Döyüş
havası
Vətən uğrunda canından keçən şəhidlərimizin
unudulmaz xatirəsinə
...Hardansa yaxınlıqdan gələn heyva iyi ilə
barıt qoxusu bir-birinə qarışmışdı.
Barıtın qoxusu müharibə yenidən
başlayan kimi hərbi xidmətə könüllü
qayıtmasından keçən 20 günün içindəcə
ciyərlərinin lap dərinliyinə qədər işləmişdi.
Hərdən ona elə gəlirdi ki, bədənindən
çıxan tər, çölə buraxdığı nəfəs
də barıt qoxuyur. Bu gün səhər açılanda isə
çox sevdiyi payızın çoxdan həsrətində
olduğu ətrini duyub cəld çölə
çıxmış və sübhün ala-toranında
ağız-ağıza verən quşların cəh-cəhinə
qulaq asaq-asa, səhər mehinin dağlardan qovub gətirdiyi ot,
çiçək ətrini ciyərlərinə çəkə-çəkə
qəribə hisslər keçirmişdi. Sərin payız
havası yaxınlıqdakı təpələrin başı
üstündə, dərələrin, yarğanların sinəsində
zəhlətökən bir boğanaq yaratmış barıt
qoxusu ilə sanki öcəşirdi. Bu yandan da
xoşladığı heyva ətri. Təbiət elə bil
sübhün məxmər havasında güzgülənə-güzgülənə
dünyanın mənasız oyunlarına gülür, havaya
yanıq iyi, barıt qoxusu püskürən toplar, tanklar nə
qədər ki, öz qorxunc səsləri ilə nərildəməyə
başlamamışdı, onların lülələrini, ətrafdakı
yarğanları, dərələri
özünün saf nəfəsi ilə doldurub barıt
qoxusunu buralardan birdəfəlik qovmaq istəyirdi. Dünya
barıt qoxusu ilə çiçək ətrinin cəngə
çıxdığı yerdə dayanıb
ağır-ağır nəfəs alırdı.
Mindikləri maşın dünən gecə azad etdikləri
qəsəbənin aşağı tərəfində yerləşən
uşaq bağçasına tərəf hərəkət edəndə
yolda gördükləri onu dəhşətə gətirmişdi.
Qəsəbədə demək olar ki, salamat bir ev
qalmamışdı - onların bir çoxu
yandırılmış, qalanları da top və tank mərmilərinin
zərbələrindən ya uçulub
tökülmüş, ya da məqsədli şəkildə
sökülmüşdü. Od-alovun qarsıladığı
ağaclar hələ saralıb-solmağa macal tapmamış
otların, kömür işartısı kimi adda-budda közərən
təkəm-seyrək çiçəklərin fonunda miskin
görünürdü. Bu ağaclar vətən uğrunda
şəhid olan cavanlara bənzəyirdi - müharibə
sonuncu və amansız fərman ilə onların da
ömrünü qırmışdı. Fərq
burasındaydı ki, bu ağaclar hələ ayaq üstə
dayanmış, pöhrəsiz, yarpaqsız, kölgəsiz bir
boşluğun sükunətini necə
qarşılamışdılarsa, elə o vəziyyətdə
də donub qalmışdılar.
Qəsəbə böyük deyildi. Hər
küçəsində, hər tinində düşmənin
qanlı pəncəsinin izləri qalsa da, vaxtilə
sığallı, səliqəli bir ömür
yaşadığı hiss olunurdu. Bu sığallı qəsəbənin
30 ildən də çox uzaqlarda qaçqın ömrü
yaşayan sakinlərinin tezliklə həsrətində
olduqları yurd-yuvalarına
qayıdıb-qayıtmayacaqları indi onlardan - qəsəbəyə
nəzarət edən əsgərlərdən asılı
idi. Düşmən buranı tərk etsə də, tamam
çəkilib getməmişdi, 5-6 kilometr aralıdakı
yüksəkliklərdə mövqe tutub pişik kimi
marığa dayanmışdı. İstənilən anda
"Döyüşə" siqnalı verilə bilərdi.
