DOĞRU OLAN
NƏDİR, QAZAN?!
Esse
Qranulalar - ey tək Ana Cümlələr!
Sizin doğub qəddarlıqla çölə
atdığınız balalarınızın - cümlələrin
yeri mənə məlumdu.
Onların hamısını dilə tutub,
yığıb sizin hüzurunuza gətirə bilərəm.
Amma siz onlardan imtina edib qəbul etməyəcəksiniz.
Çünki Qeyri-səlis məntiq sizə izn verməyir...
Kamal Abdullanın Yeddi cildliyi "Sonsuz Lüğət"dən
arınıb təmizlənmiş mətnlərdir. Bəs niyə
birdən-birə o mətnlərin cövhərini -
qranulalarını çəkib oxucuya təqdim etmək
ehtiyacı yaranıb? Bu sualın cavabı çox qüssəlidir.
Cavab belədir: Dünyada təmiz və ya sonradan tamamilə təmizlənmiş
mətn yoxdur!
Xalq yazıçısının yeni - "Seçmələr
seçməsi - qranulalar" kitabının
varaqlarındakı boş yerlər də bu fikri simvolizə
edir, yəni boş görünən bu yerləri bir zamanlar mətnlər
tuturdu. Bəs indi? Varağın ortasına vur-tut bir, iki və
ya üç cümlə "qədd tutub" durmuşdur.
Onlara nə deyirsən de, istəyirsən qranula de, özək,
cövhər de, nə dəyişiləcək? Gəlsənə,
onların da cövhərini çəkək? Qoy varaqlar mətn
adlı "bühudə" yükdən biryolluq azad
olsunlar.
Varağın yuxarı və aşağı hissəsində
dümağ ölüm təbəssümü...
Və sonuncu sual: Bir varaqda neçə dəfə
ölüb dirilmək olar?!
Böyük yazıçının qranulaları
ağılasığmaz bir fikri də assosiasiya edir: Gün gələcək
öz kitabımızın bomboş varaqlarına yazmağa
bir Tək Ana Cümləmiz - qranulamız da olmayacaq...
Qranulaların uçub gəldiyi yerlərin
ucu-bucağı görünmür. Onları kosmosdan axıb gələn
ulduzlara, qaya parçalarına - meteorlara da bənzətmək
olar, gəlib çox "rahat şəkildə",
heç düşünüb eləmədən Yerlə
toqquşurlar. Onları toplum maraqlandırmır. Bircə
amacları vardır; toza çevrilib torpağa
qarışsalar da, heç olmasa Yeri bircə an
işıqlandıra bilsinlər. Gözlənilməz
şüalandırma onların əsas mahiyyətini təşkil
edir.
Qranulalar bizi fərqli fikir qalaktikalarına aparır.
Bir şərtlə ki, həmin fikir və düsüncə kəhkəşanları
bizə öncədən məlum olmalıdır, necə deyərlər,
böyük fikir adamının yaradıcılıq
dünyasına dərindən bələd olmadan həmin
qalaktikalarla kontakta girə bilməzsən, uzağı, bəzi
qranulalar sənə aforizm səviyyəsində görünəcək.
Amma qranulalar birmənalı olaraq aforizm deyildir. Onları
Ariadna ipi kimi də təsəvvür etmək olar. Bizdə isə
Məlikməmməd kəndiri kimi. Həm kəndir, həm də
ip işıqlı bir niyyətə xidmət edir; bizi əsrarəngiz
aləmlərə aparır. Fikrimizi konkret nümunələrlə
sübut edək:
Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi, qurtardı, yox oldu, getdi?!
Bu da bir həyatdı-oynadıq onu,
Bu da bir oyundu-yaşadıq bitdi. [səh.8]
Oyun həyat, həyat da oyundur. Oyun hərəkətlilik
deməkdir. Həmişə düşünmüşəm
ki, Kamal Abdullanın oyun konsepsiyası üzərində
qurulan elmi və bədii yaradıcılığı
Tanrı layihəsinə uyğun gəlir; axı Tanrı da Hər
şeyi "Yox"dan "Var" edir, sonra həmin
"Var"ı yenə "Yox"a çevirir, sonra yenidən
yaradır və ümumən, qəribə və fasiləsiz
bir oyun karuselliliyi meydana gəlir.
"Taleyində olan həyatında olmaya bilər".
