SIĞINACAQ YERİ

 

 

O, xalça ilə hər üzünə məşğul olmuşdu - həm toxumuşdu, həm xalçanın tarixini, nəzəriyyəsini araşdıraraq əsərlər yazmışdı, xalçaçılığı öyrətmişdi - dərs demişdi, ancaq həm də xalçaçılığın işini daha rahat və təkmil edə bilməkçün səylər qoymuşdu, ixtiraçılıq edərək ona qədər olan xalça toxumaçılığını ən azı bir-iki addım irəli aparmaqçün ömür sərf etmişdi.

Bu, 1993-cü ilə aid qeydlərindəndir: "Vaxtı ilə mən "Azərxalça"da işləyəndə səmərələşdiricilik və ixtiraçılıqla məşğul olmuşam. Bıçaq, qayçı, həvə, sıxlıqölçən, çarx və sairə üçün layihə işləmişəm. Və qayırılıbdır".

Amma yenə də Cəfər Mücirini oüzlü-buüzlü Azərbaycan xalçaçılığının bütöv müstəvisində göz önünə gətirirkən onu sadaladığım digər məziyyətlərinə əlavə olunan bir cəhəti ilə tam bənzərsiz sayıram və çox təəssüflənirəm ki, məhz digər xalçaçı və xalçaşünas məziyyətlərinə əlavə olunan bu keyfiyyəti ilə o, elə misilsizdir ki, həmin boşluq ürək ağrıdaraq duyulur, daha artıq təəssüfü isə bu yaradır ki, kiminsə həmin boşluğu doldura biləcəyini də ağla gətirmək olmur.

Cəfər Müciri həm də klassik ədəbiyyatı dərindən bilirdi, müxtəlif xətt növlərini oxumağı bacarırdı və əski xalçalarda elə heyrətli gizlinləri sezirdi ki, eyni xalıya min dəfələrlə baxanların heç biri həmin mübhəm işarənin ardında açıq-aşkar sözlər yazıldığının fərqində olmamışdı, hətta naxış saydığı cizgilərin şeir misraları olduğunu bir qədər diqqətli olarsa özünün də oxuya biləcəyini heç fikrindən keçirməmişdi.

Minillər öncə yaranmış mixi əlifbadakı mətnlər Bisütun dağlarında bu gün də insanların gözü önündədir. O qədim dil də çoxdan ölüb, o əlifba da tarixin təkinə çöküb. Ancaq hansısa təbrizli sənətkar günlərin birində qədim tarixdə insanlarla olmuş dəyərə yeni nəfəs vermək sevdasına düşüb. Ərəb əlifbasından xalçada da, memarlıqda da naxış kimi istifadə etmək təcrübəsi kefin istəyən qədərdir. Ancaq təbrizli ustanın etdiyini kimsə etməmişdi - o, mixi əlifbadakı mətni bir cazibəli ornament kimi xalısına əlavə edir. O ümidlə ki, bu məharətini bəlkə kimsə haçansa gördü və "əhsən"ini, rəhmətini əsirgəmədi.

Minlərlə göz baxıb görməmişdi, Müciri gördü: "Mən xalça üzərində müdafiəyə hazırlaşanda "Dörd fəsil"in haşiyəsində mixi xətdən naxış kimi istifadə olunduğunu gördüm. Bir fərşdə - onun fraqmentində də Azərbaycan dilində bir misra şeirin toxunduğunu tapdım: "Ey şanə, bu giysu-yi pərişanə dolaşma..." Bu şeirin müəllifini axtarmaq qərarına gəldim. Cavan çağlarımda bu misranın bir Sərraf qəzəlində olduğu yadımda idi. Şeirin bircə misrası əldə idi. Qalanları ilə maraqlanırdım".

Hər xalçaçı və xalçaşünas bunu etmir və edə də bilməz axı. Müciri başlayır aramağa, əvvəlcə Sərrafın şeirləri arasında o qəzəli tapır, sonra qarabağlı şair Sağərinin bir qəzəli ilə rastlaşır və Sərrafın şeirinin məhz buna cavab olması qənaətinə gəlir. Amma o şeirlə bu şeiri tutuşduranda da üstünlüyü nəzirəyə verir, Sərrafın qəzəlinin daha təsirli olduğunu təsdiqləyir.

Xanəndələr olub və indi də var ki, avazından məlahət yağır, ancaq oxuduğu qəzəlin misralarını, o misralardakı sözlərin mənasını sonacan dərk etmədiyindən sanki ilahi səsinin təsir gücü də azalır. Və səsi ondan daha zəif olan, amma şeiriyyatı incəlikləriylə bilən bir başqası eyni qəzəli eyni muğamda elə duyğunluqla ifa edir ki, dinləyənin ixtiyarını əlindən alır.

Mücirini Müciri edən o idi ki, qarşısına sual çıxanda ona cavab tapmamış ürəyi soyumurdu və həmin səbəbdən də əlindən çıxan hər işdə kamillik, bütünlük, mütənasiblik qabarıq olurdu. Bircə misranın ardıyca düşərək qəzəlin bütövünü tapması, o şeirin gözəlliyinə valeh qalması Müciriyə o fürsəti verirdi ki, həmin misranı xalçasına toxumuş ustanı daha yaxşı tanıyıb-duysun, onun hansı ruhun sahibi olduğunu bir az da yaxından anlasın və bu vəsilə ilə də xalçadakı digər örtülü gözəllikləri tapıb üzə çıxarmaqçün bəsirət gözü bir qədər də geniş açılsın. Ancaq bir halda ki söz dolanıb bu gədikdən də keçdi, peşəkarlıq naminə bir dəqiqləşdirməni gərək edəm ki, sabah daha bilgili bir oxuyan bu hissələri oxuyanda yanlışı görüb susduğumuzçün bizi qınamasın. Molla Zeynalabdin Sağəri Qarabaği 1791-ci ildə doğulmuşdu, 1854-cü ildə Şuşada vəfat etdi. Müciri o gümandadır ki, Sağərinin ölümündən sonra dünyaya gəlmiş Hacı Rza Sərraf (1854-1907):

 

Ey şanə, bu giysu-yi pərişanə dolaşma!