Maşın uşaq bağçasının giriş
qapısının yanında dövrə vurub dayandı.
Əsgərlər yerə tökülüşdülər. Onları izləyən ikinci
maşın da qapıya yaxınlaşdı. Onun kuzasına
açılıb-yığılan yüngül
çarpayılar yığılmışdı. Bölüyün
qərargah rəisi göstəriş vermişdi ki, bura
taqımlardan birinin müvəqqəti dayaq məntəqəsi
olsun.
- Üç dəqiqə fasilə. Sonra işə başlayırıq! Vaxtımız
çox azdır, - komandir qısa göstərişlər
verib bağça binasının giriş qapısına tərəf
addımladı, onun sağ əlinə söykənərək
dayaqlandığı küknar ağacının bərabərinə
çatanda ayaq saxladı. Dodaqlarına qəribə bir təbəssüm
qondu, yorğun çöhrəsi, qızarmış gözləri
elə bil cana gəldi.
- Qarabala, nə fikrə getmisən?
- Heç, komandir...
- Bura bax, fikir-zad eləmə. Nəfəslərini kəsmişik,
can verirlər, - sonra gülə-gülə əlavə elədi
- Sənə fikir eləmək olmaz ha. Arığın,
sısqanın birisən, sonra xəstələnib eləyərsən...
Əsgərlər gülüşdülər. Amma o
incimədi, bilirdi ki, komandir zarafat edir. Hərçənd
arıq, sısqa vücuduna görə bir az utanır,
taqımda zəif döyüşçü kimi
tanınacağından ehtiyat edirdi. Amma nə olsun ki, arıq,
fiziki cəhətdən zəif idi. Cəmi 22 yaşı
olmasına baxmayaraq, düşmənlə üz-üzə gəlməkdən
çəkinmir, əksinə, səylə buna can
atırdı. Lakin ən həlledici çarpışmaya
atılıb içini yeyib dağıtmaqda olan qəzəbi,
intiqam hissini ağır daş kimi düşmənin
başına çırpması üçün
Tanrının seçdiyi məqam, görünür, hələ
yetişməmişdi. İlahinin lütfü sayəsində
o məqam yetişəndə gözlərinə qeyri-adi
işıq, qollarına tükənməz güc gələcəkdi,
bu ilıq payız havasını ciyərlərinə çəkə-çəkə
dünyada bəlkə də ən böyük qəhrəmanlıqlardan
birini o edəcək, Xocalıda vəhşicəsinə
öldürülən körpələrin intiqamını
alacaqdı - dünyanın ən məsum varlıqları olan
uşaqları çox sevirdi axı!
Əsgərlər içəri keçdilər, dar dəhlizlə
addımlayıb sola buruldular - bir vaxtlar bu yığcam, səliqəli
binaya sahiblik etmiş uşaqların yataq otağı o səmtdə
yerləşirdi. Otağın qapısı yox idi. Düşmən
tərəfin əsgərləri onu çərçivəsi
ilə bir yerdə ya çıxarıb aparmış, ya da
odun yerinə yandırmışdılar. Soyunub-geyinmə
otağındakı alçaq paltar şkaflarından
qoparılmış taxta qapı layları səliqəsiz
şəkildə bir tərəfdə qalaqlanmışdı.
Qapı ilə üzbəüz divarda ya kömür, ya da
siqaret kötüyü ilə ədəbsiz bir şəkil
çəkilmiş, altından da rus dilində
yazılmışdı ki, dünyada türk
uşaqlarından murdar heç nə yoxdur və onları
işgəncə ilə öldürmək savabdır.
Uşaqlardan biri dözmədi, "Murdar nəslindir,
svolıç! Murdar dediklərin indi sənə paz
çalanda ağlın başına gələr" - dedi və
sonra cib dəsmalını çıxardıb şəkli və
sözləri silməyə başladı.
Əyri-üyrü xətlər bir-birinə
qarışıb əhənglə ağardılmış
divarda qara ləkələr əmələ gətirdi.
