Ədəbiyyatın təsir dairəsi:
fərdi düşüncədən ictimai şüura
(Əvvəli ötən sayımızda)
Mütaliə etmək, kitab oxumaq, təhsil almaq -
bunlar ilk baxışdan bütün məqamları ilə
insanlara faydalı hesab edilir. Təbii ki, belədir. Tarix boyu bu
sadaladıqlarımız insanlığa işıq tutub, onun
yolunu aydınladıb. Buna görə də insanlar mütaliəyə,
dolayısı ilə kitaba və təhsilə maraq göstəriblər.
Amma şər qüvvələr hər şeydən istifadə
etdikləri kimi, təəssüf, ən ülvi istiqamət
olan kitabın, təhsilin vasitəsiylə də insanlara asan
çata bilmək funksiyasından maraqları naminə
yararlanıblar... Unutmaq olmaz ki, dövlətlərin dövlətlər,
xalqların xalqlar üzərində maraqları daha da
artmaqdadır. Belə olan halda dövlətlər (xalqlar) hədəfə
çevrilən ölkədə maraqlarını bilərəkdən
və kortəbii şəkildə yerli insanlar tərəfindən
təbliğ edənlərin (hətta icra edənlərin)
olması amilinə diqqəti gücləndirmişlər. O səbəbdən
bu amildən, xüsusilə də, XIX əsrin sonlarından
etibarən dünyanın müxtəlif qüvvələrin
öz xeyirlərinə kompleks şəkildə istifadə
etdiyini görməyə başlayırıq. Böyük
demokrat, öz dövrünün minbir oyununu yaxşı
görən Mirzə Cəlil "Anamın kitabı"
tragikomediyasında bu mövzunu işləyərək
xalqımızın diqqətini buna yönəltməyə
çalışmışdı...
Söz sənətimizin şah əsərlərindən
olan "Anamın kitabı" tragikomediyasında biz
bütünlüklə milli düşüncədən məhrumolmanın
hansı fəsadlar törədə biləcəyinin
şahidi oluruq. Əsəri mütaliə etdikcə, onun məzmunu
ilə tanış olduqca bu günümüz
üçün də aktual olan məsələnin nə qədər
mühüm əhəmiyyət daşıdığı bir
daha öz təsdiqini tapmış olur. Tragikomediyada baş qəhrəman
Zəhrabəyim ananın övladlarından Rüstəm bəy,
Mirzə Məhəmmədəli və Səməd Vahid
yüksək təhsil almaq üçün xaricə -
müvafiq olaraq Rusiya, İran və Osmanlıya üz
tutmuşlar. Övladların xaricdə təhsil almaları,
yüksək biliyə yiyələnmə ehtimalları ailənin
sevincinə səbəb olur, eyni zamanda Azərbaycanı
müstəmləkədə saxlayan çar Rusiyasını
da narahat edirdi. Ona görə ki, ailə övladlarının
Vətənə layiqincə xidmət edəcəyinə
inanır, işğalçı ölkə isə xalqın
bu kimi təhsilli gənclər vasitəsilə milli
oyanışından narahat olurdu. Amma gəl gör ki, Rüstəm
bəy, Mirzə Məhəmmədəli və Səməd
Vahid təhsilllərini başa vurub Vətənlərinə
qayıtdıqda ailənin sevinci kədərə,
işğalçı ölkənin narahatlığı isə
sevincə çevrilir. Çünki qardaşlar təhsil
almaq üçün getdikləri ölkələrdən
öz milli düşüncələrini itirmiş,
xalqımıza yad olan dünyagörüşü özləri
ilə Vətənlərinə gətirmişdilər.
Ayrı-ayrı ölkələrdə öz milli dəyərlərini
itirmiş qardaşların bu vəziyyəti onların bir-birlərinə
qarşı düşmən münasibətə sövq
etmişdi.
Müəllif bu məqamda milli düşüncədən
uzaq düşmüş, "məsləkayrı
qardaşların" (əslində, məsləkayrı
insanların) Vətənə nəinki xeyir verə bilməyəcəyi
qənaətini ortaya qoyur, hətta bu düşüncə
sahiblərinin doğma yurdunu, ölkəsini uçuruma
sürükləyəcəyi düşüncəsini irəli
sürürdü. Qardaşların əsər boyu bir-birlərinə
qarşı laqeyd, bəzən düşməncəsinə
münasibətinin kökündə onların öz milli
kimliyini unutması və təsir dairəsinə düşmələri
göstərilirdi... Övladlarının qeyd edilən "mərəzləri"
tragikomediyada Vətəni təmsil edən Zəhrabəyim
ananı mənən iflic edir. Böyük ümidlərə
xaricə təhsil almaq üçün göndərdiyi
Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd
Vahid doğma yurdlarına qayıdanda ananın gələcək
üçün ümidləri puç olur.
