin
görümlü yerlərdə qoyulmuş büstləri,
YUNESKO-nun xəttilə Mir Möhsün Nəvvabın məzarı
üzərindəki qırmızı mərmərdən
ucaldılmış abidə-barelyefi, Qasım bəy Zakirin qəbirüstu
abidəsi və sair heykəltaraşlıq nümunələri
Şuşanın memarlıq aləminin bəzəyinə
çevrilmişdi. Bu heykəltaraşlıq nümunələri
şəhərin ayrı-ayrı guşələrinə
xüsusi gözəllik və dərin məzmun verməklə
yanaşı, həmin yerlərin özünəməxsus
koloritini tamamlayaraq onu daha da zənginləşdirirdi.
Şuşalı mədəniyyət və incəsənət
xadimlərinin, qəhrəmanlarının Bakıda və bir
çox ölkələrin paytaxtlarında
ucaldılmış heykəl və büstləri, xatirə
lövhələri (məsələn, Vladiqafqaz şəhərinin
Butırin küçəsindəki 5 nömrəli binada
çar ordusunun polkovniki Rza bəy Axundova məxsus olan evin
ön tərəfində öz həyatlarının müxtəlif
dövrlərində burda yaşamış general-leytenant Səməd
bəy Mehmandarovun və Üzeyir Hacıbəyovun doğma
şəhərləri Şuşanın azad edilməsi
günündə - noyabr ayının 8-də
açılmış xatirə lövhələri) həmin
şəhərlərin yaraşığını
artırır və daha da baxımlı edir.
Ötən əsrin sonlarına yaxın
Şuşanın memarlıq xəritəsinə yeni-yeni
ünvanlar yazılmış, hər bir il onun tarixində dərin
izlər buraxmışdır. Şərqdə ən
böyük monumental heykəltaraşlıq nümunələrindən
sayılan və çox gözəl emosional təsir
bağışlayan Molla Pənah Vaqifin "Cıdır
düzü"ndə ucaldılmış əzəmətli
məqbərəsinin təntənəli
açılışı ilə Şuşanın tarixinə
daha bir şanlı səhifə yazılmış, şəhərin
müasir memarlığına əzəmətli bir abidə də
daxil olmuşdur (14 yanvar 1982-ci il). Müəllifləri akademik
Əbdülvahab Salamzadə, respublikanın əməkdar
memarı Eldar Kanukov, respublikanın əməkdar rəssamı,
heykəltaraş Albert Mustafayev Azərbaycanda və bir sıra
Yaxın Şərq ölkələrində geniş
yayılmış, tarixi-memarlıq üçün ənənəvi
olan qüllə məqbərələrin kompozisiya
formasını yenidən, böyük yaradıcılıqla
işləmişdir. Qüllənin planında kvadrat
formalı 20 metrlik hündürlüyü olan tikinti elə
bil ki, qayadan qalxaraq ətraf mənzərəyə harmonik
şəkildə uyğunlaşmışdır. Memorial
tikintinin arxitektura kompozisiyası özlüyündə
aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş
həcm kimi təqdim olunmaqla iki hissədən ibarətdir:
aşağı kəsik piramida formasında xüsusi möhkəmlik
və monumental görünüşü, yuxarı hissə
dinamik olaraq yuxarıyacan olan pilonlu dördkünc qüllə.
Zəngin təbii sərvəti olan Qarabağ
torpağı inşaatçılara və memarlara davamlı
və gözəl material vermişdir. Monumental divarlara və
dördkünc qüllənin pilonlarına qırmızıya
çalan çəhrayı mərmərdən üz çəkilmişdir,
içərinin bəzəyi isə açıq boz mərmərlə
və rəsmlə həyata keçirilmişdir.
Memorial zalın mərkəzində, əsas girəcəkdə,
Vaqifin qəbri üstündə tünd yaşıl rəngli
qranitdən düzbucaqlı sarkofaq qoyulmuş, zalın
içərisində isə qarşı tərəfdəki
divarda stela üzərində şairin ağ mərmərdən
heykəltaraş portreti yerləşmişdir.
İnteryerdə fəza tikintisi özünəməxsus
və orijinallıqla düşünülmüşdür,
ciddi arxitektonikalar və artıq plastik üslubları yoxdur.
