Şuşa dəftəri
Üç gün telefonu söndürə bilsəm...
İslanıb hər qarışı şəhidlərin
qanıyla,
dönüb yalçın qayaya, tunca Şuşa
sevgisi!
Söndürə biləydim telefonu üç
gün;
Zəng gəlir;
yazdığım yarımçıq qalır.
Üçcə gün nədir ki? -
baş verməz uçqun,
əksinə, üzümü güldürər
püşküm,
bitib bütövləşər
yarımçıqlarım!
Üçcə gün içində düzərdim
sapa
olmuş olanları, olacaqları.
Nəğmə köhlənimi yurdlara çapar,
ruhumu salardım alaçıqlara!
Axardı vərəqə alnımın təri
"Turşsu" yaylağının mehi
qarışıq.
Gözü yolda qalıb "Şuşa dəftərim",
cildinə Şuşanın şehi qarışıb!
Söndürə biləydim telefonu üç gün
o qoşa palıdın böyründən ötüb
baxardım "Turşsu"yun qaynamağına.
Adı turşdu, dadı baldan da ötə -
çəkəydim başıma "su
qaymağını".
Meşə yollarına gül tutsun çıraq,
cığırı belimə dolayıb gedim.
İntizar çəkməsin "Dolayı bulaq",
tutum kəsə yolu,
dolayı gedim.
Yoxuşu qalxmağa yetsə nəfəsim
yeddinci dirəkdən dönərəm sola.
Görsəm ki, batmayıb Ceyran bulağı -
içimi doldurar muğam həvəsi,
sevincdən açılar səsim az qala!
(Bəzən də kor qoyur dövran bulağı -
quruyur son damla, kəsilir səsi...)
Uzaq xatiratlar qəlbi dağ kimi,
gör nələr yadlaşıb, fəhmimmi
qalıb?
"Çarıq bulağı"nın
qarşı dağdakı
səmti yaddaşımda təxmini qalıb.
Yox, gərək üz tutum Şuşa yoluna,
Zarıslı elindən bir xəbər bilim.
"Saxsı" bulağının girib qoluna
Harası sızlayır... soruşum, bilim.
"İsa bulağı"nın suyu ovcumda -
nurda göz, sərində əlim dincəlir.
Mat qaldım "Güllü bağ" səmtə
çatanda
nə tez qət elədim qırx il öncəni?
Ömrü ötənlərə döndərə
bilsəm,
müqəddəs anları kimə qıyardım?
Üç gün telefonu söndürə bilsəm,
"Laçın çələngi"ni hörərdim
qəşəng,
"Şuşa dəftəri"ni tamamlayardım!
Təzə adam
Ayağını yer üzündən qoparar,
Şuşa səni göy üzünə qaldırar!
Nə ağrın var, qarasını aparar,
cavan ömrün gündüzünə qaldırar.
Duyarsan ki, ruhun mehdi, nəfəsdi,
Qanad taxar Şuşa sənin çiyninə
Boğazında qaynayan səs nə səsdi? -
Cəh-cəh vurmaq eşqi düşər beyninə...
Şuşa səni bulaq kimi duruldar,
Körpəliyin gül çağına dönərsən.
Xəyalına beşik olar buludlar,
Əbədiyyət yarpağına dönərsən.
Dörd yanına çəkər sehr səddini,
Başın üstdə dumanı dam eyləyər.
Sevə-sevə cilalayar qəddini,
Şuşa səni təzə adam eyləyər!
Şuşa sevgisi
Süzülür dan yerindən tarixlərin
işığı -
Dahilər şəhərinin işıqdı
yaraşığı!Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca
Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı
vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin
qanıyla,
Dönüb yalçın qayaya,
tunca
Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol
piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər
can atdı...
Adında qoşa heca - sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar
loğmanıdı,
Heyrət çökən dərələr ucalıq
heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca
Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur
qızıl dirəkli
Daş deyil hörülən daş məhəbbətdi,
ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi
-
Ali Baş Komandanın uca Şuşa sevgisi!
Şuşanın şaxtası loğman
Sirr açılar tapınca -
nabələd olsan əgər.
Lap geysən də yapıncı
dişin-dişinə dəyər.
Yurdun havası şəkər -
daddan doya bilməzsən,
Şaxtası sığal çəkər,
Şuşada... xəstələnməzsən!
Darıxmaram
Min dəfə, milyon dəfə
ötsəm diki, dolayı
vaxtı sayaram nəfə...
Ucalıqla baş-başa
yaşasam ili, ayı
tənha da darıxmaram,
qoşa da darıxmaram.
Sərərəm yamacına
tül ömrü, pərdə ömrü,
Dönüb bir ağacına
tapşırıb mərdə ömrü
Vursam bu yerdə ömrü
Başa da... darıxmaram:
Ucalığa tən eşqim
Şuşa deyib, uçunar
Div canı vətən eşqi
salsa büllur içinə -
şüşə də darıxmaram!
Şərafətə yüksəlir
burda canından keçən,
Şir ürəkli əsgəri
yağını ot tək biçən
guşədə darıxmaram!
Əlim göydən üzülsə,
ayağım qopsa yerdən
Əcdadlarla üz-üzə
köşədə darıxmaram,
Şuşada darıxmaram,
Şuşada darıxmaram!
Şuşa havasının sirri
Ləzzət kimə təndi,
dərd
kimə tuşdu;
Biri səs qaynadır,
biri
lal kimi?!
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovqat bal kimi.
Hamının üzünü eyni meh öpür,
Hamının qanadlı beşiyi eyni.
