Müasir və Orta əsrlərdəki Yaponiya

 

 

(Əvvəli ştən şənbə sayımızda)

 

Yastığa baş qoymaq Yaponiyada normal hal sayılırdı. İnsana həzz verən hər hansı bir şey necə günah sayıla bilər? Katolik ruhani xadimlərin tselibatına - nikahsızlığına zidd olaraq bəzi Buddist sektaları hətta intim yaxınlığı bir sitayiş forması kimi təklif edirdi. Allahın bunu lənətləməsini demək ağılsızlıqdır. Mariko bunu, şübhəsiz, bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil edirdi, onlar heç vaxt yastığa birgə baş qoymağa məcbur edilmirdi. Geyşalar və bu sənətə yiyələnmək istəyən şagirdlər - maykolar toxunulmaz hesab olunurdular.

Qadınların sosial həyatda kişilərdən xeyli aşağıda dayanması isə bütün sahələrdə özünü büruzə verirdi. Ərinin sözü qadın üçün qanun idi. Marikonun anası, qızın atasının öz saxladığı samuraylara maaş vermək üçün pulu olmadıqda, Kiotoya yollanmış və orada parik düzəldənlərə öz saçını satmış və əldə etdiyi pulu gətirib ərinə vermişdi. Qadın üçün borc hissi olduqca vacib idi. Əri və ya intim xidmət göstərdiyi kişi yatmayana qədər qadın oyaq qalmalı və səhər əri yuxudan oyananda onu qarşılamalı idi. Qadının borcu müstəsna olaraq ərinə xidmət etmək idi. O, daim səbirli olmalı idi. Ərli qadının başqası ilə intim yaxınlığı zinakarlıq hesab olunurdu və seppuku ilə nəticələnirdi. Ayrı-seçkilik bütün sahələrdə gözə çarpırdı. Fuci-sana, müqəddəs Fuci (və ya Fuciyama) dağına dırmaşmaq, onun kraterli zirvəsinə qalxmaq yaponlar üçün sakral xarakter daşıyır. 1868-ci ilə, Meyci Bərpasına qədər qadınlara hətta bu dağa qalxmağa da icazə verilmirdi. Qadın yalnız oturmuş şəkildə kağız qapını - şocini açıb örtürdü.

Pula münasibətə gəldikdə, avropalılardan fərqli olaraq samuraylar üçün pul elə bir əhəmiyyət kəsb etmirdi. Sədaqət yaponların yüksək qiymətləndirdikləri yeganə xüsusiyyət idi, bu, onların kultu, buşidosu idi. Onlar özlərini ağalarına xidmətə həsr edirdilər. Ağır yaralanmış samurayların hamısı, əgər onlar özlərini öldürməsələr və bunu bacarmasalar, öldürülürdü.

Samuray ləyaqətlə ölürdü. Samuray əsir götürülsə, samuray kimi qala bilməzdi. Düşmənə əsir düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə görə, digər samuray həmişə seppukunun icra edilməsinə köməklik göstərir, dizi üstə çökmüş adamın arxasında laqeyd dayanırdı ki, aqoniya artıq dözülməz şəkil almamış və nəzarətdən çıxdıqdan qabaq, onun başını bircə zərbə ilə kəssin.

Axırıncılar baş versəydi, bu, həyatının ali anında insanı çox biabır etmiş olardı. Sekundantın iştirakı olmadan az sayda adam biabır olmadan ölə bilərdi. Samuray qadınlar seppukunu boğazlarına öz bıçaqlarını soxmaqla icra etdiklərindən, onlara köməkçi lazım olmurdu. Çinlilər isə işgəncə verilməsindən həzz alırdılar.