Mirzə Cəlil tragikomediyanın sonunda dünyadan
köç etmiş ata Əbdüləzim kişinin
övladlarına vəsiyyətini də oxucunun diqqətinə
çatdırır. "Yer, göy, aylar və ulduzlar
göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-ağır
Günün başına dolanırlar. Çünki bunlar
hamısı qədim əzəldə Gündən qopub
ayrılmış parçalardır. Mən etiqad edirəm
ki, mənim də balalarım dünyada hər yanı gəzib
dolansalar, genə əvvəl-axır anaları Zəhranın
ətrafında gərək dolanalar. Çünki ay və
ulduz Şəmsin parçaları olan kimi, bunlar da
analarının ayı və ulduzlarıdır. Vay o kəsin
halına ki, təbiətin həmin qanununu pozmaq istəyə!
Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət
edəcək, nə qədər canında nəfəs var,
peşiman olacaq". Əbdüləzim kişinin bu vəsiyyətini
oxucuya çatdıran Mirzə Cəlil insanların dövlət
ətrafında birləşməsini, dövlətə, xalqa
xidmət etməsini, bir növ, təbiət qanunu hesab edir.
Amma "vay o kəsin halına ki, təbiətin həmin
qanununu pozmaq istəyə..."
"Qorunmayan, qayğısına qalınmayan, hərənin
bir tərəfə çəkdiyi Vətən, millət
parçalanmağa, yadlar tərəfindən işğala məhkumdur"
anlayışının ideya kimi işləndiyi əsərdən
çıxarılacaq nəticələr çoxdur.
Mənsub olduğu xalqın işıqlı günlərə
çıxması üçün Mirzə Cəlillə
çiyin-çiynə mübarizə aparmış Mirzə
Ələkbər Sabirin də yaradıcılığı bu
mənada xüsusi diqqətə layiqdir.
Xalqın dərdini anlayan, onun tutulduğu mərəzi
yaxşıca görən, loğman kimi çalışaraq
o dərdlərə dərman axtaran sənətkarlar içərisində,
heç şübhəsiz, "Mən vücudumda olan ətimi
xalqımın yolunda çürütdüm. Əgər
ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım", - deyən Mirzə Ələkbər
Sabir müstəsna yer tutur.
Mirzə Ələkbər Sabir (1862-1911) bütün həyatı,
fəaliyyəti və yaradıcılığı ilə
xalqımızın milli oyanışı istiqamətində
çalışıb. İnsanların maariflənməsi
üçün səy göstərən, onun ayaqlarına
qandal olan mənəvi geriliyə, cəhalətə və
mövhumata qarşı vuruşan Sabir, ümumiyyətlə,
tərəqqiyə qarşı duran hər nə varsa, onunla nəinki
mübarizə edir, hətta savaş açırdı. Bu
satirik şair məktəblərdə dərs deyir, qəzet və
jurnallarda çalışır, milli azadlıq
üçün mübarizə aparanlara öz şeirləri
ilə dəstək olurdu. Bunların kökündə isə
yalnız və yalnız xalqını işıqlı
günlərə çıxarmaq amalı dayanırdı.
Dövrün bütün "sifətlərini" hərtərəfli
şəkildə görən, onları öz
düşüncə xəlbirindən keçirən Sabir
yaşadığı əsrin xalqlar
qarşısındakı istək və tələblərini
də yaxşıca anlayırdı. O, xalqın böyük xəstəliyə
düçar olduğunu dərin ürək ağrısı
ilə görür, onu bu xəstəlikdən xilas etməyə
çalışırdı. Bu xəstəliyin dərmanı
isə elm və maarifdə idi. Dünya isə bu dərmanın
müalicəsini çoxdan görmüş, elm və maarifin
faydalarından yararlanmağa başlamışdır.
Xalqların elmi tərəqqi istiqamətində sürətlə
irəlilədiyini görən Sabir isə
xalqımızın "oxutmuram, əl çəkin" kimi
nidaları ilə baş etmək qarşısında
qalmışdı.