Can riştəsi var orda, çəkil yanə, dolaşma! -

 

beyti ilə başlayan və xalçaya da köçmüş qəzəlini Sağərinin həqiqətən çox lətif olan bu şeirindən ilhamlanaraq yazıb:

 

Ey şanə, utan, türrə-yi əfşanına dəymə!

Canım çıxar, o zülf-i pərişanına dəymə!

 

Ey sürmə, həya eylə, günüm eyləmə qarə,

Çeşm-i siyəh-i nərgis-i fəttanına dəymə!

 

Lakin Sağəri dünyaya gəlməmişdən xeyli əvvəl krımlı Aşıq Ömərin (1630-1707) gələcəkdə bu biçimli xeyli şeirin yaranmasına təkan nöqtəsi olacaq qəzəli vardı, əlyazmalar öz yerində, həmin qəzəl ozan-şairin 1893-cü ildə Baxçasarayda "Tərcüman" qəzetinin mətbəəsində nəşr edilmiş kitabında da yer almışdı:

 

Ey çərxi sitəmkar, dil-i nalana toxunma,

Hicr aləmidir, etdiyim əfqana toxunma.

Ey bad-i səba uğrar isən yarə salam et,

 

Tel qırma fəqət, zülf-i pərişana toxunma.

Ey badə, əgər yarım içərsə səni mənsiz,

 

Ver nəş`ə, fəqət nərgis-i məstanə toxunma.

Verməm sənə can, çək əlini, ey mələk ül-mövt.

Cananıma nəzr eylədiyim cana toxunma.

 

...O, heç vaxt axıracan yaşadığı günün içərisində ola bilmədi. O, həmişə yarıyuxulu kimi idi. Həm axarında olduğu günün qoynunda idi, həm də burada deyildi - yuxu görən adam özü burada, amma eyni anda həm də röyasındakı həyatında olan kimi. Öz etirafıdır ki, hərdən bu sərhədləri də itirirmiş. Qəfilcə yuxudan oyanan adam əsl gerçəkliyin yuxuda baş verənlərin olduğunu zənn edərək oyanandan sonra niyə burada olduğuna təəccübləndiyi kimi!

Təqvimdə 1992-ci il idi, ancaq xatirələr tez-tez Mücirini alıb illərin uzaqlarına, Təbrizdən Bakıya təzəcə gəldikləri çağlara aparırdı. Həmin xatirələrdə özü də cavan idi, Pişəvəri də sağ idi, digər dostlar da yanaşıydılar. İndi isə həmin günlər əlçatmaz idi və o simsarların əksərini də illər özü ilə aparmışdı. Qalan elə xatirələrdi: "1325-ci ilin azər ayından (1947-ci ilin dekabr ayı) İran ordusunun hücumu, Amerika və ingilis imperialistlərinin köməyi nəticəsində Azərbaycan Milli Hökuməti Təbrizdən geri oturduqdan bir qədər sonra Bakının Buzovna qəsəbəsində bizə yer verdilər - Nobel bağında yaşayırdıq. Mərhum Pişəvəri də ailəsi ilə Mərdəkanda yaşayırdı. O, hərdənbir gəlib, burada onlara baş çəkirdi. Cümə günü idi. Xanım Jalə də gəlmişdi. Pişəvəri gəlib Jalədən xahiş etdi ki, Hafizdən bir fal aç! Açdı, Hafizin bu mətlə ilə başlayan qəzəli gəldi:

 

Yari əndər kəs nemibinim yaranra çe şod

Dusti key axər aməd, dustaranra çe şod.

 

Görmürük həmdəm olan bir kəs,axı yar hardadır?

 

Sevgilər bitdi nə vaxt, aşiq vəfadar hardadır?

Şeirin bu misrasına çatanda hamı təsirləndi. Pişəvəri dizinə vurdu:

 

Kəs be meydan dər

nemiyayəd sovaranra çe şod.

 

Boş qalıb meydanımız,

köhlənçapanlar hardadır?

 

1992-ci ilin may günləridir. Şairə Jalənin Pişəvərinin təvəqqesi ilə Hafiz Şirazi "Divan"ını açaraq sanki təsadüfi deyil, elə məhz belə olmalıymış kimi onların aqibətinə tam uyğun gələn qəzəllə qarşılaşması səhnəsindən, oxunduqca ürək sıyıran o nisgilli misraların cəngindən qurtulub yeni zamana qayıdan Mücirinin yaddaş mücrüsü çox keçmədən yenidən açılır, onu təzədən dünənə aparır və özünü çiyindaşlarının, silahdaşlarının arasında görür, tez-tez təkrarladıqları Şeyx Məhəmməd Xiyabani kəlamını həmin qaib dünənin içindən həm öz, həm artıq əksəri həyatda olmayan dostlarının canlı səsində eşidir: "Kişinin ayağının altında Vətən torpağı, başının üstündə istiqlal bayrağı olmalıdır".

Bir zamanlar beləydilər. Əzmlə, mübarizə həvəsi ilə, qələbə şövqü ilə daşırdılar.

Oturmuşdu yeni toxuduğu xalçasının yanında, "Xatirat" dəftəri yanındakı alçaq mizin üstündə idi, yaddaşında dirçəlmiş bu anları da dəftərinə köçürürdü.

Könlündəki eşq yenə əvvəlki kimiydi, ancaq ömrün ümidlər bəsləməyə ayrılmış parçası artıq tükənən kimiydi və nə güc o güc, nə də vaxt o vaxt idi...