Əsas otaqda isə ayrı mənzərə idi.
Xırda uşaq çarpayıları səliqə ilə
divar boyunca sıralanmışdı. Yataq dəstlərini
çox güman ki, çoxdan "əzabkeş" millətə
yardım üçün arxaya göndərmişdilər.
Amma dəmir çarpayıların bu vaxtadək burada
qalması müəmma idi. Allah bilir, nə fəna-feilləri
vardı, nə plan cızmışdılar.
- Çarpayıları çıxarıb
maşına yükləyin! - deyə komandir əmr tonunda
göstəriş verdi. - Bir az əlli tərpənin!
Haradasa yaxınlıqda toplar guruldamağa
başladı. Sonra pulemyot şaqqıltısı eşidildi
və əsgərlər bu gurultu və şaqqıltı səslərini
dinləyə-dinləyə tələsik işə
başladılar.
Çarpayılar yüngül idi. Ona görə də
qərara gəldilər ki, hərəyə birini
aparsınlar. Payına düşən çarpayını
qucağına alıb qapıya yönələndə birdən
ona elə gəldi ki, qucağındakı dəmir
çarpayı yox, dünyanın tank, tüfəng səsindən
uzaq bir sakitliyində mışıl-mışıl yatan
körpədir və o körpə indicə gözlərini
açacaq, onu qucağında harayasa aparan bu əminin
üzünə bəxtiyar-bəxtiyar gülümsəyəcək.
Bütün vücudunu saran bu hissin təsiri altında
içinə qəribə bir asudəlik doldu. Elə bil
bütün vətən torpağını qucaqlayıb
köksünə sıxmışdı, vətən bu dəmir
qutunun içində onunla birlikdə addımlayırdı.
Amma haraya? Torpağı qucaqda aparmaq olmur axı. Torpaq, yurd ona
görə Vətən olur ki, bir yerdən başqa yerə
daşınmır. Lap şairanə tapıntı oldu ki! Həyatında
bəlkə ilk dəfə torpaq, Vətən
qarşısında daşıdığı borcun bütün
ağırlığını çiyinlərində hiss elədi.
Amma bu ağırlıq onu qətiyyən yormur və əzmirdi,
əksinə, vücudunun bütün nöqtələri sanki
oyanıb cana gəlir, Heraklın rəqibi Antey torpaqdan -
anasından güc aldığı kimi, qucağında
tutduğu kiçik çarpayının soyuq dəmirlərindən
bədəninə yenilməz bir qüvvə axırdı.
Topların gurultusu get-gedə daha aydın
eşidilirdi...
Yolu yarı eləmişdi ki, qəfildən sanki
möcüzə baş verdi - elə bil haradansa körpə uşaqların nəfəsinin
qoxusu axıb öz nəfəsinə qarışdı,
burnuna doldu. Qeyri-ixyiyari başını əyib burnunu
qucağındakı dəmirlərə
yaxınlaşdırdı və iylədi. Səhv etməmişdi.
Sən demə, dəmir də canlı imiş, yaddaşı
varmış, uşaqların o çiçək və
süd qoxuyan nəfəsini canına hopdurub 30 il
saxlayıbmış və barıt iyinə dov gələn o
qoxu indi dünyanı yavaş-yavaş
saflaşdırırdı. Ay Allah, dünyanın ətrini təzələyən
bu uşaqlar hardadırlar görəsən? Görəsən,
gecələr yatıb yuxularında nə görürlər?
Bilirlərmi ki, dünyanı saflaşdıran, dünyanın
bütün günahlarını yuyan onları bu dəmirlərə
hopmuş nəfəslərinin qoxusudur?
...Dünya yeni rəngə düşürdü və
bu yeni dünyada barıt iyinə yer yox idi. Dünyanın bu
xoşbəxt anlarında gözləri yaşarmış
xoşbəxt bir döyüşçü anbaan içində
doğulan yeni bir ruhun səsi ilə öz-özünə
pıçıldayırdı: "İlahi, intiqam
üçün mənə səbir ver, mənə
dözüm ver! Eşit səsimi, ulu Tanrı!"...
lll
Döyüş başlamışdı...