[səh.9]
Biz taleyimizdə olanları divin canı olan sürreal
şüşəyə bənzədə bilərik. Məlikməmməd
gələnə qədər o şüşə ən məsud
çağlarını yaşayır. Taleyimizi şəkilləndirən
o şüşə bəzi hallarda yerə
çırpılıb sındırılacaq və onun əksi
sənin həyatına düşməyə də bilər və
ya bu o qədər ani olar ki, həyat o şüanı tutub
saxlaya bilməyəcək.
Diqqət edək:
1. "Müqəddəs" Dədəmizin vaxtilə
qırx oynaşlı Boğazca Fatmadan vaz keçə bilməməsi
("Yarımçıq əlyazma") taledir.
2. Heç zaman etmədiyi, hətta edə biləcəyini
ağlına belə gətirmədiyi bir işin "peşinə"
düşdüyünün fərqində idi" ("Sirlərin
sərgüzəşti"). Bu, romanın birinci cümləsidir.
Əsərin qəhrəmanı Vaqif nə qədər real
görünsə də, metafizik və hətta absurd bir
işin arxasınca düşdüyünün fərqindədir.
Amma geriyə də yol yoxdur. Çünki onunla "geri"
arasında Yazı vardır. Və Yazı həm də
taledir. Vaqif taleyində olan nəsnəni yaşamağa məhkumdur.
3. Karvanbaşı böyük
ağrısızlığın (Axı, bu da
ağrıdır!) qapısı ağzında ("Sehrbazlar dərəsi"
romanı) dayanıb! Və ya həqiqət
qapısının! Onu döyüb içəri keçməyə
lüzum varmı? Səyyah Sehrbaz doğrumu iş
görür? Sonda Səyyah Sehrbaz da öz "sehri"nin
ucbatından böyük ağrı ilə - kimsəsiz, məsum
uşaqla "yüklənib" qaçır! Onun
günahı məsum günahdır! Bu, Səyyah Sehrbazın
qaçılmaz taleyidir və onun həyatında kibrit kimi
yanıb sönür.
Nümunələrin sayını artıra da bilərik.
Başlıca niyyətimiz oxucunu bu kiçik mətnlərə
"kiçik" kimi baxmaqdan "çəkindirməkdir".
"Bir, iki - bizimki" dramında Qadın Kişiyə
deyir: "Bilirsənmi, sənə nə barədə
düşünmək imkanı verilibsə, hamısı mövcuddur".
Bu fikri redaktəsiz-filansız qranulalara da aid etmək olar; bizə
verilən düşünmək imkanlarından daha
artığını da qranulalar haqqında düşünə
bilərik və bu, mövcud olandan kənara çıxmaq
kimi qəbullanmayacaq.
"Ədəbiyyatın mayasında qan durur. Troya
müharibəsini yada salmaq kifayətdi". [səh.37]
"Məlikməmməd"
nağılını xatırlayın":
"- Ata, izn ver, qanın iziynən gedib devi
öldürüm".
Bəs qanın qoxusu ilə necə, getmək
olarmı? "Sehrbazlar dərəsi"ndəki qandonduran səhnə
yadınızdadırmı? Cəlladbaşının öz
oğlunun da başını kəsirlər. Ata, torbadan
damcılanan qanın qoxusundan sezir ki, kəsilən baş bir
tək oğlunundur. Belə etnopsixoloji arxetipik bağlar heyrət
doğurur və az qala Kamal Abdullanın yazıçı
obrazını da nağıllaşdırır, mifləşdirir...
Nə qədər ki, başı kəsilən
sözlərin qan qoxusunu cəllad Məmmədqulu kimi hiss
etmiriksə və ya hiss edib o başı dipdiri övlad
vücudu kimi köksümüzə sıxmırıqsa, istənilən
diskurs ərazisində "cəlladlığımız"ın
da sonu olmayacaq...
"Əvvəlki an olmamışdır və
sonrakı an olmayacaqdır. Həm indini, həm sabahı, həm
keçmişi öz içinə yağan bir vahid an var.
Dolğun an!" [səh.11]
Kamal Abdulla üçün Dilin Zamanı yoxdur.
Çünki dilin özü zamandır! Əgər Dil
zamanı yoxdursa, istənilən vaxt istənilən məkandan
fərqli Dil məkanları ilə kontakta girmək olar. Yəni
hansı nöqtədə durduğundan asılı olmayaraq,
Dil ruhunu sehrbaz kimi çağıra bilərsən.
