"Dəli mayor"

 "Qarabağın dostları və düşmənləri" silsiləsindən

 

 

Qafqaza yenicə ali baş komandan təyin edilmiş Pavel Dmitriyeviç Sisiyanov qəddarlıqda və qatillikdə tayı-bərabəri olmayan mayor İvan Lisaneviçi yaxşı tanıyırdı. Mayor rus ordusunda xidmət edən zaman generalla yaxından tanış olmuş və iblis xisləti ilə həmkarının iblis qəlbinə yol tapmışdı. Ona görə də Sisiyanov Qafqaza gələn kimi generalın quyruqbulayanı olan bu zabit öz ağasının yanında xidmət etmək istəyini bildirmiş və Sisiyanov da onun xahişini nəzərə alıb, özü ilə Tiflisə gətirmişdi.

General Sisiyanov Qafqaza gələn kimi Azərbaycan xanlarına məktub göndərərək onların qeydsiz-şərtsiz Rusiya imperiyasına tabe olmalarını əmr elədi. Lakin bir çox xanlar, o cümlədən də, Gəncə hakimi Cavad xan ona sərt cavab verərək itaət etmək istəmədiyini bildirdi. General onun bu cavabından qeyzlənib, Gəncəyə hücum etmək üçün bir çox tədbirlər hazırladı. Hücum ərəfəsində şəhərin bir çox nöqtələrini almağı mayor İvan Lisaneviçə tapşırdı.

1804-cü il yanvar ayının 3-də rus qoşunlarının Gəncə qalasına hücumu başlandı və şəhər mühasirəyə alındı. Cavad xan oğlu Hüseynqulu xanla və əsgərləri ilə ruslara güclü müqavimət göstərir, təslim olmaq istəmirdi. Bu şiddətli müqaviməti görən rus generalı əmr elədi ki, şəhər alınandan sonra müdafiəçilərdən heç kəsə güzəşt edilməsin, hamısı elə yerindəcə güllələnsin.

Cavad xanın və oğlunun döyüş meydanına çevrilən Gəncə qalasının iki qülləsini mayor Lisaneviç nəzarətə götürmüşdü. Qanlı döyüşlər zamanı Cavad xan həmin qüllənin birində görünən kimi mayor onu nişan aldı və oğlu Hüseynqulu xanla birlikdə vurub öldürdü. Rus qoşunları bundan sonra şəhərə daxil ola bildilər. Ölən öldü, qalan qaldı, çoxlu əsir götürüldü. İvan Lisaneviç isə Gəncə əməliyyatına və Cavad xanı öldürdüyünə görə sonralar mükafatlandırılaraq polkovnik rütbəsi aldı.

Şəki hakimi Məhəmmədhəsən xanın bacısı Bəyim xanım Cavad xanın övrəti idi. Ruslar onu da əsir götürmüşdülər. Ona görə də Şəki xanı general Sisiyanova məktub yazıb, xahiş elədi ki, bacısını əsirlikdən buraxsın. Lakin general onun xahişinə əməl eləmədi, əksinə, Məhəmmədhəsən xanın özünü cəzalandırmaq üçün İvan Lisaneviçin başçılığı ilə Şəkiyə qoşun göndərdi. Güclü hücumun qarşısında tab gətirməyən Məhəmmədhəsən xan qaçıb canını zorla qurtardı. Xanlıq sahibsiz qaldı. Rus qoşunları Şəkiyə daxil oldular. Soyğunçuluq və talan başlandı. İvan Lisaneviç İrandan qaçıb gəlmiş Rusiya tərəfdarı Cəfərqulu xan Dünbülünü Şəkiyə hakim təyin elədi və özü də Gəncəyə qayıtdı.

Gəncə və Şəki xanlarının aqibəti Qarabağ xanını da gözləyirdi. Çox çəkmədən general Sisiyanov İbrahimxəlil xanı itaətə dəvət eləmək üçün mayor Lisaneviçi məktubla Qarabağa yolladı. Od ilə su arasında qalan İbrahimxəlil xan generala cavab məktubu göndərərək Rusiya himayəsini qəbul etməyə razı olduğunu bildirdi. Ona görə də İbrahimxəlil xandan beli bağlı olan general Sisiyanov Qarabağa hücum eləmədi, başqa xanlıqlar üzərinə yeridi və İbrahimxəlil xanla müqavilə bağlamaq təklifini irəli sürdü.

