"Azərbaycan "Yaşıl
enerji" dəhlizində lider mövqe tutacaq"
Hazırkı dövrdə Azərbaycan dövlətinin
enerji siyasətində əsas istiqamətlərdən birini
"Yaşıl enerji"yə keçid məsələsi
təşkil edir. Ölkənin enerji balansında
"yaşıl enerji" mənbələrindən əldə
edilən enerjinin payının getdikcə
artırılmasına nail olmaq enerji sektorunda aparılan
islahatların əsas məqsədlərindəndir. 2030-cu ilədək
elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji
mənbələrinin payının 30 faizə
çatdırılması, işğaldan azad olunmuş ərazilərin
"Yaşıl enerji" Zonasına çevrilməsi
ölkəmizin enerji siyasətində bir nömrəli
prioritetdir.
Azərbaycan "yaşıl enerji" sahəsində
beynəlxalq təşkilatlar, müxtəlif ölkələr
və sərmayədarlarla fəal əməkdaşlıq
edir.
"Yaşıl enerji" sənayesinin
inkişafı üçün müvafiq normativ hüquqi
aktlar qəbul edilir və institusional tədbirlər həyata
keçirilir. Ölkədə bərpaolunan enerji mənbələrindən
səmərəli istifadə ilə bağlı fəaliyyətin
təşkilinin və tənzimlənməsinin təmin edilməsi
üçün Prezidentin 2020-ci il 22 sentyabr tarixli Fərmanı
ilə Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri
Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud
"yaşıl enerji" sahəsinin inkişaf etdirilməsi,
bununla bağlı olaraq institusional mexanizmlərin
formalaşdırılması üçün zəruri
normativ-hüquqi aktlar qəbul edilir ki, onların
sırasında "Elektrik enerjisi istehsalında bərpaolunan
enerji mənbələrindən istifadə haqqında"
qanun mühüm yer tutur.
COP29-un baş icraçı direktoru Elnur Soltanov deyir ki,
dünyada "yaşıl enerji"yə keçid prosesi
dayandırıla bilməz: "Bu proses artıq geri
dönüş nöqtəsini keçib və bizim fəlsəfəmiz
"yaşıl enerji"də də söz sahibi
olmaqdır".
E.Soltanovun sözlərinə görə, Xəzər
dənizinin Azərbaycan sektoru təkcə karbohidrogen ehtiyatları
ilə deyil, həm də bərpa olunan enerji mənbələri
ilə zəngindir: "Bu, Azərbaycana "yaşıl
enerji" dəhlizinin yaradılmasında lider mövqe
tutmağa imkan verəcək".
COP29-un baş icraçı direktoru, həmçinin
xatırladıb ki, Azərbaycan rəhbərliyinin qərarı
ilə Qarabağ və Şərqi Zəngəzur
"yaşıl enerji" zonası elan edilib: "COP29
prezidentinin gündəliyindəki maddələrindən biri də
"yaşıl enerji" zonasının
yaradılmasıdır. "Yaşıl enerji" mənbələri,
xüsusilə su ehtiyatları ilə zəngindir. Bu regionda
inşa edilən su elektrik stansiyaları onu kifayət qədər
elektrik enerjisi ilə təmin edir. Növbədə BP-nin Cəbrayıl
rayonunda günəş elektrik stansiyasının tikintisi layihəsi
gəlir və düşünürük ki, bu barədə
COP29-a qədər daha çox eşidəcəyik".
O əlavə edib ki, BP-dən başqa, daha
üç şirkət Şərqi Zəngəzur və
Qarabağda "yaşıl enerji" sahəsində fəal
fəaliyyət göstərir: "Böyük ehtimalla, bu
zonada həddindən artıq hasil olunacaq "yaşıl
enerji" ölkənin digər regionlarına da tədarük
ediləcək".
Müasir dünyada Günəş enerjisi bərpaolunan
enerjinin ən perspektivli və ən böyük potensiala malik
olan növü hesab olunur. Günəş enerjisi
texnologiyaları sahəsində keçirilən müxtəlif
beynəlxalq tədbirlərdə və yeni layihələrdə
fəal iştirak edən Azərbaycanda yaşıl enerji
istehsalı və ixracını artırmaq üçün
mükəmməl hədəflər müəyyən edilib.
Bu ilin may ayında Prezident İlham Əliyev Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
yaşıl enerji zonasının yaradılması ilə
bağlı tədbirlər haqqında Sərəncam
imzalayıb.
Nazirlər Kabineti tərəfindən "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
2022-2026-cı illərdə "yaşıl enerji"
zonasının yaradılması üzrə Tədbirlər
Planı" təsdiq edilib. Sözügedən tədbirlər
planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında "yaşıl" texnologiyaların və
enerji səmərəliliyin tətbiqi ilə yanaşı, bir
çox ümumi enerji infrastrukturuna və sahənin
inkişafına müsbət təsir edəcək tədbirlər
nəzərdə tutulub. Eyni zamanda bu tədbirlər
planındakı öhdəliklər, işğaldan azad
edilmiş ərazilərdə "yaşıl enerji" zonasının
yaradılması məsələsi ilə bağlı
qarşıya qoyulmuş vəzifələrin müzakirəsi
məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı
ilə "Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində yaşıl
texnologiyaların və enerji səmərəliliyi tələblərinin
tətbiqi ilə bağlı əlaqələndirmə və
monitorinq üzrə İşçi qrup"u
yaradılıb.
