Qala-Adam
Rəşad Məcidin
60 illik yubileyinə
İllər qərib ellərə uçan durna
qatarı kimi göz qırpımında uçub gedir. O illərdən
bizə qalan nə olur, təkcə artan yaş, çəkdiyimiz
ağrı-acılar, gördüyümüz xoş günlərmi?
Yaradıcı adamlar üçün əlbəttə, yox! O
yerdə ki söhbət yaradıcılıqdan
düşür, onun gələcək nəsillərə ərmağan
etdiyi poetik, prozaik nümunələr, musiqilər, rəsmlər,
filmlər və s. xatırlanır...
Rəşad Məcid insana, insanlığa xas
bütün müsbət keyfiyyətləri əxz edən, gənc
nəslin ədəbi əziyyətini çəkməkdən
yorulmayan dəyərli ziyalı və söz adamıdır.
Viktor Hüqo deyirdi ki, öz işığına güvənən
başqasının parlamasından narahat olmaz. O da öz
işığına güvənir, o işığı
layiq bildiyi istedadlı adamlardan, xüsusilə gənclərdən
əsirgəmir.
Adı çəkiləndə
yaradıcılığı da, Qarabağ da, "525-ci qəzet"
də, o qəzetin "şinel"indən çıxan
yazarlar da yada düşür... Onun adı gələndə
danışmağa çox mövzu olur. Bir az şeirlərinə
nəzər yetirək...
Xoş günlər gördüyümüz vaxt
ağrı, acıya rast gəlirik. "Yaman günün
ömrü az olar" deyiblər. Vaxt gəlir, çəkdiyimiz
ağrı, acıları yenə xoş günlər əvəz
edir. R.Məcid "Qayıdır" şeirində bu haqda
danışır:
Yenə nəğmələr qayıdır,
Hər sətri səs-səs dirilir.
Damarımda qan tərpənir,
Canımda nəfəs dirilir.
Yadırğadığım o sözlər
Yenə geri dönür bir-bir.
Çoxdan unutduğum hisslər
Gizli-gizli boy göstərir.
O, bəzən hisslərin, duyğuların fəsillər
kimi geri dönüşünü də poetik ovqatla təsvir
edir. Ömrün günortasında-payızın düz
ortasında dünya yaşıla bürünərsə,
ümidsiz olmağın nə mənası var? O da təbiətlə
hisslərin, duyğuların bu qarşılaşmasından
söz açır:
Yenə hamıdan gizlicə
Çəkdiyim təlaş qayıdır.
Yenə ürəyimə həsrət,
Gözlərimə yaş qayıdır.
Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında.
Yenə uşağa dönürəm
Ömrümün günortasında.
Taledən ən dadlı töhfə,
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür,
Yenə də bahar qayıdır.
Bu antiteza məqamını poetik ovqatla ifadə edən
Rəşad Məcidin gəldiyi qənaət də
çoxluğun düşündüyüdür:
"Qış getməsə, yay gəlməz". Gələr
və qışın soyuğunu, qarını unutdurar, o
qarın yağdığı torpağa ruzi-bərəkət
gətirər...
"Bəlkə də təzə bəladı"
Rəşad Məcid "Saatım qurulub sənin
vaxtına" şeirində lirik qəhrəmanına
sevgisindən bəhs edir. Bu sevginin gözəlliyi onu öz
alter-eqon hesab etməyin deyilmi?
Saatım qurulub sənin vaxtınla,
Mənim günortamdı, sənin səhərin.
Yerini bilirəm saata baxıb,
Harasındasansa qoca şəhərin.
Saatı onun vaxtına qurmaq "hər yerdə o
sevginin, sevdiyinin özü" deməkdir. Dünya elə
sevgi ilə yaranmayıbmı, onunla idarə olunmurmu?
Görürəm yuxudan oyanmağını,
Görürəm yuyunub daranmağını.
O rus qarısına çay verməyini,
Evdən çıxmağını, yol getməyini.
Mən burda məşğulam hər addımınla -
Saatım qurulub sənin vaxtınla.
"Qala-Adam" şeirində R.Məcid demək istədiklərini
poetik ovqatla ifadə edir. Hansı ki, bu düşüncələr
həmişə adamları nəticə çıxarmağa
səsləyir:
Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.
Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala-Adam alsın gərək!
İstədiyi işlər alınmayanda bəzən
taledən narazı olanları da görürük. Bu zaman
"kaş ki"lərdən başlayan yol "bəlkə"lərə
qədər gedir. O da bu haqda düşündüklərini bəla
kimi qiymətlənirir:
Bu gələn gözəl, əladı,
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!
"Darıxdım birdən-birə"
Darıxmaq da insanın hiss və həyəcanlarına
doğma hissdir. Ürəyin istəyən adamdan, məkandan,
işdən ötrü darıxan zaman özünü ovutmaq
çox da asan olmur... Volter deyirdi:
"Darıxdırıcı janrdan başqa bütün
janrlar gözəldir". O da darıxmağın amansız
olduğunu, narahat duyğular aşıladığını
bildirir:
Sənsiz qaldım, qəlbimin
Artdı qəmi - darıxdım.
Yanına qayıtmağın
Yetdi dəmi - darıxdım.
Plutarx şəkil çəkməyi səssiz
poeziyaya, poeziyanı isə danışan şəkilə bənzədirdi.
Rəşad Məcid poeziyası hisslərin musiqisini də
oxucuya eşitdirərək onu dinləyiciyə çevirir.
Yaşadığımız, gördüyümüz,
yaşamaq, görmək istədiklərimiz poetik nümunələrdə
təsvir olunursa, bu harmoniya oxucunun ovqatını dəyişmirmi?