Pavel Dmitriyeviç Sisiyanov bağlanılması təklif olunan müqavilənin mətni ilə tanış olmaq üçün onu öz şəxsi nümayəndəsi, gürcü əsilli Niniya Corayevlə İbrahimxəlil xana göndərdi. Onun ardınca isə İvan Lisaneviçi Şuşaya yollayıb, İbrahimxəlil xanı dinc yolla itaətə gətirməyə və xan tərəfindən layihədə heç bir düzəliş edilməmək şərti ilə ondan Rusiya himayəsini qəbul etməyə razılıq almasını tapşırdı. Həm də İbrahimxəlil xan Cavanşir və övladları barədə məlumat toplayıb, onun nəsil şəcərəsini tərtib etmək üçün mayora xüsusi göstəriş verdi.

1804-cü ilin sonlarında mayor İvan Lisaneviç Şuşaya gəldi. İbrahimxəlil xan qonağı özünəməxsus qonaqpərvərliklə qarşıladı. Əyanlarını və bəzi nüfuzlu bəyləri saraya toplayıb, müşavirə çağırdı. Rusların göndərdiyi müqavilənin mətni müzakirəyə çıxarıldı. Bir həftəyə yaxın qızğın və kəskin müzakirələr getdi. Uzun-uzadı məsləhət-məşvərətdən sonra divan üzvlərinin və dəvət olunmuş bəylərin böyük əksəriyyəti Qarabağın Rusiya himayəsinə keçməsi məsələsinin əleyhinə çıxdı. Lakin ağıllı və tədbirli İbrahimxəlil xan heç kəsin sözünə məhəl qoymadan müqavilənin mətnini qəbul elədi.

Mayor Lisaneviç general Sisiyanovun ikinci göstərişini də yerinə yetirdi, tərtib etdiyi nəsil şəcərəsini generala çatdırdı. İbrahimxəlil xan Cavanşirin sonralar əlavə və düzəlişlər edilmiş nəsil şəcərəsi belə idi:

İbrahimxəlil xandan əvvəlkilər:

1. Pənahəli bəy

2. İbrahimxəlil ağa

3. Pənahəli xan

4. İbrahimxəlil xan

İbrahimxəlil xanın kəbinli arvadlarından olan oğlanları:

1. Məhəmmədhəsən ağa - Cavanşir minbaşısının qızı Xanımdan;

2. Mehdiqulu ağa - Gəncəli Şahverdi xanın qızı, Cavad xanın bacısı Xurşud bəyimdən;

3. Xanlar ağa  və Əhməd xan - ləzgi Nüsal xanın qızı, Əmmə xanın bacısı Bikə ağadan;

4. Məhəmmədqasım ağa  - Unqutlu Allahyar bəyin qızından;

5. Abbasqulu bəy - knyaz Yevgeni Abaşidzenin qızı Cəvahir xanımdan.

Qızları

1. Ağabəyim - Gəncəli Şahverdi xanın qızı, Cavad xanın bacısı Tutu bəyimdən. Baba xanın arvadı;

2. Tubu bəyim - o da Tutubəyimdəndir. Feyzi bəyin arvadı;

3. Baxşı xanım;

4. Tutu bəyim;

5. Kiçikbəyim.

Şahsevənli Bədir xanın qızı Şahnisə xanımdan. Baxşı xanım Şahsevənli Fərəculla bəydə ərdədir. Tutu bəyim nuxalı (şəkili) Səlim xanın, Kiçikbəyim isə Tehran bəylərbəyi Mirzə Məhəmməd xanın arvadıdır.6. Səltənət bəyim - ləzgi Nüsal xanın qızı, Əmmə xanın bacısı  qızı Bikə ağadandır;

7. Gövhərnisə - knyaz Yevgeni Abaşidzenin qızı Cəvahir xanımdandır. Şəkili Cəfərqulu xanda ərdədir.

Siğə arvadlarından olan oğlanları

1. Əbülfət ağa  - Naxçivanik kəndindən olan erməni qızı Ruqamdan;

2. Hüseynqulu bəy və Səfiqulu bəy -Dizaq məliyi Vaxtanqın qızı Həyat xanımdan;

3. Fətəli bəy - Şuşa sakini Hacı Kərimin qızı Anaxanımdan;

4. Süleyman bəy - Tağ kəndindən olan erməni qızı Sona xanımdan;

5. Şeyxəli bəy - Bəhramlı kəndindən, Şəmsəddil tatarı Xədicədən.