Daxili boşluğun belə sadə tərtib edilməsi
bütün diqqəti əsas kompozisiyada
fokuslaşdırmağa - şairin sarkofaqında və heykəltaraşlıq
portretində cəmləşdirməyə maksimal imkan verir.
Sarkofaq şairin axırıncı dayanacağının
simvolu, barelyefi isə nəsillər üçün abidə
portretidir. Zövqlə seçilmiş rənglər
qamması interyerə təntənəlik görkəmi verir,
abidə zalının açıq, boz mərmər divarlar
fonunda tünd-yaşıl sarkofaqın düzgün həndəsi
həcmi və Vaqifin dümağ portreti çox gözəl
görünür. Böyük ilham və incəliklə
işlənmiş barelyef dahi vətəndaş, təmizqəlbli,
müdrik və səmimi bir insanın görkəmini müvəffəqiyyətlə
əks etdirir.
Yastı örtüklü kvadrat mərkəzi
binanın planında kompozisiya həllinin özəyini təşkil
edir. Bu, həqiqətən də, müəlliflərin
düşündüyü kimi, təkcə Vaqifin dəfn yeri
deyil, eyni zamanda saysız-hesabsız xarici qonaqların, minlərlə
Vaqif poeziya pərəstişkarlarının istədikləri
vaxt gəlib, yad etdikləri xatirə abidəsidir. Elə bu
zamandan Şuşanın müasir memarlığına
xalqın müqəddəs bir yer saydığı Vaqifin əzəmətli
mavzoleyi də daxil olmuşdur.
Məqbərənin memarlıq üslubu tikintinin
funksional təyinatının şəhər tikintisi
kompozisiyasında yerini yenidən göstərir. Sözsüz
ki, bu, yeni memorial tikintidir və burda yenilik xalq mədəniyyətinin
qədim ənənələri ilə üzvi surətdə
birləşdirilmişdir. Memorial abidənin bütün həcmində
yüksək memarlıq keyfiyyətləri öz əksini
tapmışdır.
Üzeyir Hacıbəyovun heykəli bəstəkarın
anadan olmasının 100 illiyi münasibətilə doğulub
boya-başa çatdığı Şuşada qoyulmuş əzəmətli
və monumental abidədir. Heykəlin müəllifi Azərbaycan
SSR Dövlət mükafatı laureatı, heykəltaraş
Əhməd Salikovdur. Hündürlüyü 8 metr olan abidə
bəstəkarın evinin qarşısında - Xan qızı
Natəvanın bağında qoyulmuşdur. Üzeyir bəy
ayaq üstə və müdrik çağında təsvir
edilmişdir. İlk növbədə, abidənin
kompozisiyası diqqəti cəlb edir. Bağa girəndə
dahi bir insanın dərin düşüncələrə
dalmış obrazı göz önündə əzəmətlə
canlanır. Heykəltaraş əsas diqqətini heykəlin mənəvi
məzmununa yənəldərək Şərq musiqisinin yeganə
dahisinin daxili gözəlliyini, ölməz obrazını, əzəmətli
simasını mənalı şəkildə əks
etdirmişdir. Mülayim təbiətli bəstəkarın
xarakterinin açılmasında əsas rolu onun baxışları
oynayır. Müəllif musiqi dahisinin yaradıcılıq
duyğularını, psixoloji anlarını məharətlə
və dolğunluqla verə bilmişdir. Yaratmaq eşqilə xəyala
dalmış bəstəkar sanki özünün yüksək
yaradıcılıq anında dərin fikrə getmiş,
bütün diqqəti yeni bir əsər üzərində cəmlənmişdir.
Onun baxışı və duruşu da sanki başdan-ayağa
bir musiqidir. Heykələ tamaşa etdikcə elə bil
Üzeyir musiqisini dinləyir, onun əfsanəvi qəhrəmanlarının
sözlərini eşidirik. Bəstəkarın simasında
xeyirxahlığın, təvazökarlığın,
müdrikliyin izləri də görünür ki, bu da onun
xarakterini tamamlayır. Bütün bunlar heykəltaraşın
təxəyyülündən gəlmiş və abidəyə
hopmuşdur. Ümumiyyətlə, heykəlin romantik ruhu dərin,
emosional təsir bağışlayır. Şuşanın
şöhrət bayrağı kimi ucalan bu abidənin təntənəli
açılışı (1985) respublikanın mədəni və
mənəvi həyatında mühüm bir hadisəyə
çevrilmiş, Azərbaycan heykəltaraşlığının
son illərdəki nailiyyətlərindən biri kimi qiymətləndirilmişdir.