İtirdikləri mövqeləri geri qaytarmaq istəyən
düşmən böyük qüvvə ilə əks-hücuma
keçmişdi. Görünür, öz imkanlarını həddən
artıq şişirtdiklərinə görə piyadaları
irəliyə vermişdilər. Amma ön postlarda dayanan əsgərlərimiz
onların burunlarını yaxşıca ovub dərslərini
vermişdilər. Düşmən meyitlərini
döyüş meydanında qoyub geriyə çəkilmiş,
amma mühüm strateji əhəmiyyət daşıyan bu qəsəbəni
yenidən ələ keçirmək istəyindən əl
çəkmədiyinə görə qısa fasilədən
sonra mövqelərimizə tərəf tank qrupu göndərmişdi.
Taqımın döyüşçüləri sağ tərəfdəki
təpələrə sığınıb düşməni
qarşılamağa hazırlaşırdı.
"Döyüşə" siqnalı onun
mürgüsünü yarımçıq qoymuşdu. Bir
neçə dəqiqəlik mürgü vaxtı yuxuda evlərini
görməyə, ata-anası, bacı-qardaşları ilə
görüşməyə də macal tapmışdı. Bir də
görmüşdü ki, balaca bir oğlan
uşağını qolları üstündə atıb-tutur
və hər dəfə o uşağı yuxarı atanda tərtəmiz
səmada bərq vuran günəşin şəfəqləri
gözlərini qamaşdırır...
Amma indi qızğın döyüş gedirdi...
Qəfildən ətrafa seyrək duman
çökdüyündən düşmənin manevrlərini
izləmək çətin idi. Tankların gurultusu aləmi
başına götürmüşdü. Və bu gurultu
içində ara-sıra komandirin var səslə elan etdyi
komandalar eşidilirdi:
- Gizir Əliyev, bölməni sağ cinaha çək!
Düşmənin bir tankı da bu tərəfə keçməməlidir!..
- Qumbaraatançı əsgərlər! Təpəliyin
arxasında mövqe tutmaq lazımdır, Haydı, irəli!..
Qumbaraatan silahı çiyninə keçirib təpəliyə
doğru qaçan əsgər yoldaşlarının
ardınca getdi. Təxminən 30 metr
qaçmışdılar ki, qarşıda mərmi
partladı. Qəlpələrdən yayınmaq
üçün üzüüstə yerə uzandılar.
Arxadan komandirin səsi gəldi:
- Sağ tərəfə - yarğann içinə
yumalanın!
Güclü leysan sularının
açdığı yarğanın içi ilə irəliləmək
nisbətən asan və təhlükəsiz idi. Buranı
güllə, mərmi tutmurdu. Təpəliyə çatanda irəlidə
gedən Əli qəfildən geri qanrılıb qəribə
bir tərzdə dedi:
- Amma döyüş olacaq ha! Atalarını
yandırmalıyıq!
O, dostunun nə demək istədiyini yaxşı
başa düşürdü - tank hücumunda məsuliyyətin
böyük bir hissəsi qumbaraatanlarla silahlanan əsgərlərin
üzərinə düşürdü
Arxadan kömək gəldiyini görən
döyüşçülər ürəkləndilər.
Sol cinahda vəziyyət nisbətən yaxşı idi.
Döyüşün ağırlıq mərkəzi
yavaş-yavaş təpəliyə tərəf keçirdi.
Düşmən burada mövqe tutub nəfəsini dərmək
niyyətində idi. Ermənilər qəfil həmlə ilə
təşəbbüsü cüzi də olsa, ələ
alacaqlarını düşünürdülər. Amma hələ
heç nə həll olunmamışdı. Üstəlik, qəfil
peyda olan duman döyüşün əsl döyüş kimi
getməsinə mane olurdu.
Haradasa yaxında pulemyot şaqqıldadı və Kərimin
qısıldığı oyuğun yuxarı divarları
ovum-ovum olub töküldü. Dumanın içindən qəfildən
iki tank çıxdı. Kərim tələsik onu
dümsüklədi:
- Sağdakı mənimdir... soldakı...