"Kitabi-Dədə Qorqud" dastanında hər
şeydən əvvəl "söz" və
"Sözü" bir-birindən fərqləndirmək
lazımdır. [səh.34]
Kamal Abdulla ana Kitabımızdan danışarkən
yalnız informatik məna daşıyan "söz"dən
deyil, böyük hərflə yazılan "Söz"dən
söhbət açır və "Gizli Dədə
Qorqud"a aşkar səyahət eləmək
imtiyazını qazanır.
Sözlərə söz kimi baxmaq! Bütün
anlamsızlıqların kökündə "işin
obrazı" olan sözlər durur! Bugünəcən Kamal
Abdullanın da başına nə gəlibsə, sözlərdən
gəlib. Böyük semiotikə naşıcasına dil dərsləri
keçmək istəyənlər də olub. Cavabı isə
çox sadə olub: "Mən Azərbaycan dilində deyil,
Azərbaycan dili potensialında yazıram".
"Yollar getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox..." [səh17]
Əgər indi sizə desək ki, "Unutmağa kimsə
yox..." kimi 528 səhifəlik möhtəşəm bir
romanın uçuş zolağı 14 sözlü bu
şeir-qranuladır, - inanarsınızmı?! Fərqi yoxdur, əvvəl
bu 14 söz yazılıb, yoxsa 528 səhifəlik roman...
"Ədəbiyyatda metafizika "iki üstəgəl
ikinin "dörd" olmadığı yerdən
başlanır". [səh196]
Kamal Abdulla mətnləri bizə, sadəcə,
mövcud olanı deyil, nəsə mövcud olmayan və ya
mövcud olub üzə çıxmaq istəməyən
tamamilə "tanış və yad bir bir diskursun - "iki
üstəgəl ikinin "dörd"
olmadığı" "sonsuz Lüğət"in
varlığından işarətlər verir. Məhz işarətlər!
Bilirsiniz bu, nəyə bənzəyir? Mürəkkəblə
yazılmış mətnin üzərinə qurudanın
sıxılmağına. Əslində, niyyətimiz mürəkkəbi
qurutmaqdır. Amma məlum mətn özünün tərs,
güzgüvari, "yad" obrazını qurudana da həkk
edir. Və hər dəfə bu təkrarlananda ilkin
"tanış Lüğət" bizdən bir qədər
də aralanır və "yad sonsuz Lüğət"ə
çevrilir. "Unutmağa kimsə yox…"
romanındakı "Çiçəkli yazı" kimi.
Olsun ki, "Çiçəkli..."nin
"aldadıcı" rayihəsinə uyub yad məkanlara da
gedib çıxmışıq. Amma əsl həqiqət
ondan ibarətdir ki, mağara divarına həkk olunan həmin
yazılar öz qanadı altında daha qədim
yazıları gizlədir. Onların isə bizə məlum
olmayan yeni leksika və qrammatikası vardır. Həm də lənətə
gəlmiş uydurulmuş zamanı. Nədənsə çox
əminəm ki, "zaman"ın qarşısında "uydurulmuş"
sözünü yazmalıyıq. Kim uydurub onu, nə zaman
uydurub?! Üst-üstə yazılan və qalaqlanan bu
"uydurma"ları bizdən sonra kim oxuyacaq? Və "bizdən
sonra" varmı? Yazıçı bizi hər dəfə məhz
o "sonra" adlanan məchul metafizik məkanlara aparmaq istəyir.
Amma nə özü gedib çata bilir ora, nə də biz...
"Kimi" qoşması Koroğlunun tüfənglə
bağlı dediyini xatırladır. Bu dil vahidi ortaya
çıxdımı, dilin mif dövrü (mərdlik
dövrü - !) bitir. Və yeni yazı dövrünün
(poetik dövrü) təntənəsi başlayır". [səh.
21]
"Sehrbazlar dərəsi" ilk cümləsindən
son cümləsinə qədər məcazdır. Dil
bütünlüklə metaforik bir küpün içinə
yığılıb. Dairəvi, çevrəvi bir
küpün... Siz necə düşünürsünüz, o
küpün düz, hamar səthində "kimi", "tək"
"qədər" qoşmaları başlarını
xüsusi eqo ilə qaldırıb dimdik dura bilərlərmi?!
