COP29 öncəsi antiazərbaycan
qüvvələr fəallaşmağa başlayır
Hazırda bütün dünyanı narahat edən ən
vacib problemlərdən biri iqlim dəyişiklikləridir. Bu
problem qlobal xarakter alıb və bəşəriyyət
üçün əsas çağırışa
çevrilib. Eyni zamanda, dünya birliyi başa
düşür ki, iqlim dəyişikliyinin səbəb
olduğu fəsadların aradan qaldırılması, həll
yollarının tapılması birlik, həmrəylik tələb
edir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransı (COP) mühüm əhəmiyyət
daşıyır. Bu beynəlxalq tədbir bütün
dünyadan dövlət və hökumət rəhbərlərini,
tanınmış şirkətlərin rəhbərlərini,
ekspertləri, bir sözlə, 100 minə yaxın
iştirakçını bir araya gətirir.
Məlum olduğu kimi, bu il mötəbər tədbirə
Azərbaycan ev sahibliyi edir. Buna görə də ölkəmiz
dünyanın diqqət mərkəzindədir. Bakı tədbirə
yüksək səviyyədə hazırlaşır, müxtəlif
səviyyələrdə müzakirələr aparır, təkliflər,
təşəbbüslər irəli sürür. Azərbaycanın
COP29 sədrliyinin nəticəli olacağı, tədbirin
tarixində iz buraxacağını indidən söyləmək
olar. Çünki Bakının ev sahibi olduğu bütün
tədbirlər, eyni zamanda müxtəlif platformalardakı sədrliyi
çox uğurlu və yaddaqalan olub. Qoşulmama Hərəkatında
Azərbaycanın sədrliyi buna ən yaxşı nümunədir.
Təəssüf ki, Azərbaycana qarşı istənilən
məsələdə qeyri-obyektiv, qərəzli mövqe tutan
bəzi qüvvələr bu mövzuda da eyni mövqe sərgiləyirlər.
Ümumiyyətlə, son günlər bəzi xarici KİV-də
ölkəmiz əleyhinə qarayaxma kampaniyası
özünü göstərir.
Bu yaxınlarda ABŞ-nin “Politico” nəşri COP29-la
bağlı qərəzli məqalə dərc edib. Məqalədə
vurğulanır ki, guya COP29-a dəvət olunanlar Bakıya getmək məsələsində
tərəddüd edirlər. Eyni zamanda, Azərbaycanda
infrastrukturun bu tədbirin keçirilməsinə imkan vermədiyi
də yazılıb.
Bu kampaniya ölkəmizin namizədliyi irəli
sürüləndə, ev sahibi kimi ona etimad göstəriləndə
də aparılıb. Eyni xətt özünü digər
böyük tədbirlərin keçirildiyi dönəmdə
- Avropa oyunları, “Avroviziya” mahnı müsabiqəsi və s.
göstərib. Amma Bakı yüksək təşkilatçılıq
və təhlükəsizlik şəraitində bu tədbirləri
keçirməklə bu cür qüvvələrə
tutarlı cavab verib.
COP29 tədbiri yaxınlaşdıqca antiazərbaycan mərkəzlərin
və onlarla əlbir olan erməni lobbisinin fəallığının
artacağı gözlənilən idi.
Prezident İlham Əliyev ötən il Şuşada
keçirilən 2-ci Media Forumda məhz bu məqama toxunaraq
deyib: “Bizim namizədliyimiz və ev sahibliyimizlə
bağlı qərar verildikdən sonra - növbəti həftə
Qərb mediasında bizə qarşı hücumlar
başladı. Bu, gözlənilən bir hal idi və bunu
müzakirə etdiyim bir çox şəxslərlə
danışıqlarımda, – həmkarlarımı, dövlət
və hökumət başçılarını nəzərdə
tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan
üçün böyük başağrısı olacaq.
Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz
qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra
bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma
əminəm ki, kifayət qədər ittihamlar olacaqdır.
Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan
ölkə olduğumuz üçün. Bu, çox təəccüblü
bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş
Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla
üzləşdi. Təəssüf ki, bizə qarşı
çox geniş və koordinasiya edilmiş media prosesi
başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə
çalışırdıq, bu, bizim günahımız deyil
ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında
qiymətləndirilməməlidir. Biz
iqtisadiyyatımızı necə şaxələndirmişik,
işsizliyin öhdəsindən necə gəlmişik,
yoxsulluğu necə azaltmışıq, mövzular bunlar
olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən
ölkələrin səviyyəsindədir, bəzən ondan
daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir
və bəzi ölkələr bunu heç yuxusunda görə
bilməz. Qazıntı yanacaq növlərindən əldə
etdiyimiz gəlirlərin ədalətli paylanılması
çox şəffaf şəkildə, məsuliyyətli
şəkildə həyata keçirilir. Buna baxmayaraq,
ittihamlar davam edir... Deyə bilərəm ki, qərardan
altı ay keçdikdən sonra biz daha az hücuma məruz
qalırıq. Ancaq onu bilirik ki, tədbir
yaxınlaşdıqca bu ittihamların və hücumların
sayı artacaqdır”.
