Ekoloji təhlükəsizliyin mühüm şərti: elektromobillər üçün geniş infrastruktur

 

Havanı çirkləndirən əsas mənbələrdən birinin məhz avtomobil nəqliyyatı olması danılmaz reallıqdır. Statistikaya görə, avtomobillərin işlənmiş qazlarının havanın çirklənməsində arzuolunmaz payı 85 faiz təşkil edir. Belə ekoloji cəhətdən həssas məsələnin mümkün həlli kimi avtomobillərdən imtina etməyi və velosipedə keçidi təklif etmək olardı. Ancaq böyük şəhərdə belə bir həll çətin ki, təsirli ola və ayrıca fərdin seçiminə çevrilə bilər.

Ölkə miqyasında və ümumilikdə qlobal səviyyədə karbon neytrallığına nail olmağın əsas istiqaməti ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin inkişafı və yeni enerji mənbələri əsasında çalışan avtomobillərdən (NEV) istifadədir ki, bu tip nəqliyyat vasitələrinə elektrikli avtomobillər, hibrid avtomobillər və hidrogen yanacağı ilə avtomobillər daxildir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, Prezidentin təsdiq etdiyi dövlət proqramına uyğun olaraq ölkədə ətraf mühitin qorunması məqsədilə bir çox addımlar atılır: "Bunlardan biri də ətraf mühiti daha az zəhərləyən və ya ümumiyyətlə heç bir zərəri olmayan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdırmaqdır. Bununla bağlı müəyyən güzəştlər də tətbiq edilir. Burada hibrid və elektromobilləri xüsusi qeyd etmək olar. Hibrid avtomobillər atmosfer havasına 50 faizə yaxın daha az qatqı, zəhərli maddə buraxır. Elektromobillərin isə ümumiyyətlə heç bir zərəri yoxdur. Bununla bağlı atılan addımlar bu ilin əvvəlindən tətbiq olunmağa başlandı və bu sahədə artıq xeyli irəliləyiş var".

İnsanların hibrid avtomobillərinə marağının artdığını bildirən E.Muradlı əlavə edib ki, belə nəqliyyat vasitələri həm elektriklə işləyir, həm də ənənəvi yanacaq sərf edir: "Marağın artmasına daha bir səbəb isə hibrid avtomobillər ənənəvi nəqliyyat vasitələrinə daha yaxındır. Bu da müəyyən qədər sürücüyə üstünlüklər verir. Təəssüf ki, elektromobillər üçün ölkədə hələlik infrastruktur geniş yayılmayıb. Belə nəqliyyat vasitələri üçün enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Bu baxımdan hələ belə avtomobillərin alınmasına sürücülər tərəddüdlə yanaşır. Bu sahədə irəliləyişlərə nail olmaq lazımdır. Həmin məntəqələr bölgələrdə də olmalıdır. Ümumilikdə isə son illər belə avtomobillərin alınmasında rəqəmlərdə artım var. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə inkişafın şahidi olacağıq".

Azərbaycan hələ ki, avtomobil sektorunda yeni texnologiyalardan istifadənin və elektrikli avtomobillərin gündəlik həyatda istifadəsinin ilkin mərhələsindədir. Hələlik istehsaldan söhbət getmir, amma idxalda ciddi artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,4 dəfə artaraq 3,1 mini keçib, daha dəqiq olsaq, 3102 ədəd təşkil edib. Hibrid avtomobillərin idxalında da artım qeydə alınıb - 2022-ci ildəki 11 min 337 ədəddən 14 min 98 ədədə, başqa sözlə, 24,4 faizlik artım olub. Bununla belə, bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda elektriklə işləyən nəqliyyat vasitələrinə keçid hələ ki, ilkin mərhələdədir və bunu dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin idxalına dair gömrük statistikası da əyani şəkildə sübut edir: 2022-ci ildəki 56 min 771 ədədə qarşı 2023-cü ildə 70 min 723 ədəd. Bu, 24,6 faiz artım deməkdir. Bunlardan 38,7 min ədədi benzin mühərrikli, 32,1 min ədədi dizel mühərrikli avtomobillərdir. Quru rəsmi rəqəmlər ölkəmizin sakinlərinin nəyə üstünlük verməsi haqqında aydın təsəvvür yaradır.

Ekspert İlqar Hüseynlinin sözlərinə görə, bir müddət əvvəl ölkəmizə hibrid maşınları daha çox taksi xidmətlərini həyata keçirmək üçün gətirilirdi: "Çünki 60 km/saat-a qədər yanacaq məsrəfi olmur. Yalnız bu sürət həddini keçdikdə yanacaqdan istifadəyə keçirlər. Buna görə, paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək əlverişlidir. Bu isə ailə büdcəsi üçün iqtisadi səmərəlilik baxımından faydalıdır. Avtomobil idxalı ilə məşğul olan iritutumlu şirkətləri müşahidə etdikdə dizel yanacağı ilə işləyən, "Euro 5" standartlarına çox da uyğun olmayan avtomobillərin sürətli idxalını görürük. Bu isə o deməkdir ki, bir az imkanlı şəxslər həmin avtomobillərə üstünlük vermirlər. Əsasən, aztəminatlı ailələr bu avtomobilləri almağa və hazırda olan avtomobilini ona dəyişməklə məşğuldurlar. Ancaq indi hibrid avtomobillərə marağın digər vətəndaşlar tərəfindən də artdığı müşahidə olunur".