Mir Möhsün Nəvvab Qarabağinin qəbri
Cıdır düzündə ana babası Mir Fəseh
ağanın adı ilə adlandırılan qəbiristanlıqda
Molla Pənah Vaqifin məqbərəsinin
yaxınlığında idi. Oğlu Mir İbrahim Ağamirzadə
qəbir daşı üzərində aşağıdakı
maddeyi-tarix yazmışdır: "Böyük Nəvvaba
heyiflər olsun! Öz dövrünün arif, kamil şəxsiyyəti
olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak
övladı bir çox kitablar yazmışdır ki, cahanda
yadigar qalsın. Allah ona rəhmət eləsin hər vaxt gecə-gündüz.
Nəvvab 1919-cu il rəbiül-əvvəl ayının 29-da
vəfat etmişdir".
1960-cı ildə YUNESKO-nun xəttilə Mir
Möhsün Nəvvab Qarabağinin qəbri üzərində
qırmızı mərmərdən abidə-barelyef
qoyulmuşdu. Müəllifləri heykəltaraş Tokay Məmmədov
və memar Rasim Əbdürrəhmanov idi.
Qasım bəy Zakirin qəbirüstü abidəsi
şairin anadan olmasının 200 illiyi ilə əlaqədar
olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
xüsusi qərarına əsasən 1984-cü ildə
Şuşada Mirzə Həsən qəbiristanlığında
qəbrinin üstündə qoyulmuşdur. Kiçik bir təpə
üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir.
Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn
olunmuş və XIX əsrdə yaşamış görkəmli
şəxslərin - Mirzə Camal Cavanşirin, Rzaqulu bəy
Mirzə Camal bəy oğlu Cavanşirin (Vəzirovun) və
Mirzə Ələsgər Növrəsin məzarları da bərpa
edilmiş, kiçik təpəcikdə gül-çiçək,
ağaclar əkilmiş, ora çəmənzara
çevrilmişdir.
Molla Pənah Vaqifin büstü 1958-ci ildə qəbrinin
üstündə qoyulmuşdur. 1982-ci ildə şairin
Cıdır düzündə mavzoleyinin tikilməsi ilə əlaqədar
postamenti dəyişdirilərək evinin qarşısına
köçürülmüşdür. 1992-ci ildə erməni
vandalizminə məruz qalaraq
dağıdılmışdır.
Büst 2022-ci ildə onun müəllifi, əməkdar
incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz
layihəsi əsasında bürüncdən yenidən düzəldilmişdir.
Büstün açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Mehriban
xanım Əliyeva iştirak etmişlər.
Xurşudbanu Natəvanın abidəsi Bakıda "Azərbaycan"
kinoteatrının qarşısındakı meydançada
ucaldılmışdır. Müəllifi heykəltaraş
Ömər Eldarovdur. Postamentin layihəsini memarlar
Ə.İsmayılov və F.Leontyeva
hazırlamışdır. Fiqurun hündürlüyü 2,5
metr, ümumi hündürlüyü isə təqribən 5
metrdir.
Abidənin açılışı 1960-cı il
fevralın 18-də olmuşdur. Şairin nəvələri
Sima Hüseynova, Şəhla Ağamirova, nəticəsi Leyla
Usmiyeva tədbirdə iştirak etmişlər.
Açılışda partiya və dövlət xadimləri
Vəli Axundov, Ənvər Əlixanov, Süleyman Vəzirov,
Kamran Hüseynov, yazıçı və şairlər - Mehdi
Hüseyn, Cəfər Xəndan, Mirvari Dilbazi və
başqaları nitq söyləmiş, şeirlər demişlər.
Üzeyir Hacıbəyovun abidəsi 1960-cı il
mayın 2-də özünün adını daşıyan Azərbaycan
Dövlət Konservatoriyasının qarşısında
ucaldılmışdır. Müəllifləri heykəltaraş
Tokay Məmmədov və memar Hacı Muxtarovdur. Bəstəkar
oturmuş, sanki dərin fikrə dalmışdır. Tuncdan tökülmüş
heykəl çəhrayı rəngli qranit postament üzərində
qoyulmuşdur. Abidənin ümumi hündürlüyü 6
metrdir, heykəl isə 3 metr hündürlükdədir.