...1983-cü ildə Azərbaycanın mədəni mühiti çox əlamətdar hadisənin ərəfəsində idi və bunu yalnız mədəniyyət hadisəsi hesab etmək də düz olmazdı. Bakıda ilk dəfə Beynəlxalq Xalça Simpoziumu keçiriləcəkdi və həmin tədbirdə dünyanın müxtəlif xalçaçılıq ölkələrindən təcrübəli mütəxəssislərin, eləcə də xalçaşünaslıqda mötəbər imzası olan görkəmli əcnəbi alimlərin iştirakı gözlənilirdi.  Sovet Azərbaycanında milli siyasətin misilsiz nailiyyətlərindən sayılsa, ayrıca bir tarixi hekayətin mövzusu olsa bu beynəlxalq sənət-elm məclisinin sözün əsl mənasında memarı o çağlar Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Həsən Həsənov idi.

 Xalça bizim xalqdan ötrü həmişə yalnız incəsənət deyil, həm də milli mənafe, müəyyən mənada qəsb təhlükəsi altındakı ərazi anlamında olub. Azərbaycanlıların zövqü və barmaqları ilə yaradılan xalçaları mənimsəməyə, özününküləşdirməyə cəhd edənlərə az rast düşməmişik. Birbaşa nələrisə oğurlayaraq öz adlarına çıxmaları o yana, görəndə ki, bizim xalçaları açıq-aşkar özününkü kimi qələmə vermək alınmır, onda sürüşkən deyimlər quraşdırıblar. Güney Azərbaycanda toxunmuş xalıların əsl müəllifliyini gizlətmək üçün "İran xalçaları", Şimali Azərbaycanda yaradılanların gerçək müəllifliyini pərdə arxasında ört-basdır etməkdən ötrü "Qafqaz xalçası" deyimlərini uydurublar.

1983-cü ildə Beynəlxalq Xalça Simpoziumunun Bakıda keçirilməsinin əsas faydalarından biri bu idi ki, Azərbaycan dünyanın xalçaçılıq mərkəzlərinin ən vaciblərindən biri kimi önə çıxırdı və simpoziumun gedişində də, simpoziumla əlaqədar ortaya çıxacaq nəşrlərdə də bizim həm zəngin xalçaçılıq tariximizi, həm uğurla davam etdirilən ənənələrimizi, həm də bu sahəyə elmi yanaşmadakı nailiyyətlərimizi dünyaya nümayiş etdirmək imkanımız yaranacaqdı.

Söz yox ki, bu simpozium Cəfər Müciriyə də diqqəti artırmaya bilməzdi. Çünki o, barmaqla sayılası azlardan idi ki, xalça işinin bütün istiqamətləri ilə ən ali peşəkarlıqla məşğul idi. Toxumaq deyirsən, toxuçuluğu vardı, çeşniçilik deyirsən, seçilən xalça rəssamı idi, tədqiqatçılıq deyirsən, yenə ən təqdirəlayiqlərdəndi. Ona görə də Beynəlxalq Xalça Simpoziumu məsələsi ortaya düşüncə Mücirini bu məsələylə əlaqədar olan qurumların hamısı əlimyandıda aramağa başlamışdı.

Akademiya axtarırdı ki, keçiriləcək elmi konfransda Müciri də məruzə etsin, xalça istehsalı birlikləri arayırdılar ki, ondan məsləhətlər alsınlar, səriştəsindən, biliklərindən yararlansınlar, radio-televiziya, qəzet-jurnallar onu gəzirdi ki, müsahibələr götürsünlıər.

O vaxtlar idi ki, Müciri bir tərəfdən "Yorulmuşam" deyə təqaüdə çıxmaq, yaradıcılıq işlərini daha asudə davam etdirmək istəyirdi, di gəl, bu simpozium söhbətinin ortaya çıxması onu dirçəltmişdi, yorğunluq-filan yaddan çıxmışdı, haradan zəng edirdilərsə, hansı köməyi umurdularsa, hansı tapşırığı verirdilərsə, hansı sifarişi edirdilərsə, birinə də "yox" demirdi, məmnuniyyətlə razılıq verir, dərhal da icraya başlayırdı. Sanki onun, idman deyişi ilə söyləyəcək olarsaq, "ikinci nəfəsi açılmışdı". Amma elə bu ifadəni də xalçaçı ibarəsi ilə ifadə etmək daha yerinə düşəndir ki, elə bil Cəfər Müciri təzə xalça uzatmışdı.

Xalıçıların dilində "təzə xalça uzatmaq" xalçanı-palazı yerə sərmək mənasında yox, hana quraraq yenisini başlamaq mənasına gəlir.

O günlərdə Mücirinin dincliyi yox idi, bu işlərə ürəkdən girişmişdi və hər axşam da etdiklərinin hesabatını özü özünə verərək gündəliyində də qeydlər aparırdı.

"Bu il sentyabrın 3-ü ilə 8-i arası Bakıda keçəcək Beynəlxalq Xalça Simpoziumu üçün hazırlıq gedir. Bir neçə Azərbaycan xalçasından balaca qovluqda kart-postal şəklində xaricdə çap olunubdur. Burada mənim "Füzuli" və "Ləçək-türünc" xalçam da vardır. Bunları, həmçinin Nizami muzeyində olan "Leyli və Məcnun", "Fərhad və Şirin" və başqalarının rənglərini elə aydın çəkib, elə gözəl kağızda nəşr ediblər ki, deməzsən bunlar həmin xalçalardır. Xalçalarımın oraya düşməsi yaradıcılıq nailiyyətidir və məni yeni əsərlər hazırlamağa ruhlandırır.

Bu gün "Qobustan" jurnalından mənə zəng edib "Cənubi Azərbaycan xalçaçılıq sənəti" barədə böyük bir məqalə yazmaq xahiş etdilər. Bu, həmin simpozium üçün lazımdır".