"Öz-özlüyündə hər bir söz nə
zamansa metafora olmuşdur". (A.Veselovski 1838-1906)
Dil tarixinə inanılmaz bədii baxış!.. [səh.42]
Bu qranula Kamal Abdulla heyrətini göstərməklə
yanaşı, yuxarıda roman haqqında dediyimiz fikirləri də
təsdiqləyir. O, Dilin Xəlvəti bir Xanəgah
olduğunu intiutiv (Həm də rasional!) qəbul etdi (Seyid Yəhya
Bakuvinin Xanəgahını xatırlayın!), lakin bununla kifayətlənməyərək
dilin "hasarladığı" dünyadan kənara
çıxmaq üçün əlavə məkanlar taparaq
ona "Sehrbazlar dərəsi" adını verdi. Geniş
spektrdə "Sehrbazlar dərəsi" poetexnologiyası,
linqvopoetik və mifolinqvistik qatları, gözlənilməz
dil paradiqma və paradoksları ilə həm Dilin
Görükməz təpəsi, həm də Dilin dərəsidir.
"Yarımçıq əlyazma romanı ilə
bağlı ağlına gələn ağlına gələni,
ağzına gılən ağzına gələni
yazdı". [səh.419]
"Yarımçıq əlyazma" ədəbi
cameədə qəfil bir qəza effekti yaratdı, məlum
oldu ki, ənənəvi "xilasetmə" tədbirləri
burada "işləmir", standard ədəbi fiqurlar,
tabulaşmış "kriteriyalar" avtomatik yerlə yeksan
oldu, amma... və lakin belə ekstremal situasiyada modern ədəbi
mühəndislik konstruksiyalarına ehtiyacın
yarandığını içəridən qurcuxan qrafomanlar
hiss eləsələr də, səslərini
çıxarmadılar...
Nə biz yolu tanıyırıq, nə yol bizi,
Haralara gətirəcək bizi bu yol?! [səh.388]
Bu qranula istər-istəməz beynimizdə Sehrbaza
verdiyi pullara sonradan tamsılanan tacirin düşdüyü
çıxılmazlığı assosiasiya edir. Tacir
sehrbazın təksənəlik vaxtına girib onu
"soyur". Tövşüyə-tövşüyə
üzüyuxarı qalxan taciri Yol heç hara aparmır. O
fırlanır, vəssalam... Tanış bir yolda insan
azarmı? Bəli, azar, hələ o yana da keçər. Və
əslində "keçməz", qalar
fırlana-fırrlana... "Yol haman yol, şəhər də
ki, öz yerində. İnanılası deyil, indiyənə qədər
o naçar kişi o nadürüst yolu gedir, gedir, amma
neçə ildi bu yol onu bir yana gətirib
çıxarmır" ("Sehrbazlar dərəsi").
Yazıçı sınayıcı nəzərlərlə
düz gözümüzün içinə baxaraq deyir: Halal
Yolunuzu gedin, belə olmasa, Yol da nadürüstləşər
və sizi Yolda qoyar. Romanın çeşidli ideya
saçmalarından başlıcası, elə budur!
"Kim nə deyir desin, Yol xüsusi isimdir!" [səh.94]
Bu qranula yuxarıdakı fikirlərimizi necə də
gözəl tamamlayır!
"Kitabi-Dədə Qorqud" XVI əsr kəsiyində
yazıya alınsa belə əsl tarixi romandır. Cismi ilə
(ilk növbədə dili ilə) XVI əsrdə, ruhu ilə
daha qədim dövrlərdədir
Bu dastanın cismi ilə ruhu bir-birinə uyğun gəlmir".
[səh.19]
Epos Yazıya dönüşəndə arada ən
azıyeddi yüz il "it-bat"a düşüb və ya
Yazıya alanın özü yeddi yüz il gecikib. Və biz
"Dədə Qorqud"dan söhbət açanda əgər
o yeddi yüz ili xatırlamasaq, avtomatik olaraq əsl həqiqət
yeddi yüz il də bir kimsəyə məlum olmayacaq. Hətta
"əsl" həqiqət mövcud olmasa belə...