Xəzinə, Daşaltı, Kirs dağı - o pir,
Cıdır düzü adlı beşiyi eyni!
Bəlkə not yazılıb hər çiçək
üçün -
Neyləyək sirrini bilək torpağın?
Səsi, havacatı cücərtmək
üçün
münbit olmalıdı ürək torpağı?!
Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı - biz bilən əbəs,
sorardıq Firudin Şuşinskidən!
Burda torağayın, burda bülbülün,
hər otun çiçəyin öz nəğməsi
var.
Adam var oxumaq onunçün zülüm,
di gəl ki, bulağın, çayın səsi var!
Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!
Sular dərindən gəlir
Enib sahil boyuna,
tapıb dayaqlarını,
dağ çayının suyuna
qoymaq ayaqlarını
sellərdən güc almaqdı,
qayalardan mətanət!
Dua kimi oxunur
sular dərindən gəlir.
Ulu vətən ruhunun
ən pak yerindən gəlir.
Sular daşa toxunur
pıçıldayıb çatdırır
babalardan vəsiyyət,
arzu, dilək, nəsihət!
Enib sahil boyuna
ayaq sallamaq suya
sədaqətdi soyuna,
düşmənə ismarışdı!
O müzəffər insana
əminlik yaraşıqdı!
Gözündəki işıqdan
çaya süzülən qürur
bu günə əmanətdi,
gələcəyə zəmanət!
Yasəmən oteli
Qəfil xəyala daldım
"Yasəmən" otelində.
Dörd yanı yasəmən, gül -
Ruhum quş kimi yüngül
Sandım hər tərəf baldı
"Yasəmən" otelində.
Dan yeri həyalı qız -
yanağına qan çıxıb.
Qarlı qış, küskün payız
fərqi aradan çıxıb
"Yasəmən" otelində.
Güldü yolu, çəpəri,
boylan sol və sağına.
Həndəvər bənövşəyi,
Həm də tər bənövşəyi.
Yasəmən qonaq pəri
döşənib yatağına
ağappaq qar döşəyi;
gülləri bənövşəyi...
"Yasəmən" otelində!
Şuşada adamlar
Gözlər seyr etməkdən yorulan deyil,
yeri, "Güllü bağ"dan milyon dəfə
keç.
Könül qanad çalır, uçur elə bil
elə bil ayaqlar yerə dəymir heç!
Kim kimi görürsə,
nə
xoşdu, - deyir,
Adam uca boylu, inadlı olur.
Yolları enişdi, yoxuşdu deyin
Şuşada qonaqlar qanadlı olur!
Turşsu yaylağında
32 ildən sonra
iki saatdan bir gözü açılıb axan,
pıqqapıq qaynayan suda
əlini, üzünü yusan,
"Turşsu"yun turşməzə
qabarcıqlarını
havalı tumurcuqlar kimi sinənə çəkib
qurtum-qurtum udsan,
Beyninin dərinliyində
qaysaqlanan xatirələr
birər-birər düşsə yada,
Özünü palıd ağacının altında
balaca uşaq ikənbaban
Mirhacib ağanın
çadırında yatan görsən,
Tutqun, çənli havalarda
dumanda, çiskində hərdən
əvvəl təkəm-seyrək damcılarla,
qapı döyülmüş kimi
çadırları dınqıldadan
qəfil leysana çevrilən
şıdırğı yağış yağanda
yorğanı çəkib başına
soyuqdan titrəyən
görsən özünü,
Ya da gün şaxə qalxanda
yığışıb göy çəmənlikdə
dostlarla oynayan
görsən özünü,
"Turşsu" doldurub şüşə qaba
çiçəkdən dəstə bağlayıb
dikə qaldıran görsən özünü
bil ki, suyun hikmətidir -
səni keçmişə göndərir
körpə uşağa döndərir...
Cıdır düzündə dan üzü
Günəşin doğulmağına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran
Günəşin
Qırağından bir loxma kəsmək...
Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşi.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmağına baxmaq!
Kəkotu
Bir qom göy kəkotu gətirdi Məcid
Mayın əvvəlində
Cıdır düzündən.
Şehlicə-şehlicə dərmişdi becid -
Xoşbəxtlik yağırdı məsum
üzündən!
Ona necə deyim sınmasın könlü -
dərməklə kəkotu azalmır, axı?!
Gözləri yumuqdu Xarıbülbülün,
Tək-tük lalələrlə yaz olmur, axı!
Kəkotu paylayır, var olsun dağlar,
Kaldan yetişmişi seçməyib hələ.
Çəlimsiz saplaqlar, körpə yarpaqlar
Günəşin nurunu içməyib hələ.
Biraz yağış tamı,
biraz
daş iyi,
telindən torpağın qoxusu gəlir.
Quru meh bələyə ətir daşıyır,
Körpə kəkotudu, yuxusu gəlir!
Şehdə sərinlənər, içər gün
suyu,
qaya tavasında bişər kəkotu.
Havadan, Günəşdən, Torpaqdan doyub
bizim fincana da düşər kəkotu!
Şuşaya getmək
Yollar ağır, cığırlar dik,
sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı - MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur
qeyrətin
pak ruhunu ziyarətdi Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış
insan,
Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdi Şuşaya
getmək!
Hər qarışı qədim tarix, müqəddəs
yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya
getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla
qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?
Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə,
bax,
Çal-çağırlı səadətdi
Şuşaya getmək!
Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir
bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!
Rəşad Məcid
525-ci qəzet .-
2024.-17 avqust (¹147).- S.16-17.