Bizim
tanıdığımız Rəşad Məcid
Jurnalistin də, şairin də, mətbuat xadiminin də,
ədəbiyyat adamının da ruhunda SÖZün
işığı var, onlar SÖZün yaşadılma cəfakeşləridir.
Onlar SÖZü ucalıqda saxlaya-saxlaya, SÖZə
ehtiramı mənəvi borc bilməklə ucalığa yol
almış yolun yolçusu olurlar. Rəşad Məcid
kimi...
Rəşad Məcid jurnalistdir
Cəmiyyətə ilk bədii salamı şeirlə
olan Rəşad Məcid jurnalist olmaq istəyib. 1988-ci ildə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib. Mətbuatda boyu görünən jurnalistlərdən
olub, müstəqillik dövrünün ruhu rəvan jurnalistlərindən
biri kimi tanınıb (və sevilib!). "Ədalət" və
"Azərbaycan" qəzetlərinin baş redaktorunun
birinci müavini kimi yeni mətbu sözün formalaşmasında,
jurnalistikanın tezislərinə daha sədaqətli
olmanın metodologiyasının fəlsəfəsinin
yaradılmasında, düşüncələrdə rişələnməsində
onun da söz məramı, öz məramı olub. Həm də
"Səhər"in, "Aydınlıq"ın, "Vətən
səsi"nin, "Ədalət"in,
"Qarabağ"ın söz işığını
gurlandı-rası "525-ci qəzet"i yaradıb;
"525-ci qəzet" 32 ildir söz yoluyla - öz yoluyla,
düz yoluyla illəri tarixləsdirməkdədir. "525-ci qəzet"
jurnalistlərin qəzetidir, sənətşünasların qəzetidir,
alimlərin qəzetidir, tarixçilərin qəzetidir,
şairlərin, nasirlərin qəzetidir - cəmiyyətin qəzetidir,
bu günün və sabahların qəzetidir. Sevilə-sevilə
oxunur, oxuna-oxuna sevilir...
Azərbaycanın dövlət müstəqilliyi bərpa
edildikdən sonra yaranan qəzetlərin hamısı məktəb
ola bilmədi. "525-ci qəzet" üçün nədən
yazmaq da əhəmiyyətli idi, necə yazmaq da (bu baxımdan
necə düşünmək də!), sözün mətbu
ifadə çalarları da. Ona görə də bu qəzet
(qəzetimiz!) mətbu məktəb ola bildi. Mir Cəlal deyərmiş:
"Hamımız Mirzə Cəlilin "Poçt
qutusu"ndan çıxmışıq". Bu yaşarı
(və bəşəri!) kəlama istinadən deyə bilərik
ki, çağdaş jurnalistikamızın uğurlarına
"525-ci qəzet"in də böyük təsiri olub;
neçə-neçə jurnalistin söz yolunu "525"
işıqlandırıb...
"Yeni söz" deyirik, yəni yeni bir fikir kimi həmin
"yeni söz"ə söykənirik. "Yeni
söz"ün də müəllifi söz cəfakeşləri
- sözü sözdən seçənlər, sözün
çalarlarını görənlər olur. Rəşad Məcidin
"Qələmsiz yazılanlar"ı ruhun
yazdığı yazılar kimi oxunub, oxunur, bundan sonra da belə
oxunacaq. "Qələmsiz yazılanlar" mətləblər
haqqında deyimlərdir (kəlamlardır!). Rəşad Məcid
kəlamlarına söz ömrü verməyi bacarıb və
bu mətləblər milli mentalitetlə bağlıdır, Vətənlə
bağlıdır, dövlətlə, dövlətçiliklə
bağlıdır, ədəbi düşüncələrlə
bağlıdır, həm də "uca göylərin
mehrabı" (N.Gəncəvi) ilə bağlıdır. Rəşad
Məcidin "Qələmsiz yazılanlar"ının
böyük əksəriyyəti sabahlara qayğıdır,
sayğıdır, can yandırmaqdır - söz (və ruh!) təəssübkeşliyidir;
Rəşad Məcid təəssübkeş jurnalistdir
(redaktordur!)...
Rəşad Məcid publisistdir
Neçə on illərdi həyat həqiqətlərindən
yazır, həyat həqiqətlərini yazır, ictimailəşdirdiyi
mətləblər xalqın ruhu olub, mentaliteti olub,
yazılanlar dövlətə, dövlətçiliyə sədaqət
olub, zaman anlamında bu günün yaşantılarından
sabahlara söz sayğısı olub, gənclərin
irili-xırdalı problemlərinə mətbu nəzarət
olub... "Dəlicəsinə" kitabı publisistik məqalələr,
"Roman" (sevgi şeirləri) kitabı lirik-epik
düşüncələr kitabıdır. Bu kitabları geniş
mənada mövzu birləşdirirsə, "Dəlicəsinə"
kitabında poeti-ka, "Roman"da bədii düşüncə
diqqəti çəkir. Bu baxımdan bəzən bədii
düşüncənin publisistik dü-şüncəni
"sıxışdıra bilməməsini" Rəşad
Məcidin publisistik yaradıcılığının bəyənilən
üslubu kimi dəyərləndirmək günah deyil...