Yaqub Quliyevin abidəsi. Büst 1941-1945-ci illər
İkinci Dünya müharibəsində faşist Almaniyası
üzərində tarixi qələbənin 15 illiyi ərəfəsində
Türkmənistan Respublikasının Marı şəhərinin
mərkəzində, görümlü bir yerdə, Lenin
adına bağda qoyulmuşdur. Abidə həmyerlimiz, Stalinqrad
döyüşlərinin qəhrəmanı, 4-cü
süvari korpusunun komandir müavini, general-mayor Yaqub Quliyevin
(1900, Şuşa - 22.XII.1942, Stalinqrad) şərəfinə
ucaldılmışdır.
Xan qızı Natəvanın qəbirüstü abidəsi
şairin anadan olmasının 150 illiyi münasibəti ilə
1980-ci ildə Ağdamda "İmarət" adlanan
memarlıq kompleksində qoyulmuşdur. Abidənin müəllifi
heykəltaraş Elcan Şamilovdur. Heykəltaraş mövzunu
xüsusi qayğı və səmimiyyətlə işləmiş,
Natəvanı təkcə bədii söz ustası kimi yox, həm
də bir ana, zərif qadın kimi təsvir etmişdir.
Kompozisiyada əsas iki xətt - kədər və nikbinlik kimi
həyati mövzu öz əksini tapmışdır. Şairin
üzündə məruz qaldığı bütün
ağrı və çətinliklərlə yanaşı,
xeyirxahlığın da izləri görünür. O, təkcə
əzab çəkən bir qadın deyil, həm də mənəviyyatca
gözəl insan, mübariz bir qəhrəmandır. Heykəltaraş
Natəvana xas olan həyati detalları kompozisiyada böyük
bir ilhamla canlandırmışdır. Əsərdə üz
cizgiləri, paltar bükümləri də sənətkarlıqla
həll olunmuşdur. Tamaşaçı xalqının oduna
yanan bu həssas insanın mətin iradəsinə inanır.
Surətin psixoloji dərinliyi, təsvir elementləri Natəvanı
tamaşaçıya bir ana kimi də təqdim edir. Bu mənada
abidə XIX əsr Azərbaycan qadınlarının Natəvanın
simasında yeni ifadəsidir.
Heykəltaraş əsərdə ana-övlad
münasibətinin lirikasına da üstünlük
vermişdir. Xaricən sakit görünən obrazda dərin
bir psixoloji ruh hakimdir. Şair göz yaşlarını
boğa bilmir. Onun baxışları həyatdan vaxtsız
getmiş və yanında uyuyan istəkli oğlu Mir Abbasın
məzarına dikilmişdir. Müəllif əsərdə
şairin duyğularına, hisslərinə ictimai məna vermək
istəmişdir. Natəvanın çöhrəsi,
saçları, geyimi elə ahənglə verilmişdir ki,
tamaşaçı sadəcə olaraq əsərə
baxmır, elə bil axıb-gələn kədərli bir
melodiyanı dinləyir. Bu gözəl sənət əsəri
Xan qızının həyatının bir növ rəmzi
ifadəsinə çevrilmişdir.
Üzeyir Hacıbəyovun Vyanada heykəli 2006-cı
il mayın 30-da Avstriyanın paytaxtında dünya mədəniyyətinin
tanınmış simalarının abidələrinin
ucaldığı Dunay parkında qoyulmuşdur. Azərbaycanın
Avstriyadakı Səfirliyinin təşəbbüsü ilə
dahi Motsartın vətənində ucaldılmış abidə
mədəniyyət sahəsində Avstriya-Azərbaycan əlaqələrinin
yüksək səviyyəsinin rəmzinə
çevrilmişdir. Heykəlin müəllifi xalq rəssamı,
heykəltaraş Ömər Eldarovdur.
Qara qranitdən yonulmuş heykəlin postamenti üzərində
alman və Azərbaycan dillərində
aşağıdakı yazı həkk olunmuşdur:
"Böyük Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyov (1885, Şuşa - 1948, Bakı)".
