Söz azadlığı və
jurnalist ləyaqəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Özünə vurğunluq xəstəliyinə sirayətlənməyə
isə televiziya öz işçiləri üçün
daha geniş şərait yaradır. Əgər ekran adamın
fiziki ölçülərini böyüdürsə, onun
sakinlərinin istedad səviyyəsinin yüksək olması
barədəki şəxsi rəylərinə niyə xəsislik
göstərməlidir. Bəzi aparıcılar özlərini
şübhə edilməyən arbitr kimi aparırlar, dəvət
etdikləri müğənniləri tərif leysanına məruz
qoyurlar, axı onlar guya musiqi sərraflarıdır. Təhqiqat
verilişlərinə baxdıqdan sonra adamda belə fikir
yaranır ki, məşhur detektivlər Şerlok Holms,
Örkül Puaro, kapitan Meqre bizimkilərin yanında sadəcə
diletantlar imişlər. Bir sıra vacib olmayan məsələlərin
müzakirəsi cəmiyyətin mühüm problemlərini
araşdırmağı kölgədə qoyur. Bu sahədə
İctimai Televiziya istisna təşkil edir. İndi televiziya izləyiciləri
sayca qəzet oxucularından daha çoxdur, bu da onların məsuliyyətini
artırmaq üçün əsas motivasiya rolu
oynamalıdır. Televiziya əməkdaşları əsasən
zəhmətkeş insanlardır, ancaq onlar
unutmamalıdırlar ki, hər bir sərf edilən əmək öz bəhrəsi
və onun keyfiyyəti ilə ölçülür.
Jurnalist öz qüsurlarını gizlətməyə çalışsa da, çox vaxt
buna müyəssər ola bilmir. Çünki o, ictimai peşə
sahibidir, daim xalqın gözü və rəyi
altındadır. Sadə adamın qüsurunu yalnız
yaxınları bilir, ictimai şəxs haqqında isə
hamı fikir yürüdür. SSRİ Xalq artisti, məşhur
kinorejissor və kino artisti Yevgeni Matveeyev L.İ.Brejnyevlə
müharibədə bir yerdə xidmət etmiş, dostluqları sonra da davam etmişdi.
O, filmdə partiya Mərkəzi Komitəsi Baş Katibinin
rolunu da oynamışdı. Özünün söylədiyinə
görə, bir dəfə Brejnyev ona deyib ki, sənin
qüsurlu olduğunu (rus dilində tələffüzdə
çox işlədilən "qavno" sözündən istifadə
etmişdi) mən bilirəm, mənim qüsurlu (eyni ifadəni
təkrarən işlətmişdi) olduğunu isə
bütün ölkə bilir.
Jurnalist də yazılarında özünü
büruzə verir, onun portetini cazibədar etməkdə
retuş da acizdir, ona heç də başqa görkəm verə
bilmir.
Mənfiliklərə qarşı ciddi mübarizə
aparmaq lazımdır, lakin bu, skandal, sensasiya
axtarışına çevrilməməli, süni
narazılıq yaratmaq naminə hər kiçik fakta
sui-istifadə etmək üçün bir vasitə kimi
baxılmamalıdır... Jurnalistlərin nöqsanlara
qarşı dözümsüzlüyü başa
düşülən olsa da, bəzilərinin hər şeyi
qara rəngdə görməsi, gələcək barədə
pessimizmə qapılması idrakın arzuolunmaz zəifliyinin nəticəsi,
ağıl daltonizminin təzahürü
sayılmalıdır. Dünyanın ən inkişaf etmiş
ölkələrində də həyat heç də ideal vəziyyətdə
deyildir, onlarda da xoşagəlməyən cəhətlərin
kasadlığı yoxdur. Axı cənnətin özündə
də problemlər olmuşdur, buna görə də insanlar yenə
də Yer üzündə məskən salsalar da, ilkin əcdadlarının
dünyaya gəldiyi möhtəşəm məkanla
müqayisəyə gəlməyən, ondan tam fərqli olan
şəraitlərdə yaşamalı olmuşlar. Vətənin
müqəddəsliyinə sitayiş heç də onu sevmək
barədə daim mantra söyləməyi tələb etmir,
imkan daxilində onun çiçəklənməsinin
qayğısına qalmaq lazımdır. Ölkəmizin malik
olduğu resurslarla öyünmək qəbahət deyildir,
lakin bizim həqiqi qürur mənbəyimiz, onun ən qiymətli
neməti olan vətəndaşlarımız, bütün azərbaycanlılardır.
