Astronomiya elminə həsr edilən ömür

 

Bu gün 70-dən çox elmi əsərin, 100-ə yaxın elmi-kütləvi məqalənin, o cümlədən, "Günəş sistemi planetləri" adlı monoqrafiyanın, "Nəsirəddin Tusi - yaşadığı dövr və milli mənsubiyyəti" və  digər kitabların müəllifi, həmçinin, "Astronomiya" dərsliyinin həmmüəlliflərindən biri olan tanınmış alim, astronomiya elminə böyük töhfələr bəxş etmiş Ədalət Ətayinin doğum günüdür.

Amansız xəstəlik vəfa etsəydi, 73 yaşını qeyd edəcəkdi... Məhz bu yaşın astanasında elə bu ayın 4-də əbədiyyətə qovuşan alimimizim mənalı ömrünə nəzər salaq.  Ədalət müəllimin maraq dairəsinə qədim, orta əsrlər və çağdaş astronomiya tarixi, eləcə də astronomik bilgilərin təbliği istiqamətləri də daxil idi.

Ali təhsilinə 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində başlayan alimin böyük uğurlara imza atmasının səbəbi həm də onun xarakterindən irəli gələn məsuliyyətli və məqsədyönlü fəaliyyəti, inadkarlığı olub. 1971-ci ildə Şamaxı Astrofizika Rəsədxanası üçün kadr hazırlamaq məqsədilə təhsil aldığı universitetin fizika fakültəsində astrofizika qrupu yaradılır və Ə.Ətayi böyük həvəslə həmin qrupa daxil olur. Elmi biliklərə yiyələnməyə çalışan gənc mütəxəssis burada sonradan, Mars planetinin kraterlərindən birində adı əbədiləşdiriləcək Nadir İbrahimovun rəhbərliyi altında diplom işini yerinə yetirir. Ali təhsilini başa vuraraq təyinatla Şamaxı Astrofizika Rəsədxanasına işə göndərilir və N.İbrahimovun rəhbərliyi altında Günəş sistemi nəhəng planetlərinin spektral müşahidələri, spektrlərin işlənməsi və analizi metodlarını mənimsəməyə başlayır. 1975-ci ildə isə Rəsədxananın aspiranturasına daxil olur. İki il sonra elmi rəhbərinin qəfil vəfatından sonra elmi fəaliyyətini Qazaxstan EA Astrofizika institutunun professoru V.Q.Teyfelin rəhbərliyi altında davam etdirir. Elmi axtarışların yolu onu bir ölkədən digərinə apararaq sonunda istədiyinə nail olmağı nəsib edir. Beləliklə, o, 1981-ci ildə Ukrayna EA Baş Astronomiya Rəsədxanasında "Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası" mövzusunda dissertasiya işini müdafiyə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.

Ədalət müəllim bir sıra orijinal elmi nəticələrin müəllifidir. Onun planet atmosferləri və kometlərin tədqiqi sahəsində ilk dəfə aldığı və elmdə iz qoyduğu nəticələri dünyanın nüfuzlu elmi nəşrlərində işıq üzü görüb. O, "Voyajer" peykinin qeyd edilməsindən əvvəl Nadir İbrahimovla birlikdə apardığı tədqiqat nəticəsində Yupiterin İo peykində aktiv proseslərin baş verdiyini aşkar edib. 1979-cu ilin martında ABŞ kosmik aparatı bu aktivliyin vulkanik püskürmələr olmasını təsdiqləyib.

Bundan əlavə, alim Neptun və Uran planetlərini geniş spektral miqyasda tədqiq edib, onların spektrlərində çoxlu sayda eyniləşdirilməmiş udulma zolaqları aşkarlayıb. Udulma zolaqlarının mərkəzi hissəsində Neptunun Urandan parlaq olduğunu müəyyən edib. Diski görünməyən planetlərin atmosfer modelini işləyib hazırlayan alim böyük planetlər qrupuna aid olmalarına baxmayaraq, Uran və Neptunun atmosferlərinin quruluşunun Yupiter və Saturndan fərqləndiyini aşkarlayıb.