Qızı

1. Şahnisə - Sarıcalı Gülməhəmməd bəyin qızı;

İbrahimxəlil xanın nəvələri,

Məhəmmədhəsən ağanın kəbinli arvadlarından olan oğlanları:

1. Cəfərqulu bəy;

2. Şükrüllah bəy;

3. Xancan ağa - Gəncəli Şahverdi xanın qızı, Cavad xanın bacısı Xeyransadan;

4. Böyük xan - Xoylu Əhməd xanın qızı, Cəfərqulu xanın bacısı Mahşərəf xanımdan.

Qızı

1. Tutu bəyim - Xeyransa xanımdan.

1. Məhəmmədqasım ağa;

Böyükxanım - Mehrəli bəyin qızı Xədicə xanımdan;

2. Əbülfət ağa.

1. Gövhərnisə - tiflisli Mirzə Rəbinin qızı, siğə arvadı Nisə xanımdan.Qeyd: İbrahimxəlil xanın kəbinli arvadları içərisində şəkili Hüseyn xanın qızı, Səlim xanın bacısı Tutu bəyim də var.

Mehdiqulu xanın kəbinli arvadları

1. Mehrəli bəyin qızı Xanxanım və qaraçorlu Əhməd xanın qızı Saray xanım.

1. Əbülfət ağanın İbrahimxəlil xanın qohumu İsmayıl xanın qızı Bədir xanımla kəbini vardı.

1. Hüseynqulu bəy Sarıcalı Namaz bəyin qızı Hürzad xanımla evlənmişdi.

1. Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu bəyin Banazur kəndindən siğə arvadı, erməni qızı Əcaibnisədən iki oğlu var:

Abdulla bəy və Kərim bəy (AKAK. II cild, 1868-c il, İbrahimxəlil xan və onun uşaqlarının şəcərəsi).

Nəhayət, 1805-ci il mayın 14-də Qarabağla Rusiya arasında təbəəlik haqqında Kürəkçay sahilində müqavilə bağlandı. Müqavilənin şərtlərindən biri də bu idi ki, Şuşanı xarici qonşu dövlətlərin  hücumlarından qorumaq və xanlığın ərazisində daxili sabitlik yaratmaq üçün lazımınca təchiz edilmiş 500 nəfərdən ibarət rus əsgəri və üç top hələlik Qalanın on verstliyində - Xan bağında yerləşdirilsin. Əslində isə bu şərt yeri gələndə qarabağlıların başlarını qaldırmasına yol verməməyə və iranlılara qarşı idi. Müqaviləyə görə Qarabağ torpağındakı rus qoşunları üçün baş komandan tərəfindən təsdiq olunmuş aşağı qiymətlərə azuqə hazırlamağı, qoşunlar üçün bina ayırmağı və onları odunla təmin etməyi, Gəncə-Şuşa yolunu əlverişli və yararlı hala salmağı, hər il 800 çervon verməyi İbrahimxəlil xan öz öhdəsinə götürdü.

Beş yüz nəfərlik dəstəyə başçılıq və bu işlərə nəzarət etmək mayor Lisaneviçə tapşırıldı. Əslində isə o, bu işlərə rəhbərliklə yanaşı, İbrahimxəlil xanı nəzarət altında saxlayıb, sərbəst fəaliyyət göstərməsinə imkan vermirdi. Az müddətdə Qarabağda "Dəli" ləqəbi qazanmış Lisaneviç burnunu hər yerə soxurdu. Demək olar ki, İbrahimxəlil xan Qarabağda formal olaraq hakimlik edirdi. Hakimiyyəti Lisaneviç, az qala, öz əlinə almışdı. Rusların planında İbrahimxəlil xanı iqtisadi cəhətdən zəiflətmək də vardı. Ona görə də general Sisiyanovun gizli göstərişi ilə Lisaneviç təzyiq tədbirləri görməyə başladı. O, Qarabağdan 250 erməni ailəsini köçürüb, Gəncə ətrafında məskunlaşdırmaqla İbrahimxəlil xanın torpaqlarında istehsal qüvvələrini zəiflətməyə çalışırdı. Lakin bir müddət keçəndən sonra iranlılarla qarşıdakı labüd müharibənin yaxınlaşdığını hiss edən gəncədəki rus qoşunlarının komandanı ermənilərdən vaxtaşırı öz xeyirləri üçün istifadə etmək məqsədi ilə onların bir hissəsini yenidən geri - Qarabağa göndərdi və ermənilərin əlindən alınmış mallarını da geri qaytardı.