Düşmən üzərində qalib gələn bu xalq,
qarşıdakı bütün vəzifələri də
uğurla yerinə yetirməyə qadir olmaqla, çox
güman ki, tam firavan şəraitə malik olan bir cəmiyyət
yaradacaqdır.
Mətbuat tarixində baş verən hadisələri
şişirtmək, cinayət hadisələrininin
miqyasını böyütmək halları da olmuşdur, bu,
qəzetə oxucu marağını və nəşrlərinin
satışını artırmağın ən əlverişli
yolu hesab edilirdi. XIX əsrdə, Viktoriya Epoxası
dövründə, yaxşı qaydaların hökm
sürdüyü, möhkəm ənənələrə
malik olan İngiltərədə bir-birinin ardınca
tükürpədici qətl hadisələri baş
vermişdi. Öldürülənlərin hamısı da
qadınlar idi. Qəzetlər sensasiya yaratmaq, ictimai rəyi
qızışdırmaq üçün bütün qətlləri
törədən caninin guya bir nəfər olduğunu iddia
edir və onu hətta öz uydurmalarına rəğmən,
"İçalatı çıxardan Cek"
adlandırmışdılar. Əslində isə bu ləqəbi
daşıyan hansısa bir cinayətkar yox idi. Sadəcə
olaraq, qəzetlər hətta faciələrə münasibətdə
də həqiqət əvəzinə, faktları şişirtmək
yolunu tutmaqla, sensasiya yaratmaqla, özlərinin daha çox
satılmasına nail olurdular. Yaxşı ki, qəzetlərin
belə üzdəniraq "yaradıcılığı"
az-az hallarda baş verir.
Həqiqət jurnalistika üçün meyar xarakteri
daşımalıdır. Çünki düzgünlük, həqiqətə
xidmət etmək insanı azad edir, bu vaxt o, heç nədən
çəkinmir. Yalan, iftira isə onun müəllifini öz əsirliyinə
salır. Son illərdə sosial şəbəkənin meydana
gəlməsi ilə çox saylı bloqerlər ordusu üzə
çıxmışdır. Onlar öz
yaradıcılıqlarına teatr elementləri də əlavə
edirlər. Lakin onlar da cəmiyyət qarşısında məsuliyyət
daşıdıqlarını unutmamalıdırlar. Hər
şey seçimdən başlayır. Bloqerlər də
düzgün seçim etsələr, bundan təkcə
özləri deyil, onların çoxsaylı oxucuları da
qazanar. Major ton da, minor ton da, musiqidə olduğu kimi, öz
yerində işlədilməlidir.
Jurnalistika, bütövlükdə media, məlum
faşist dövlətinin zərərli, insanlığa zidd
siyasətinə xidmət göstərdikdə, rejimin
insanlığa qarşı cinayətlərinə haqq
qaqzandırmaqla, onların icrasına da dəstək verirdi.
Natsist Almaniyasında Hitlerin təbliğat naziri Yozef
Göbbelsin başçılıq etdiyi ideologiya cəbhəsi
mənfur irqçilik siyasətinin yayılmasında və
genişlənməsində hər cür neqativ rol oynaması
ilə seçilirdi. Natsizmin nəhayətsiz cinayətlərində
hüquqşünaslarla birlikdə dövlət ideoloji
institutlarının işçiləri, o cümlədən,
qəzetlərdə çalışanlar fəal iştirak
edirdilər. Hüquqşünaslar ədalətə xidmət
etmək əvəzinə, öz peşələrinə xəyanət
edərək, Hitlerin sərsəm ideyalarını qanun
folqasına bürüyürdülər, fürerin cinayətlərə
yol açan göstərişləri onlar tərəfindən
qanun səviyyəsinə qaldırılmışdı. Qəzetlər
və radio isə natsistlərin işğal və
qırğın siyasətinə ləbbeyk deyir, antisemitizmi,
insanlığa zidd təqiblərin hamısını
alqışlayırdılar. Bu
səylər həm də xalqın bütünlüklə
Hitlerin qatı cinayətərinə tərəfdar
çıxmasına nail olmağa xidmət edirdi. II Dünya
müharibəsindən sonra Nyuremberq tribunalı natsist mədəniyyətini
qadağan etsə də, təəssüf ki, Göbbelsin
yaratdığı ideologiya maşınında qulluq göstənlər,
onun vintləri sayılanlar əsasən nəinki cəzalandırıldılar,
hətta çoxları, xüsusən Almaniya Federativ
Respublikasında yaşayanlar öz peşələri üzrə
işləməkdə davam etdilər. Göbbelsin ideoloji
sisteminin insanlığa zidd təbliğatının təsirini
isə alman avtomobillərinin dəqiq işi ilə müqayisə
etmək olardı, onun sıralarında işəyən
ziyalı insanlar bu məqsəd üçün
döyüş cəbhəsindəki əsgərlər kimi
varlıqlarını da qurban verməyə hazır idilər.