Tofiq Bəhramovun heykəli 2006-cı ildə respublika
stadionunda ucaldılmışdır. Bu, dünyada futbol
hakiminin şərəfinə qoyulmuş ilk abidədir. Müəllifi
heykəltaraş Məmmədnicat Salahovdur.
Hündürlüyü 3 metr, pyedestalın
hündürlüyü isə 1 metr 20 santimetrdir.
Heykəlin açılışı 2006-cı il
Dünya çempionatının seçmə mərhələsi
çərçivəsində İngiltərə
yığma komandası ilə Azərbaycan yığma
komandasının görüşündən əvvəl
olmuşdur. Açılış mərasimində AFFA-nın
prezidenti Ramiz Mirzəyev, 1966-cı ildə futbol üzrə
İngiltərədə keçirilmiş 8-ci dünya
çempionatında Tofiq Bəhramovun idarə etdiyi final
oyununda (İngiltərə-Almaniya) həlledici qolun müəllifi
Cefri Heret, FİFA-nın prezidenti Jozef Blatter və icraiyyə
komitəsinin üzvü Mişel Platini də iştirak etmişlər.
Üzeyir Hacıbəyovun Sumqayıtda öz
adını daşıdığı küçədə
abidə kompleksi 2010-cu il sentyabrın 17-də
açılmışdır. Müəllifi şəhərin
baş rəssamı Vaqif Nəzirovdur. Abidənin
hündürlüyü 12 metrdir. Kompleksin inşa edildiyi
xiyabanın eni 23, ərazisinin sahəsi 61 metrdir.
Yaşıllaşdırılan sahələrdə çəmən,
dekorativ ağac və kollar əkilmiş, oturacaqlar
qoyulmuş, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Royal formasında olan
postament qara qranitlə üzlənmiş, onun yüksələn
hissəsi orqan borularının simvolik təsviri kimi
verilmişdir. 5 metr hündürlükdə yerləşdirilmiş
bürünc barelyefin fonu ağ mərmərdən,
üzük qaşı şəklində işlənilmişdir.
Qarşı tərəfdə isə eyni fon üzərində
milli musiqi alətlərimiz - tar, kamança və qavalın
tökmə bürünc təsviri yerləşdirilmişdir.
Aslan Vəzirovun Belorusiyanın Mogilyov şəhərində
İkinci Dünya müharibəsində II Belorusiya Cəbhəsi
Baş Komandanlığının birinci qvardiya mühəndis-istehkam
briqadasının komandiri, polkovnik, Sovet İttifaqı Qəhrəmanı
Aslan Vəzirovun xatirəsinə həsr olunmuş memorial
kompleksin yaradılmasının təşəbbüskarı
və əsas təşkilatçısı Mogilyovdakı
"Azəri" ictimai birliyinin sədri İlyas İlyasov,
müəllifi Belorusiya Rəssamlar İttifaqının
üzvü, heykəltaraş Kamil Kamaldır. 2009-cu il iyulun
1-də təntənəli açılış mərasimi
olmuşdur. Mərasimdə Azərbaycanın Belorusiya
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Əli Nağıyev çıxış
etmişdir.
Üzeyir Hacıbəyovun Şəmkirdə abidə
kompleksi 2010-cu ilin avqust ayında şəhərin
"İstiqlal" parkında ucaldılmışdır. Azərbaycan
heykəltaraşlığının nadir incilərindən
olan bu kompozisiyanın müəllifi heykəltaraş Azad
Əliyevdir. Kompozisiyada heykəltaraş Üzeyir bəyi royal
arxasında, Azərbaycan dövlət himninin sözlərinin
müəllifi Əhməd Cavadı isə ayaq üstə
royala söykənərək əlində tutduğu vərəqdəki
himnin sözlərini oxuyan vəziyyətdə təsvir
etmişdir. Qara qranitdən düzəldilmiş, üzərində
bürünc şamdan dayanmış bürünc ayaqlı,
bürünc pedallı ağ mərmər klavişli bu royal,
Üzeyir Hacıbəyovun və Əhməd Cavadın əzəmətli
heykəlləri də sanki canlıdır. Bu əsər Azərbaycan
himninə ucaldılmış bir sənət xarüqəsidir.