Buddizm yaponları ətlə qidalanmaqdan çəkindirirdi. Buddanın vətəni olan Hindistanda yaponları "Şərqin şeytanları" adlandırırdılar və öz torpaqlarına onlar silahlı olduqda ayaq basmalarına icazə vermirdilər. Yaponlar isə hindliləri "Qaralar" və "İnsan olmayanlar" adlandırırdılar. Koreyalıları isə onları "Sarımsaq yeyənlər" deyə çağırırdılar və kannibala bənzəyən heyvanlar hesab edirdilər. Onlardan gələn sarımsaq qoxusu hətta bu adamlarla ünsiyyətdə olanların paltarına və saçına hopurdu. Yaponlar güman edirdilər ki, hər iki ölkəni - Koreyanı və Çini işğal etdikdən sonra onlar sivilizasiyalaşdırmışlar, lakin onu da etiraf edirdilər ki, Çin hələ qədim dövrlərdən svilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan çox şeyi əxz etmişdilər və özləri də vurğulayırdılar ki, ən yaxşı şeyləri Çindən götürmüşdülər.

İngiltərə kimi, Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində ağalıq etməsə, kənardan olan düşməndən müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz ölkəsinə iki dəfə müdaxilə edildiyini danışdı. Üç yüz ildən çox bundan əvvəl Xubilay xanın monqolları Çini və Koreyanı yenicə işğal etdikdən sonra bizə qarşı hücuma keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe olmağı rədd etmişdik. Bir neçə min adam Kyuşyuda sahilə çıxdı, lakin bizim samuraylar onların qarşısını kəsdi və bir müddətdən sonra düşmən geri çəkildi. Bu hadisə 1274-cü ildə olmuşdu. Yeddi il sonra, 1281-ci ildəki müdaxilədə, demək olar ki, iki yüz min saydakı düşmən qoşunu yüklənmiş minə qədər Çin və Koreya gəmiləri iştirak edirdi. Qoşunlar monqollardan, çinlilərdən və koreyalılardan ibarət idi - əksəriyyəti süvari idi. Cənubdan gələn tayfun donanmanı və onun göyərtəsində olan ordunu darmadağın etdi. Sahildə qalanlar tezliklə öldürüldü. Bu, kamikadze və ya İlahi Külək idi. Kamikadzeni Allahlar, Allahlara məxsus olan bu torpağını xarici işğalçılardan mühafizə etmək üçün göndərmişdi. Monqollar bir daha geri dönmədilər və səksən il sonra və ya ona yaxın bir vaxtda onların yaratdıqları Yuan sülaləsi Çindən də kənara atıldı. Ona görə də yaponlar deyirdilər ki, "Onlardan bizi Allahlar qoruyur". Mariko təkrar etdi ki, Allahlar daim bizi müdaxilələrdən qoruyacaqlar. İspan Məğlubedilməz Armadası da belə bir qasırğanın köməyi ilə İngiltərə üçün əhəmiyyətsiz bir şeyə çevrilmişdi. Axırıncı hadisə 1588-ci ildə baş vermişdi. Monqollar, yəqin ki, avropalılara da rəhm etməzdi. Xubilay xanın babası Çingiz xanın ordaları, demək olar ki, Vyananın qapıları ağzına gəlib çıxmışdı, bu vaxt onların hücumu dayandırıldığından geri dönməyə məcbur olmuşdular. Bu, Hannibalın Romanın qapısı ağzında dayanıb, geri dönməsinə bənzəyirdi.

Həmin günlərdə adamlar inanırdılar ki, Çingiz xanın əsgərləri Allah tərəfindən göndərilmişdi ki, dünyanı öz günahlarına görə cəzalandırsın.

Ümumiyyətlə, yaponlar ölümdən qorxmurdular. Bu qorxu torpağında ölüm adamların guşənişinliyə çəkilməsi hesab olunurdu. Ölüm yaponların havasının, dənizinin, torpağının bir hissəsi kimi qəbul edilirdi.