Bu İşçi Qrupun iclasında qəbul edilən
qərara uyğun olaraq, işğaldan azad edilən ərazilərdə
aidiyyəti qurum üzvlərinin iştirakı ilə
monitorinqlər həyata keçirilir. Monitorinqlərin nəticələri,
eləcə də görülmüş və icrası nəzərdə
tutulan işlər İşçi Qrupun iclaslarında mütəmadi
müzakirə olunur.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin Layihələrin idarə edilməsi
şöbəsinin müdiri Cəbrayıl Əliyevin dediyinə
görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
bugünədək ümumi gücü 636 KVt olan Arximed
qurğusu, 200-dən çox fərdi yaşayış evində
günəş kollektoru, 250-dən çox evdə günəş
paneli, ictimai və sosial binalarda ümumi gücü 1000 kVt-dan
çox olan günəş enerjisi sistemləri, 2500-ə
yaxın LED lampalarla təchiz olunub və günəş
enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri,
habelə "ağıllı dayanacaq"lar, elektrik doldurma məntəqələri
quraşdırılıb. Bu ərazilər bərpa olunan
enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin
yerləşdiyi əlverişli coğrafi mövqe bu
potensialdan kifayət qədər istifadə etməyə şərait
yaradır: "İlkin qiymətləndirmələrə əsasən,
işğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan
çox günəş, 2000 MVt-adək külək enerjisi
üzrə potensial mövcuddur: "Günəş enerjisi
potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan
rayonları, külək enerjisi ilə isə əsasən
dağlıq rayonlar olan Laçın, Kəlbəcər
rayonları zəngindir. Eyni zamanda yerli su
ehtiyatlarımızın 25 faizə qədərinin Qarabağ ərazisində
formalaşdığını nəzərə alaraq qeyd edə
bilərik ki, işğaldan azad olunmuş ərazilərdə
kifayət qədər geniş hidroenerji potensialı da
mövcuddur. Bölgənin enerji təminatının daha da səmərəli
təşkili məqsədilə bu ərazilərdə yeni su
elektrik stansiyalarının qurulması üçün araşdırmalar
aparılır. Eyni zamanda bu ərazilərdə mövcud
olmuş su elektrik stansiyalarının bərpası istiqamətində
işlər davam etdirilir".
C.Əliyev sənaye miqyaslı layihələr barəsində
danışaraq qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə
BP şirkəti ilə imzalanmış İcra Müqaviləsinə
əsasən Cəbrayıl rayonu ərazisində 240 MVt
gücündə "Şəfəq" GES layihəsinin
tikintisi üzrə işlər davam etdirilir: "Bununla
yanaşı, "China Gezhouba Group Overseas Investment" və
"Nobel Energy" şirkətləri ilə
imzalanmış müqavilələr də işğaldan azad
edilmiş ərazilərdə günəş elektrik
stansiyalarının tikintisi nəzərdə tutulur.
Hazırda "yaşıl enerji zonası"nın
yaradılması çərçivəsində
işğaldan azad edilmiş ərazilərdə bərpa
olunan enerji mənbələrindən elektrik enerjisi
istehsalı, enerji səmərəliliyi tədbirləri,
elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin
damlarında bərpa olunan enerji qurğularının
(xüsusən günəş panellərinin) qurulması, həmçinin
küçələrin və yolların
işıqlandırılmasında günəş enerjisi əsaslı
LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında
bərpa olunan enerji texnologiyalarından istifadə,
ağıllı enerji idarəetmə texnologiyalarıının
tətbiqi, tullantıların enerji məqsədli idarə
edilməsi kimi "yaşıl" texnologiyaların tətbiqinin
həyata keçirilməsi istiqamətində işlər
davam etdirilir".
Ekologiya və təbii sərvətlər naziri,
COP29-un prezidenti Muxtar Babayev bildirib ki, əsas məqsəd
işğaldan azad edilmiş ərazilərdə
"yaşıl enerji" zonası yaratmaqdır:
"Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri
yenidən tətbiq etməklə biz bu torpaqları
yaşıl sahələrə çevirməyi hədəfləyirik.
Minimum emissiyaları təmin etmək üçün
"ağıllı şəhərlər" və
"ağıllı kəndlər" kimi innovativ
texnologiyalar və yanaşmalardan istifadə edirik".
M.Babayevin sözlərinə görə, regionda tətbiq
edilən "yaşıl enerji zonası" konsepsiyası da
xalis sıfır hədəflərinin əldə
olunmasına birbaşa töhfə verəcək: "Bu
problemin həlli təkcə Azərbaycan üçün
milli prioritet deyil. Bu, qlobal problemdir. Buna görə də beynəlxalq
əməkdaşlıq və resursların səfərbər
edilməsi eyni dərəcədə vacibdir. Biz beynəlxalq
ictimaiyyəti və inkişaf tərəfdaşlarını
bu missiyada bizə qoşulmağa
çağırırıq".
Nazir qeyd edib ki, Azərbaycan BMT-nin İnkişaf
Proqramı və digər beynəlxalq təşkilatlarla
uzunmüddətli tərəfdaşlıq münasibətləri
saxlayır: "Bu, bizim fəaliyyətimizdə və ətraf
mühitin mühafizəsi tədbirlərində mühüm
rol oynayıb. Birlikdə biz bütün dünyada təsirə
məruz qalan regionların davamlılıq, yenilənmə və
ətraf mühitin bərpası simvollarına çevrilməsinə
nail ola biləcəyik".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-17 avqust (№147).- S.23.