Dahi bəstəkarın Şəmkirdəki abidə
kompleksinin açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iştirak
etmişdir.
Fikrət Əmirovun abidəsi - Bakının mərkəzində,
paytaxtın ən gözəl guşələrindən birində,
bəstəkarın adını daşıyan küçədə
qoyulmuşdur. Müəllifi Azərbaycan Respublikasının əməkdar
rəssamı, heykəltaraş Namiq Dadaşovdur. Abidənin ətrafı
tamamilə abadlaşdırılmış, burda yeni park
salınmışdır.
Heykəlin açılışı 2011-ci il sentyabr
ayının 19-da olmuşdur. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev açılış mərasimində
iştirak etmişdir.
Üzeyir Hacıbəyovun büstü 2011-ci il iyunun
9-da Serbiyanın Veyevedina Muxtar Diyarının paytaxtı
Novı Sad şəhərində Azərbaycan Prezidentinin təşəbbüsü
və yardımı ilə qoyulmuşdur.
Açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Serbiya
Prezidenti Boris Tadiçin iştirak etmişlər.
Natəvanın Belçikada abidəsi Belçika
Krallığının turizm şəhərlərindən
olan Vaterloda qoyulmuşdur. Açılışı
2016-cı il fevralın 19-da olmuşdur. Heykəli SSRİ xalq
rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltaraş
İmran Mehdiyev hazırlamışdır. Şəhər
parkında ucaldılmış və Qarabağ
xanlığının tarixini özündə əks etdirən
abidənin postamentində "Şərqin müasir
maarifçi və şair qadını Xurşudbanu Natəvan,
Qarabağ şahzadəsi, Azərbaycan" sözləri
yazılmışdır.
Heydər Əliyev Fondunun köməyi ilə
keçirilmiş açılış mərasimində Azərbaycan
Respublikasının Belçika Krallığındakı səfiri
Fuad İsgəndərov və Vaterlo şəhərinin meri
Floran Roter iştirak etmişdir.
Bülbülün abidəsi - 2012-ci il oktyabrın 31-də
Bakının mərkəzində, Bülbül prospektində,
müğənninin yaşadığı evin
yaxınlığında ucaldılmışdır. Görkəmli
opera müğənnisi, Azərbaycan professional vokal sənətinin
banisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə
tuncdan ucaldılmış abidənin müəllifi heykəltaraş
Akif Əsgərovdur.
Bülbülün abidəsinin açılış
mərasimində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iştirak etmişdir.
Rəşid Behbudovun abidəsi 2015-cı ildə
Bakı şəhərində Rəşid Behbudov
küçəsində müğənninin adını
daşıyan dövlət mahnı teatrının
qarşısında ucaldılmışdır. Heykəlin
hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Müəllifi Azərbaycanın xalq rəssamı Fuad
Salayevdir.
Abidənin açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Mehriban
xanım Əliyeva iştirak etmişlər.
Xarıbülbül abidəsi 2017-ci ildə Türkiyənin
Bolu şəhər Bələdiyyəsinin Qarabağ parkında
qoyulmuşdur. Açılışı Xocalı
soyqırımı qurbanlarının anım tədbirində
olmuşdur. Tuncdan tökülmüş abidə-kompozisiyada
bir neçə atribut var: xarıbülbül həm
güldür, həm də bülbül. Abidənin
önündə Molla Pənah Vaqifin, Xurşudbanu Natəvanın
ruhunu, muğamlarımızı bildirən atributlar, arxa tərəfində,
bülbülün qanadının altında isə Gövhər
ağa məscidinin salamat qalmış üç hissəsi təsvir
edilmişdir. Abidə-kompozisiyanın müəllifi heykəltaraş
Akif Əsgərovdur.
Niyazinin abidəsi 2017-ci il fevralın 2-də Bakıda
dirijorun adını daşıyan küçədə yerləşən
parkda ucaldılmışdır. Bürüncdən
tökülən heykəlin hündürlüyü 3,
pyedestalla birlikdə isə 4 metrə yaxındır. Üst
pilətəsi royal qapağı formasındadır. Pyedestal isə
qranitdən hazırlanmışdır. Heykəlin müəllifi
Azərbaycanın xalq rəssamı Ömər Eldarov,
memarı isə respublikanın əməkdar memarı Elbay
Qasımzadədir.