Qarabağ xanlığı ilə Rusiya arasında bağlanmış müqavilənin şərtləri şübhəsiz ki, İran hökmdarı Fətəli şahı razı sala bilməzdi. Ona görə də o, İbrahimxəlil xanın bu hərəkətlərindən bərk qəzəblənib, beş minlik qoşununu Qarabağ ərazisinə yeritdi. Abbas Mirzənin başçılığı ilə İran qoşunları sürətlə Araz çayını keçib, Şuşa və Əsgəran istiqamətində irəliləməyə başladı. Qanlı döyüşlərdən sonra Abbas Mirzə Tuğ kəndini tutdu. Rus və Qarabağ qoşunlarının qarşısında tab gətirməyən iranlılar məğlub olub, geri çəkilməyə başladılar. Lakin bu məğlubiyyətin əvəzini çıxmaq üçün Fətəli şah Xudafərin körpüsü ətrafına çoxlu miqdarda qoşun topladı.

İvan Lisaneviçin və İbrahimxəlil xanın böyük oğlu, general-mayor Məhəmmədhəsən ağa Cavanşirin birləşmiş süvari qoşunları Cəbrayıl yaxınlığında iranlılarla qarşılaşdılar. Şiddətli döyüş başladı. İran qoşunlarının bu güclü hücumlarının qarşısını ala bilməyən mayor İvan Lisaneviçin dəstəsi və Məhəmmədhəsən ağanın süvariləri Şuşanın müdafiəsi üçün geri çəkilməyə başladılar.

Azərbaycanlılara və onların başçısı İbrahimxəlil xana etibar eləməyən və iranlılarla döyüşdə xanın kömək üçün ruslara süvari qoşun verəcəyinə ümid bəsləməyən İvan Lisaneviç Qarabağ ermənilərinə çağırışla müraciət elədi: "Doğrudan da, siz, indiyə qədər öz igidliyinizlə şöhrət tapmış Qarabağ erməniləri, arvadsifət olmusunuz. Özünüzün əvvəlki qəhrəmanlığınızı yadınıza salın, qələbəyə hazır olun və sübut edin ki, siz indi də əvvəllər İran atlılarının qorxub-çəkindikləri həmin cəsur Qarabağ ermənilərisiniz!" Lisaneviç ermənilərdən qoşun toplamaq niyyətində idi. Lakin ermənilərdən səs çıxmadı və Lisaneviç aydın görürdü ki, beş yüz nəfərlə İran qoşunu qarşısında qəti duruş gətirə bilməyəcək. O, Şuşa qalasının ruslar üçün çox mühüm əhəmiyyətini bildiyindən general Sisiyanovdan kömək istədi. General polkovnik Pavel Mixayıloviç Karyaginin başçılığı ilə 400 nəfərdən ibarət batalyon və iki top göndərdi. Ruslar 1805-ci il iyunun 18-də Gəncədən çıxıb Əsgəran qalasına varid oldular. İran qoşunlarının qarşısı burda alınmalı idi. Lisaneviç Pirqulu xana hücum edən zaman Karyagin ona arxadan zərbə vurmalı idi. Ancaq mühasirəyə alınmış Şuşanı əldən verməmək üçün Lisaneviç ordan tərpənə bilmirdi. Bir də ki, erməni casusları artıq Lisaneviçə xəbər vermişdilər ki, İbrahimxəlil xan Şuşanı iranlılara təslim etməyə hazırlaşır və Lisaneviçin ordakı dəstəsini ələ vermək üçün gizli danışıqlar aparır. Doğrudan da, belə idi. Qarabağ xanı artıq hiss edirdi ki, ermənilərin barmağı ilə ruslar tərəfindən Kürəkçay müqaviləsinin bəzi şərtləri pozulur. İbrahimxəlil xan Fətəli şaha məktub göndərərək ondan hərbi kömək istədi...