Nyuremberq tribunalında ABŞ-ın
ittihamçısı kimi çıxış edən
prokuror Robert Ceksonun dediyi kimi, Hitler ölüm düşərgələrində
öz həyatının saatlarla yaxınlaşan sonunu
gözləyən milyonların "hönkürtüləri
dünyanı hər yerində eşidilirdi". Lakin alman
jurnalistləri guya bundan hali deyildilər, həm də bu vəhşi
siyasəti, onun ən iyrənc nümunəsi olan antisemitizmi
alqışlamaqdan yorulmurdular.
Ermənistan ideoloqları da faşist sələflərinin
eybəcər nümunəsini təkrar edirdilər. Onlar,
işğal dövründə Azərbaycanda ələ
keçirilmiş ərazilərdəki şəhərləri
və kəndləri dağıdıb, yerlə-yeksan edən
vəhşi ordunun, əslində müasir ordanın şərəfinə
himn oxuyurdular. Jurnalistlər və yazıçılar ermənilərin
azərbaycanlılara qarşı soyqırım siyasətini və
onun icrasını tərənnüm etməklə, bu cinayətlərdə
bilavasitə iştirak edirdilər. Vəhşiliklərə
etiraz edən bir nəfər də olsun erməni yox idi. Ona
görə də bu milləti də, bəlalı
dövrün almanları kimi "yaxşı" və
"pis" olana bölmək mümkün deyildi.
Azərbaycanın qısa müddətdə möhtəşəm
qələbə çalması ilə otuz illik münaqişəyə
son qoyuldu. Lakin ədalətin zəfəri
heç də bütöv xarakter daşımadı.
Çünki azərbaycanlılara qarşı ədavəti
qızışdıranlar, ölkənin böyük ərazisini
işğal altında saxlamaqla, onu xarabazara çevirənlər
öz cəzalarını almadılar. Alman
işğalçıları, bir qayda olaraq, partizan hərəkatında
iştirak edən kəndləri yandırırdılar, ermənilər
isə vəhşilikdə hətta onları da ötüb
keçmişdilər, işğal etdikləri zonalardakı
bütün şəhərləri və kəndləri tonqal
alovuna məruz qoymuşdular, hər yeri müdhiş
"yanmış torpağa" çevirmişdilər. Hətta
ermənilər, ordularının məğlubiyyətinə
görə işğaldan azad
edilmiş ərazini tərk edəndə,
yaşadıqları azərbaycanlı evlərini
alışdırdıqları alovun ixtiyarına
buraxırdılar. Ermənilər onlara daim xoş münasibət
göstərmiş qonşu xalqa qarşı nifrətlərini
soyutmurdular, acı məğlubiyyətdən də nəticə
çıxartmırlar. Ona görə də hələ də
Ermənistan paytaxtında revanşizm haraylarına son qoyulmur.
Əgər qatı millətçilərin, müharibə
tonqalını yandıranların, onlara təbliğat dəstəyi
verənlərin heç olmasa bir hissəsi zərərsizləşdirilsəydi,
ən azı Qədim Roma ordusundakı cəza növü kimi
detsimsiya edilsəydi, başqa sözlə, həmin qaydaya
görə hər onundan biri öldürülsəydi,
zamanın qaydalarını nəzərə alaraq bu,
mümkün olmadığından, layiq olduqları başqa cəzanı
alsaydılar, saysız-hesabsız əclaflar
bütünlüklə yoxa çıxmasa da, onların səsi
kəsilərdi, sayı, heç olmasa, ibrət xatirinə bir
qədər azalardı.