Bləksorn altı ay müddətinə əvvəlki kənddə yapon dilini öyrənməyə göndərildikdə daymyo Yabu kəndlilərə elan etmişdi ki, həmin müddətin sonunda ingilis dilimizdə danışa bilməsə, bütün kənd camaatını qılıncdan keçirəcəkdir. Tərcüməçi Mariko-san bunu dənizçiyə dedikdə, o, hiddətini gizlədə bilmirdi, axı kənd sakinlərinin onun dili öyrənib-öyənməməsi ilə nə əlaqəsi vardır. Axşam o, Yabunun qaldığı evə gəldikdə etirazını bildirib, əmrini ləğv etməyi xahiş etdi. Adətə görə daymyo öz əmrini geri götürə bilməzdi, bu, biabırçılıq hesab olunurdu. Bu vaxt kobud kənd valisinin yanında o, ar gətirəcək belə bir əmrə dözməyəcəyini əsas götürərək seppuku etmək üçün xəncərini çıxarıb qarnına soxmaq istədikdə, vali tullanıb onun əlinin zərbəsini saxladı. Həm daymyo, həm də vaxtilə adamların gözü qarşısında Bləksornu nalayiqcəsinə təhqir edən onun qardaşı oğlu məəttəl qalmışdılar, onlar avropalıdan belə cəsarət və fədakarlıq gözləmirdilər. Daymyo Yabu əlacsız qalıb söz verdi ki, əgər o, ikicə söz də öyrənsə, kənd əhalisini cəzalandırmayacaqdır. İngilisə artıq heç də laqeyd olmayan tərcüməçi qadın da onun belə hərəkətinə təəccübünü gizlətməsə də, portuqal dilində ona dedi ki, siz artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz.

Digər bir hadisə də Bləksornu olduqca məyus etmişdi. Yaponlar şahinlə ovladıqları qırqovulu ikinci dəfə ona göndərəndə, ətinin yumşalmasını əsas götürərək, quşu həyətdə boğazından kəndirlə asdı və tapşırdı ki, özünün icazəsi olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu, ümumiyyətlə, yadından çıxardı və qayıdanda ona xidmət etmək tapşırılmış dul gəlin bildirdi ki, o, günahkardır, qoy ona özünü öldürməyə icazə versin. Nəhayət, məlum oldu ki, uzun müddət asılı qalan quş iylənib, üfunət iyinə dözə bilməyən hər bir yapon kimi qadın onu götürüb basdırmaq istəyəndə, bağban özü quşun cəsədini açıb, torpağa basdırmış, sonra isə özünü öldürübmüş. Ağanın sözünü, əmrini heç kəs poza bilməzdi, buna cəsarət etsə, könüllü qaydada həyatdan getməli idi. Bləksorn da adi adam deyildi. Toranaqa onu qulluqçu səviyyəsində hatamoto təyin etmişdi. Ona görə də quşa əl vurmaq özünə ölüm hökmü elan etməyə bərabər idi.

Bləksorn yazıq bağbanın ölümünə çox kədərlənməklə yanaşı, bu günahsız qadını da öz qərarından döndərə, sakitləşdirə bildi və özünü məzəmmət etdi ki, xalqın qaydalarına bələd olmadan niyə belə ağılsız qəti göstəriş verirsən.

Mariko-san ingilisə dili öyrətmək üçün yapon dilində feilin ingilis dilində olduğu tək şəxsi əvəzliklərə görə dəyişilmədiyini, bəzən hətta gələcək zamanda və mücərrəd formada da eyni qaydada tələffüz edildiyini dedi. Hətta cəm və tək isimlər də eynidir. "Tsuma" ifadəsi həm "arvadı", həm də "arvadları" bildirir. "Mən gedirəm", ya "onlar getdi" ifadələri yalnız səsin tonunu dəyişməklə bir-birindən fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir. Yapon dili qeyri-müəyyən dil hesab olunur. Çinlilər çox ağıllı idilər, deyə Mariko-san bildirdi ki, biz min il əvvəl onlardan yazını əxz etmişik. "Donuz" sözü üçün onlar xarakterik bir ifadə seçirlər. "Dam" simvolu "donuz" simvolunun üstünə əlavə edildikdə, bu, "ev" mənasını verir. Qədim dövrlərdə çinlilər düşünürdülər ki, "dam altında donuz" evdir. Onlar buddistlər deyildilər, ət yeyirdilər, ona görə də onlar üçün, kəndlilərdən ötəri donuz var-dövləti təmsil edirdi, deməli, yaxşı idi.

