Ailə mühiti və
valideyn-övlad münasibətləri: tərbiyə
üçün zəruri keyfiyyətlər
Yeni doğulmuş körpə, xüsusən ilk
övlad ailəyə təkcə sevinc və şadlıq gətirmir,
onun gəlişi ilə ailədə fərqli ab-hava, canlanma
yaranır, daha ciddi məsuliyyət duyğusu baş
qaldırır. Valideyn cavabdehliyi, övlad qayğıları
məhz bu xoş hadisədən sonra meydana gədiyi
üçün ailədə valideyn-övlad münasibətləri
də bunun sayəsində yaranmağa başlayır.
Uşağın valideynlərinə mehr-məhəbbətinin,
ülvi bağlılığının ilk
qığılcımları da bu zaman parlayır. Eləcə
də uşağa hər gün diqqət yetirmək, onu
qidalandırmaq, onun meyl-maraqları ilə tanış olmaq və
onları vaxtında, qaydasınca təmin etmək valideynlər
üçün əsas vəzifəyə çevrilir.
Uşaqlar ata nəvazişinə və
qayğısına, ana sevgisinə böyük ehtiyac duyurlar.
Bu, uşaqların gələcəkdə Vətənə, cəmiyyətə
və ailəyə dəyərli şəxsiyyət kimi
yetişməsinə kömək edir. Valideynlər
uşaqlarının tərbiyəsilə gündəlik məşğul
olmalı, onların hərəkətlərinə diqqət və
nəzarəti gücləndirməlidir. Ata-ana
vaxtaşırı övladlarının fiziki və psixoloji cəhətdən
sağlamlığının da qayğısına
qalmalıdır.
Bəşəriyyət yarandığı gündən
övlad-valideyn münasibətləri zamanın böyük sınaqlarından
keçərək, hər dövrün tələblərinə
uydun şəkildə təkmilləşməklə
inkişaf etmək yolunu tutub. Bugünün ailəsində
mövcud olan münasibətlər sistemi yüz il bundan əvvəlki
deyil. Dünya dəyişdikcə, ailədə təlim-tərbiyə
sahəsinə qoyulan tələblər ildən-ilə daha da
artır, mürəkkəbləşir. Məhz buna görə
də cəmiyyətin özəyi olan ailədə
övlad-valideyn münasibətlərinə yenidən
baxılması və müxtəlif düzəlişlər
edilməsi vacib sayılır. Ailədə bunun
üçün daha əlverişli, münbit şərait
yaradılması və münasibətlərin inkişafı
naminə yeni ideyalar, yeni yanaşma tərzi gətirmək tələb
olunur.
Bu gün vətənimiz Azərbaycanda təlim-tərbiyə
işini dünya standartlarına çatdırmaq, qabaqcıl
ölkələrin təhsil üsullarına və tərbiyə
metodlarına nail olmaq üçün mühüm işlər
görülür. Lakin bu, dünənin və bu günün
işi deyil, tarixi çox qədimlərə gedən məsələdir.
Möhtəşəm ədəbi abidəmiz olan
"Kitabi-Dədə Qorqud" dastanında geniş təsvir
və tərənnüm olunan ailə dəyərləri,
xüsusilə ailə birliyinin sirri, ailədaxili münasibətlər,
övlad tərbiyəsi üsulları qiymətli nümunələr
kimi bu günədək öz aktuallığını qoruyub
saxlayır. Dastanda valideyn-övlad münasibətləri, o
cümlədən, ata və oğul arasında ünsiyyət
tərzi ətraflı əks olunub. Dastanda Oğuz türklərinin
ailə anlayışı, bu yöndəki düşüncə
tərzi, adət və ənənələrə əməl
edilməsi, ailə adlı kiçik dövlətin
ağılla idarə olunması, ailənin birliyinin,
paklığının qorunub saxlanması bu gün
üçün də gözəl mədəni və sosial mənbə
hesab oluna bilər.
Bütün bu cəhətlər uzun zaman ərzində
müxtəlif dəyişikliklərə məruz qalsa da,
tamamilə itib getməmiş, mövcudluğunu saxlayaraq
günümüzədək gəlib
çatmışdır.
Son dövrdə ölkəmizdə tədris
proqramlarının dəyişdirilərək dünyanın
qabaqcıl ölkələrinin təcrübəsinə, tədris
üsullarına və texnologiyalarına
uyğunlaşdırılması, məktəblərlə
yanaşı, valideynlərin də bu sahəyə olan diqqətini
və münasibətini kökündən dəyişdirib.
İndi təhsilverənlərlə yanaşı, təhsilalanlardan
da çoxlu zəhmət, bacarıq və çeviklik, olduqca
məsuliyyətli və diqqətli olmaq tələb olunur.