Xatirimdədir, vaxtilə "Qobustan"ın simpozium dönəmində işıq üzü görmüş sayında o məqaləni oxumuşdum. Adətən elə yarandığı çağlardan mətbuat və mədəniyyət tariximizdə işıqlı izini buraxan bu dərginin bir sıra səbəblər, o sıradan da hər nömrəsində rəngli təsvirlərin yer alması ucbatından nəşri ləngiyir, tək-tək hallarda fəsillik jurnal elə çıxmalı olduğu aylarda oxucu ilə görüşə bilirdi. Ancaq xalça simpoziumu keçirilərkən "Qobustan"ın da vaxtında çıxması qeydinə qalınmışdı və bu da unudulmayıb ki, Cəfər Mücirinin topluda 1983-cü ilin 3-cü sayında yer alan "Cənubi Azərbaycan xalçaçılığının bədii xüsusiyyətləri" adlı məqaləsi Vətənin o tayında xalça sənətinin mənzərəsini bütün əhatəsi ilə göstərən ilk sanballı araşdırma kimi canlı maraq, fəal diqqət oyatmışdı.

Həmin məqalənin bir əhəmiyyətli tərəfi də ondan ibarət idi ki, Hindistandakı ən məşhur xalça məktəblərindən birinin də birbaşa Azərbaycanın təsiri ilə yarandığını nişan verirdi. Ərəb-farsdilli tarixi mənbələrə yaxşı bələd olan, farsdilli klassik poeziyanı da elə bir ədəbiyyatçı qədər bilən Cəfər Müciri müşahidələrinin nəticəsi kimi o məqalədə bu təfərrüatlardam məlumatsız olan müasir oxucuya və elmi ictimaiyyətə xəbər verirdi ki, moğol şahzadəsi Humayun atasından küsüb Təbrizə gələndən və uzun müddət Şah Təhmasib sarayında qalandan sonra Hindistana qayıdanda özü ilə çoxlu sənətkarlar, o sıradan xalça ustaları aparmışdı.

Müciri Lahur xalçaçılıq məktəbini Təbriz məktəbinin törəməsi hesab edir, ancaq bununla çevrəni qapatmır, müəyyən səbəblərdən İraqa, Türkiyəyə, həmçinin Güney Azərbaycandan İranın müxtəlif şəhərlərinə köçən xalçaçıların - rəssam, texnoloq, boyaqçı və toxucuların bizim üslubumuzu və ülgülərimizi də oralara daşıdıqlarını, oradakı məktəblərin də Azərbaycan həngində şəkilləndiyini iddia edirdi.

Müciri başqaları kimi sadəcə toxucu yox, bu işin nəzəri əsaslarını, texnolojisini cikinə-bikinə qədər incəliyi ilə bildiyindən hansısa başqa xalqdan olan birisinin onun yanında bizim xalçamıza sahiblik iddiasına düşməsi mümkünsüz idi. Çünki Müciri bir çoxlarının etdiyi sayaq hay-küylü vətənpərvərliklə, ya səsinin gur yerinə salaraq hisslərə güc verməklə yox, elmi əsaslarla, dəlillərlə dərhal isbat edə bilirdi ki, nə nədir, nə kiminkidir. Ona görə də Mücirinin qarşısına müəllifliyi danılaraq müştərək və yayğın adla "İran xalçası" kimi təqdim edilən deyil, hətta bir fars oğlu farsın, fars qızı farsın İranda farsların çoxluq təşkil etdiyi hansısa bir şəhərdə toxuduğu xalı çıxanda sərraf nəzərləri ilə diqqət edincə hökmünü verə bilirdi ki, bu fərş Kirmanda, Məşhəddə, Tehranda, Qumda toxunubsa da, burada "türkbaf" texnoloji üsulu tətbiq edilib, yəni bizim məktəbdir. Qarşısındakının da istənilən etirazını yerindəcə yarımçıq kəsməyə, sözünü ağzında qoymağa Mücirinin qarşısıalınmaz silahı vardı. Azərbaycanlı xalçaçıların yaratması olan türkbaf - türktoxusu üsulunun nədən ibarət olmasını sübut etməkçün o, uzun danışmadan da qolunu çırmalayıb dəzgah arxasına keçməklə, ilməni ilmə ardınca vurmaqla rəqibini mat qoya bilirdi.

Güney Azərbaycanda xalçaçılığın hansı həddə yayılıb inkişaf etdiyini əyani olaraq göstərməkçün Cəfər müəllim 15 il əvvəlin, deməli, hələ şah dövrünün - 1968-ci ilin bir İran nəşrindən tapdığı rəqəmləri iqtibas edirdi ki, həmin hesablamalara görə, Cənubi Azərbaycanda 7.494 xalça fabriki və emalatxanası varmış. Bunlar hələ rəsmən qeydiyyatda olanlarmış. Ev şəraitində işləyən ustaları, onların ailə üzvlərini, köməkçi sənayedə çalşanları da bura əlavə edəndə iki milyondan artıq azərbaycanlının xalça sənayesi ilə bağlı olduğunu yazan Cəfər Müciri bu gəzişməsi ilə xalçanın Güney insanının həyatında necə əsas yer tutduğunu açıb göstərmiş olur, artıq damarlarında axan qanda olan inqilabçılıq, vətənçilik, millətpərəstlik duyğusunun diktəsi ilə təəssüfünü (və həm də etirazını) bəyan edirdi ki, Təbriz xalça məktəbinin örnəkləri dünya muzeylərini, sıra-sıra ölkələrdə şəxsi kolleksiyaları bəzəsə də, nə xalçaçılıq, nə də onun qızıl barmaqlı ustaları dövlət qayğısından istifadə edə bilir. Yazırdı ki, indiyədək Təbrizdə xalqın çoxdan arzuladığı xalçaçılıq muzeyi yaradılmamışdır, yazırdı ki, Təbriz Universitetində xalçaçılıqla bağlı indiyədək bir dənə də olsun diplom işi yazılmamışdır, yazırdı ki, 1960-cı illərin başlanğıcında 4 əsrlik uzun yol keçmiş Təbriz məktəbinin son nümayəndəsi, Ağa Mirək ailəsinin son nümayəndəsi Seyid Hüseyn Müsəvvər dünyasını dəyişəndən sonra nə o fırçanı götürüb yolu davam etdirən, nə bu son korifeyə ehtiram göstərən oldu. Niyəsini açıq yazırdı: "Çünki milli mədəniyyətlərin inkişafına dövlət planlarında yer verilməmişdir".