Azərbaycan mətbuatı heç vaxt ədalətsiz
müharibə tərəfdarı olmamış, ermənilərdə
olan kimi başqa millətə qarşı nifrət təbliğatı
ruporuna çevrilməmişdir. Qəzetlərin sayı isə
olduqca çox olduğundan, onları təkcə səhvlərdən
qorumaq üçün nəzarət etmək də çətin
idi. Müstəqil dövlətin yaranması, media şlyuzunun
açılması ilə müşayiət olundu. 1990-cı
illərdə yağışdan sonrakı köbələklər
kimi qəzetlərin sayı dəfələrlə artdı,
yarım mini keçdi. Təəssüf ki, belə artım,
keyfiyyət göstəriciləri ilə müşayiət
olunmadı və bir çoxu özünün bazar rəqabətindəki
gücsüzlüyünü və təsir zəifliyini
görüb, meydanı tərk etmək məcburiyyətində
qaldı. İndi nəşrini davam etdirən qəzetlərin
az hissəsi də oxucu marağına xidmət edən bir
obyekt olması ilə öyünə bilər. Son illərdə
isə Yutub televiziyalarının sayı sürətlə
artmışdır və jurnalistlərin bir hissəsi orada
işləməyə üz tutmuşdur. Qəzetlərə gəldikdə,
onların hamısının, qiyməti bildirən lakmus
kağızının boyanması qaydası ilə bir rəngdə
olduqlarını təsdiq etmək həqiqətdən uzaq
olardı. Bəziləri daim sırf siyasi mövqedən
çıxış etdiyindən, dövr dəyişdikcə
öz mövqeyini daşlaşdırmaqla, oxucu
marağının nisbətən azalması kimi obyektiv
hökmlə üzləşməli oldu.
Öz sirdaşlarından xeyli sonra dünyaya gələn
bir qəzet, Qədim Romanın ailələrindəki
sonrakı uşaqlar tək, ilkin doğulan və hər iki
cinsə mənsub olanların adlarına (məsələn
Yuli və Yuliya) say rəqəmi əlavə edilməklə
ad qoyulduğu kimi, onun da adı
üç rəqəmin birləşməsindən ibarət
idi. Bu qəzet təkcə adı ilə deyil, əvvəldən həm də
öz səviyyəsi ilə
başqalarından fərqlənməyə
çalışdı və getdikcə buna müvəffəq
olmağı bacardı. Ən vacib cəhət
başlanğıcdan neytral mövqe tutması oldu. Hər sahəni
təmsil edən və müxtəlif siyasi meylli, lakin intellekt
sahibi olan müəlliflərin üzünə, redaksiya öz
qapısını taybatay açdı. Mövzu rəngarəngliyi
oxucuların ruhunu oxşadığından, qəzet xeyli
populyarlıq qazandı. Redaksiyanın dəsti-xəttini fərqləndirən
cəhət, dəyişikliklərə məruz qalan siyasi və
ictimai hadisələrə münasibətdə səhvə
yol verməkdən qaçmağa çalışması
oldu. Sovet dövründə
çoxtirajlı olduqlarından, həm də çap
materialları ilə böyük nüfuz qazanmış ədəbi
jurnallar və qəzet dəyişilən şəraitdə islahata
uğramağı bacarmadıqları ucbatından öz
mövqelərini itirməli oldu. Yeni qəzet isə onların
funksiyalarını tam olmasa da, öz üzərinə
götürməklə, oxucularının sayını xeyli
artırmağa və öz mətbu rəqibləri
arasında lider səviyyəsinə yüksəlməyə
müvəffəq oldu. Qəzetin səhifələrində
öz yazılarını çap etdirməklə, bir
çox elm xadimləri, bu vitrinin köməyi ilə öz
populyarlıqlarını artırmağa nail oldular. Redaksiyada
işə götürülən və hələ
qanadları bərkiməmiş bir sıra əməkdaşlar,
az sonra bu mühitin havasında püxtələşib, pərvazlanaraq,
başqa fəaliyyət sahələrinin səmasına
yüksələ bildilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.-21 avqust (¹149).- S.14.