Rəşad Məcid həm də Mətbuat
Şurasının İdarə Heyətinin üzvü kimi Azərbaycanda
yeni jurnalistikanın yeni bədii düşüncə sistemi əsasında
formalaşmasının cəfakeşlərindən biri olub.
Hazırda bu Şuranın sədridir...
Rəşad Məcid şairdir
Hərdən mənə elə gəlir ki, ilk
şeirləri təbiət yazıb, görmüşük
(oxumuşuq), duyğulanmışıq, bu duyğu poetik zərrələrə
dönüb, düşüncələrimizə hopub, sonra nə
görmüşüksə, təbiətdən
aldığımız duyğu ülgüsündə
görməyə meyllənmişik. Göylərin
yağışı da şeirdir, bulaqların
axışı da, şimşəklə-rin
çaxışı da, çəmənlərin
çiçəkləməsi, güllənməsi də
şeirdir, dərələrin sellənməsi də...
Bunları duymayan şair ola bilərmi? - çətin (və
qətiyyən!).
Rəşad Məcid şairdir. Həm təbiətən
şairdir (təbiət şairidir), həm də ruhən
şairdir (ruh şairidir!)...
Hüseyn Arifin "Şeir deyilmi?" şeiri məndə
həmişə xoş ovqat yaradıb (qınayanım olmasa,
deyər-dim ki, elə ovqat da şeirdir!) - təbiətin
şeirləşdirilməsi, təbiət hadisələrinin
şeiriyyət (və şeir!) kimi dərki duyğuların
şeirləşməsidir, şeirləşən duyğular
həm bəşəriliyə meyilli duyğulardır, həm
də tə-biətə sevgidir. Yaxşı şeirin, poetik
biçimdə təqdim edilən şeirin söz (söz
düzümü) qüdrətini ruhu-muza meh bilmişik,
düşüncələrimizə şeh, könül
mülkümüzə - qövsi-qüzeh. Təbiəti sevə-sevə
şeiri, şeiri sevə-sevə təbiəti sevmək fəlsəfəsi
belə formalaşıb, təbiətin sözlə ifadəsi
- təbiətin bir parçası olan şeir
düşüncələrin ruhuna dönür. Rəşad Məcidin
təbiət şeirləri belə şeirlərdir. Bu
şeir-lərdə bir doğmalıq var və bu
doğmalıq şeirə sevgidən gəlir, poeziyaya sədaqətdən
gəlir. Həssas oxucu bu şeirləri duyğularının
ruh qardaşı bilir; şeirləri oxucusuyla bunca
doğmalaşan şair əlbəttə ki, oxucunun ruh
qardaşıdır. Rəşad Məcid kimi...
Rəşad Məcidin təqdimatında şimşəklərin
hədəsindən qorxmayan qayaların əyilməzliyi
("Məğrur qayalar"), "duruşunun əzəməti",
"yağışların gur selində çimən
qayaların könül sirdaşı"
"üz-gözü südə bulaşmış körpəyə",
"ahılların saçlarına düşən
gümüşü zehə" (el arasında bu deyimin yozumu
nazik, incə xətt, düzüm anlamı verir və bu anlam
poeziyaya olduqca uğurla gətirilib)" bənzəyən
Aylı dağlardır ("Aylı dağlar"). Qaya -
dağ münasibətlərində istər fəlsəfi, istərsə
də lirik-poetik bir yaxınlıq var. Təbii ki, Rəşad
Məcidin məğrur qayası duruşuyla dağ
misallıdır, o da "şimşəklərin nərəsini
eyninə almır", "yağışda yuyunub Ay
işığında güzgülənən "uca qamətli
bu məğrur qa-yanın kökü dərindədir"; təbiətin
bir görüntüsünün poetik ifadəsi olsa da "Məğrur
qaya" şeiri xal-qın bədii obrazı kimi dərk olunur
- var olma tarixi illərin o üzündə olan xalq qüdrətli
xalqdır, bu xalqın Vətəni olan Azərbaycanın
"mayəsi də, qayəsi də nurdur" (M.Araz).