Mücirinin bu məqaləni yazdığı vaxtdan 40 ildən də çox keçir. İndi Güney Azərbaycanda xalçaçılığın vəziyyəti necədir, artıq sayı 40 milyonu aşmış güneylilərin nə qədəri bu qədim və sevimli peşəni davam etdirməkdədir?

Heyiflər ki, nə o tayda, nə bu tayda indiyədək belə məsələlərlə ətraflı və dərindən maraqlanaraq araşdırıb öyrəndiklərini hamımıza çatdırmağa cəhd edənlər gözə dəymir.

Cəfər Müciri isə bu sənətə milli varlığımızın bir parçası kimi yanaşdığından xüsusi həssaslıq göstərir və həmin yazısında öz xalça və həyat fəlsəfəsi ilə səsləşən bir şeirdən - təbrizli şair Əlirza (Oxtay) Nabdelin Bağmeşədə dəzgah dalında dayanaraq fərş toxuyan bir qıza həsr etdiyi, "Xalça yalnız ilmələr, naxışlar deyil, həm də torpağımızdır" məramının əks-sədası olan qoşqusundan sətirləri örnək gətirir, bununla da xalçaçının bizlərdən ötrü milli özünüifadənin ən parlaq qanadlarından olmasını bir daha bəyan edirdi:

 

Aman, aman, gün görməyən toxucu,

İlmək salan, dəfə döyən, ah çəkən,

Çıraq təkin yanan, qanın yandıran

Kiprikləri piltə kimi közlənən.

 

O nədir ki, düyünlürsən, kəsirsən,

Ürək səsin boğazında boğursan,

Bircə yol da xalçanda bir şəkil sal,

Baxanların dizlərini qurutsun.

 

Bir şəkil sal, ərbabları qorxutsun,

Zalimlərin barmaqların düyünlə,

Süleymantək qalx, əjdəri zəncirlə,

Qoy xalçanı salan, alan bilsin ki,

Sənin dilsiz əllərində nələr var,

Xalça üstdə başmaqlı yeriyənlər

Bilsinlər ki, dilsiz dinsə nə qopar.

 

...Müciri hərəkat adamı, peşəkar döyüşçü və inqilabçı idi və tale elə gətirdi ki, ixtiyar çağında Vətəninin bu parçasında ona çevrilişə də inqilaba da, iğtişaşlara da şahidlik etmək qismət oldu.

O, tarixi yalnız kitablardan bilmirdi, yaxın tarix həm də onun taleyindən keçmişdi və 1990-cı illərin əvvəllərində Quzey Azərbaycanda baş verənlər, Bakıdakı hadisələr və ictimai-siyasi gerçəklikdəki dəyişmələr onu ciddi narahat edir, ağır düşüncələrə daldırırdı. Ancaq günlərin birində çalxantılı yeni günlərin sərt dalğası siyasi pənahəndələrə də birbaşa dəyəndə çaşan kimi oldular. Bütün sovet onillərində onlar daimi diqqətdə saxlanmış, ən yüksək səviyyədə qayğı görmüşdülər. Ancaq indi hakimiyyət dəyişikliyi olmuşdu, sovetin ömrü bitmiş, milli qüvvələr hakimiyyətə gəlmişdi və ağrıdan bu idi ki, məhz sanki yolu ilə, mübarizələrinin ruhu ilə onlara bir köynək yaxın olan təzə iqtidar onları onillərcə yerləşdikləri məkandan zorla çıxarırdı. Həmin əraziyə tamah salanlar sonralar da oldu, kəsə-kəsə hərə o ərazidən bir az qopardı, lap balaca yer qalıb. Tarixin bu qatmaqarışıq və həyəcanlı parçasına da Cəfər Mücirinin gözləri ilə baxaq: "Hazırda Şimali Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətdədir. Bu yaxınlarda bizim Demokrat Firqəsi Mərkəzi binasının bir hissəsini Azərbaycan Xalq Cəbhəsi, onun Müdafiə Nazirliyi işğal etmişdir. Binanın "İskra" küçəsinə tərəf olan hissəsi bütünlüklə tutulub. Bu gün - 1992-ci ilin 2 iyununda bizim komitədə plenum iclası oldu. İclası açan Lahrudi dedi ki, neçə gün əvvəl Xalq Cəbhəsindən bir iddə gəlib və deyiblər bütün bina boşaldılmalıdır. Sonra da binanı mühasirə ediblər. Deyiblər ki, çıxmasanız, sındırıb girəcəyik. Bakı İcraiyyə Hakimiyyətinin rəisi Gülməmmədov bir neçə nəfərlə komitəyə gəlib, Lahrudi ilə danışıblar. İki gün möhlət olub ki, bina boşaldılsın. Mən çıxış edərək dedim ki, binanı vermək olmaz, bu, bizimdir, xalqındır. Şimaldakılar qardaş-qardaş deyə daldan xəncər vururlar. Öyrənmək lazımdır ki, bunu kim deyir? İran tələb edir? Ya bu fikir Xalq Cəbhəsinin özünün ağlına gəlibdir? Nə etmək lazımdır? Bu haqda ciddi fikirləşmək gərəkdir. Bakıda BMT nümayəndəliyi var, Qırmızı Aypara var, biz 30 ildir bu binada yaşayıb, işləmişik.

