Hədəf
konseptinin əsas məqsədi nədir?
Şəmil Sadiq: "Əsas məqsəd milli dəyərlərə
söykənərək çağdaş təfəkkürlü
və dövrün tələblərinə cavab verən
çevik zəkalı insanlar yetişdirməkdir"
2018-ci ildən yaradılan Hədəf STEAM Liseyi
ölkədə STEAM təhsili verən ilk liseydir. Liseyin hədəfi
ölkə və dünyanın inkişafı
üçün yaradıcılığı, elmi, mühəndisliyi,
texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət
halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin
yeni nəsil alim və mühəndislərini yetişdirməkdir.
Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü
fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından
etibarən Hədəf STEAM Liseyi International Cambridge School -
Beynəlxalq Kembric Məktəbidir.
HƏDƏFİN ƏSAS MİSSİYASI
Azərbaycanın təhsil sisteminə yaxından bələd
olan filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil
Sadiq tərəfindən təsis edilən bu milli təhsil
ocağının hədəfi - hər bir şagirdin əvvəlcədən
hansı ixtisasa yiyələnəcəyinə qərar vermək
deyil, təlim, praktika, özfəaliyyət, həmçinin
diskussiya mühitinin şagirdlərin xüsusi
istedadlarını ortaya çıxarmasına nail olmaq və
onların düzgün istiqamət seçmələrinə
dəstək verməkdir. Şəmil Sadiq hesab edir ki, məhz
bu halda gələcəyin işini sevən həkimini, alimini,
texnoloqunu, dizaynerini, proqramçısını və mühəndisini
yetişdirmək mümkündür.
100-dən çox elmi məqalənin, 30-dan çox
kitabın, 33 elmi-metodik, 5 bədii kitabın müəllifi
olan Şəmil Sadiq daim Azərbaycan təhsilinin
inkişafı, tərəqqisi, dünya təhsil sisteminə
inteqrasiyası üçün bir-birindən maraqlı
ideyalarla, uğurlu layihələrə imza atır. Şəmil
Sadiq "Hüseyn Cavid yaradıcılığında sənətkarlıq
məsələləri", "Hüseyn Cavid
yaradıcılığında qəhrəman konsepsiyasi"
adlı monoqrafiyalarının, orta məktəb şagirdləri
üçün "Azərbaycan dili", "Ədəbiyyat",
xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar
üçün "Azərbaycan dilini öyrənirəm"
dərs vəsaitlərinin müəllifi, uşaqlar
üçün "Dədə Qorqud" və "Azərbaycanımızı
tanıyaq" adlı layihələrin ideya müəllifi və
redaktoru, Xocalı faciəsinə həsr edilən
"Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir.
Hədəf STEAM Liseyinin tədris proqramı milli və
mütərəqqi beynəlxalq kurikulumların
inteqrasiyasından ibarətdir. Balabilgələr
üçün müasir tələblərə cavab verən
tədris mühitinin yaradılması ilə birlikdə lisey
öz təhsil proqramında Prezident İlham Əliyevin təhsilin
inkişafı və müasirləşməsi
strategiyasına müvafiq olaraq STEAM konseptini əsas
götürür.
HƏDƏFİN MİLLİ TƏHSİL KONSEPTİ
Şəmil Sadiq deyir ki, bütün təhsil sistemlərində,
proqramlarında bir konseptə söykənilir. Hədəf
liseyinin də milli təhsil konsepti mövcuddur: "Fikrimcə,
bu gün bizim təhsil üçün ana xətt olaraq 5
prinsip əsas götürülməlidir. Bunun
üçün də öz milli təhsil konseptimiz olan Hədəf
Konseptini təklif edirəm. Niyə Hədəf?
Çünki sonu bilinməyən yola heç kim girmək istəməz,
biz insan olaraq etdiklərimizin nəticəsini görmək istəyi
ilə kodlaşdırılmışıq. Əgər bu
duyğunu itirsək, o zaman hara getdiyini bilməyən
şüursuz heyvana bənzəyərik. Bizə yaddaş ona
görə verilib ki, keçmişi unutmadan sabaha
addımlayaq. "Hədəfsiz gəmilər okeanda
batar", - deyirlər. Bir millətin də, dövlətin də
hədəfi olmalı, ona doğru yürüməlidir. Biz
milli təhsil strategiyasında yaxın hədəflər qoyub
irəliləsək, hər hədəfə çatdıqca
bir az stimul alarıq. Əlçatmaz hədəflər o qədər
uğurlu olmur, çünki ola bilsin, ona çatmadın və
bütün ruhun sarsıldı. Buna görə də
kiçik, yaxında olan, amma böyük hədəfə gedən
bir amal olmalıdır. Bu konseptin əsas məqsədi milli dəyərlərə
söykənərək çağdaş təfəkkürlü
və dövrün tələblərinə cavab verən
çevik zəkalı insanlar yetişdirməkdir. Hədəf
Konsepti çağdaş insanın formalaşmasını
beş əsas prinsiplə həyata keçirməyi təklif
edir. Özünüdərk, sağlamlıq, bacarıq,
yaradıcılıq, bilik. İnsanın özünüdərk
prosesi dəyərlərə sevgisindən başlayır. Hədəf
konseptinə görə, özünü dərk edən insan
vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən,
çalışqan və daima özünü təkmilləşdirən
insandır. Sağlam bədən, sağlam xarakter, sağlam
düşüncə, sağlam nəsil və sağlam
mühit, millətin və dövlətin, eləcə də bəşəriyyətin
inkişafı üçün vacib amillərdən
olduğuna görə biz təhsilimizdə bu faktorlara
xüsusi diqqət yetirir, "Sağlam təhsil, sağlam
millət" şüarını əsas tuturuq.
