Romada Nizami heykəli
“Avropa qeydləri” silsiləsi
- III yazı
Romadakı son günümüzdə planımız
öncədən bəlli idi: səhər Panteona, günorta
Vatikana, axşamtərəfi Villa Borgezeyə getmək.
Düzü, əgər səhəri gün Barselonaya gedəsi
olmasaq, bir neçə gün də Romanın Trastevere hissəsini
gəzmək olardı. Tibr çayı Romanı iki yerə
ayırır, "Trastevere" təxminən "Tibrin o biri
sahili" deməkdir, turistik sıxlıqdan, səs-küydən
uzaqlaşıb nisbətən sakitlik axtaran, ənənəvi
italyan mətbəxinin dadına baxmaq istəyənlər o
biri sahilə üz tuturlar. Ancaq sənət
iştahımın hələ bu biri sahildə işi bitməmişdi.
Panteonun binası önündə gecə-gündüz
növbə var, fəqət səhər tezdən nisbətən
seyrəklik olur. Binanın düz təpəsində
"M.AGRİPPA L F COS TERTİUM FECİT" yazılıb, mənası
belədir: "Panteonu Lusiyin oğlu, üçüncü dəfə
konsul seçilən Mark Aqrippa tikdirib". Bəli, bu həmin
Mark Aqrippadır, Oktavian Avqustun uşaqlıq dostu,
sirdaşı, silahdaşı, kürəkəni.
İtalyada Panteonla bağlı qanadlı ifadələr
çoxdur, ən məşhuru belədir: "Dimmi il Panntheon
non la rotonda" - "Mənə qübbə demə, Panteon
de!" Bu, hansısa məsələ haqqında dolayı
danışan, "mus-mus" deyib "Mustafa"sını
deməyənlərlə bağlı deyimdir.
Romanın XIV imperatoru Publi Adrian hər şeylə
maraqlanan, özünəməxsus həvəsləri olan bir
adam idi. Yunan mədəniyyətinə vurğun olub, hətta
deyilənə görə, yunanlar kimi saqqal saxlayırdı. Həvəskar
memar idi, buna görə tanrıların şəninə bir
abidə yaratmaq eşqinə düşüb. Ancaq
eramızın 80-ci ilində Aqrippanın tikdirdiyi Panteon
yanğında zədələnəndən sonra Adrian bir memar
heyətiylə onu yenidən bərpa edib. Panteon bu günə
qədər ən sağlam qalmış abidələrdən
biridir.
Panteonun içində, qübbənin tavanında
böyük (8.2 metrlik) bir okulyus - göylərlə rabitəni
simvolizə edən iri bir göz, bir açıqlıq var. Bu
iri göz həm tanrının heç vaxt bəndələrin
üstündən əskik olmayan nəzərini, həm də
duaların, arzuların tanrıya çatan yerini təmsil
edir. Gün boyu günəş işığı ordan
süzülərək Panteonun içində bənzərsiz
işıq oyunları yaradır, gecələr isə
ulduzların sayrışmasına tamaşa etmək olur.
Panteonun içində əfsanəvi rəssam Rafael Santi, kral
II Viktor Emmanuel və I Umberto dəfn edilib. Panteonu gəzmək
üçün elə də çox vaxt tələb olunmur,
ancaq bu kiçik məkanın atmosferi elədir ki,
özündən asılı olmadan vaxtı uzadırsan, hər
detala nəzər salmaq istəyirsən. Ancaq çox vaxt itirə
bilmərik, Vatikandakı muzeylərə biletimiz var.
Vatikan Romanın içində, Monte-Vatikona təpələrinin
üstündə salınmış şəhər-dövlətdir,
məncə, həm də muzey-dövlətdir. Bir addım irəli
atıb Vatikana, bir addım geri çəkilib yenidən Romaya
keçdiyimiz, sərhədlərin şərtiləşdiyi,
şəffaflaşdığı bu kiçik - təxminən
50 hektarlıq şəhər-dövlətdən bir kilometr
aralıda "Vatikan muzeyləri" var, bizim istiqamətimiz
oradır.
"Vatikan muzeyləri" ifadəsi elə-belə cəm
halda deyilmir, burada 10 ayrı muzey və 54 qalereya var. Muzeylər
silsiləsi "Misir Muzeyi" (Museo Gregoriano Egizio) ilə
başlayıb "Sikstin kapellası" ilə bitir.
Bütün muzeyləri diqqətlə, hər bir
detalını saf-çürük edərək gəzmək
üçün adama günlər, hətta aylar bəs etməz.
Ona görə də yaddaşımda ilişib qalan, təəssüratlarımın
isti vaxtı götürdüyüm qeydlərə əsasən
bu sonsuz sənət kəhkəşanının bəzi hissələrini
yazının içində anmağa çalışaq.
