Ədəbiyyatın təsir dairəsi:
fərdi düşüncədən ictimai şüura
(Əvvəli 3 avqust sayımızda)
Söz sənətinin bənzərsizliyindən,
insanlıq qarşısında oynadığı roldan və
daşıdığı funksiyadan bəhs edərkən
aşıq yaradıcılığını həyatın mərkəzinə
gətirmək yerinə düşər. Əvvəlcə,
onu söyləyək ki, aşıq
yaradıcılığı söz sənətinin ən qədim
qollarından biridir. Əsas məqsədi və amalı xalqa
xidmət etmək olan söz sənətinin bu qoluna ulu əcdadımız
da biganə qalmayıb. Aşığı çox hallarda əcdadlarımız
"dədə" adlandırmış, onlara el
ağsaqqalı, elin dədəsi funksiyasını vermişlər.
Aşıq yaradıcılığının əsas
janrlarından olan dastan yaradıcılığının
şah əsəri olan 1300 illik "Kitabi-Dədə
Qorqud" eposunda biz xalqımızın aşığa (ozana)
qarşı münasibətini bu mənada aydın şəkildə
görürük. Aşıq yeni doğulan körpələrə
ad qoyur, elçilik edir, küsülüləri
barışdırır, hər müşkül məsələni
qaydasına qoyur. Kim el ağsaqqalı adlanan aşığa
(ozana) qarşı çıxarsa, o, əlbət peşman
olacaq. Aşıq kimi onun sazı-qopuzu da müqəddəslik
mərtəbəsindədir. Hətta düşmən əlində
saz-qopuz olarsa, o da bağışlanardı. Folklor
yaradıcılığımızın şedevr əsəri
olan "Kitabi-Dədə Qorqud" dastanından söhbət
düşmüşkən aşıq sənətinin ulu
babası olan Dədəm Qorqudun eposta söylədiklərinə
də nəzər salaq. Amma bir şərtlə, bu dəfə
yalnız sözə yox, onun daşıdığı hikmətə
də diqqət yetirməklə: "Allah, Allah deməyincə
işlər düzəlməz. Bir igidin qara dağ yumrusunca
malı olsa, yığar-toplayar, qismətindən
artığını yeyə bilməz. Təkəbbürlük
eyləyəni Tanrı sevməz. Qarı düşmən dost
olmaz. Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz. Ata
malından nə fayda, başda ağıl olmasa..."
Aşıq yaradıcılığı əsas
etibarı ilə müxtəlif məclislərdə söylənmək
və bununla da insanlara "çatmaq" funksiyasını
icra edib. İnternetin, televizorun, hətta qəzetlərin,
kütləvi şəkildə mövcud olmayan məktəblərin
(kitabların) rast gəlinmədiyi bir dövrdə insanlara
müxtəlif elmlərdən, dünyanın xeyir və şərindən,
yaxşıdan, pisdən hali edərək onlara, bir növ, məktəb
olub. Bu səbəbdən aşıqlar saz əlində,
söz sinəsində və hikmət də sözlərində
el-el, oba-oba gəzərək insanlara "dərs"
keçmişlər. Oğuz elində xanlar, bəylər məclisində
başda oturan Dədəm Qorqud da, Şah İsmayıl Xətainin
sarayında böyük nüfuz sahibi olmuş Dirili Qurbani də,
Aşıq sənətinin ən böyük nümayəndəsi
Aşıq Ələsgər də bu qəbildən idilər.
Onlar yaşadıqları dövrdə bir el ağsaqqalı
kimi fəaliyyət göstərməyin yanında, insanlara həyatın
minbir sifətini, yaxşını, pisi, xeyir və şəri
öyrətmiş, onları dünyan sirlərindən agah
etmişlər... "Qəm çəkmə bu qədər,
divanə könül, həmişə ruzigar belə dar
olmaz", - deyən Dirli Qurbani, "El bir olsa, dağ oynadar
yerindən", - deyən Aşıq Abbas Tufarqanlı,
"Yaman addan ölüm yaxşıdır", - deyən Xəstə
Qasım, "Mən Allahdan istəmirəm, çox dövlətim,
malım ola, bir balaca güzəranım, dolanmağa halım
ola, min batman zərim olunca, bir misqal kamalım ola", - deyən
Aşıq Ələsgər yaradıcılıqları
sözbəsöz, səhifəbəsəhifə bilik tədris
edir. Təki onlar oxunsun, öyrənilsin...
Xalqın maariflənməsində, onun informasiyaya
çatmasında müstəsna xidməti olan ozan-aşıq
sənətinin haqqında geniş şəkildə
araşdırmalar həm də onu göstərir ki, bu sənəti
özünün məktəb funksiyasını bu gün də
oynamaqdadır. Həmçinin dünyada, bəlkə də,
köhnəlməyən, "doğulduğu" gün kimi
tər, təzə qalan söz öz gücünü
aşıq yaradıcılığı ilə də göstərmiş
olur və min il, bir əsr bundan öncə söylənmiş
hikmətli sözlər insanlıq dünyasını
işıqlandırmaqda davam edir.
