Real aləmdən çöldə qalanlar

 Vahid Qazinin "Çöl Qala" əsəri haqqında qeydlər

 

 

İlk dəfə idi, belə bir əsər oxumağım. Povest, demək olar ki, dialoqlar üzərində qurulsa da, burada canlı ünsiyyət yox dərəcəsindədir, məktublardan ibarətdir. Ədəbiyyatda buna epistolyar janr deyillər. Əsərin qəhrəmanlarının söhbətləri müasir çağın gəldiyi son nöqtədə - sosial şəbəkədə baş tutur. Povest hadisələrdən çox obrazların şəxsi dünyagörüş paylaşımları ilə zəngindir.

Əsas hadisələr rəssamın (o, ortayaşlı evli adamdır) ünsiyyət üçün sosial şəbəkədən seçdiyi qadına yazması ilə başlayır. İlk baxışda bu münasibət əyləncə xarakterli görünsə də, onların coşğun axan çay kimi oxucunu öz axınına qoşub aparan söhbətlərindən aydın olur ki, əslində, hər ikisi bu dünyada mənən təkdilər və hər bir insan kimi mənəvi bir həmdəmə ehtiyac duyurlar.

Bütün müsbət dinlərin, fəlsəfə və elmlərin hədəfi anlamaq, həqiqəti tapmaqdır. Kainatın "mənası" deyilən "böyük sirri" aydınlığa qovuşdurmaq, faş etməkdir. Ancaq bu "həqiqət" deyə adlandırdığımız nədir? Kimin həqiqəti digəri ilə uyumludur? Doğruları kim müəyyən edib? Bu suallara min illərdir, konkret cavab tapıla bilməyib və nə zamansa bu, mümkün olacaq kimi də görünmür. "Çöl Qala"nın ideyasının da elə məhz bu problemin əsasında qurulduğunu düşünürəm.

Bəlkə də, həyatın mənası elə onun məhz mənasız olmasındadır. Yəqin ki, "məna" dediyimiz məfhum konkret bir nəsnə olsa idi, onda onu əldə edə bilməyən adamlar üçün həyat sona çatmış olardı. Çünki həyatın əksi ölüm deyil, can sıxıntısıdır. Amma bu, insana verilmiş böyük bir şansdır ki, o öz həyatının mənasını özü yarada bilir. Eynilə "Çöl Qala" əsərinin baş qəhrəmanları kimi. Onlar mövcud olduqları maddi dünyada qəlbən qırılmış, ruhlar aləminə sığınmış iki insanın obrazıdır.

Əsər boyu oxucu onların bir-biri üçün darıxdığının, real həyatda görüşüb bir-birinə qovuşmaq istədiyinin şahidi olsa da, bu, mümkün olmur. Mənə elə gəlir ki, əsərin sehri də elə məhz bundadır. Əgər onların bu qeyri-real "görüşləri" reallığa qovuşsa idi, yəqin ki, mahiyyətini itirərdi. Bu ideyanın əsası ədəbiyyata "Leyli və Məcnun"la gəlib. Onlar yaşadıqları cəmiyyətdə şəxsiyyət azadlığı, bu minvalla da xoşbəxtlik tapa bilmədikləri üçün qeyri-real dünyaya - ruhlar aləminə sığınmışdılar. Sonda da elə ruhən qovuşduqları üçün əsər bədbin deyil, nikbin sonluqla tamamlanmış oldu. Haqqında söhbət açdığımız "Çöl Qala" povesti də bu cür tamamlanır. Qəhrəmanlar realda deyil, ruhlar aləmində qovuşurlar. Belə ki, uzun zaman yalnız sosial şəbəkədən yazılmış məktublar vasitəsilə ünsiyyətdə olduqdan sonra əsərin əsas obrazlarından biri rəssam səfərə çıxarkən (o, belə işlə bağlı səfərlərə tez-tez çıxırdı) təyyarə qəzasında həlak olur. Onun yazışdığı sevgilisi də düçar olduğu dəhşətli xəstəlik nəticəsində dünyasını dəyişir. Şərh etdiyim səbəbləri nəzərə alsaq, bu ölümlər bir az da zərurəti doğuran simvolik xarakter daşıdı.

Əsər boyu obrazların həyata baxışı, müxtəlif sosial məsələlərə münasibəti, film, kitab, musiqi, şeir zövqünün şahidi olur, onlarla birgə müxtəlif həyat hadisələrinə oxucu da öz beynində alternativ tapır, düşünür.

Belinski yazırdı ki, sənətkar obrazlar vasitəsilə düşünür, ictimai ideal, qayə və arzularını onların dililə oxucuya çatdırır. Bu prizmadan yanaşsaq, biz əsərdə bu iki obrazın vasitəsilə müəllifin dünyaya, tarixi hadisələrə, ölkəsindəki sosial vəziyyətə münasibətini görür, onun ictimai-fərdi siması, əqli-mənəvi dünyası, bəşəri qayğı və arzuları haqqında oxuyuruq. Buna görə də, əsərə sadəcə iki insanın sevgi və qovuşma arzusu kimi baxmaq doğru olmaz. O, bütövlükdə müəllifin iç dünyasının kağız üzərinə köçürülmüş halıdır.

Əsərdə rəssamın qadına qovuşmaq üçün göstərdiyi səbir və iradəni haqlı olaraq, orta əsrlər klassik ədəbiyyatımızın unudulmaz əsərlərindən biri olan Ş.İ.Xətainin "Dəhnamə" əsərində pərilər bağında yaşayan sevdiyi qadına məktublar yazaraq ondan vüsal görüşü arzulayan aşiqin səbrinə bənzətdim. Yəqin ki, müəllifin də alt şüurunda bu əsər iz buraxmış olmalıdır ki, bu mövzu ona bu qədər təsir etmiş və onu qələmə almaq qərarına gəlmişdir.

Müəllifin obrazların yazılarında tez-tez incəsənət haqqında söhbətlər açması, insan həyatını incəsənətlə vəhdət halında olduğunu göstərməsi onun insanların ictimai-əxlaqi təkamülündə, dünyagörüşünün və zövqünün formalaşmasında incəsənətin rolunu, idraki-tərbiyəvi əhəmiyyətini yüksək qiymətləndirməsi ilə bağlıdır.

Nəticə etibarilə, Vahid Qazinin bu əsərini orijinal və diqqətəlayiq əsərlərdən biri hesab etdim.

 

İlahə SƏFƏRZADƏ  

525-ci qəzet .- 2024.-17 avqust (№147).- S.12.