İndi biz Kamal müəllimə - "əzizi-mən"ə
sual edirik: Özünüzün də nə qədər
gecikdiyinizdən xəbəriniz varmı?! Amma xoşbəxtlik
orasındadır ki, siz, başlıcası, İlahi lütf,
konseptual mistik-mifoloji açarlar, "batin-zahir"
düsturundan biryolluq imtina, Qeyri-səlis məntiqə söykəniş
və mifolinqvistik işarələrlə Eposla o yeddi yüz
il arasına dünyanın ən faciəvi fatehi, böyük
psixoanalitik K.Yunqun təqdim etdiyi modellə yanaşsaq, mistik
Platon naturası ilə Aristotel naturası arasında qalıb
sıxılan və sonda bir "heç"ə çevrilən
Şah İsmayıl Xətai "qəziyyəsi"ni
hörməklə, məlum "qara dəliy"i kompensasiya
etmək üçün cəhdlər etdiniz. İndi həmin
"dəlik"dən bizə dünyanın ən fədakar
anası, provaslavların mələk, katoliklərin isə
fahişə kimi tanıdığı Mariya Maqdalenanın
Şərq "variantı" olan qırx oynaşlı
Boğazca Fatma ("Yarımçıq əlyazma"),
altsheymer xəstəsi Həsən müəllim ("Sirlərin
sərgüzəşti"), əbədi Harmoniyanı
simvolizə edən Bəhram kişi ("Unutmağa kimsə
yox..."), öz uzun adlarını paltar kimi soyunub geyinən
Hacı Mir Həsən ağa Səyyah ("Sehrbazlar dərəsi")
və nəhayət, Həsən müəllim kimi
"indi"ni unudan Vaqiflə Firəngiz ("Laokoon, Laokoon…
yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi") baxır...
"Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində,
Troyanı yox, tapmaq istədiyini, yəni arzu etdiyini
tapmışdır". [səh.28]
Kamal Abdulla "Gizli Dədə Qorqud"u yazarkən
sanki onun qarşısında nəhəng Troya atı
dayanmışdı. Sanki o da Apollon məbədinin kahini
Laokoon kimi öz şübhələrini "gerçəy"ə
çevirmək üçün Troya atında - diskursda dəliklər
açmaq istəyir. İndi biz belə bir ekperiment aparaq;
müəllif zəhmətinə "rəğmən",
Troya atını başıaşağı çevirək.
Heç şübhəsiz, taxta ata vurulan nizə izləri və
onların missiyası sıfırlanacaq. Bütün gizlinlər
də belədir. Sənin o gizlinləri açmaq
üçün etdiyin bütün cəhdlər
uzaqbaşı predmetin (bizdə diskursun!) genezisini dərindən
öyrənib onu başıaşağı çevirəcəyin
ana qədərdir. Və yaxud, mətni sondan əvvəlinə
doğru oxumaq anına qədər...
Nəticə: Kamal Abdulla üçün nə
Şiliman var, nə də Troya...
"Mənə deyən gərək nə olub axı
Nə çabalayərsan, söylə, nə xəbər?!
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər".
[səh.10]
Dünya şöhrətli Borxes külli-ədəbiyyatın
cəmi dördcə əhvalatın ətrafında
fırlandığını söyləyir: "Cəmi
dörd əhvalat var: Birincisi istekama çevrilmiş şəhər
haqqındadır (Troya). İkincisi qayıdış
haqqındadır (Odissey). Üçüncüsü
axtarışdır (Yason). Dördüncüsü müqəddəslərin
intiharıdır (Odin, Atis). Əhvalat cəmi dörd dənədir
və nə olur olsun, biz yalnız həmin hadisələri bu
və ya başqa şəkildə nağıl edəcəyik".
Kamal Abdulla da yunan mifologiyasının "...burma
saçlı" mistik qəhrəmanı Yason kimi daima
axtarışdadır. Onu "Yarımçıq əlyazma"ya,
"Sehrbazlar dərəsi", "Unutmağa kimsə
yox...", "Sirlərin sərgüzəşti" və
"Laokoon, Laokoon, yaxud bir romanın "gerçək"
yazılma tarixçəsi"nə, qeyri-ənənəvi səhnə
əsərləri və hekayələrinə gətirib
çıxaran da o sonsuz axtarışların məntiqi nəticəsidir.
Heç nə itirmədiyini bilə-bilə sonsuz bir ehtirasla
axtarmaq! Bax, əsas məsələ budur, qalan şeylər təfərrüatdır...