İnsafı yox gecənin
Qərib, soyuq gecənin.
Oyanaraq gecənin
Bir aləmi - darıxdım.
Yer sıxdı birdən-birə
Dərd axdı birdən-birə
Darıxdım birdən-birə
Vəhşi kimi darıxdım.
"Vaxtım qalmadı" şeirində Onun lirik qəhrəmanına
vaxtının qalmadığını oxuyuruq. Vaxt məhdudiyyəti
insanın işlərini görməsinə də bəzən
təsirsiz ötüşmür. Amansız vaxt gedəndə
də da elə sürətlə gedir ki... R.Məcid də
ondan giley edir:
Ha çalışdım, ha yenə,
Çatmadım sən gedənə.
İncimə, bircə dənəm,
Yenə vaxtım qalmadı.
Ümidlə baxdım göyə,
Kaş əqrəblər əriyə,
Kaş saatlar geriyə
Dönə, vaxtım qalmadı.
Deyirlər, zaman özü hər şeyi
nizamlayır. O gözləntilər olmayanda həmin zamanın
bihudə yerə getdiyini görürsən. O, lirik qəhrəmanına
vaxt ayıra bilməməsinə səbəb olan
çatışmazlıqlar haqda fikirlərini də poetik əhval-ruhiyyə
ilə bildirir:
Vəhşidilər, nədilər,
Dənlədilər, diddilər
Vaxtımı da yedilər,
Sənə vaxtım qalmadı.
"Get" şeirində onun lirik qəhrəmanına
pıçıldadığı "Get!" - əmrinin
mülayimliyi, gilavar sərinliyi əslində bu gedişin
inkar effektini yaradır: Bəzən hərəkət feili olan
"get" sözünə inkar şəkilçisi
artırmaqla düzələn "getmə" sözü
lirik qəhrəmanın gedişinin
arzulanmadığını göstərir. Sevgi bu deyilmi? Bəzən
isə sevənlər bu hərəkət feilinə inkar şəkilçisini
hansısa səbəbdən artırmalı olur. Kaş ki,
olmayaydı!
"- Nə olar, qal da bir az
- Burda nə var ki, qalım?"
"Sağ ol" demə, vida etmə,
Zamandısa, vaxtdısa get.
Getməyinin gərəkliyi
Qalmağından çoxdusa, get.
Bir mən qalım, bir dərd-sərim
Hədər oldu çəkdiklərim,
Pıçıltıyla dediklərim
Yaddaşından çıxdısa, get.
Yaralar qaysaqlanar, ağrılar azalar, gedər, yol da həmişə
açıq olar. Amma o yolla getmək həmişə
mümkünmü? R.Məcid lirik qəhrəmanına onunla dərd,
sərin də mənalı olduğunu deyir. Bəs onun
özünə necə, mənalı olurmu? Əgər ona məna
yoxdusa, "Get!", - deyir...
Qaysaqlanar yenə yaram,
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram -
Soldusa get, sağdısa get.
Bir sözünlə mənalıydı,
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.
"Tilsimdir, cadudur, ovsundur Şuşa"
Rəşad Məcid yaradıcılığından
danışırıqsa, onun Vətən sevgisindən,
Qarabağdan danışmaya bilərikmi? Doğulub,
böyüdüyü o torpağa olan sevgisini
yaradıcılığında da həmişə göstərən
R.Məcid "Cıdır düzü" şeirində o
gözəlliklərdən söz açır:
Dərədə möcüzə, dağda
möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç
vədə
Belə təzələnib durulmamışdım.
Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdi bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdir bu yer.
Sükuta bürünüb Cıdır
düzümüz,
Bülbülün səsinə dalandan bəri.
Torpaq dərd əlindən qayalaşıbdı,
Ellər Natəvansız qalandan bəri.
Gözəl Şuşanın baş tacı olan
Cıdır düzü haqqında bu şeiri ilə Rəşad
Məcid tarixi poetikləşdirib. Əlavə nə isə
deməyə ehtiyac yoxdur. Oxumağa davam edək:
Göz dikib bu yerə yağılar, yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.
Burda daşları da qoruyaq, gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.
Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim,
Tarixin möcüzə sərgisi kimi.
Otuz ildən çox gözü yolda qalan
xalqımız nəhayət, öz arzusuna çatdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Rəşadətli Ordumuzun sayəsində əsir
Qarabağımız özümüzə qaytarıldı. Vətən
uğrunda şəhid olan igidlərimiz, yaralanan qazilərimiz
nəhayət, bizi arzumuza qovuşdurdular. Bu illərdə
çəkmədiyimiz ağrı, acı qalmadı.
Gözü yaşlı, ürəyi qanlı
xalqımızın istedadlı övladları nisgilini, həsrətini
ədəbi nümunələrlə də göstərdi.
Qarabağ azad olundu və o nisgil, həsrət də sevinc
notlarına kökləndi. R.Məcidin "Şuşa"
şeirində xalqımızın ürəyindən
keçənlər öz əksini tapır:
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa
Musiqi notudu cüt hecasıyla: Şu-şa!
Dilimin şəhdidir, dadıdı Şuşa!
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynunda hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
Dəyərli söz adamı, hörmətli Rəşad
Məcidin 60 illik yubileyidir. Dünyaya xoş gəlmisiniz,
işıqlı, nurlu jurnalist, ədəbiyyat fədaisi. Həmişə
yazın, yaradın. Uğurlarınız bol olsun. Yaxşı
ki, varsınız!
Xuraman HÜSEYN
525-ci qəzet .- 2024.-20 avqust (¹148).- S.11.