Bütün dövrlərin ən böyük mütəfəkkirlərindən
olan Sabir üzünü xalqa tutur, əsrin onları
"dindirdiyini", onların bu
çağırışlara tez və sürətli şəkildə
cavab verməli olduqlarını başa salmağa
çalışırdı. O, əsərləri ilə
xalqın qarşısında iki səhnə
canlandırırdı. Bir tərəfdə inkişaf
etmiş cəmiyyət, bunun səbəb və nəticələri,
digər tərəfdə isə cəhalət və gerilik,
onun yaratdığı acı vəziyyət bu səhnələrin
iki zidd qütbünü əks etdirirdi. Sabir xalqına deyirdi
ki, bax gör, əcnəbilər inkişaf edir, "seyrə
balonlarla çıxır, biz isə hələ avtomobil minməyiriz".
Bunun səbəbləri nə idi? Xalqı bunu düşünməyə
vadar edirdi. Xalq isə düşünmürdü. Sabir qəflət
yuxusunda olan həmvətənlərin dili ilə deyirdi, əslində,
onlara müraciət edirdi: "Avropalı öz millətin
ihya edir, etsin. Şənü şərəfi-qövmünü
ihya edir, etsin.İnsanlıq adın dəhrdə ibqa edir,
etsin. Qəflətdə yatıb, ad batırıb, nam
alırız biz. Başa yumuruq zolladırız, kam
alırız biz".
Xalq hansı addımlar atılsa, oyanar, onun diqqətini
bu gedişata necə yönəltmək mümkündür?!
Dünya da toplar açılır, amma biz ona diskinməyirik.
Bütün bunlar Sabirin ruhunu incidirdi. Belə olan halda o, yenə
yazırdı: "Tərpənmə, amandır, bala, qəflətdən
ayılma! Açma gözünü, xabi-cəhalətdən
ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay!".
"Mən bu millətin daxilini aydınlatmaq
üçün şeirlər yazdım, başa düşmədilər,
fikirləşdim ki, qoy xaricləri təmiz olsun, sabun
hazırladım", - deyən Mirzə Ələkbər
Sabir öz yaradıcılığı ilə xalqın XX əsrin
çağırışlarına cavab verməsi
üçün var gücü ilə
çalışdı. Yaradcılığının, demək
olar ki, bütün məqamlarında Sabirin dünyanın
çağırışına bu və ya digər şəkil
və ölçüdə cavab verən əsərlər
yazdığını görmək mümkündür. Dahi
söz ustadının köhnəlməyən, tər-təzə
qalan yaradıcılığı bu baxımdan ədəbiyyatın
böyük təbliğat vasitəsi olduğunu, insanları,
bir xalqı tərəqqiyə çağıraraq, hər
cür şərə "Yox!" dediyini söyləmək
mümkündür. Bütün bunlar isə onu göstərir
ki, söz sənətimizə adını qızıl hərflərlə
və əbədi həkk etdirən Sabir
yaradıcılığının bu gün və gələcəkdə
də öz aktuallığını itirməyəcəyi
öz təsdiqini çoxdan tapa bilmişdir.
"Mən gedərsəm, var olsun amalım,
yaşasın şəhriyari-hürriyyət!", - deyən
Sabir dünyasından ayrılıb üz tutaq dünya
şeiriyyətinin zirvəsi olan Hüseyn Cavidin mənəvi
aləminə. Mənəvi aləm dedik ona görə ki, dahi
Cavid yaradıcılığına maddi sərhəd qoymaq
böyük qəbahət olar.
Aydındır ki, bəşər övladının
yalnız özünü sevməsi, eqosu və
qarşısındakıları heç düşünməməsi
müştərək evimiz olan dünyamızı daha pis vəziyyətə
gətirib çıxarıb. Dünyanın hansı nöqtəsinə
nəzər salsaq, harada bir ağır mənzərə
mövcudsa, bunun kökündə mütləq insanın və
yaxud insan amili ilə bağlı bir məsələnin
dayandığını görmüş oluruq. Buna görə
də ədəbiyyat dəfələrlə
insanlığı seçim qarşısında qoyub və
onu hansı yolu seçməli olduğu haqda dərindən
düşündürməyə çalışıb.
Ədəbiyyatın humanizmə söykənmiş bu
missiyası böyük şair və dramaturqumuz Hüseyn
Cavid yaradıcılığının ana xəttini təşkil
edir.Bənzərsiz yaradıcılığında
insanlığı dilemma qarşısında qoyan Hüseyn
Cavid bəşəriyyətə ilk növbədə bunu
anlatmaq istəyirdi ki, sən "dünyanı qurtaran
dahi" də ola bilərsən, "cümlə xəyanətlərə
bais olan İblis" də...
(Ardı var)
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet .- 2024.-21 avqust (№149).- S.15.