Əziz qardaşım Rəşad Məcid!
"Şuşa dəftəri" adlı şeir
silsiləni hədsiz maraqla oxudum. Möhtəşəmdir, hətta,
"10 sentyabr"dan da möhtəşəm. Axı, bu,
poeziyadır! Bəri başdan təbrik edirəm. Əvvəlki
yazılarında olduğu kimi, başqalarının sezmədiyi,
bir növ, böyründən xəbərsiz ötdüyü
lövhələri, olmuşları, detalları
tutmağın, poetik yaddaşa çevirməyin ürəyimcə
oldu. Bu yazıların bir ədəbi səyyah, ədəbi bələdçi
olmaq imtiyazı var. Sanki şair oxucunun əlindən tutub
Şuşanı, külli-Qarabağı
qarış-qarış gəzdirir, şairlə birgə
oxucu da Cıdır düzündə köhlən təki
havalanır, "Güllü bağ"da ətir
saçır, şehə batır, "Turşsu"yun,
"İsa bulağı"nın büllur, soyuq suyunun
dadına, tamına baxır, Mirhacib ağanın qurduğu
yaylaq çadırında yağışa düşür,
yenə Cıdır düzündə üzünü dan yerinə
tutub təndirdən təzə çıxan Günəşdən
bir loxma qoparır, bu qədim qala şəhəri erməni
işğalından azad edən şəhidlərin ruhu qarşısında
sükuta dalır, böyük Zəfərimizin müəllifi,
sayalı ayaqlarını əmin-arxayınlıqla dağ
çayının suyunda yuyan Alı Baş Komandanın
varlığıyla fəxr eləyir!
Bu şeirlər qıraqdan baxanlara hədsiz xoşbəxt
görünən, başına bəxtəvərlik oxunan bir
şairin qəlbinin dərinliklərindəki qədim kədərdən,
heç zaman silinməyən nisgildən söz açır;
körpəlikdən valideylərin iş ünvanlarına
uyğun olaraq və yaxud təhsil pillələriylə
bağlı Laçında, Ağdamda, Ağcabədidə,
Bakıda ömrün gənclik çağlarını
yaşayan şair, əslində, didərgin imiş; nə
yazıq ki, şeirlər bunu da deyir, Rəşad müəllim!
"Şuşa dəftəri"nin poetik
yaddaşı həm tarixidir, həm çağdaşdır,
həm də ruhani. Qısaca yazdım, aldığım təəssürat
daha dərindir. Bu şeirlər çoxsaylı oxucu
üçün ürəyin başında, sol cibdə gəzdirilməyə
layiq QARABAĞ HİMNLƏRİDİR!
Rəşad müəllim, sənin bu şeirlərini
oxuyanda, bilmirəm nədənsə, Bişkek səfərimizi
xatırladım. Atabeytdə böyük dünya yazarı
Çingiz Aytmatovun məzarını ziyarətə
getmişdik. Əvvəl yanaşı durmuşduq.
Dönüb gördüm, ziyarətçilərdən aralanıb
Atabeytin ən hündür yerinə qalxıb tək
dayanmısan. Yaxınlaşanda baxdım, ağlayırsan. Mən
də kövrəldim. Sənin ağlamağına kövrəldim.
Amma sən nəyə görə ağlayırdın, bilmədim
və soruşmadım..
Bir daha təbriklər! Var ol, yaşa, yarat!
Qardaşın Vaqif Bəhmənli.
525-ci qəzet .- 2024.-17 avqust (№147).- S.16.