MÜCİRİNİN MÜCRÜLƏRİNDƏKİ SON ÖYÜD

 

Hər xalça diridir, canlı varlıqdır. İstər ən uzaq keçmişlərdə toxunmuşu ola, istər əldən lap təzə çıxmışı. Çünki hər xalça minlərlə ilmədən yaranır və hər ilmədə də o xalçanı toxumuş insanın barmaqlarının hərarəti qalır. İndi elə texnolojilər çıxıb ki, insanın yarada biləcəyindən qat-qat gözəl, ən mahir xalçaçını da heyrətdə qoya biləcək göyçək xalıları ən qısa müddətdə toxuyub ortaya qoymaq sadə işə çevrilib. Ancaq dünyanın heç bir ən mükəmməl maşını da saatlar ərzində asanca doğurduğu ən nəfis xalıya insan hərarətini, o xalça yaşadıqca ondakı sönməyən insan enerjisini ötürə bilməz.

Ona görə nə qədər zaman keçsə də, ana bətnində yetişərək dünyaya gəlmiş uşaq kimi - el içində deyildiyi sayaq - "əl xalçası" dəyərini hifz edəcək.

Azərbaycan xalçaçısı və xalçaşünası Cəfər Müciri övladlarına, yaxınlarına irili-xırdalı xalçalarından bağışlayıb və bununla da yalnız ona qəlbən məhrəm azı o evlərdə unudulmayacağının, nəvazişlə anılacağının qeydinə qalıb. Düz də düşünübmüş. Xalça ilə, tariximizlə bağlı kitablarını müxtəlif adamlara bağışlayıb, kimə nə hədiyyə edib, adbaad hamısını da dəftərlərində qeyd edib və baxıram ki, o insanların əksəriyyəti mənə tanışdır. Cəfər Mücirinin hansısa kitabını arayıb kitabxanalarda tapa bilməyəndə o siyahılarda adı keçən tanıdıqlarıma zəng vurub rica edirəm ki, bir neçə günlüyə oxumaqçün mənə versinlər. Hətta onu da deyirəm ki, sizdə həmin kitabın olduğunu dəqiq bilirəm, hətta mənə o da məlumdur ki, müəllif hansı ildə, hansı gündə o kitabı sizə bağışlayanda hansı sözləri yazıb. Bir qisminin yadına düşmür, bir çoxu da 24-50 il əvvəl ona verilmiş kitabın indi öz ev kitabxanasının hansı dərinliklərində olduğunu müəyyənləşdirməkçün aylarla axtarmaq gərək olduğunu söyləyir. Kitabla, hətta onun ən yaxşısıyla xalçanın mühüm fərqlərindən biri də elə budur. Xalçanın istər əl boydası olsun, istər divardan asılanı, istər ayaq altına səriləni, - həmişə göz qabağındadır, həmişə səninlə danışa bilir.

İlk gənclik illərindən (əslində heç "gənclik" demək də düz çıxmır, "yeniyetməliyindən" söyləmək daha doğru çıxar. Çünki "Xatirat" dəftərlərində bir yerdə ilk şeirini məktəbliykən yazdığını xəbər verir və farsca yazdığı o şeirin yadında qalmış misralarını da örnək gətirir. Şeirin son misraları riqqət oyadır - Vətənçi düşüncələr Müciridə həmin çağlardan, ilk şeirindəncə varmış: Xuş bad lətafət-e təbiət be kəsiK-əz can qozərəd, nəqzərəd əz xak-e Vətən. O kəsə olsun halal cümlə gözəllikləri ki, Qıyar öz canına, verməz Vətənin torpağını.) ədəbi qələmi həmişə işlədi, silsilə hekayələri öz yerində, amma daha çox ürəyini şeirlə boşaltmağa mail oldu. Özünün toxuduğu və köksündə güllü-çiçəkli, günəşli-bülbüllü gülüstan təsvir edilən, parlaq rəngləri gendən "gəl-gəl" deyən kiçik xalılardan birinin haşiyəsində şeirlərindən birini nəqş etmişdi:

 

Ən gözəl arzuların rəmzi yaranmış gülşən,

Ötüb hər şaxəsi üstündə oxur bülbül şən.

Aç qızıl saçlarını üstümə, sülhün günəşi,

Ta ömür gülşəninə gəlməyə qış, düşməyə çən.

 

...Bu suallar məndə tez-tez narahat düşüncələr oyadır - görən, bizim bu gün neçə mütəxəssisimiz var ki, dünyanın müxtəlif ölkələrindəki muzeylərdə, fondlarda, saraylarda, əlyazma xəzinələrində, şəxsi kolleksiyalarda saxlanan və Azərbaycan dühasının doğurmuş olduğu miniatürləri, xalçaları, memarlıq abidələrini seyr edərək onun məhz xalqımıza aidliyini əminliklə söyləyə, bunu danılmaz məntiqi, tarixi və elmi dəlillərlə sübut edə bilər?