"Füzuli səni sevməyə, daxilən azad
olmağa... çağırmır. Füzuli səni buna səsləyir".
[səh.54]
Kamal Abdullanın belə bir kitabı vardır: "Mənim
Füzulim". Kitabda müəllif Füzulişünaslıqda
bizə məlum olan ənənəvi, standart tezislərə
qarşı böyük sevgi və ehtiramla özünün
"antitezis"lərini qoyur. Onun qənaətinə görə,
Füzuli taledən başqa heç nəyə boyun əyməyib.
Burada "boyun əymək" İlahi düzənə təzim
etmək anlamını verir: "Bir təsəllidir sənə
ol söz ki, derlər var sübh" (Füzuli).
Özünüz fikirləşin: Bu cür düşünən,
düşünən niyə, özünü azad
düşüncədə, düşüncəni
özündə əridən bir insan kimə boyun əyə
bilər?!
Müəllifə görə, Füzuli Petrarka kimi
sevməyib, o, harmoniyaya canatımı simvolizə edən
sevgini hər şeydən uca hesab edib. İtaliya
İntibahının məşhur siması Françesko
Petrarka (1304-1374) Roma imperiyasının
çöküşündən sonra dil, fəlsəfə və
ədəbiyyata avropalılıarın baxışını
əks etdirən Avrosentrik bir ifadə gətirdi: Qaranlıq
dövr. Mahiyyət baxımından bu dövr yox idi, sadəcə,
avropalıların qarabasması idi.
Xatırlayırsınızsa, akademik Fuad Qasımzadə də
Füzuli haqqında sanballı tədqiqatını "Qəm
karvanı" yaxud zülmətdə nur"
adlandırmışdı.
"Yaşamaq çox kədərli bir şeydir.
Sağa baxıram, sola baxıram - darıxıram". [səh.85]
Kamal Abdullanın belə bir essesi vardır:
"Düma ilə Coys arasında və yaxud Don Kixotun
ölümü". Çox təsirlidir."Elə bil, Don
Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz
yaratdığı qəhrəmanı üçün deyil,
özü üçün epitafiya yazırdı. Və əslində,
Don Kixot ölmürdü, o, yenidən dirilirdi". Müəllifin
illər öncə çap olunmuş misilsiz esselər
kitabının adı da bizə çox şeylər deyir:
"Kədərli seçmələr".
Kamal Abdulla kədəri epik vüsətlidir. Azərbaycan
ədəbiyyatında bu möhtəşəmlikdə kədər
çox azdır. Bu, Mətn tənhalığından
doğur! Antik kədərdir! Gümüş dövr şairlərinin
kədərinə oxşayır.
"Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində,
Troyanı yox, tapmaq istədiyini, yəni arzu etdiyini
tapmışdır". [səh.28]
Bu qranulanın üzərinə ikinci dəfə
qayıtmalı olduq.
Kamal Abdulla da Şlimana oxşayır. O, Gizli Dədə
Qorqudu deyil, arzuladığı və bütün ruhu ilə
can atdığı "aşkar" bir İtiyin arxasınca
düşüb. Həmin İtiyi Troya da adlandırmaq olar. O
öz Troyasını tapmayınca Kitabdan qopmayacaq. Sizcə,
Troya mövcuddurmu?! Mövcud olmayanı axtarmaq ehtirası onu
"Dansökülən"dən "Qürub"a
atır. "Günortac" hər ikisinin arasında bir
bitiş nöqtəsidir... ["Kitabi-Dədə Qorqud"un
poetikasına giriş" kitabı]
"Doğru olan nədir, Qazan?! Doğru olanı
söylərsən, yeni-yeni bəlalar gətirərsən qara
başına, bilməzmisən?!"
("Yarımçıq əlyazma", Bakı, Mütərcim-2012,
səh: 41)
Həqiqəti söyləsək,
işıqlarımız sönəcək. Bunu işıq
idarəsinin işçisi edəcək. Özü də
çox rahat bir şəkildə; işıq dirəyinə
qalxıb evimizə gələn xətti kəsəcək, vəssalam...
Amma qardaş, sənin Həqiqətin onu işıq dirəyinə
qaldıracaq! Həm də o dirək insanla işıqlanacaq...
Mehman QARAXANOĞLU
525-ci qəzet .- 2024.-16 avqust (¹146).- S.11;13.