Görünən odur ki, artıq hücumlara start
verilir, amma bu cür sifarişli kampaniyalar aparanlar unudurlar ki,
iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi
çoxdan bir ölkənin problemi olmaqdan çıxıb,
bu, Yer kürəsində yaşayan hər kəsin problemidir.
Vəziyyətə qısa nəzər salanda, onun nə dərəcədə
ciddi olması ortaya çıxır. Belə ki, İqlim Dəyişmələri
üzrə Hökumətlərarası Ekspertlər qrupunun son
qiymətləndirmə hesabatına görə son 100 ildə
Yer kürəsində orta temperatur 0,8 dərəcə
artıb. Temperaturun artması isə əsasən istilik effekti
yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və
xlor-fülor birləşmələrin konsentrasiyasının
artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri
üzrə Hökumətlərarası Panel (İPCC) tərəfindən
təqdim edilmiş məlumata görə, sənaye
dövrünü əhatə edən son 250 ildə atmosferdə
məhz karbon qazının ümumi miqdarı 28%, metanın
miqdarı isə 60% artıb.
BMT-nin hesabatında göstərilir ki, son 150 ildə
dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin
ehtimallarına görə, əgər Yer kürəsində
temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə
qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə
qədər isə 6 dərəcəyə qədər yüksələ
bilər. Müəyyən olunub ki, temperaturun artması okeanda
suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu
rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da
qızmasına səbəb olur.
Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı
21-ci əsrdə qlobal sağlamlıq üçün ən
böyük təhlükə kimi iqlim dəyişmələrini
göstərib. Mütəxəssislərin fikrincə, gələcəkdə
qlobal istiləşməni minimuma endirmək səyləri
uğurlu olsa belə, dəniz səviyyəsinin artması,
okean istiliyinin və turşululuğunun yüksəlməsi
kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər
boyu davam edəcək. Qlobal istiləşmə ilə
mübarizənin ən mühüm mərhələlərindən
biri 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasına (COP21) Tərəflərin
21-ci Konfransında qəbul edilmiş Paris İqlim Sazişi
olub. Bu sazişin əsas məqsədi qlobal orta temperaturun
artımını sənayedən əvvəlki səviyyədən
2°C-dən xeyli aşağı məhdudlaşdırmaq,
temperatur artımını 1,5°C-ə qədər məhdudlaşdırmaq
idi.
Dünyanın bir parçası olan Azərbaycan iqlim
dəyişikliyinin fəsadlarına qarşı mübarizədə
aktiv rol oynayır. Ölkəmiz həm beynəlxalq
konvensiyalara qoşulmaqla, əhəmiyyətli təşəbbüslər
irəli sürməklə, həm öz yaşıl gündəliyini
inkişaf etdirməklə öz töhfəsini verir. Azərbaycan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel
2016-cı ildə imzalayıb və həmin ilin oktyabr
ayında ratifikasiya edib. Məhz Paris Sazişinin 4-cü maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin
oktyabrında BMT İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının katibliyinə
özünün “Milli səviyyədə Müəyyən
edilmiş Töhfələr” (NDC) sənədini təqdim edib
və qlobal miqyasda iqlim dəyişmələrinin
qarşısının alınması təşəbbüslərinə
töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə
2030-cu ilə qədər istixana effekti yaradan qaz
emissiyalarının (İEYQ) 35% həcmində
azaldılmasını hədəfləyib. 2021-ci ildə
Qlazqo şəhərində keçirilmiş COP26-da isə
2050-ci ilə qədər 40% azaldılmanı hədəf kimi
götürüb.
İqlim dəyişikliyi ilə bağlı vəziyyət
narahatedicidir, bu baxımdan COP29 mühüm əhəmiyyət
kəsb edir. Dünyanın iqlim dəyişmələrinin fəsadlarından
çıxış yolu axtardığı, COP29-a
böyük ümid bağladığı bir vaxtda antiazərbaycan
dairələrin sifarişlərini yerinə yetirən Qərb
mediası nəyəsə nail olmayacaq.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın
COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən,
aydın hədəflərə, məqsədlərə, nəticələrə
köklənmiş gündəlikdir. Azərbaycan təkcə
təşkilati baxımdan işlər görmür, mahiyyət
baxımından da təşəbbüslər irəli
sürür, inkişaf etmiş ölkələrlə fəal
şəkildə işləyir. Bütün bu fəaliyyətin,
sərf edilən əməyin bəhrəsi isə
özünü COP günlərində və əldə ediləcək
nəticələrdə göstərəcək.
Pərvanə
525-ci qəzet .- 2024.-16 avqust (¹146).- S.5.