Minilliklərin mütəfəkkir şairi  

 

Ədəbiyyatımızın hər bir inkişaf mərhələsi bizim üçün böyük maraq kəsb edir və sevə-sevə öyrənməyə borcluyuq. XX yüzildə yazıb-yaradan hər bir sənətkarın yaradıcılıq yolu özəllikləri ilə seçilir.

Bəllidir ki, bu yüzillik ədəbiyyatımıza Mirzə Cəlil, Sabir, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz və sair ustad sənətkarlar bəxş edib. Bunların sırasında öz yaradıcılıq laboratoriyasının genişliyinə, milli və bəşəri idealına görə Bəxtiyar Vahabzadə poeziyası xüsusi yer tutur.

Mən Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə ümumi şəkildə hələ tələbəlik illərimdən tanışam. Bu poeziya nəhənginin yaradıcılığı ilə tanış olandan həmişə beynimdə belə bir sual dolaşıb: Bu qüdrətli şair öz zəngin yaradıcılığıyla ədəbiyyatımızda kimdən sonra dayanmalıdır? Bu suala cavab vermək çətindi. Çünki ədəbiyyat fikir bağçasıdır və bu bağçada sözünün çəkisi, rəngi, təravətiylə hər kəsin öz yeri var.

Bəxtiyar Vahabzadənin böyüklüyü ondadır ki, o, yaradıcılığının ideya-bədii xüsusiyyətlərinə, fikrin ifadə tərzinə görə ədəbiyyatımızda yeni cığır açıb və bu cığır şaxələnərək Azərbaycan poeziyasının zəngin yoluna çevrilib.

B.Vahabzadə 70 şeirlər kitabı, 11 publisistik kitab, 20 bitkin poema yazaraq XX əsr Azərbaycan ədəbiyyatının ümumi mənzərəsinin, axarının dəyişməsnə ciddi təsir göstərib.

Şair öz fərdi yaradıcılıq manerası ilə də sələf və çağdaşlarından fərqlənir. Belə ki, o, XX əsrin yeganə şairlərindəndir ki, şeirlərindən saxta neft, pambıq, qüdrətli sovet adamı qoxusu gəlmir. Onun əsərlərinin əsas mövzusu vətən, dil, millət, onun keçmişi, bugünü və gələcəyidir.

Bəllidir ki, ədəbiyyatımızda Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Səməd Vurğunla başlanan Azərbaycançılıq, istiqlalçılıq yolu, XX əsrin 60-cı illərindən siyasi arenada Ümummilli lider Heydər Əliyev, poeziyada isə Bəxtiyar Vahabzadə tərəfindən daha da genişləndirildi. Bu, şairin ədəbiyyatımızdakı yerini və rolunu göstərən ən mühüm xüsusiyyətdir.

B.Vahabzadə yaradıcılığına bu fərdi yaradıcılıq xüsusiyyətlərini gətirən onun poeziyasının kədər notları olub. Vaxtilə müsahibələrinin birində şairə ünvanlanmış: "Bəxtiyar müəllim, yaradıcılığınızın aparıcı qüvvəsi nədir: sevinc, yaxud kədər?" - sualına şair: "Kədər" - deyə cavab verərək:

 

Dünyanı anlayan qəmini çəkdi,

Anlaya bilməyən dəmini çəkdi

- demişdi.

 

Bu da təbii idi. Böyük şairin tərcümeyi-halı ilə tanış olanlar bilir ki, o, hələ uşaqlıq illərində həyatın acısını dadmışdı. Həyat şairə qarşı o dərəcədə amansız olmuşdu ki, doğma anasına nənə, atasına baba deməyə məcbur olmuşdu. Lakin daim valideyn məhəbbəti, qayğısı ilə əhatə olunmuşdu. Atası Mahmud ağa ata-babasının kömürçülük peşəsi ilə ailəsini bir qarnı ac, bir qarnı tox dolandırmışdı.

Şair özü tərcümeyi-halında xatırladır ki, bizim nəsilə Şəkidə "Ətəyidaşlılar" deyirlər. Bu ləqəb ona görə nəslimizə verilib ki, bu nəslə mənsub olanlar həddindən artıq arıq olduqlarından külək əsəndə onları aparmasın deyə, ətəklərinə daş yığıblar. Lakin şair gəncliyindən qocalığınadək yaradıcılığının dərd, kədər yükünün məhvərini cəmiyyətdə axtarmışdı. Buna görə də onun kədəri fərdi deyil, ictimai məzmun daşıyır. Şair bu münasibətlə şeirlərinin birində yazır:

 

Mən dərddən qaçanda yolda iz qalır,

Alov közdən qaçır, közə dərd olur.

Mən dərddən qaçanda dərd yalqız qalır,

Bu da mənim üçün təzə dərd olur.

 

Toplumda baş verən neqativ hallar, milli hisslərdən məhrum olmaq, atılmışların, özümüzü kəsən qılıncların dərdi şairi üzür, kədərləndirir.