Kürəkçay müqaviləsindən sonra İbrahimxəlil xanın qaynı Məlik Cümşüd Şuşada lövbər salmışdı. Neçə illərdi ki, o, Gürcüstanda yaşayırdı, indi isə rusların Qarabağ üzrə müşaviri rolunu oynayırdı, daha doğrusu, Rusiyanın əsl casusu kimi mayor İvan Lisaneviçin sağ əlinə çevrilmişdi. İbrahimxəlil xanı rusların gözündən salmaq üçün Məlik Çümşüd onu qarabaqara izləyir, birinin üstünə beşini də qoyaraq danos yazıb, yuxarı dairələrə göndərirdi. Beləliklə də, Məlik Çümşüd Qarabağ xanı ilə rus komandanlığının arasını vurur, dediyimiz kimi, onu gözdən salmağa çalışırdı. Bu casus İbrahimxəlil xanın Fətəli şahla gizli əlaqə saxladığını və müharibə olarsa, İran tərəfə keçəcəyini də mayor İvan Lisaneviçə çatdırmışdı və  İran qoşunlarının Qarabağ sərhədlərinə gəlib-çıxdığını da demişdi, həm də bildirmişdi ki, bu günlərdə ya xan İran tərəfə keçəcək, ya da iranlılar gəlib onunla birləşəcək. Ona görə də mayor Lisaneviç dərhal İbrahimxəlil xanın imarətinə gəldi və bildirdi ki, ona üç saat möhlət verilir. Əgər qalanı tərk etməsə, özündən küssün, bütün əhli-əyalı ilə birlikdə qətlə yetiriləcək. Xəzinəsindən də nə qədər istəsə, pul götürə bilər. İbrahimxəlil xan mayor Lisaneviçin bu hərəkətindən çox təsirlənərək ona bir neçə təhqiramiz söz dedi. Mayor isə bildirdi ki, artıq-əskik danışmaq lazım deyil. Vaxt keçir, nə qərara gəlirsənsə, gəl, sonra...

Naəlac qalan İbrahimxəlil xan arvad-uşağını, nökər-naibini, xidmətçilərini, mühafizə dəstəsini, bir sözlə, yaxın adamlarını və imkanı qədər zinət əşyalarını, pul, qızıl götürüb, qaladan çıxdı. Artıq axşam düşdüyündən qala ilə qabaq-qənşər olan Topxananın yaxınlığında çadırlar qurdurdu. Hər ehtimala qarşı ətrafda səngər qazdırıb, səhəri gözləməyə başladı. İbrahimxəlil xan bilirdi ki, İran qoşunları sabaha qədər gəlib-çıxmalıdır... Məlik Çümşüd özünü yenə də mayorun yanına verib, "eşitdikləri"ni ona çatdırdı.

İvan Lisaneviç nədənsə İbrahimxəlil xanı geri qaytarmaq fikrinə düşdü. Əvvəlcə bu məqsədlə xanın nəvəsi Cəfərqulu ağanı babasının yanına göndərdi ki, xan ailəsini də götürüb, Qalaya qayıtsın. Lakin nəvə babasını nə qədər dilə tutdusa da, yola gətirə bilmədi. Əksinə, İbrahimxəlil xan Cəfərqulu ağanı danlayıb dedi ki, mayor Lisaneviçi hansı yolla olursa-olsun evinə çağırıb həbs eləyərək babasına təhvil versin və Gəncədə amanat saxlanılan qardaşı Şükrüllah ağanı isə ordan qaçırtsın. Mayor İvan Lisaneviç indi də Mehdiqulu ağanı (Mehdiqulu ağa həmin vaxt xəstə olduğu üçün atası ilə gedə bilməmişdi) İbrahimxəlil xanın yanına göndərdi. Çox çəkmədən o da qayıdıb mayora bildirdi ki, nə qədər çalışsa da, atasını yola gətirə bilmədi.

Beləliklə, İbrahimxəlil xanı yolundan döndərmək üçün artıq heç bir ümidi qalmayan mayor İvan Lisaneviç gecə vaxtı hücum edib xanı diri tutmaq qərarına gəldi. Ona görə də o, yüz nəfər əsgər və mayor Ninya Caroyevin dəstəsini İbrahimxəlil xanın üstünə göndərdi. Ruslar bir neçə erməninin bələdçiliyi ilə Aşağı bürcün altındakı lağımdan keçərək gizlicə qayaların ətəkləri ilə xanın düşərgə saldığı yerə tərəf hərəkət eləməyə başladılar. Mayor İvan Lisaneviç zabitlərə və əsgərlərə əmr elədi ki, atəş açmasınlar və  təslim olmağı təklif eləsinlər. Ruslar çadırlara yaxınlaşanda gördülər ki, İbrahimxəlil xan açıq havada əyanlarının əhatəsində oturub söhbət eləyə-eləyə qəlyan çəkir. Xana xəbər verdilər ki, ruş qoşunu sənin üstünə gəlir. Dərhal İbrahimxəlil xanın adamlarından biri güllə atıb, rus əsgərlərindən birini öldürdü. Bu vaxt rus əsgərləri onların üzərinə birlikdə atəş açdılar. Güllələrdən bir neçəsi İbrahimxəlil xana dəydi və o, oturduğu yerdən böyrü üstə yıxıldı. Xanın övrət-uşağı tökülüb onu qucaqlayaraq ağlamağa başladılar. Atılan güllələrin neçəsi onlara, əyanlara və nökərlərə dəydi. Qalanları isə hərə bir şey götürüb, müxtəlif tərəflərə qaçdılar.