"Misir muzeyi" doqquz otaqdan ibarətdir, Antik Misirdən
qalan eksponatlarla yanaşı, Roma İmperiyası
dövründə yaradılmış Misir üslubundakı əsərlər
də sərgilənir. Otaqlar da Misir tərzində düzəldilib.
Burada Antik Misirdən qalan heykəllərdən, papiruslardan
başqa qədim Misirdən qalma zinət əsərləri də
var.
"Qreqorian Etrusk muzeyi"ndə doqquz qalereya var.
Burada Etrusk mədəniyyətinə aid keramika, bürünc,
qızıl eksponatlar nümayiş olunur. İnformasiya
lövhəsində belə yazılıb: 1837-ci Papa XVI Qreqori
tərəfindən qurulan bu muzey Papalığa məxsus ərazilərindəki
arxeoloji qazıntılardan tapılan əsərlərə əsasən
tərtib edilib.
Şübhəsiz, bu muzeylərdən hamını
öz cazibəsinə salanı daha çox
"Çağdaş sənət kolleksiya"sındakı
əsərlərdir. Səkkiz min əsərin sərgiləndiyi
bu kolleksiyada Van Qoq, Corco de Kiriko, Mark Şaqal, Morandi kimi məşhur
sənətkarların şedevlərini görmək olur.
"Vatikan Muzeyləri"ndəki bəlkə də
iki ən məşhur əsərdən biri "Rafael otaqları"
(Stanze di Raffaello) deyilən hissədə Rafael Santinin çəkdiyi
"Afina məktəbi" freskasıdır. Bu freskada
afinalı mütəfəkkirlərin, filosofların, alimlərin
şəkli bir yerdədir. Rafael onların adlarını qeyd
etməsə də, hər birinin kimliyi müəyyən
atributlarına əsasən təxmin edilir. Vaxtilə
onların kimliyi ilə bağlı Vasari müəyyən fərziyyələr
irəli sürmüş, öz fikrincə, iyirmi ikisini müəyyənləşdirmişdir.
Hamının can atdığı, görmək
üçün addımlarını yeyinlətdiyi
"Sikstin kapellası"na doğru gedən yol üstündə
"Qübbəli otaq" deyilən bir otaq var. Bura Panteondan təsirlənərək
tikilib. Moazikalarla zəngin döşəməsi Romanın qədim
limanlarından olan Ostiyadakı qədim hamamlardan
materialların hissə-hissə gətirilməsi əsasında
yaradılıb. Mozaikada əks olunan sujet Kentavrların
savaşıdır. Ancaq bu otağın ən məşhur
eksponatı İmperator Neronun vannasıdır. Bu vanna 13 metr
boyundadır və nadir daşlardan düzəldilib.
"Sikstin kapellası" İntibahın ən
möhtəşəm əsərlərindən biridir, burada
bina sənətləşir, sənət abidələşir.
Kapellanı Papa IV. Sikstus tikdirib. Hər il milyonlarla insanın
buranı görmək üçün axın-axın yola
düşməsi, növbə gözləməsinin səbəbi
kapellanın divarlarındakı, tavanındakı əfsanəvi,
unudulmaz freskalardır. Mikelancelonun
"Yaradılış" mövsusunda çəkdiyi əsərlərdən
başqa burada Bottiçelli, Perucino kimi sənətkarların
da fırçası toxunub. Mikelancelo Papa II. Yuliusun dəvətiylə
Romaya gəlib və kapellanın divarlarına
"İncil"in "Yaradılış" kitabına əsasən
doqquz kompozisiya çəkib. Bunlardan ən məşhuru
"Adəmin yaradılışı"dır. Mikelancelo
kapella divarlarını freskalarla bəzədikdən 25 il sonra
mehrabın divarında "Məhşər günü"
adlı şedevrini yaradıb.
"Vatikan muzeyləri"nin ən məşhur
simvollarından biri də "Bramante pilləkləri"
adlanan spiralvari, qoşa burğulu pilləkənlərdir.
Dünyanın ən çox fotosu çəkilən bu pilləklərində
düşənlərlə çıxanların bir-birini
görmədən düşməsi və
çıxmasıdır.
Vatikandan və "Vatikan muzeyləri"ndən dərin,
unudulmaz, ovqatı dalğa-dalğa gəlib-gedən,
yaddaşın dərinliklərində öz vaxtını
gözləyən unudulmuş xatirələri üzə
çıxaran parlaq təəssüratlarla ayrıldıq. Bu
muzeylərin miqyası, cazibəsi, tarixi tutumu, sənət dəyəri
elədir ki, dəqiq bilirsən, bir dəfə gəzmiş
olsan da, seçim olsa, yenə gələrsən, yenə gəzərsən,
amma doymazsan.