Bildiyimiz kimi, ana dilinə münasibət - məhəbbət hissləri XX əsrin bütün sənətkarlarının yaradıcılığında var. Bu hisslər B.Vahabzadənin yaradıcılığında daha dərin və ülvidir. Şairin "Ana dili" şeiri ümumən dillər əzbəridir. Şeirin yaranma tarixi böyük maraq kəsb edir: bir gün şair Moskva şəhərində özünə yaxın və doğma olan azərbaycanlı ziyalı dostlarının qonağı olur. Dostlarının milli dildən uzaqlaşıb yad dildə danışması, sazın şkafın üstündə toz basması, gitaranın əldən düşməməsi vətənpərvər şairi hiddətləndirir, o, doğma dildə danışmağı ar bilib əcnəbi dildə danışan fasonlu ədabazlara üz tutub deyir:

 

Ey öz doğma dilində danışmağı ar bilən,

fasonlu ədabazlar.

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,

bunlar qoy mənim olsun.

Ancaq Vətən çörəyi

sizlərə qənim olsun!..

 

B.Vahabzadənin yaradıcılığına xas olan dərin fəlsəfi ovqat onu əksər çağdaşlarından uzaqlaşdırıb dahi Nizami və Füzuliyə yaxınlaşdıran xüsusiyyətdir. Bədii dildə olan adi informatik deyim tərzi əksər hallarda onun şeirlərində poetikləşir. Həyatın mənasını hərəkətdə, fəaliyyətdə görən şair, milli dilə olan bağlılığını nəinki ümumi məzmunlu şeirlərində ifadə edir, hətta dilçilik terminlərindən də bu məqsəd üçün bir obraz kimi istifadə edir:

 

İsim, sifət döyüşlərdə çox zaman

karıxar,

feillərsə döyüşlərdən həmişə

qalib çıxar.

Çox sevirəm igid kimi döyüşən

kəlməni mən, sözü mən.

feil olmaq istəyirəm,

düzü, mən...

 

Şairin feil olmaq istəyində iki məqsəd var: birincisi, doğma sözlərimiz kimi dilə olan sevgisi, ikincisi, feillərin hərəkət bildirməsi.

B.Vahabzadənin Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə danışarkən Nizami və Füzuli yaradıcılığına oxşar bir sıra paralelləri vermək yerinə düşərdi:

Bildiyimiz kimi, əyribel ana obrazı Nizaminin "Sirlər xəzinəsi" poemasının "Sultan Səncər və qarı" hekayəsində diqqətçəkicidir. Nizamiyə görə, ananın beli əməyə məhəbbətdən əyilib. Dahi Füzuli də Məcnunun anasını əyribel təsvir edir. Nizamidən fərqli olaraq, şair əyribel ananın belinin əyriliyinə fəlsəfi məna verir ki, torpaqdan yaranan insan torpağa getməyə hazırlaşdığı üçün beli əyridir. Həyatın dörd: od, su, hava, torpaq amili ilə bağlı B.Vahabzadə də yazır:

 

Azərbaycan oğluyam,

Odu Allah sanmışam.

Anam torpaq,

Atam od,

Mən oddan yaranmışam.

 

B.Vahabzadədə də əyribel ana obrazı var. Şair ananın belinin əyriliyinə bəşəri məna verərək yazır:

 

Əziz anam, əyri belin, bilirəm,

Beşiyimə əyilməkdən əyilmiş.

 

Əbədiyaşarlılıq hər bir sənətkarın arzusudur. Bu baxımdan da hər üç sənətkarın öz əbədiyaşarlılığı ilə bağlı ifadə etdiyi fikir müqayisə obyekti ola bilər. Vaxtilə böyük Nizami "İsgəndərnamə" poemasının sonunda yazmışdı:

 

Yüz il sonra sorsan, harda, hardadır?

Hər beyti səslənər, burda, burdadır...

 

Dahi Füzulidə də bu əbədiyaşarlılıq öz sözləri ilə təsbit olunub. Şair bu münasibətlə yazıb: "O zaman ki, şeir gülüstanına ayaq basdım, bu gülüstandakı şeir güllərinin ətri məni valeh etdi, mən də istədim ki, burda bir şeir gülü əkib onun kölgəsində əbədiyyətə qovuşam".

Həqiqətən, böyük Füzuli özündən sonra elə bir iz qoyub getdi ki, Cəfər Cabbarlının təbiri ilə desək, "Füzulidən sonra gələn sənətkarlar nəinki onu ötüb keçməyi, hətta ona çatmağı belə arzuladılar". B.Vahabzadə də elə bir poeziya miras qoyub gedib ki, şairin öz sözləri ilə desək:

 

Həyatdan getsəm də xatiratdayam,

Arzuma həmişə çathaçatdayam.

Üstümə nə qədər torpaq atılsa,

İşığam, yenə də mən üst qatdayam.

 

Yaxud sənətkarın ölməzliyini sözündə axtaran şair yazmışdı:

 

Bəxtiyar, düşünək biz dərin-dərin.

Arzular möhtəşəm, xəyallar şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır.

 

Bəxtiyar Vahabzadə zəngin yaradıcılığıyla Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. Zaman ötdükcə onun nəhəngliyi və qüdrəti daha aydın görünəcək, yeni nəsillər bu vətənpərvər şairin poeziya nəhrindən su içəcək.

Şairin yetirməsi, filologiya elmləri doktoru, professor Maarifə Quliyevanın yazdığı kimi: "Bəxtiyar Vahabzadə min il bundan əvvəlin və min il bundan sonranın şairidir".

 

Tural Adışirin

525-ci qəzet .- 2024.-20 avqust (№148).- S.14.