İclasın sonunda binanın məsulu Böyükağa gəlib xəbər verdi ki, Xalq Cəbhəsindən gəliblər, sözləri var. Lahrudi: "Qoy gəlsinlər!" - dedi. İclasa gəldilər. Cəbhənin baş mühasibi, iki polis zabiti və başqaları idi. Söhbətlər oldu. Dedik ki, binanı verməzdən əvvəl deyin görək bizə harada yer verəcəksiz? Lahrudi gələnlərə xitabən üzünü mənə tərəf tutub dedi ki, bu, İran ordusunun ofiseri idi, indi məşhur xalçaçı Cəfər Müciridir. Bina buna verilibdir. Məqamlara teleqraf və məktub göndərmişik. Cavab olsun, gəlin danışaq".

Əbülfəz Elçibəy və onun rəhbəri olduğu Xalq Cəbhəsinin 1980-ci illərin sonlarındakı fəaliyyətləri, onların 1 il sürən iqtidarının işləri haqqında az yazılmayıb, gələcəkdə də hökmən yazılacaq və hələ qapalı qalan arxivlər açılandan sonra o vaxt kəsiyi haqqında bilgilər bəlkə indikindən qat-qat artıq olacaq.

Əbülfəz Elçibəyin hələ sadəcə Əbülfəz Əliyev olaraq Bakı Dövlət Universitetində dərs dediyi, mənim də müəllimim olduğu çağlardan Güney Azərbaycan məsələsinə həssas münasibəti vardı və o, Güneyi qəlbinə ən yaxın tutanlardan, oradakı soydaşlarımızın milli haqlarının ən çılğın müdafiəçilərindən idi. Ona görə "çılğın" ki, bəzən bu güneyçilik səyləri ifrata da varır, ümumi işə təhlükələr vəd edən həddə də çatdırılırdı. O cür ifratçılıqlar, bəzən hətta onların özlərinin də nifrət etdikləri bolşeviklərin pərdə, ölçü gözləməyən qırmızıyana hərəkətlərini yada salan davranışları Xalq Cəbhəsinin qısa hakimiyyəti dönəmində bir az təcrübəsizlikdən, bir az səriştəsizlikdən, bir az da güclü eyforiyaya qapılmaq səbəbiylə bir çox istiqamətlərdə vaxtaşırı üzə çıxırdı və təbii ki, narazılıqlar da yaradır, hətta onlara rəğbət bəsləyənlərdə belə tərəddüdlər oyadırdı. Tələm-tələsik hansısa binalara yiyələnmək üçün belə qoçuyana həmləçəkmələr, dövlətə hörmət gətirməyən oxşar başqa naqis hərəkətlər də olmuşdu. Düşünülə də bilər ki, böyük gedişatda ani epizodlar sayılası belə xoşagəlməzliklər zaman keçdikcə unudulub gedir. Amma elə deyil. Cəfər Müciri həyatının ən mühüm olmuşlarını əks etdirdiyi gündəliklərdə bu mətləb üzərində xeyli dayanırsa, demək, məsələ düşünüldüyü qədər də sadə deyil. Bəzən sənin adi hesab etdiyin hansısa hərəkətlər kimlərçünsə müqəddərat məsələsinə dönür, birincidərəcələşir və unudulmur. Tarixin hansı səhifəsində yazılır da. Oxşar hadisə 1995-ci ildə baş vermişdi. Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyinin gözəl memarlıq nümunəsi olan tikililərdə yerləşmiş iqamətgahlarının Bakıdakı İngiltərə səfirliyinə verilməsi məsələsi qalxıbmış. İngilis səfir Bəstəkarlar İttifaqında ovaxtkı sədr Tofiq Quliyevlə görüşübmüş, o da "hə"sini veribmiş. Ancaq mərhum Vaqif Səmədoğlu söyləyirdi ki, bir gün qardaşım Yusif mənə zəng vurdu, dedi, evdən tüfənglərdən birini götür, gəl Yazıçılar Birliyinə, mən də bir beşaçılan tüfəng götürüb getdim.

Ancaq yaxşı ki, iş gəlib atəş açılmasına çıxmır. Yusif Səmədoğlu Heydər Əliyevə zəng vurur ki, indicə binanı bizdən almaqçün gələcəklər, üstümdə tapançam var, 6 gülləni onlara atacağam, sonuncunu da özümə. Heydər Əliyev gülərək qayıdır ki, narahat olma, bina verilməyəcək, amma sənə silah vermiş Daxili İşlər Nazirliyi də cəzalandırılacaq.

Mücirinin gündəliklərini, xatirələrini vərəq-vərəq çevirdikcə, onun daxili dünyasına daha artıq nüfuz etdikcə buna bir daha şahid oluram ki, dövlət düşüncəsi, millət qayğıları bu nəsil şəxsiyyətlərin iliyinə qədər hopubmuş, onlar həmişə şəxsi mənafeyi daha aşağıda tutmağı, hisslərini ağla tabe etməyi bacarırmışlar.

Zahirən elə o bina söhbətinə görə Xalq Cəbhəsi hakimiyyətindən gileyli olmağa, narazı düşməyə bəlkə də haqqı vardı, ancaq 1993-cü ilin yazında ayrı-ayrı insanların başıpozuqluğu, iqtidara qarşı silahlı müxalifətin tərpənişləri onu qəlbən incidirdi və ilk növbədə dövləti düşünən bir insan kimi üsyançıların deyil, ona və məsləkdaşlarına pislik edən iqtidarın yanında idi. Və bu hissləri ürəyinin dibindən gəlirdi, tam səmimi idi, bir vərəqlər idi, bir özü, düşüncəsindəki evinin tənhalığında kağıza köçürürdü.

