Barok üslubunda məscid: Nüsrətiyyə
Bir-birinə bənzəyən kilsələr görmək
çətindir, amma bir-birinin bənzəri olan məscidlər
görmək hər an mümkündür. Bu günlərdə
"Galata Port"a getmək üçün yolu keçərkən,
sanki ilk dəfə fərqli, ecazkar bir məscid
görmüş kimi ayaq saxlayıb heyranlıqla baxmağa
başladım. Doğrudur, daha əvvəl çox məscidə
getmişəm, amma bu gördüyümdə bir fərqlilik,
bir cazibə vardı - insanı maqnit kimi özünə
çəkən bir enerji idi bu! Əvvəlcə həndəvərində
gəzdim, divarlarına toxundum, pəncərələrinə,
minarəsin, üstündəki oyuqlara, naxışlara göz
gəzdirdim. Axırda məscidlə bağlı məlumatlar
oxudum və heyrətim birəbeş artdı. Sən demə,
bu valehedici ibadətgah İstanbulun ən gözəl abidələrinin
ərsəyə gəlməsində imzası olan Balyan ailəsinin
inşa etdiyi Nüsrətiyyə məscidi imiş.
Maraqlıdır ki, bütün gözəl əsərlərin
müəllifi bu memar ailənin fərdləri tərəfindən
ərsəyə gətirilib. Balyan ailəsinin işlərinə
bələd olanlar bilir ki, onların yaratdıqları binalar
heç biri bir-birinə bənzəmir, hamısı
özünəməxsus gözəllikdədir.
Küldən doğan "gül"
Nüsrətiyə məscidi İstanbulun Karaköy səmtində,
dənizin qoynunda, Tophane-I Amire ilə üzbəüz
bütün gözəlliyi və görkəmi ilə ucalan,
XIX əsr incisidir. Sultanlar məscidi
və yeniçəri hadisələri ilə tarixə
keçib.
Əvvəllər yerində Sultan III Səlimin
inşa etdirdiyi "Arabaçılar qışlası məscidi"
vardı. Taxtadan olan həmin ziyarətgah 1823-cü ildəki
İstanbulun böyük fəlakətlərindən olan
Firuzağa yanğınında kül olur.
Elə həmin il Sultan II Mahmudun göstərişi ilə
yanan məscidin yerində təzə ibadətgah inşa
edilir. Hətta yeni ordu qurmaqda olan II Mahmud, məscidin
inşasına, əsgərlər üçün tikilən
binalarla birlikdə başlanmasını əmr edir. Buna
görə də məscid həmin vaxtlar müxtəlif əsgər
binaları ilə əhatələnirdi. Tikilən Tophane-i
Amire və Tophane qışlası ilə bütünlük təşkil
edən memarlıq abidəsi bu üstünlüyü ilə
qədim külliyələrdən xeyli seçilir.
Məscidin memarı sonralar Osmanlı üçün
saraylar, köşklər, möhtəşəm abidələr
inşa edəcək Balyan ailəsinin ilk memarlarından
sarayın təmir-tikinti işləri ilə məşğul
olan Bali ustanın oğlu Qriqor Amira Balyandır. Memar Sinandan
sonra Balyan ailəsi Osmanlı imperatorluğunun bəxtinə
düşən ən böyük şansıdır.
Dolmabağça sarayı, Çırağan sarayı, Bəylərbəyi
sarayı, Ihlamurlar Qəsri, Kiçiksu qəsri, Ulduz
sarayı və daha onlarla şah əsər bunu deməyə əsas
verir.
Məscid siyasətin parçası olarsa...
Bu fövqəladə məscidin inşa müddəti
üç il davam edir. İşlərin bitdiyi ərəfədə
II Mahmud, Tophanə limanına səltənət
qayığı ilə gələrkən, uzaqdan qübbənin
mahyaları örtdüyünü görür. İnşaat
bitməmiş qübbələrin təcili sökülməsinə
dair əmr verir və bir ay içərisində yenidən
qurulur. Buna görə də məscid, bu gün həddən
artıq incə və uzun minarələrə sahibdir.