Atışma və süngü davası üç saata qədər davam elədi. Ölən öldü, qalanlar da kolluqlarla və yarğanlarla qaçıb canlarını birtəhər qurtardılar. Ruslar çoxlu qənimət əldə edib, qalaya çəkildilər. Xanın adamları da çəkidən yüngül, vəzndən ağır qiymətli əşyaları götürüb, aradan çıxara bildilər.

1806-cı il iyun ayının 14-də baş verən bu qanlı faciədə İbrahimxəlil xanın özü, ailəsindən və yaxın adamlarından otuz beş nəfər öldürüldü...

Ona görə də Lisaneviç İbrahimxəlil xana Şuşanı tərk etmək üçün üç saat möhlət verdi. Naəlac qalan İbrahimxəlil xan vəzndən ağır, çəkidə yüngül nəyi vardısa götürüb, böyük ailəsinin bir hissəsi ilə Qaladan çıxdı, Şuşa yaxınlığında çadırlar qurdurub, oğlu Əbülfət xanın başçılığı ilə İran qoşununun gəlməsini gözləməyə başladı. Lisaneviç çoxdan bəri xəbis ürəyində gəzdirdiyi planını həyata keçirdi.

İvan Lisaneviç tez-tələsik Şuşaya qayıdaraq camaatı divanxanaya topladı, hadisənin birinin üstünə beşini də qoyaraq danışdı. Sonra İbrahimxəlil xanın yerinə müvəqqəti olaraq Mehdiqulu ağanı Qarabağ hakimi qoymağı təklif elədi.

Çar hökuməti isə bu "xidmət"inə və "məharət"inə görə İvan Lisaneviçə general-mayor rütbəsi verib, vəzifəsini böyütdü və dindaşları ermənilər isə onu hədiyyələrlə təltif etdilər. Lisaneviç bundan sonra daha da quduzlaşdı, qəddarlaşdı, daha alçaq fitnə-fəsadlara əl atdı. O, general-mayor Pauluççi ilə birlikdə rus qoşunlarına komandanlıq edərək Axıskada Hüseyn xana qarşı döyüşlərdə iştirak elədi və 1810-cu il sentyabrın 5-dən İran-Türkiyə qoşunlarının darmadağın edilməsində mühüm rol oynadı...

İbrahimxəlil xan Cavanşirin qətlindən sonra Qarabağdan çox-çox uzaqlara xidmətə göndərilən İvan Tixoniç Lisaneviçi (1778-24. VII.1825) əcəl hərləyib-fırlayıb, yenidən Qafqaza gətirdi. 1824-cü ildə ona general-leytenant rütbəsi verildi və bu təcrübəli hərbçi Qafqaz xəttindəki qoşunların baş komandanı və 22-ci piyada diviziyasının komandiri təyin olundu.

Həmin vaxt Şimali-Qafqazda dağlılarla rusların mübarizəsi get-gedə alovlanırdı. İpə-sapa yatmayan dağlılar tez-tez ruslara qarşı üsyana qalxır və onları böyük itkilərə məruz qoyurdular.

Günlərin bir günü general Dağıstanda - Gersel aulunda əsir düşmüş kumıklara cəza verərkən biri dözməyib, xəncəri onun ürəyinin başına sancdı və müsəlmanların qatı düşməni olan bu əbləhi cəhənnəmə vasil elədi. Rus hərbçisi və tarixçisi V.A.Pottonun yazdığına görə general Lisaneviç yaralı halda Qroznı qalasına aparılmış, orda da gəbərmişdi. Amma gora sağ baş aparmayan bu qaniçən generalın harda basdırıldığı - Qroznıdamı, yoxsa Georgiyevskdə - məlum deyil...

 

Vasif QULİYEV

525-ci qəzet .- 2024.-20 avqust (№148).- S.12-13.