"4-10 may 1993-cü il. Gəncə şəhərində Sürət Hüseynov adlı bir cavan qiyam qaldırmış, bir hərbi hissə başqasına atəş açmışdır. Bu, heç də yaxşı deyil. Daha da pis odur ki, bu adam qabaqcadan "Milli qəhrəman" olub. İndi də ona Baş vəzirlik vəzifəsi verilmişdir. İclaslarda, ciddi yığıncaqlarda oturur".

...Bir rəssam, xalçaçı, heykəltəraş üçün yaradıcılıq sərgisinin açılışı keçmişlərdə, illah da sovet dönəmində əlamətdar bir bioqrafiya hadisəsinə çevrilirdi. Heç də tez-tez baş verməyən bu qəbil sərgilər həm də mədəni həyatda məxsusi bayram siqləti daşıyırdı, elə indi də həmin təhərdir - hamısı olmasa da, əsərlərinin seçmələrinin böyük qismi bir salona toplanır, gələnlər sənin yaradıcılığını əvvəldən-sona bütünlüyü ilə görmək imkanı qazanırlar, kataloqun çıxır, səhifələrinin azlığından-çoxluğundan asılı olmayaraq o kitabça yaradıcılığının xəritəsinə çevrilir, tamaşaçılar gəlir, baxırlar, kimsə hətta tənbəllik etməyərək fikrindən keçənləri rəy kitabında da qeyd edir və bütün bunlar sonra dönüb olur fəxr edilməli tarixçə.

Cəfər Mücirinin də həyatında bu cür unudulmaz günlərdən biri 1993-cü ilin yayında baş vermişdi. Amma sərginin açılış və davam etdiyi günlərdən öncəki yaranma, qurulma tarixi də var axı. O günlərin hər biri Müciri üçün əziz idi və hamısını gündəliyinə almışdı.

"Həndəsi naxışları ilə işlədiyim yeni xalçanı 18 yanvar 1992-ci ildə toxumağa başlamışam. İndi 22 iyuldur. Hazırda 280 çin toxumuşam. Bir çində 550 ilmə vardır. Deməli, 126.440 ilmə salınmışdır. Hər 24 saatda 2-3-dən çox toxuyuram. Deməli, iş asta gedir. İkinci dəfə saydım. Yoxladım. Deməli, 448 ilmə yox, hər yarıda 275 ilmə var ki, hər çində olur 550. Bu gün 1 iyul 1992-də xalçanı çevirdim. Çevrilməzdən əvvəl "Səhər" ruznaməsi tərəfindən gəlib şəklini çəkdilər. Mənim 75 illiyim münasibəti ilə Xalça muzeyi sərgi təşkil edir. İndi bu sərgiyə də hazırlaşmaq lazımdır. Açılmış dəvətnaməsinin üzərində "Saib Təbrizi" xalçasının şəkli, içəridə mətnidir".

Sənətkar ömrünün xoşbəxt hadisəsi günbəgün Mücirinin gündəliklərində elə həmin günlərdəki təravətində qalmaqdadır. 1993-cü il mayın 21-dir, Xalça muzeyinin işçiləri hazırlanan yaradıcılıq sərgisi üçün evdəki çeşni, eskiz və xalçaları aparmaqçün gəliblər. Mücirinin özünün seçərək fərdi sərgisində nümayiş etdirilməkçün ayırdığı xalçalar 35 ədəddir. Xırda, gözəl işləri də var, ancaq qurulması çətin olduğu üçün onları vermir. Ancaq çox istəyir ki, bu sərgidə ən son əsəri də mütləq olsun. Ötən ildən başladığı xalça üzərindəki işini sürətləndirməyə, sərginin açılışına çatdırmağa çalışır. Artıq sinni elədir ki, onun tayları dincəlmək yolunu seçərək əlini ağdan-qaraya vurmur. Zarafat deyil, səksənin astanasındadır. Fəqət o, toxuyur, toxuduqca da mükəmməl bildiyi toxu təcrübələrini daha da kamilləşdirməkçün yollar arayır, o əsnada özünü də sevindirən tapıntıları olur: "Hazırda toxuduğum həndəsi naxışlı xalça toxuduqca mənə qol-qanad verir. Yaradıcılıq sərgim təqribən hazır kimidir. Kataloq da ingilis dilinə tərcümə olunub və çap işləri ilə məşğulam. Bundan əlavə, arxaca keçmə və arxaclar üzrə təcrübə də aparıram. Bu zaman "Alt arxacı ölçən" adlanan sarı məftildan hazırlanmış millərdən istifadə edirəm. Vaxtını da ölçəcəyəm. Alt arxacı bəzən 10 və ya 11 qat ərişlə keçirəm. Pis yatmır. İki kiloqram qəhvəyi və bez rəngli yun aldırmışam. Xalçamın mətnindən cəmi 28 çin qalır. Bu gün 29 may 1993-cü ildir. Bir neçə gündür ki, Xalça muzeyi keçmiş Lenin muzeyinə (indiki Muzey Mərkəzi - R.H.) köçübdür. Mən sərgimə görə təqribən hər gün oraya gedirəm. Qapıda milisionerlər hər dəfə soruşurlar. Ancaq orada olan muzey işçilərinin mənə münasibətini gördükdə daha soruşmurlar və hörmət edirlər".

1993-cü ilin 28 iyununda Azərbaycan Televiziyasında "Buta" verilişinin növbəti buraxılışı olub keçib. İndi nə kiminsə yadındadır, nə lent yazısı qalıb. Ancaq "Gündəliklər" o tarixçəni də hifz edib. Xalça muzeyi əməkdaşının müsahibəsi göstərilib, söyləyib ki, təbrizli rəssam Cəfər Mücirinin Xalça muzeyində sərgisini açmaqla məşğuluq.