Yol təkcə məkanı məkana birləşdirən
coğrafi-topoqrafik anlayış deyil, yol ifadəsi eyni səviyyədə
ruhla bağlıdır. Zənnimcə, poeziyada yol məfhumunun
hər iki çalarını şairlər poetik biçimdə,
poetik ülgüdə təqdim edə bilir və bu təqdimlərin
fəlsəfi mahiyyəti düşüncələrin
dürüst nizamına qarışır. Şair Rəşad
Məcid başlanğıcı bəlli olan yolların nəhayətini
də şeirə gətirir. "Cığır kimi
do-ğulub çəmən kimi ölən yol" "dərədə
çəndir", "düzdə Günəşdir",
"zirvədə dumandır" ("Yol"). Səhərin
dan yerini, gecələrin Ay işığını niyyətinə,
istəyinə kürmələyən şairin yol gedən
ürəyi ("Ürəyim yol gedir") hərdən
dünyamızın cazibə qanununa tabe olmur -
aşırı duyumun yaratdığı poetik cazibə
şair ürəyi ilə oxucu ürəyi arasında səmimi
bir doğmalıq yaradır. Duyumlular duyur ki, poeziyanın cazibə
qanununu şərtləndirən bir amil də var: yeni bədii
fikir; Rəşad Məcidin şeirlərini yeni bədii fikirlər
ümumiləşdirir. Rəşad Məcidin şeirlərinə
bənzərsiz poetik biçim verən "hisslərə yas
tutmayan" ifadəsi də, "dərdi sıxıb ürəkdə
saxlamaq" ifadəsi də, "göz yaşlarından pas
tutmaq" ifadəsi də "daşdan keçən suyun
sıxıntılarını - nələr çəkdiyini
duymaq" ifadəsi də, "havadan, işıqdan
yorulmaq" ifadəsi də, "itmiş ürəyin yerini tapmaq"
ifadəsi də... düşündürücüdür,
düşüncə sistemi üçün bəyəniləsi
tezislərdəndir. Düşündürücülük isə
fəlsəfi-bədii dialektika baxımından Arximed nöqtəsidir...
Rəşad Məcid yazıçıdır
Rəşad Məcidin "10 sentyabr" hekayəsi
çağdaş nəsrimizdə bəşəri çalarlarıyla
diqqəti çəkən əsərlərdəndir. "10
sentyabr" 11 sentyabr hadisəsinə bədii
işıqdır sanki, sanki bu hadisəyə rekviyemdir. Bu
baxımdan belə oxunaqlı,
düşündürücü hekayələrə (və
"10 sentyabr"a) poetik mizanına görə nəsrlə
yazılmış şeir deyərdim. Rəşad Məcidin
"10 sentyabr" hekayəsi məhz bu bədii (və siyasi və
bəşəri!) dəyərinə görə
dünyanın 20-dən çox dilinə tərcümə
olunub.
"Dəniz suyunun dadını bilmək
üçün onun bircə damcısını tamsınmaq
kifayətdir" - deyiminə söykənməklə,
"Son on illər Azərbaycan nəsrinin bədii və məfkurəvi,
bəşəri səviyyəsini bilmək üçün həm
də Rəşad Məcidin "10 sentyabr" hekayəsini
oxumaq, mahiyyətini dərk etmək kifayət-dir" deyə
bilərik. Güman edirəm ki, ədəbi düşüncə
(ədəbi tənqid) buna etiraz etməz. "10 sentyabr"
gerçəkliyin bədii əksidir - realist əsərdir...
10 sentyabrdan 11 sentyabra bir bəşəri vicdan, bir
dünyəvi düşüncə, bir insansevərlik qədər
vaxt qalırdı. Bu zaman kəsiyində qımıldanan faciənin
- terrorun qarşısı alına bilərdi; dünyamı sərvaxt
deyildi, dövlətlərmi sərvaxtlığı
günüləyirdi? - "10 sentyabr" hekayəsinin bu
düşüncələrlə dərk edilməsi terrorla
mübarizə vasitəsi hesab edilə bilərmi? - bilər.
Azərbaycan nəsri bu gün yaransa da, sabahların taleyinə
"ətək sərir". Azərbaycan nəsrinin
dünyanın nizamına təsir göstərən hadisələrə
münasibət göstərməsi (həm də bu səviyyədə
bədii dəyərə malik olmaqla!) son illərin ədəbi
hadisəsi hesab edilməlidir. 11 sentyabr terroru unudula bilər,
ancaq "10 sentyabr" hekayəsi həmişə bu
unudulmanın insanlığa xəyanət olduğunu
xatırladacaq...
Rəşad Məcidin 60 yaşı tamam olur; ruhu həmişə
cavan Rəşad Məcid kimi seviləcək, Mətbuat və
ədəbiyyat xadimi kimi, ictimai xadim kimi, şair kimi,
yazıçı kimi, jurnalist kimi və bunların
fövqündə dayanan gözəl İNSAN kimi seviləcək...
Biz səni belə tanımışıq, Rəşad
Məcid, belə sevirik, belə sevəcəyik...
Bir mahnıda deyildiyi kimi, 60 yaş nədir hələ...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.10.