Alimimiz Yupiterin atmosferinin qeyri-bircinliyini tədqiq etmək üçün, müşahidə nəticələrinə əsasən temperaturun, aerozol və qaz hissəciklərinin nisbi miqdarının, udulma xüsusiyyətlərinin araşdırılmasına əsaslanan mükəmməl üsul təklif irəli sürüb. Sözügedən planetin diskində Böyük Qırmızı Ləkə və onun əhatəsində olan detalları tədqiq edərək, planetin şəkildəyişmələrinin istilik rejimi və doymuş qazların miqdarının dəyişməsi ilə izah edib.  Müşahidə edilən zolaqların əmələ gəldiyi dərinlikdə Qırmızı Ləkənin optik xüsusiyyətlərinin ətraf mühitdən fərqlənmədiyini müəyyənləşdirib. Bu nəticə Yupiterin İQ oblastda aparılan müşahidələrin nəticələri ilə təsdiq olunur.

Rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları ilə birlikdə 1986-cı ildə Şamaxı Astrofizika Rəsədxanasında Halley kometinin mütləq spektrofotometrik müşahidələri aparılıb. Halley kometi atmosferində həyəcanlaşma temperaturu təyin edilmiş, kometin yaxınlaşdığı və uzaqlaşdığı dövrdə fiziki şəraitin termodinamik tarazlıq halından kəskin kənaraçıxması halı müəyyən olunub. Beynəlxalq məlumat bazasına daxil edilən bu nəticələr "Veqa" və "Jotto" kosmik stansiyalarının nəticələri ilə tam uyğunluq təşkil edir.

Keçmiş SSRİ də planet atmosferlərinin tədqiqi üzrə iki tədqiqat qrupuna üzv, bir qrupa isə sədr seçilən Ədalət Ətayi 1986-cı ildə Beynəlxalq Astronomiya İttifaqının, 1994-cü ildə isə Avropa Astronomiya Cəmiyyətinin üzvü seçilib.

Ədalət müəllim 1984-cü ildən əvvəlcə ADPU-da, sonradan isə uzun illər ərzində ömrünün sonuna kimi BDU-nin fizika fakültəsinin Astrofizika kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. BDU-nun fizika fakültəsində tələbələrə "Klassik Astronomiya" və "Planetlərin atmosferi" fənlərindən mühazirə oxuyub.

Ömrünün sonunadək Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Planetlər və kiçik səma cisimləri" şöbəsinin rəhbəri olmuş alim sadə, eyni zamanda, mənalı alim ömrü yaşadı. Son illərdə o, planet fizikasının və ümumilikdə ulduzəmələgəlmə proseslərinin tədqiqində müasir nəzəri və praktiki astrofizikanın aktual problemlərindən biri olan nəhəng planetlərin daxili enerjisinin mənbəyi məsələləri ilə məşğul idi.

Haqqında söhbət açdığımız elm fədaisi ömrünü bütünlüklə Günəş sisteminin böyük planetlərinin və ümumən Kainatın sirlərini öyrənməyə həsr etdi. Dünya həqiqətlərini dərk edən Ədalət Ətayi elə mənalı ömür yaşadı ki, özündən sonra alimin yetirmələri olan gənc tədqiqatçılar onun yolunu davam etdirərək hələ neçə açılmayan elmi sirlərə işıq salacaqlar.

O, böyük bir elm sevdalısı olmaqla yanaşı, səmimiliyi ilə kollektivin sevimlisi, qayğıkeş ailə başçısı idi. Ədalət müəllimin ruhu əbədi olaraq, onun Kainatla teleskoplarla əlaqə yaratdığı Pirqulu gecələrində, eləcə də kövrək vaxtlarında böyük həsrətlə xatırladığı Təbrizin, Ərdəbilin gecələrində dolaşacaq... Alimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

 

Bayram RÜSTƏMOV

BDU-nun Astrofizika kafedrasının dosenti

525-ci qəzet.-2024.-15 avqust (№ 145).- S.7.