Vaxtında xalçaçılıqda bunu Lətif Kərimov, Cəfər Müciri qətiyyətli bilginliklə edə bilirdi, miniatürçülükdə o təhər arxayın hökm verə bilmək gücü Kərim Kərimovda, Adil Qazıyevdə, Elçin Aslanovda, Cəmilə Həsənzadədə vardı. Bəs indi bizimki olanlara onlarınkıdır iddiasını irəli sürənləri yerində oturdacaq, tutarlı cavabları ilə elələrinin qarşısına çıxara biləcəklərimiz kimlərdir?

Bu zəruri və kəskin ehtiyacımız klassik ədəbi irsimizlə də bağlı, əski tariximizlə də əlaqədar, muğamımızla da ilgili ən darıxdırıcı bir tərzdə qarşımızdadır. Orta çağ memarlığımızdan belə höcətlər əmələ gələndə istənilən əcnəbi alimə mükəmməl cavabı verərək haqqən bizimki olduğunu isbat edəcək Cəfər Qiyasi, Fəxrəddin Miralayev kimi üstünlərimizin xəttini sabah davam etdirə biləcəklərimizi kim sayar?

Bizimki olan miras naminə təəssübkeş və elmi əsaslı mübahisələrə tərəddüdsüz girişmək gücü və həvəsi Cəfər Müciridə vardı və o, belə mübarizələrə təklifsiz-tapşırıqsız - ürəyinin diktəsi ilə qatılardı.

Bu gün harda, 1983-cü ilinavqustu harda?! Həmin il "Elm və həyat" jurnalının 8-ci sayında Cəfər Mücirinin"Xalçaçılıq məktəbimizin nadir nümunəsi" adlı məqaləsi dərc edilmişdi və o yazı heç bütöv də deyil, ikiyə parçalanmış, hər hissəsi də uzaq bir diyara gedib düşmüş XVI əsr xalçasına həsr edilmişdi. Polşada, Krakov şəhərinin Babel muzeyində saxlanan həmin xalçanın Təbriz xalçaçılıq məktəbinin ləçək-turunc kompozisiyası əsasında qurulduğunu yazan Mücirinin dediklərini sübut etməyə yüz cür dəlili vardı. Onun çətinlik çəkmədən bu xalçanın eyni prinsiplə toxunmuş "Şeyx Səfi" xalısı ilə "qan qohumluğu"nu təsdiqləməkçün dəlilləri bəs deyincə idi. Çünki o, xalçanın "içinə" girə bilirdi - xalıtoxuma texnolojisinin kamil bilicisi idi və onun qarşısında duruş gətirə bilməkçün gərək opponent də həmin incəliklərə vaqif olaydı. Lakin Müciri həm də tarixçi idi, fars və ərəbdilli məxəzlərə enmək iqtidarında idi və məhz mənbələrdən oxuyaraq elə bu xalının da Polşaya gedib çıxmaq yolunu müəyyənləşdirmişdi. Yazırdı ki, XVI əsrdə Təbrizdə toxunmuş bu sənət incisi öz ocağından qoparılaraq türk sərkərdələrindən birinin əlinə düşmüş, sonralar yenə döyüş zamanı Polşa kralı III Janın ixtiyarına keçmiş, kilsə muzeyinə hədiyyə edilmiş və 1903-cü ildə parçalanaraq bir hissəsi Parisin dekorativ sənət muzeyinə bağışlanmışdı. Macəralı taleyi olan bu xalının Krakovdakı hissəsi İkinci Dünya müharibəsi zamanında faşistlər tərəfindən qəsb edilmiş, Almaniyaya aparılmış, ancaq hitlerizmin süqutundan sonra yenə həmin Polşa muzeyinə qaytarılmışdı. Mücirinin fərasəti onda idi ki, başqalarına sükutla baxan bu gözəllik onunla dil-dil ötür, kimliyinin, haralılığının, necəliyinin hekayətini danışırdı. Təbriz xalçaçılıq məktəbinin ixtirası olan ləçək-turunc üslubuna xas olan böyük haşiyə, turunc və ləçəklərin yerliyinin tünd-qırmızılığı, ara sahənin açıq-noxudu rəngdə olmasının hər biri, islimi, xətai naxışlar, buludların məhz təbrizli toxuculara xas təsviri ayrı-ayrılıqda Müciri üçün şahidlər və əşya-yi dəlillər idi. O, istənilən həmsöhbəti tam inandırmaqçün onlarca eyni tərzdə toxunmuş Təbriz xalçasının adını da çəkə, rəsmini də ortaya qoya bilərdi. Ancaq bunlar hələ üzdən gözlə müşahidə olunan qohumluqlardı, Mücirinin pəhləvanlara xas qırxıncı fəndi ehtiyatında idi - bunu daha adi göz görə bilməzdi, gətirdiyi ayrı sübutlara həmsöhbəti şəkk edərdisə, Müciri keçərdi ilməvurmanın Təbriz xalıçılığına xas olan tərzinə və ən tərs rəqibi də bayaqdan dediyinin danılmazlığını naxışvurmanın texnologiyasını əyani olaraq nümayiş etdirməklə ağzıaçıq qoyardı.