Ata-ananın bir-birinə olan yaxşı münasibəti
uşaqların tərbiyəsi və gələcəkdə
bir şəxsiyyət kimi formalaşması üçün əla
nümunədir. Mütəxəssis araşdırmaları
göstərir ki, ailədə övlada ata-ana sevgisini
heç nə əvəz edə bilməz. Belə bir deyim var
ki, ailədə yaranan sevgi tərbiyənin ən gözəl
nümunəsidir. Ailə, xüsusilə ana-ata sevgisi o qədər
möhtəşəm və müqəddəsdir ki, əksər
övlad hətta dünyasını dəyişənədək
onu unuda bilmir. Buna görə də uşaqlara hələ
körpə yaşından lazımınca valideyn məhəbbəti
göstərmək lazımdır ki, onlar da bu sevgini gələcəkdə
öz valideynlərinə qaytara bilsinlər. Bütün
bunlarla yanaşı, həm də uşaqlarda
başqalarına qarşı da sevgi hissi yaransın. Valideynlərindən
sevgi və qayğı görməyən uşaqlar adətən
öz uşaqlıq dövrlərini istədikləri kimi,
normal yaşaya bilmirlər.
Psixoloqlar qeyd edirlər ki, ailədə yaşayan
uşaqların xarakteri ailədəki ata və ananın
xarakterinin ən yaxşı nümunəsidir və ailədaxili
mühitə uyğun olaraq formalaşır. Ailədə tərbiyə
alan uşaqlara ata-ana nəsihətindən daha çox
onların valideynlərinin şəxsi nümunəsi daha
yaxşı təsirli olur. Pedaqoq və psixoloqların
çoxu təlim və tərbiyədə uşaqlara
nizam-intizam qaydası kimi onların döyülməsi və
ya digər fiziki və mənəvi cəza növlərinin tətbiq
edilməsinin əleyhinədir. Əgər uşaqlardakı dəcəllik
mühitin ahəngini pozmursa, uşaqların özünə
fiziki və mənəvi cəhətdən zərbə
vurmursa, onların bugünkü səhhətləri və gələcək
həyatları üçün təhlükə
yaratmırsa, dəcəllik çox da qorxulu deyildir.
Çünki tarixdə bəzən çox tərs və
sözəbaxmayan, dəcəl uşaqların arasından qəhrəman
və dahi insanların yetişməsi halları olmuşdur.
Uşaqlarını məktəbəqədər
dövrdə və sonrakı yaş mərhələsində
milli mədəni-mənəvi dəyərlər üzrə
formalaşmasında əsas məsuliyyət və cavabdehliyin
yenə də ailənin, yəni valideynlərin üzərinə
düşməsi barədə fikir hələ də dəyişilməz
olaraq qalır.
Övlad-valideyn münasibətlərinə ciddi zərbə
vuran amillərdən biri valideyn səhlənkarlığı
və nəzarətsizliyi üzündən uşaqların
pis, həyat üçün zərərli, təhlükəli
vərdişlərə qurşanmasıdır. Bu hal bəzi
nadan uşaqlara, yeniyetmələrə və gənclərə
müxtəlif xəstəliklər, qorxunc yoluxmalar, eləcə
də digər bəlalar və faciələr gətirir. Diqqətli
və ayıq-sayıq valdeynlər bu bəlalardan hər an
öz övladlarını qoruya bilərlər.
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının qədimdən
bəri ailə mühiti, valideyn-övlad münasibətləri
ilə bağlı xüsusi ənənələri
yaranıb. Təsadüfi deyil ki, bu ənənələrə
böyük qiymət verən müdrik dövlət xadimi,
müstəqil dövlətimizin memarı və qurucusu olan
Ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi bütün dövrlərdə həmişə ailə
anlayışına, valideyn-övlad münasibətlərinə,
uşaq, yeniyetmə və gənclərin düzgün təlim-tərbiyəsinə
xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu
öndər övlad böyütməyin, onu düzgün tərbiyə
etmək kimi çətin və məsuliyyətli işin Azərbaycanda
əksəriyətin həyatının əsas məqsədi
və mənası olduğunu bildirirdi.
1998-ci il iyunun 1-də Uşaqların Müdafiəsi
Günü münasibətilə keçirilən tədbirdəki
çıxışında Ümummilli liderimiz belə bir qiymətli
fikir söyləmişdi: "Xalqımızın ən nəcib,
ən gözəl keyfiyyətlərindən biri,
atalarımızdan və ulu babalarımızdan bizə gəlib
çatan ənənə ondan ibarətdir ki, Azərbaycan
xalqı hər zaman uşaqlara məhəbbətlə
yanaşıb!" Ulu öndərin ailəsi yüksək
milli-mənəvi dəyərlər üzərində bərqərar
olmaq, daim bu dəyərlərə sadiq qalmaq baxımından
Azərbaycana və bütün dünyaya parlaq nümunədir.