Abidənin açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Mehriban
xanım Əliyeva iştirak etmişlər.
Qarabağ atı abidəsi 2017-ci il martın 25-də
Belçikanın Ham şəhərində qoyulmuşdur. Azərbaycan
Atçılıq Federasiyasının köməyi ilə ərsəyə
gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti
tərəfindən Ham bələdiyyəsinə hədiyyə
edilmiş və şəhərin mərkəzi meydanında
ucaldılmışdır. Müəllifi heykəltaraş
Faiq Hacıyevdir.
Açılış mərasimində şəhərin
meri Dirk De Vis, Azərbaycan Respublikasının
Belçikadakı səlahiyyətli və fövqəladə
səfiri Fuad İsgəndərov çıxış
etmiş və bu abidənin iki xalq arasında dostluq rəmzi
olduğunu bildirmişlər.
Natəvanın Fransada heykəli - 2017-ci ildə Azərbaycanın
İsmayıllı və Fransanın Evian-le Bən şəhərləri
arasında imzalanmış dostluq və əməkdaşlıq
xartiyası çərçivəsində Xurşudbanu Natəvanın
heykəli həmin fransız şəhərinə hədiyyə
verilmişdir. Abidə Leman gölü sahilində yerləşən
"Azərbaycan parkı"nda "Dostluq bloku" düzəldilmiş
və şairin heykəli qoyulmuşdur. Abidənin müəllifləri Səlhab Məmmədov
və Əli İbadullayevdir.
2023-cü ilin sonlarında heykələ qarşı
vandalizm aktı törədilmişdir. Bununla əlaqədar
şəhərin meriyası ilə danışıqlar aparılmış,
lakin fransızlar abidəni layiqli şəkildə saxlaya bilməmişlər.
Heykələ qarşı törədilmiş vandalizm
aktlarına - üzərinə boya tökülməsinə,
heykəlin burnunun və barmaqlarının
sındırılmasına şəhər meriyası
etinasızlıq göstərmiş, heykəl təmizlənməmiş,
onun üzərində bərpa işləri
aparılmamış və aylarla bürünmüş şəkildə
qalmışdır. Heykəl Azərbaycan tərəfindən
az bir zamanda bərpa edilərək Azərbaycan Səfirliyinin
Mədəniyyət Mərkəzinin həyətində yenidən
ucaldılmışdır.
Güllələnmiş heykəllər - Bakıda incəsənət
muzeyinin həyətində qoyulmuş üç dahi şəxsiyyətin
- Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun və
Bülbülün güllələnmiş büstlərini hər
birimiz görmüş, acı hisslərlə tamaşa
etmişik. Adlarını insanlıq və mədəniyyət
düşmənləri kimi tarixə yazan erməni vəhşiləri
cansız heykəlləri də gülləbaran etmişlər.
Bu vandallar xislətlərinə xas davranaraq Şuşanın
işğalından sonra bütün tarixi, mədəni, dini
abidələrimizə qarşı olduğu kimi bu üç
büstə qarşı da vəhşilik nümayiş
etdirmiş, sanki cansız heykəllərdən də qisas
almağa çalışaraq onları güllələmişlər.
Və tamahkarlıqla bu mədəniyyət nümunələrini
əritmək, onlardan qazanc əldə etmək
iştahasına düşmüşlər. Amma bu iyrənc
arzularına çata bilməmiş və yaralı büstlər
Ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər
nəticəsində düşmənin əlindən xilas edilərək
bir gün mütləq Şuşaya qaytarılacaq qətiyyəti
ilə Bakıya gətirilmiş və müvəqqəti
olaraq incəsənət muzeyinin həyətində yerləşdirilmişdir.
Lakin Şuşa azad edildikdən sonra Prezident, Ali Baş
Komandan İlham Əliyevin şəxsi təşəbbüsü
ilə bütün şuşalılar kimi, Natəvan,
Üzeyir Hacıbəyov və Bülbül də
Böyük qayıdışın ilk sakinləri kimi öz
evlərinə qayıtdılar və bu büstlər əbədi
olaraq Azərbaycan ədəbiyyatı və tarixinə
güllələnmiş heykəllər kimi düşdü.
Vasif QULİYEV
525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.12-13.