Beləliklə, söz dünyasının daha bir
"ölkəsindən" ayrılırıq. Unutmadan onu
da qeyd edək ki, söz bir neçə kəlmədə birləşməsinə
və yaxud bir kitabda cəm olmasından asılı olmayaraq, bəşər
övladına bir çox şeylər öyrədə bilir.
Bunu biz ən yaxşı şəkildə Əbdürrəhim
bəy Haqverdiyevin "Mirzə Səfər"ində də
görə bilirik. Həcmcə
kiçikölçülü olmasına baxmayaraq, bu hekayə
bir məktəb funksiyasını yerinə yetirməkdədir.
"MİRZƏ SƏFƏR"İN
"DƏRSİ"
İnsanlıq tarixinin əsas dönüm nöqtələrindən
biri dövlət modelinin ortaya çıxması olub.
Çünki dövlət modelinin ortaya çıxması və
də bu modelin illər, əsrlər ötdükcə təkmilləşməsi
insanlıq üçün gərəkli olan bütün
hüquqi, demokratik prinsiplərin (dəyərlərin) onun təminatı
altında inkişaf etməsinə imkan yaradıb, nəticədə
insanların yaşayışı müəyyən
qanunauyğun hal alıb. Bu gün hansı cəmiyyətdə
inkişaf, tərəqqi mövcuddursa, insanlar xoşbəxtdirsə,
deməli, orada dövlət var və güclü dövlətçilik
sistemi qurulub. Güclü dövlətçilik sisteminin
mövcudluğu isə bir çox digər kordinatların
yanında, o dövlətə layiqincə xidmət edən,
öz vəzifəsinin öhdəsindən gələn
insanların (vətəndaşların) olmasından da xeyli dərəcədə
asılıdır. Bu qədər əhəmiyyətli
mövzu isə, ola bilməzdi ki, söz sənətindən
yan keçsin və mövzu kimi ədəbi əsərlərə
gətirilməsin. Azərbaycan ədəbiyyatının ən
güclü qələm sahiblərindən Əbdürrəhim
bəy Haqverdiyevin "Mirzə Səfər" əsəri məhz
bu mövzunu başqa çərçivədən ortaya
qoyur...
İnsanlıq tarixini daim humanizmə, aydınlıq gələcəyə
doğru istiqamətləndirən söz sənəti bunun
üçün bütün vasitələrə əl
atıb, gərəkli bildiyi hər mövzunu bəşər
övladının diqqətinə çatdırıb. Bu
haqda biz ötən yazılarımızdaca
danışmışıq (yazmışıq). Bu
yazımızda isə çox əhəmiyyətli bildiyimiz
başqa bir istiqamətdən irəliləmək qərarına
gəlmişik... Dövlət canlı orqanizm deyil, amma
canlı varlıqlar (orqanizmə sahib olanlar) kimi onu
formalaşdıranlar mövcuddur. Bunlar biz insanlarıq, daha dəqiq
desək, dövlətin bu və ya digər sahəsində
çalışan onun vətəndaşlarıdır. Bu
insanlar (vətəndaşlar) isə necə
çalışırlarsa, Vətənə necə sədaqətlə
xidmət edirlərsə, dövlət də eləcə
inkişaf edir, çiçəklənir və yaxud da əksinə,
tənəzzülə qərq olur, tarix səhnəsində
itib-batır. Başqa bir yanaşma tərzi. Dövlətin bu
və ya digər sahəsində çalışanlar öz fəaliyyətləri
ilə insanların dövlətə, ölkəyə
münasibətlərini formalaşdırırlar. Məsələn,
bir quruma üz tutduqda o qurumda çalışanların
peşəkar fəaliyyəti, bizlərlə yaxşı
davranışı bizim də dövlətə olan münasibətimizi
istər-istəməz yaxşı mənada
formalaşdırır. Dövlətin bu və ya digər sahəsində
çalışanların hansı xüsusiyyətlərə
malik olmaları isə bu mənada xüsusi əhəmiyyət
kəsb edir.
Hər hansı bir insanın (vətəndaşın)
dövlətin bu və ya digər qurumunda ona
tapşırılan işi və verilən öhdəliyi necə
icra etməli olduğu mövzu kimi az, yaxud da çox dərəcədə
ədəbi əsərlərdə işlənib. Azərbaycan
ədəbiyyatına baxdıqda isə, dövlət-vətəndaş,
dövlət-məmur anlayışının ortaya
qoyulduğu şedevr əsər "Mirzə Səfər"
hekayəsidir. Əsəri mütaliə etdikdə öyrənirik
ki, Mirzə Səfər 45-50 yaşlarındadır və dəftərxanada
qulluqda işləyir. 25 manatlıq məvacibi az da olsa, o, iki
övladına təlim-tərbiyə verməkdə qərarlıdır.