İngilis teatrından fərqli olaraq Yaponiyada aktyorlar və aktrisalar maska geyinirdilər, bunu onlar "No" teatrı adlandırırdılar. Onlar musiqi çalır, bəzən rəqs edir, çox hallarda isə tamaşaya qəmgin, faciəvi və tarixi pyeslər qoyurdular. Bəzən komediya da göstərirdilər. Şekspirin pyesləri onlara yad görünə bilərdi. Ona görə də hətta XX əsrin ikinci yarısında yaponlar Şekspirin məşhur "Kral Lir" pyesi əsasında film çəkəndə xalqın mentalitetini nəzərə alaraq kralın həm xəyanətkar qızlarını, həm də sədaqətli qızını onun guya oğlanları ilə əvəz etmişdilər. Ümumiyyətlə, yaponların ifadə tərzlərini, düşüncələrini anlamaq asan məsələ deyildir. Ona görə də yapon qızı ingilisə deyirdi ki, əgər dinclik istəyirsənsə, sən hətta boş fincandan da çayı necə içməyi öyrənməlisən. Sən həm də qayaların böyüdüyünü müşahidə etməyi də öyrənməlisən. O, izah edirdi ki, yastığa birgə baş qoymaq da öz qiymətinə malikdir. Həqiqi məhəbbəti biz borc adlandırırıq, bu, könüldən könülə körpüdür və elə bir ifadə tərzinə ehtiyac duymur - bəlkə, ölüm hədiyyəsi istisna olmaqla, heç bir fiziki ifadəyə də.

Yaponlar uşaqlıqdan öz içərisində itməyə, özünə kənardan nüfuz edilməsinə imkan vermədən böyüməyə öyrədilirlər. Divarların arxasında yaşayırlar. Əgər bunu bacarmasaydılar, hamı, çox güman ki, dəli olardı, hətta hər kəsi və özlərini öldürmək istəyərdi.

Yaponların dili elə çalarlara malikdir ki, cavab vermək istəmədiyi hansısa sualdan yayınmağa, nəzakətli olmağa imkan verir. Başlıca məqsəd həqiqi harmoniya əldə etməkdir. Bu sözləri dedikdən sonra qadın ingilisə bu sirri açdı: "Bizim təbəssümlərimizə və nəcib tərbiyəmizə, bizim seremonial qaydalarımıza və təzim etməyimizə, xoşhallığımıza və bağlılığımıza inanıb, səfehə çevrilmə!"

Romandakı daymyo Toranaqa obrazı müxtəlif situasiyalarda təsvir edilir. Onun müdrikliyi addımbaşı öz təsdiqini tapır. O, şahinlə ov etməyi də çox xoşlayırdı və bilirdi ki, bu yırtıcı quş onu tərk etdikdən sonra başqa quşları və kiçik heyvanları öldürəcək, istədiyi vaxt öz ovunu yeyəcəkdir. Şahin vəhşi varlıqdır, özünə gəldikdə isə müvəqqəti olaraq yerə bağlı ağadır. Şahinin caynaqları ölüm silahı olmaqla, onun gücü çatdığı canlıları məhv edə bilir. O öz qurbanını caynaqlarında tutub, onu yeməkdən əvvəl dimdiyi ilə tüklərini didməyə başlayır. Toranaqa Ancin-sanı geniş qanadlı şahin deyil, tələ yeminə aldanan quzğun hesab edirdi. Toranaqa rəhm etməyi bacarmırdı, oğlunu və arvadını da öldürmüşdü. Onun özünü də xəbərdar edirdilər ki, İşido səni körpə uşaq öz anasının döşünü əmən kimi əməcəkdir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-17 avqust (№147).- S.22.