Özünü dərk etmiş sağlam insan bacarıqlı
olduqda onun əlavə dəyər yaratma imkanları daha da
artır. Yaratdığı əlavə dəyərlərlə
özünə və insan yoldaşlarına keyfiyyətli həyat
təmin edir. Özünü dərk etmiş, sağlam,
bacarıqlı və yaradıcı insan, obyektiv dünyada fəaliyyətini
düzgün qurmaq üçün elmi biliklərə ehtiyac
duyur. Bilik araşdırmadan, araşdırma maraqdan yaranır.
Bilikli insan biliyini araşdırarkən, sorğularkən, fərqindəliyini
artırarkən qazanır, onu problemlərin həllinə tətbiq
edir. Bu gün biz istənilən sahədə
ağıllı qərarlar vermək üçün elmin,
iqtisadiyyatın, menecmentin qanun və prinsiplərinə
müraciət edirik. Bilik digər
bacarıqlarımızın effektiv ola bildiyi zəmindir. Bilgi
çağında bilgili olmaq və bu bilgini bəşəri
və milli dəyərlərin qorunması, inkişafı, həmçinin
həlli vacib problemlərin aradan qaldırılması
üçün istifadə etmək bir insanlıq vəzifəsidir.
Biz yaradıcılıq ruhundan bütün insanların pay
aldığını düşünürük.
Yaradıcılıq meylinin estetik, bədii, texniki və ya
elmi yönümlü olmasını müəyyən edib onu
inkişaf etdirən insan, problemlərə yeni gözlərlə
baxıb orijinal həllər tapan insandır. Biz
insanlarımızın yaradıcılıq potensialını
ortaya çıxarıb daha da inkişaf etdirmələri
üçün lazımlı şəraiti yaradırıq.
Hədəf Konseptinin məqsədi yaxın gələcəyin
milli, sağlam, bacarıqlı, yaradıcı və BİLGƏ
İNSANlarını yetişdirməkdir".
MÜASİR ZƏKALI VƏ ÇEVİK İNSANIN
YETİŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏN
PRİNSİPLƏR
Şəmil Sadiqin "İnsan mühəndisi"
adlı kitabında konseptin özünüdərk,
sağlamlıq, bacarıq, yaradıcılıq, bilik kimi
prinsiplərini ayrı-ayrılıqda şərh edir. Milli dəyərlərə
söykənərək çağdaş təfəkkürlü,
müasir zəkalı və çevik insanın yetişdirilməsinə
xidmət edən bu prinsiplərin hər biri bu gün ümumtəhsil
məktəblərində ümumpedaqoji prinsiplər kimi tətbiq
olunmalıdır. Çünki bu prinsiplər üzrə
işləyən hər bir təhsil müəssisəsi, təlim-tərbiyə
qurumu, maarifçilik ocağı uğurlar qazana bilər.
Kitabda "Hədəf Konsepti" liseyin simvolları qismində
konkret sxem əsasında da öz əksini tapır. Hədəfin
Konsepsiyasında STEM, Bilgə insan, Dəyərlər həftəsi,
Balabilgə anlayışları yer alır. Bu
anlayışların işlədilməsinə qarşı
çıxmaq düzgün deyil. Ona görə ki, bir təhsil
brendi, bir trend kimi qəbul olunan STEM beynəlxalq təhsil
sistemində aparıcı termin kimi işlədilir. Həmin
anlayışın baş hərflərinin çox
mühüm pedaqoji mahiyyət kəsb edən sözlərin
birliyindən yarandığını görürük.
"İnsan mühəndisi" kitabında STEM
abreviaturasını açarkən bu sözün
bütün məna çalarlarını özündə ehtiva edən
simvolikanın böyük pedaqoji dəyərini sadə dillə
açıqlayan müəllifin fikrincə, XXI əsrin məktəblisi
elmin əsaslarına yiyələnməli, texnologiyanın
bütün komponentlərini duymağı, qavramağı,
qiymətləndirməyi bacarmalı, mühəndislik sahəsində
nəzəri və praktik biliklərə malik olmalı, bazar
iqtisadiyyatı şəraitində elmi-texniki tərəqqinin
son nailiyyətləri dövründə riyazi hesablamaları hərtərəfli
anlamalı və bu sahədə kifayət qədər təcrübəyə malik
olmalıdır. Bunları nəzərə alan müəllif
STEM-in mahiyyəti, məzmunu, elmi-pedaqoji, metodik arenadakı
yeri, lisey şagirdlərinin bilik, bacarıq, vərdişlər
sistemindəki mövqeyi, məzunların elmi
dünyagörüşləri,
şəxsiyyətyönümlü inkişafı ilə
birbaşa inteqrasiyada olduğunu aydınlaşdırır.