Müxtəlif çətinliklərə və süni maneələrə
baxmayaraq, Mirzə Səfər oğlanlarını həkim və
mühəndis kimi yetişdirə bilib. Əsərdə bizim
oxucunun diqqətinə çatdırmaq istədiyimiz
ideyanın yanında, iki mühüm məqamı bu anda gərək
qeyd edək. Birincisi, Mirzə Səfərin dostu saatsaz Usta
Zeynalla münasibətidir. Övladlarını oxutdurmaqda
çətinlik çəkən Mirzəyə dostu Usta
Zeynalın "İndi gəl biz bir iş görək. Sənin
məişətin ağır keçir. İndi bir az da
ağırlaşacaq. Mən də ki saatsazlığımla səndən
çox qazanmıram. Gəl sənin uşaqlarının
oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən
çək, o birininkini də mən çəkim. İldə
həşdad manat sənin üçün ağır
yükdür. Amma qırx manat döysındır düzəldərsən.
Mənim də gücüm çatar" sözləri dostluq
münasibətlərinin necəliyindən və yaxşı
dostun olmasının əhəmiyyətindən xəbər
verir. Digər ikinci mühüm mətləb isə Mirzə Səfərin
övladlarının birinin digərinin xeyrinə etdiyi güzəştdir.
Belə ki, hər iki övladına eyni vaxtda ali təhsil vermək
iqtidarında olmayan Mirzənin kiçik oğlu
qardaşının təhsilini davam etdirməsi
üçün öz təhsilini müvəqqəti
dayandırır, çalışaraq qardaşının təhsil
alması üçün pul qazanaraq ona yollayır.
"Mirzə Səfər" hekayəsini oxucu tədqiqinə
cəlb etməyimizin əsas səbəbi isə, yuxarıda
qeyd etdiyimiz kimi, əsərin baş qəhrəmanı Mirzə
Səfərin qulluqdakı vicdanlı iş fəaliyyətidir.
Aylıq 25 manat məvaciblə Mirzənin
dolanışığı çətindir. Bununla belə, o,
öz işinə və adına xələl gətirə biləcək
işlərə heç vəchlə qol qoymur. Mirzə Səfər
deyir: "Rüşvət almaq adamı qorxaq və
gözükölgəli edər, rüşvət
aldığın adamların hansını görsən, gərək
ikiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz
olaram, maaşıma qənaət edərəm, bir kəsə
ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm,
25 manat məvacibim var, ayda bir 10 manat da evə gəlib ərizə
yazdıranlardan qazanıram, bu da mənim başımdan
aşıb, ayağımdan çıxar". Mirzə Səfərin
ölüm ayağında övladlarına xitabən dedikləri
də bizim üçün dərsə bərabərdir:
"Balalarım, dünyada mən çox ömür
etmişəm... Cəmi ömrümü işimdə təmiz
olmuşam... Siz təmiz, namuslu dolanırsınızsa, həmişə
müvəffəqiyyət sizi tapar"... Əbdürrəhim
bəy Haqverdiyevin böyük ustalıq və uzaqgörənliklə
yaratdığı "Mirzə Səfər" hekayəsi
kiçikhəcmli, amma daşıdığı məna və
aşıladığı mətləblər
baxımından olduqca nəhəng bədii nümunədir
(bunu biz hekayədən gətirdiyimiz bir-iki misalda da
gördük). Bu hekayəni mütaliə etdikcə insan
şüur və düşüncəsində bir neçə
mühüm mətləb hasil olur. İnsan gərək öz
adına ləkə vuracaq iş və əməllərdən
uzaq olsun. Ona tapşırılan hər bir işin öhdəsindən
gəlmək üçün var gücü ilə çalışsın.
Dövlətinin başını uca tutsun, onun hörmətini
ziyadə etsin! İnsan onda, Mirzə Səfər demişkən,
həmişə başıuca gəzər...
"Mirzə Səfər" hekayəsindən bizim
çıxardığımız nəticələrdən
biri də budur ki, Vətənə, dövlətə xidmət
etmək üçün gərək hərtərəfli biliyə
də yiyələnəsən. Bunun üçün lazım
gələrsə, xaricə də üz tutasan, dünya təcrübəsini
öyrənəsən. Mühüm məqam isə xaricdə
təhsil alarkən öz dəyərlərini qoruyub
saxlamaqdır. Dəyərlərdən məhrum olmaq isə
insanları, cəmiyyəti parçalanmağa, uçuruma
aparar. Necə ki bu mətləbi bir əsr bundan öncə
Mirzə Cəlil "Anamın kitabı"
tragikomediyasının əsas mövzusu kimi işləyib...
(Ardı var)
Naxçıvan
525-ci qəzet
.- 2024.-20 avqust (№148).- S.15.