O, sözünü bitirə
bilmədi. Qəribə bir şaqqıltı eşidildi - elə
bil qalın bir buz parçasını sındırdılar və
Kərim sinəsini tutub yerə yıxıld.
Bəlkə də yolunu azmış bir güllənin
güdazına gedən dostunun üstünə əyildi. Kərimin
deyə bilmədiyi sözlər dodaqlarında donub
qalmışdı.
Əli sərrast atəşlə tanklardan birini
odladı. Göyümtül tüstü dumana
qarışdığından ətraf bir anlığa
görünməz oldu. İkinci tank torpağı eşə-eşə
fırlandı və lüləsini onların olduğu səmtə
yönəltdi. Hər şey saniyələrin hökmündən
asılı idi. Qumbaraatanı çiyninə qoymağı ilə
nişan alıb tətiyi çəkməyi bir oldu. Tankın
sağ tıtrılı parça-parça olub
töküldü. İndi kimin əsəbləri möhkəm
idisə, bu qarşıdurmanı da o aparacaqdı. Tankın
ağır-ağır havada qövs cızan lüləsi
onların sığınacağına tuşlananda ikinci atəş
açıldı. Mərmi düz hədəfə dəydi.
Sol tərəfdə "ürəkli" bir tank
peyda olub sürətlə irəli şığıdı.
Əli hündür daşın dalından çıxıb
arxadan onu haqladı və silahı çiyninə qoyub
tankı nişan almaq istəyirdi ki, sağ tərəfində
partlayan mərminin zərbəsindən yıxıldı.
O, bütün təhlükələri unudub yaralanmış
dostuna tərəf sürünməyə başladı.
Pulemyotun yağdırdığı güllələr əllərinin,
ayaqlarının yanında yerə sancılırdı.
Əli dikəldi. Sol əlini sağ qolundakı yaranın
üstünə basmışdı. Dostunun ona tərəf
süründüyünü görüb ucadan
qışqırdı:
- Hara? Məni boşla! Eşidirsən? Tankı
buraxma!
Yenidən geriyə sürünmək mənasız
idi. O, dostuna çatıb əvvəlcə qumbaraatanı
götürdü və atəş açdı. Bircə
anın içindəcə tankı qırmızı alov
bürüdü. Əli gülə-gülə baş
barmağını yuxarı qaldırıb dedi:
- Əla! Kişisən!
Ara qarışmışdı. Kimin harda olduğunu
müəyyənləşdirmək çətin idi. Sol tərəfdə
iki dəfə bərk gurultu qopdu. Böyük ehtimalla, tanklara
dəyən mərmi partlayışlarının səsi idi
Əlinin sol qolunu boynuna keçirib təpəliyə
tərəf süründü. Deyəsən,
avtomatçılarımız onları
görmüşdülər. Əsgərlərdən biri
silahını çiyninə keçirib onlara tərəf iməkləməyə
başladı. Təpəliyə az qalmış
görüşdülər. Əlini arxadakı çökəkliyə
aparıb yarasını sarıdılar...
Nəfəsini dərmək üçün
yaxındakı daşın üstündə oturub alnında
puçurlanmış tər damcılarını sildi. Əsəbləri
tarıma çəkilmişdi, içini gəmirən qəzəbi
bilmirdi necə boğsun. Amma indi öz qəzəbi ilə
öcəşmək vaxtı deyildi.
Avtomatçılardan biri qəfildən
silahını ayağa çəkib yerə sindi. O, cəld
çevrilib əsgər yoldaşının
boylandığı səmtə baxdı. Tüstülənən
düşmən tankının üstündən erməni əsgəri
ehmal-ehmal aşağı sürüşürdü.