Sərginin hazırlandığı aralıqda Mücirinin onillərin həsrətini toxtatmaqçün daha bir fürsəti olmuşdu, həyat yoldaşı ilə İrana gedib qayıtmışdı. Xoşbəxt gün 1993-cü il avqustun 3-nə təsadüf edirdi. Əlbəttə, sərgi açılışı həmişə xoş hadisədir. Lakin Mücirinin seçdiyi söz onun içərisində tüğyan edən duyğuları sərrast ifadə edir: "Sərginin açılışı günü bir neçə mətbuat orqanlarının foto-müxbirləri gəlmişdi. Tufanlı gün yaranmışdı. Çoxdan çalışırdıq. Kataloq 4 səhifədən ibarətdir. Cildin üstündə şəklimi yaxşı işləməyiblər. İçəridə də şəkillərin aydınlığı azdır. Sevincin kiçik vaxtı bulvarda mənimlə gəzdiyi yerdə şəkli var ki, bu kataloqun əsas ürəkaçan şəklidir. Dəvətnamədə olduğu kimi, burada da "Saib Təbrizi" xalçası cildin üstündədir".

Müciri bayramını - sərgini Xalça muzeyinin direktoru Röya xanım Tağıyeva açmışdı, akademiyanın müxbir üzvü Kərim Kərimov, Mikayıl Abdullayev, cənublulardan Əmirəli Lahrudi, Sabir Əmirov danışmışdılar. O vaxtlar UNESCO-da işləyən Ramiz Abutalıbov həmin günlərdə Fransada yaşayan iki təbrizli ilə Bakıdaymış, onları da götürüb gəlibmiş sərgiyə, təsadüfdən həmin adamlardan biri elə xalça texnologiyası məsələləri ilə məşğulmuş, Müciri ilə söhbətləri dərhal tutur, Mücirinin kitablarıyla maraqlanır.

O gün həmin açılışda bir nəfərin - ustad həmkarı Kamil Əliyevin çıxışını "Gündəlik"ində Cəfər müəllim xüsusi qeyd edir. Kamil Əliyev söyləyibmiş ki, mənim xalçalarımın texnoloji işlərini Müciri yerinə yetirir.

Sərgidə Mücirinin seçmə əsərləri sıralanmışdı: "İki tale", "Rixard Zorge", "Silsiləvi Ləçək", "Ləçək-türünc", "Saib Təbrizi", "Buta", "İki balış", "Füzuli", "Nizami", "Ulduzlara doğru" xalçaları, bolluca eskizlər.

Bunlar sadəcə bir sənətkarın əsərləri deyildi, həm də onun keşməkeşli ömrünün səhifələri idi. Sərgiyə ilk tamaşa edənlərdən olan şair Arif Səfa bir neçə gün sonra yazaraq Müciriyə hədiyyə etdiyi şeirində məhz həmin həqiqəti ifadə etdiyindən bu ithafı Cəfər müəllim başqa daha məşhur şairin - Əli Tudənin həmin sərgidə göstərilən bir xalçaya həsr edərək ona bağışladığı şeirindən də çox bəyənmişdi. "Həsrət içində" adlı o şeirində Arif Səfa "əməl dostu" adlandırdığı Cəfər Mücirini belə görürdü:

 

Baxdım bu gözəl xalçalara heyrət içində,

Parlar elimin sən`əti min sən`ət içində.

 

Bu sən`əti Təbriz sənə bəxş etmiş əzəldən,

Ömr eyləmisən gör nə qədər zəhmət içində.

 

45-də döyüşdün ki, çıxa xoş günə Təbriz,

Qaldın neçə il Təbrizə sən həsrət içində.

 

Azadlıq üçün sən də çalışdın gecə-gündüz,

Bəlkə elimiz gün görə hürriyyət içində.

 

Ömrün bu payız vaxtı gedib Təbrizi gördün,

Gördün ki, qalıb arzuların möhnət içində.

 

Arzu oxumuz dəysə də hər gün daşa, ey dost,

Hər gün yaşadıq biz yenə xoş niyyət içində.

 

Xalçanın çox hikmətləri var və onun toxucusundan umduğu ən əsas şərt səbir, təlqin etdiyi ən başlıca keyfiyyət səliqə-sahmandır. Cəfər Müciri və məsləkdaşlarının bəxtini zəmanə elə kəc yazmışdı ki, onlar bir ömür boyu arzuladıqları günlərin yetişməsini səbirlə gözləyə-gözləyə yaşadılar. Sonu görünməyən intizardan əzablı nə ola bilər ki! Nə qədər səbirli olursan ol, ağır düşüncələrin yükü həmişə səni sıxacaq.

Uzun illər boyu Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda birgə işlədiyim güneyli şairə Həkimə Billuri bir dəfə söylədi ki, Cənubi Azərbaycandan olan siyasi pənahəndələr arasında ən xoşbəxti Cəfər Müciridir.

O bu sözləri deyəndə şöbəmizdəki digər cənublu, qarşısındakı mətnə qapılaraq nəsə yazan görkəmli ədəbiyyatşünas alim Həmid Məmmədzadə qələmini qoydu qırağa, sualedici nəzərlərlə Həkimə xanıma sarı baxdı və o da dediyi bu sözün niyəsinin soruşulacağını irəlicədən hiss etdiyindən dilləndi: "Ona görə ki, xalçaçıdır. Ona görə ki, gündə yüzlərlə ilmə vurur. Başı qarışır xalçasına, fikri-zikri qalır orada, bizim qədər dərdi-sər çəkməli olmur, xalçası onu qoruyur. Onun sığınacaq yeri hamımızınkından yaxşıdır".

 

10 avqust 2024

Dəmir Aranelli

525-ci qəzet .- 2024.-17 avqust (№147).- S.14-15.