"Xalq meydanı"nda (Piazza del popolo) nəfəsimizi
dərdik. Buradan üzü yuxarı doğru, böyük
meşəliyin içindəki Borgezə villasına, bu ərazinin
içindəki "Borgeze qalereya"sına baş çəkməyə
gedirik. Təbiətlə həmahəng olan bu böyük ərazinin
içində dünyaca məşhur adamlar heykəlləri,
eləcə də bir zoopark və muzeylər var. Borgeze ailəsi
İntibah dövründə Romada məşhur ailələrdən
biri idi, böyük sənət kolleksiyaları vardı, həm
sifariş edirdilər, həm də alırdılar.
"Borgeze qalereyası"nda barokko dövrünün məşhur
sənətçisi Covani Lorenzo Bernininin əsərləri
çoxluq təşkil edir; bunların içində mərmərdən
"Persefonanın oğurlanması" ən
tanınmışıdır. Yunan mifologiyasında Persefona
(latıncası Proserpina) Demetra
ilə Zevsin qızı, ölülər səltənətinin
hökmdarı Aidin arvadıdır. Əfsanəyə görə,
Aid Persefonanı ölülər diyarına
qaçırır, sonra Demetra xahiş-minnətlə onu geri
qaytarmaq istəyir. Ancaq şərt belədir: əgər
Persefona ölülər diyarında heç nə yeməyibsə,
geri qayıdır, lakin o, Aidin verdiyi nardan yediyi
üçün qanunu pozmuş sayılır. Buna görə
də ilin altı ayını ölülər diyarında
keçirir, qalan vaxtı isə anasının yanına
qayıdır. Onun ölülər diyarında olduğu vaxt
dünyada soyuq, qaranlıq və qış olur, sonrakı
altı ay isə bahar gəlir. Bernini Persefonanın
qaçırılma anını əbədiləşdirib.
"Borgeze qalereyası"nda Karavaccionun "Xəstə
Vakx", "David Qoliafın başı ilə", Rubensin
"Müqəddəs Süsən" kimi əsərləri
sərgilənir. Bundan başqa, burada səyyar şəkildə
sərgilənən amerikalı avanqard sənətçi
Luiza Burjuanın "Təhlükəli keçid"
(Dangerous passage) əsərini görmək fürsəti
tapdıq. Burjua dəmir qəfəslərin içində
gündəlik həyatda istifadə edilən əşyaları
heykəllər, maskalarla birləşdirərək
özünü tapmaq üçün çətin mərhələləri
keçməli olan bir qızın (qadının) hekayəsini
təqdim edir. Buradakı dəmir qəfəsin içində
uşaq mizləri, məktəb partası, yelləncək
uşaqlıq dövrünü ifadə edir; xırda-xırda
kürəciklər içində heyvan sümükləri həyat
və ölümün daimi əvəzlənməsini, müvəqqətiliyi,
faniliyi ifadə etmək üçün istifadə edilib.
Elektrik stulu isə günah və cəzanın
obrazıdır. Burjua başqa əsərlərində də
istifadə etməkdən usanmadığı dəmir
hörümçəklər burada da var. Güclü təəssürat
yaradan əsərdir.
Borgeze villasından çıxarkən, meşənin
içində, Viale Madame Leticia ərazisində sənətçilərin,
şairlərin heykəlləri olan hissəyə baş
çəkdik. Burada Qoqolun, Puşkinin, Lope de Veqanın və
başqalarının heykəlləri var. Ancaq ən gözəgəlimli,
ən əzəmətli heykəl Nizaminin heykəli idi.
Üstündə yazılıb: Azərbaycan şairi Nizami Gəncəvi.
Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov
və heykəltaraş, Xalq rəssamı Əli
İbadullayevdir. Açılışı 2012-ci ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə baş tutub.
Romadakı son günümüzdə bu gözəl
şəhərin mənzərəsini, havasını
içimizə bir az da yığmaq üçün, turist
kimi tələsik yox, elə buranın yerliləri kimi astagəl
addımlarla, istiqaməti-yönü tapmağı
ayaqlarımızın yaddaşına buraxaraq gəzməyə
başladıq. Bir də baxdıq ki, "İspaniya pilləkənləri"
deyilən yerə gəlib çıxmışıq,
"Köhnə gəmi fəvvarəsi"nin yanına. Deyilənə
görə, bu fəvvarə uzaq keçmişdə şəhəri
su basandan sonra qalıqları ortalıqda qalmış
kiçik bir gəminin xatirəsinə həsr edilib.
Şəhərin işıqları asta-asta yanmağa
başlayarkən, İlahə ilə "İspaniya pilləkənləri"ndə
Romadakı sonuncu şəklimizi çəkdirdik. Ürəyimizdə
eyni şeyi düşünə-düşünə: sabah bu
pilləkənlərə adını verən ölkədə
olacağıq...
QİSMƏT