Bilgə insan deyəndə müəllif bilikli insan nəzərdə
tutur.
YENİ NƏSLİN
NÜMAYƏNDƏLƏRİNƏ ƏDƏB-ƏRKAN
QAYDALARININ ÖYRƏDİLMƏSİ
Kitabda "Vacib kültürlər" adlı bir
başlıq var. Bu başlıq altında müəllif
"Uşaqlarınızla danışın",
"Uşaqlara gözləməyi öyrədin",
"Uşaqlara ayaqları üzərində durmağı
öyrədin", "Uşaqlara "yox" deməyi
öyrədin", "Uşaqlara ailə kültürü
haqqında öyüdlər verin", "Səhv etməyi
öyrədin uşaqlarınıza", "Onlara təşəkkür
etməyi, minnətdarlıq hissini öyrədin",
"Onlara empatiya duyğusunu öyrədin", "Sual vermə
kültürü öyrədək uşaqlarımıza"
kimi yarımbaşlıqlar yer alır. Bu bölmədə həmin
yarımbaşlıqlar altında verilən mövzularda
yetişən nəslin nümayəndələrinə ədəb-ərkan
qaydalarının öyrədilməsi, onlara mədəniyyət
dərsi keçilməsi tövsiyə olunur. Şəmil
Sadiqin ədəb-ərkan qaydaları ilə bağlı
şagirdlərə verdiyi öyüdlərdən, tövsiyələrdən,
məsləhətlərdən valideynlər də istifadə
edə bilərlər. Kitabda "Hədəf liseyi"nin
öz modeli təqdim olunur. Açığını etiraf eləmək
lazımdır ki, bu model ölkədə orta ümumtəhsil
sistemində yeniliklər yaratmaq, örnək didaktik mühiti
təşkil etmək, fənlərin tədrisi
üçün müasir təlim metodlarından istifadə
etmək, şagird-müəllim münasibətlərini əxlaqın
saflaşdırılması səviyyəsinə qaldırmaq,
məktəb-ailə-ictimaiyyətin birgə fəaliyyəti
üçün nümunəvi işlər görmək, təlimin
tərbiyəedici xarakterinə uyğun praktik işləri həyata
keçirmək, təlim-tərbiyə işlərində əyaniliyin,
sistemliliyin, ardıcıllığın, elmiliyin, təşəbbüskarlığın,
intizamlılığın, ədalətliliyin və digər əxlaqi-mənəvi
keyfiyyətlərin formalaşdırılması
baxımından yanaşılması çox
faydalıdır. Ona görə də, təqdim olunan
kitabın orta ümumtəhsil məktəblərinə rəhbərlik
edənlərin masaüstü kitabı kimi seçmələrini
tövsiyə edirik.
HƏDƏF KURSLARI ABİTURİYENT HAZIRLIĞI
İSTİQAMƏTİ ÜZRƏ CİDDİ UĞURLAR
ƏLDƏ EDİB
Bu gün hazırlıq proqramını yerinə
yetirmək üçün şagirdlər həm məktəbə,
həm də kurs və ya fərdi hazırlıq müəllimləri
yanına getməli olur ki, bu da onların gün ərzində
ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə
getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli
olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının
ağırlığı, fiziki və psixoloji gərginlik
onlarda ciddi depressiya yaradır. Bu baxımdan Hədəf
şagirdlərə həm lisey, həm də kurs olaraq vahid
bir proqram təklif edir. Bununla uşaqlar hazırlığa
getmək üçün məktəbdən icazə
almağa məcbur olmur, hər gün hazırlıq
proqramını yerinə yetirmək üçün
şagirdlərimiz həm məktəbə, həm də kurs
və ya fərdi hazırlıq müəllimləri yanına
getməli olur ki, bu da onların gün ərzində ciddi
şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev
gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə
qidalanmaq, dərs saatlarının ağırlığı,
fiziki və psixoloji gərginlik
onlarda ciddi depressiya yaradır. Bu baxımdan biz sizə həm
lisey, həm də kurs olaraq vahid bir proqram təklif edir.
ƏSAS HƏDƏF
Artıq15 ildir ki, fəaliyyət göstərən Hədəf
Kursları abituriyent hazırlığı istiqaməti
üzrə ciddi uğurlar əldə edib. Minlərlə tələbənin
ali məktəblərə qəbul olunmasına dəstək
verib. 10-dan çox Azərbaycan birincisi, 100-lərlə 600-dən
çox bal toplayan şagirdlərin yetişdirilməsində peşəkar müəllim heyətinə
sahib olan Hədəf Kurslarının təkrarolunmaz
proqramı artıq 5 ildir ki, Hədəf STEAM Liseyində tədris
edilir. Bunun nəticəsində 3 buraxılışı olan
Hədəf STEAM Liseyi məzunları 100 faiz nəticə ilə
ali məktəblərə qəbul olublar.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-16 avqust (№146).- S.14.