1826-cı ilin may ayında açılış mərasimi
təşkil edilir. Sultan bu dəfə məscidə at belində
gəlir və üzünü sadəcə topçu birliklərinə
çevirib onları salamlayır, Yeniçərilərə
tərəf isə baxmır və onları
salamlamadığı görülür. Bunun səbəbi
Sultanın beynində tezliklə yeniçəri
ocağını ləğv etmək planının
olmağı idi. Sırf yeniçərilərə
qarşı qazandığı zəfərin şərəfinə
məscidə Nüsrətiyə deyilməyə
başlandığı da tarixi bilgilər arasındadır.
Çünki nüsrət, zəfər deməkdir. Məscidin
açılışı münasibəti ilə medal da
düzəldirlər. Ön tərəfində Osmanlı
padşahlarının imza əvəzinə istifadə elədikləri
tuğra möhürü, ay içində şərəf
nişanı, arxa tərəfində Nüsrət məscidi,
1247 yazısı mövcud idi. Ancaq görünən odur ki,
sultan zəfər elan etməkdə bir az tələsir.
Çünki yeniçəri ocağının ləğv
edilməsi ciddi hadisə idi. Əslində II Mahmud çoxdan
planlaşdırırdı bu böyük qərarı. Məqsədi
hərbidə yeniliklər etmək idi. Hətta bunun
üçün uzun müddət gözləmişdi və nəhayət
Nüsrətiyə məscidi ilə bunu
reallaşdırmış və günlər sonra Eşkinci
ocağını qurmuşdu.
Üstündən cəmi bir ay keçir və
ocağın ləğvini özlərinə təhqir qəbul
edən yeniçərilər ayağa qalxır. Hətta II
Mahmud xalqı yeniçərilərə qarşı
mübarizəyə çağırır. Yeniçəri
ocağından başqa bütün ocaqlar sultana sadiq
olduqlarını bildirirlər. Vaqiəyi-Xeyriyyə adlı
üsyanda Sultanın hərbçiləri tərəfindən
Aksarayda olan at meydanındakı kazarmalar artilleriya atəşinə
tutulur, 6 mindən çox yeniçəri
öldürülür, 20 minə yaxın üsyançı
həbs edilir. 16 iyun 1826-cı ildə tarixə qarışan
Yeniçəri Ocağının yerinə "Askari Mənsurəyi
Məhəmmədiyyə" adlı yeni bir ocaq qurulur. Mənası
isə "Məhəmmədin qalib orduları" deməkdir.
Bu hadisə yeniçəri ocağının ləğv
edilməsini uzun müddət təxirə salır.
Açığı, bir müddət əvvəl Aya Sofya məsələsinin
siyasiləşməsinə və beynəlxalq səviyyədə
müzakirəsinə təəccüblənmişdim. Hətta
ondan öncə Azərbaycan ilə Türkiyə arasında
Şəhidlər xiyabanındakı məscidlə
bağlı anlaşılmazlıq olanda da eyni hissləri
keçirmişdim. Ancaq Nüsrətiyyə məscidi ilə
Yeniçəri Ocağına verilən mesajı və
qanlı sonu görəndə bu günə qədər olan
prosesləri anlamaq olur. Deməli, bəzi şeylər dəyişmir,
aradan nə qədər vaxt keçirsə keçsin!
Sultanlara layiq...
Nüsrətiyyə, hündür kürsü
üstündə, eni və uzunluğu 15.5 metr
ölçülərində dördbucaqlı plan əsasında
ucaldılan məsciddir. Barok və ampir üslübunda
inşa edilən abidədə biri dörd, biri də
üç metrə yaxın olan qapılar
qarşılayır insanı. Əsas qapının
üstündəki yazı Yesarizadə Mustafa İzzət
Əfəndiyə aiddir. İbadətgah tək qübbəlidir.
Qübbənin daxili qismindəki hündürlük 29 metr,
genişliyi 15 metrdir. İki şərəfəli iki zərif
görkəmli minarəsi olan bu əsrarəngiz abidənin
üst örtüyü yivlidir. İçəridə
qızıl külçəsi kimi
ışım-ışım ışıldayan yer
hökmdar qəsridir. Son dövrlərdə tikilən məscidlərdən
fərqli olaraq, burada cümə salamlığı,
padşahın oturmağı və bəzi qəbulları həyata
keçirməyi üçün tikilən "Qəsri
hümayun" mərmər sütunlar üstündə
möhkəmləndirilib. Məqsurədəki qəfəs
qızıl ulduzludur. Buraya camaat bölümündəki
otaqlardan və yan eyvanlardan girişlər açıqdır.