Hələ bizim eradan əvvəl Pifaqor övlad tərbiyəsi
haqqında belə yazırdı:
"Uşaqlarınızın göz yaşlarını
qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstünə
axıda bilsinlər".
Özünün gözəl əxlaqi, milli-mənəvi
dəyərlərinə və etnik xüsusiyyətlərinə
görə Azərbaycan ailəsində övlad- valideyn
münasibətləri dünya xalqlarının təcrübəsindən
bəzi müsbət xüsusiyyətlərinə görə
fərqlənir. Bu övlada olan tükənməz məhəbbətdən
qaynaqlanan və min illərlə yaşı olan bir adət və
ənənədir. Ta qədimdən bu günədək qavam
edən bu adətə görə uşaqlarının
böyüyüb boya-başa çatmasına, onların orta
və ya ali təhsil almasına, işlə təmin
olunmasına, evlənməsinə, ev-eşik sahibi olmasına
baxmayaraq, bir çox valideynlər hələ də onların
həyatlarının daha xoş və rahat keçməsinə
həssas yanaşır, mütəmadi nəzarət edirlər.
Yəni respublikamızda yeni qurulan və təzə-təzə
formalaşmağa başlayan gənc ailələrə
ata-analar daha da diqqətlə, canıyananlıqla
yanaşırlar. Burada əsasən bircə məqsəd var:
yeni evlənən cütlük bir-birini tam öyrənənəcən,
gənc ailəni təməli bərkiyənəcən onu
qoruyub saxlamaq.
İslam dini nöqteyi-nəzərindən cəmiyyətdə
ən zəngin xəzinə, ən bahalı miras valideynlərin
övladlarına verməyə borclu olduğu təlim-tərbiyə
hesab edilir: "Heç bir ata övladına gözəl tərbiyədən
qiymətli hədiyyə verə bilməz".
Azərbaycanın ensiklopediyaçı alimi Nəsirəddin
Tusi övlad-valideyn münasibətlərindən söhbət
düşəndə valideynlərə belə bir tövsiyə
vermişdi: "...Azdanışmağı, susmağı,
soruşanda cavab verməyi, böyüklərə qulaq
asmağı öyrətmək, nalayiq sözlər,
söyüşlər, yersiz kəlmələr işlətdikdə
utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə
etdikdə tərifləmək, buna adət etməyə
hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə,
yaşca özündən böyük olanlara hörmət və
xidmət etməyi bilməlidir"...
Tusi valideynin övlada, övladın da valideynə olan
məhəbəti barədə isə belə deyib:
"Valideynin övlada məhəbbəti təbii,
övladın valideynə məhəbbəti iradidir".
Azərbaycan xalqı uzaq keçmişdən bu
günədək övlad-valideyn münasibətlərinə
aid hikmətli kəlamlar yaradıb. Min illər keçsə
də, həmin müdrik kəlamlar bu günəcən öz
dəyərini və təravətini itirməyib. Ailədəki
təlim-tərbiyə prosesində bu dəyərli sözlərin
hər biri valideynlər üçün qızıldan da qiymətlidir:
"Ata olmaq asandır, atalıq etmək çətin",
"Uşaqsız ev meyvəsiz ağaca bənzər","Ata-ana
sözünə baxmayan xoş gün görməz",
"Ata-anaya xeyri olmayanın, elə nə xeyri". "Yalan
danışan ata-ananın övladları da yalançı
olur" və sair.
Ailədə ata kişi, ana isə qadın nümunəsi
olmaqla övladların tərbiyəsində vacib rol
oynayır. Oğlan uşaqları üçün ata
obrazı hünər, cəsarət və kişilik rəmzi,
vüqar və əzəmət simvoludur. Qızlar isə
qadınlıq keyfiyyətlərini, xüsusilə
qadının vəzifəsinə aid olan işlərinin
görülməsi haqqında məlumatları anasının
timsalında mənimsəyirlər. Tərbiyəsində və
əməllərində qüsurları və pis vərdişlərə
sahib olan valideynlər öz uşaqlarının tərbiyəsinə
lazımi qədər diqqət və qayğı göstərmir,
bu işə lazımınca vaxt ayırmırlar. Nəticədə
istər ailəyə, istərsə də cəmiyyətə
yararlı şəxsiyyət əvəzinə, pis vərdişlərə
yiyələnən, ailədə və cəmiyyətdə
artıq yükə çevrilən bir nadan, yararsız və
faydasız övlad yetişir.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.11.