İ.Hüseynli bildirib ki, araşdırmalara əsasən, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Lakin hibrid avtomobillər ekologiyanın dostu hesab olunur. Çünki bu maşınların iş mexanizmi elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda, çalışdığı müddət ərzində enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə hərəkət edən zaman isə alternativ yanacaq vasitələrindən istifadə edir. Onsuz da böyük şəhərlərdə nəqliyyat sıxlığı olduğundan, 60 km sürət həddini aşmaq olmur. Bu sistem həm də sürücülərin sürət həddinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaradır".

Mütəxəssis qeyd edib ki, artıq əksər ölkələr yanacaqla işləyən avtomobillərdən istifadəni azaltmağı planlaşdırır: "Məsələn, Belçikada hökumətin qəbul etdiyi qərara əsasən, yanacaqla işləyən avtomobilini satışa çıxaran hər bir vətəndaşa dövlət müəyyən məbləğ ödəyir. Hökumət bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq istəyir. Bu baxımdan ölkəmizdə hibrid avtomobillərə marağın bu şəkildə artması təqdirəlayiqdir".

Ekoloq Vaqif Əliyev bildirdi ki, ekoloji cəhətdən yanaşanda, benzinlə müqayisədə qazın üstünlüyü çox böyükdür: "Yanacaq məhsullarının ekologiyaya təsirinin müqayisəsi havaya buraxdıqları tullantıların miqdarı ilə ölçülür. Məsələn, daş kömür, benzin və qazı müqayisə etsək, ekoloji cəhətdən ən yaxşısı, ən az zərərlisi qazdır. İndi benzinin qiyməti artandan sonra sıxılmış qaza üstünlük verənlərin sayı da çoxaldı, amma ümumilikdə energetika təşkilatları belə, qazla işləməyə üstünlük verirlər. Havaya buraxılan tullantının miqdarının azalması üçün bu, çox önəmlidir. Düzdür, dünyada ümumiyyətlə, alternativ enerji mənbələrinə daha çox üstünlük verilməsinə gedilir. Amma bunun maya dəyəri bir az baha çıxır. Ənənəvi yanacaq məhsullarından ən dəyərlisi qazdır. Məsələyə gələcəyə yönümlü baxsaq, ondan da yaxşısı elektriklə işləyən maşınlardır. Zamanla buna keçmək daha yaxşı olar. Çünki ekologiyaya zərər vurulmaması üçün bunlar daha vacibdir".

Nəqliyyat eksperti Ərşad Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin sözügedən Sərəncamı Azərbaycanda elektromobillərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılmasına yönəlib. Həmin maneə isə ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə doldurulması şəbəkəsinin azlığı ilə bağlıdır. Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Rayonlarımızın əksəriyyətində isə bu şəbəkələr yoxdur. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirlər. Rayonlarda yaşayanlar isə, demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu, olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır: "Elektromobillərin populyarlaşması ölkəmizdə 2018-ci ildə qəbul olunmuş "Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vacib bir istiqamətin tərkib hissəsidir. Həmin istiqamət də ondan ibarətdir ki, ölkəmizin kifayət qədər köhnə olan avtomobil parkını müəyyən tədbirlər hesabına tədricən yenilənməsinə ehtiyac var. Bunun üçün Azərbaycanda artıq utilizasiya ilə bağlı qanunvericilik qəbul olunub. Bununla yanaşı, elektromobillərin ölkəyə idxalı ilə bağlı çoxsaylı güzəştlər müəyyən olunub. Həmin güzəştlərə əlavə dəyər və aksiz vergilərindən azadolunma, hətta gömrük rüsumunun sıfır səviyyəsində hesablanması kimi mühüm tədbirlər daxildir. Eyni zamanda 2021-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün tələb olunan ikinci və üçüncü səviyyəli doldurma avadanlıqları, eləcə də onların Azərbaycana idxalı və ölkə ərazisində satışı 3 il müddətinə, 2025-ci il yanvarın 1-dək əlavə dəyər vergisindən azad olunub. Yeni Sərəncamda o da nəzərdə tutulur ki, sahibkarlıq subyektlərinin marağının artırılması, bu işin təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilsin. Böyük ehtimalla, Vergi Məcəlləsində də yeni güzəştlər müəyyənləşdirilə, sahibkarlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi məsələsi ortaya çıxa bilər. Bu sahədə fəaliyyət göstərən sahibkarlara elektrik enerjisinin ucuz qiymətə satılması məsələsini də ehtimal etmək mümkündür. Prezident sərəncamında diqqətçəkən məqam ondan ibarətdir ki, "AzərEnerji" və "Azərişığ"a elektrikdoldurma məntəqələri üçün yerlərin müəyyənləşdirilməsi, həmin obyektlərə elektrik verilişi xətlərinin çəkilməsi tapşırılır".

Ekspert qeyd edib ki, elektromobillərin populyarlaşması, bu tip nəqliyyat vasitələrindən istifadə hazırda dünyada dəb halını alıb. Həmin dəb də ona yönəlib ki, daxiliyanma mühərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endirməklə planetimizdə daha dayanıqlı ekoloji vəziyyət yaradılsın. Yeri gəlmişkən, bu məsələ sərəncamda da xüsusi vurğulanır. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktiki işlər də görürük.

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.-16 avqust (№146).- S.15.