Sultan girişi isə dənizə baxan arxa cəbhədəndir.
Hökmdar qəsrinin divarları rəngli bitki motivləri ilə
bəzənib. Məscidin divarında uzanan zolaqdakı yazı
Nəbə surəsidir və dörd tərəf bununla əhatələnib.
Abidənin xarici dizaynı insanı valeh edir. Künclərdə
armudu formalı ağırlıq qüllələri var.
Ətrafı çarpaz tağlarla örtülüdür və
arxa tərəflərə doğru genişləndiyi
görülür. Çöl cəbhədə bənzər
tağları görmək mümkündür. Qiblə tərəfində
üstü yarım qübbə ilə örtülü olan,
çölə doğru çıxıntısı olan
mehrab yerləşdirilib. Ziyarətgah qübbə ətəyindəkilərlə
birlikdə beş sıralı pəncərə ilə
aydınlandırılıb. Mehrab, minbər və xütbə
kürsüsü mərmərdəndir, üzərindəki
oyuqlar dönəmin xarakterik xüsusiyyətlərini
yansıdır. Üst sırada pəncərələr
sıralanıb. Qübbə içində əl işi olan bəzəklər
mövcuddur. Burada demək olar ki, türk motivlərindən
istifadə edilməyib. Fikrimcə, bu fərqlilik olduqca gözəl
düşünülüb. Çünki şəhərdə
bir-birinə bənzər məscid o qədər çoxdur
ki, bəzən sənə elə gəlir ki, hamısı
bir-birinin planı, dizaynı əsasında inşa edilib.
Türk ənənəsini yaşadan sadəcə xəttat
Mustafa Rakim, Haşim və Rəcai Şakir əfəndilərin
əsərləri olan yazılardır, vəssalam.
Tarixi abidələrə düşmən kəsilən
kəsim...
Əslində ilk illər məscidin ərazisi kifayət
qədər geniş idi. Hazırda magistral yol olan yerdə bir
vaxtlar ibadətgahın çeşməsi, fəvvarəsi
vardı. Yolun çəkilməsi abidənin bu
parçalarının yaxınlığına
köçürülməsinə səbəb olub.
Bütün bu yenidənqurma və sonrakı inkişaf
mərhələsində məscidin qarşısındakı
topxana binalarının dağıdılması və ətrafda
yeni binaların inşa edilməsi abidənin zərər
görməsi ilə nəticələndi.
Sultan Abdülaziz dönəmində küçənin
yenilənməsi ucbatından məscidin divarları
dağıdılır, yerinə çuqun barmaqlıqdan ibarət
alçaq hasar çəkilir. Bu hasarın orijinal
barmaqlıqlar olduğunu düşünənlər
1960-cı illərdə hasarı sökərək Sultan Mahmud
Türbəsinin yan divarlarına taxmaq üçün
aparırlar.
Hələ bu harasıdır? Məscidə vurğun
olan II Abdulhamid abidənin memarlığına və xarici bəzəklərinə
uyğun biçimdə önünə 1901-ci ildə italyan
memarı Raimondo Aronkoya çeşmə inşa etdirir. Həmin
çeşməyə də əl bulayırlar. Çeşmə
1956-cı ildə sökülərək Maçkada yerləşən
İstanbul Texniki Univeristetinin binasının
qarşısında qurulur. Səbəbi nə olub, buna kimi nə
vadar edib, bəlli deyil. Bircə onu görmək olur ki, abidələr
ən böyük zərbəni 1930-60-cı illər
arasında görüb.
Hətta məscid yaxın tarixlərdə çox da
vacib olmayan bəzi təmirlərdən də keçib. Bunu
müəyyən detallardan hiss etmək olur. Başına gələn
bütün arzuolunmazlıqlara baxmayaraq, bu möhtəşəm
tarixi əsəri görmək lazımdır. Nə qədər
ki, yerindədir, köçürülmə, daşınmaya
məruz qalmayıb...
Türkan TURAN