Ayaqları yerə dəyən kimi pişik kimi çömbəldi
və onların daldalandığı təpəliyə tərəf
iməkləməyə başladı. Avtomatçı səbrini
cilovlaya bilmədi və güllə yağışına qərq
olan düşmən arxası üstə düşüb hərəkətsiz
qaldı. Açıq lükdən çıxıb
tankın üstündə dayanan ikinci erməni bunu görən
kimi yerə hoppandı və dumana qərq olmuş əks tərəfə
- boşluğa sarı götürüldü.
Avtomatçı dikəlib onun tərəfə bir neçə
güllə yağdırdı, amma hədəfə dəymədi.
O, hər şeyi unudub qəfildən silahı yenidən
atəş açmağa hazırlaşan sütül əsgərin
əlindən qapdı, düşmənin dalınca
götürüldü...
Seyrək duman get-gedə qatılaşırdı.
Düşmən əsgərinin qara kölgəsi bu
dumanın qalın pərdəsi arxasında ara-sıra
görünüb yox olurdu. Təqib təxminən 300 metr davam
elədi və bir də baxıb gördü ki, dumanın
içində tək-tənha qalıb.
Dünya təzə gəlinlər kimi ağ
örtüyə bürünüb, bəyaz duman dənizində
çimirdi. Hər yan süd rəngində idi. Bəs nəfəs
almaq niyə belə çətinləşmişdi? Bəlkə
təngnəfəs olmuşdu, ona görə? Yox, dünya deyəsən,
yenə barıt qoxusuna təslim olmağa
başlamışdı. Haradasa uzaqlarda nəfəsindən
süd iyi gələn körpələr top atəşlərinin
gurultusu altında səksəkəli sübh yuxusunda idilər
və nəfəslərindən gələn süd qoxusu
dünyanın başı üstündən sərin yaz mehi
kimi keçirdi. Bunu deyəsən, yalnız o duyurdu və
duyduqca da burnunda süd qoxusu hiss edir, ömrünün ən
işıqlı günlərini yenidən
yaşayırdı. İlahinin onun qismətinə
yazdığı məqam deyəsən, yetişirdi və o,
ağ duman ümmanında quş kimi uçmaq, uçmaq istəyirdi...
Bəs bu tank lüləsi nədir? Dumanı yarıb
nərilti ilə ona tərəf gələn bu tank hardan
çıxdı?
Aralarındakı məsafə get-gedə
qısalırdı. Geriyə dönüb ağ duman pərdəsi
arxasında gizlənməyə, yox olmağa imkan vardı.
Amma o, yerindən tərpənmirdi. Təkcə ona görə
yox ki, arxada Vətən torpağı idi. Ona elə gəlirdi
ki, tankın qabağından bircə addım belə geri
çəkilsə, payızın ətrinə, yataqlarında
şirin-şirin uyuyan nəfəsləri süd qoxulu körpələrin
sübh yuxusuna, yuxuda atıb-tutduğu körpə oğlan
uşağının gülüşünə, sevincinə
xəyanət edər və bir əli onun çiynində olan
Yaradan bu xəyanəti heç vaxt ona bağışlamaz. Bu
xəyanət baş versəydi, dünya bir də gülməyəcəkdi,
elə barıt iyindən əziyyət çəkə-çəkə
qalacaqdı, hətta körpələrin nəfəsindən
də barıt iyi gələcəkdi.
Bayaq mürgüləyəndə gördüyü
yuxunu bir də xatırladı, o yuxuda ana-atası,
bacı-qardaşları ilə bir də
görüşdü, səmada bərq vuran günəşin
şəfəqlərindən gözləri
qamaşa-qamaşa bir oğlan uşağını qolları
üstə atıb-tutdu və əlini kəmərinə
aparıb oradan asılmış
tank əleyhinə sonuncu qumbaranı açdı. Onu sinəsinə
sıxıb aşağı əyildi, artıq bir neçə
metrliyində olan tankın tırtılları altına
atıldı...
Sonra sonsuzluq idi və o sonsuzluqda xoşbəxt bir əsgərin
ruhu ağ göyərçin kimi harasa göylərə - səmasının
ənginliklərinə doğru uçurdu...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2024.-16 avqust (¹146).- S.12;13.