Bir sənətkar olaraq Cəfər Mücirinin xoşbəxtliyi həm də onda idi ki, sağında-solunda mötəbər münsiflər, canlı klassiklər qafiləsi vardı. Söz soruşulası, məsləhət alası nəhənglərlə nəfəs-nəfəsə idi. Ümumən 1950-1980-ci illər mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin məsud bir parçası idi. Bu, Azərbaycanı boyundan da uca göstərə bilən özünəməxsus intibah dövrü idi. Həm də bu qədər klassikin (qeyd-şərtsiz!) eyni zaman kəsiyində yaşayıb-yaratması bir tərəfdən rəqabət, o biri yandan məsuliyyət ab-havası doğururdısa, bir başqa baxımdan da sanki sənətkarlara əlavə ilhamlar bağışlayırdı, bir-birinin həvəsinə daha yeni tapıntılara səfərbər edirdi.

Əfsanəvi kəşfiyyatçı Rixard Zorgeyə həsr etdiyi xalça üzərində işləyir, müəyyən hissəsini artıq toxuyub da. Ancaq içərisində nəsə şübhələr var, sövq-təbii hiss edir ki, nəyisə dəyişməlidir.

"Əvvəl işlədiyim portreti çeşni kağızına köçürərək Mikayıl Abdullayevə verdim. Baxdı, medadı (karandaşı - D.A.) götürüb əl gəzdirdi. Zorgenin qaşlarını daha da ciddiləşdirdi. Ümumiyyətlə, yaxşılığa doğru redaktə etdi. Pencəyinin yaxasını daha çox açdı. Beləliklə, şəklin ciddilik, təntənəlilik səviyyəsi artdı. Həm də pencək açılmaqla onun iri sümüklü, gözəl görünüşlü kişi olması daha qabarıq üzə çıxdı. Toxuyub qurtardığım xalçada da bu şəklə əsasən bərpaçılıq işi aparacağam".

Bu görüş olmuşdu yanvarın başlanğıcında və elə həmin görüşdən, Mikayıl müəllimin redaktəsindən sonra sökdüyü portreti 1987-ci il fevralın 1-də təzədən toxuyub qurtarır. Ancaq Mikayıl Abdullayevin təshihləri bir ayrı, onun özünün də təshihləri var. Bunları da martda tamamlayandan sonra fotoqraf dəvət edir ki, artıq hazır olan "Rixard Zorge" xalçasının şəklini çəkdirsin...

Cəfər Mücirinin özü ilə söhbətləri, yazılasmış düşüncələrini əks etdirən və bir başqasının oxuması üçün nəzərdə tutulmamış, deməli, tam səmimi, doğruçu olduğu "Gündəliklər"ini oxuduqca bu qənaətim daha da sabitləşir ki, yaradıcılığın ən müxtəlif istiqamətlərinə üz tutsa da, məşğuliyyətlərinin səmti illər boyunca dəfələrlə dəyişsə də, hər halda o, gəncliyindən ömrünün axırınadək daha çox siyasət adamı və inqilabçı olaraq qaldı. İctimai-siyasi gedişat ondan ötrü həmişə şəxsi məsələlərindən də ön sıraya keçdi.

Ən müxtəlif illərin sonunda, yeni ilin astanasında yaşanmış 365 günü əvvəldən-sona seyr edir, düşündüklərini, qəlbindən keçənləri, bitən ilin onun hafizəsində nələrlə qaldığını təsvir edir. Hər dəfə ön sırada dayanan onun ictimai-siyasi hadisələrə münasibətidir. Daha bir ilin - 1983-ün bitəcəyidir. Yenə dəftəri, qələmi, bir də Cəfər Müciri üz-üzədirlər. "Gündəlik"dən iqtibas etdiyim bu parça uzun və yorucu sayılmasın. Bu insan onun həyatında zahirən əsas yer tutan yaradıcılıq məsələlərindən bircə cümlə deyib keçir, ancaq məhz bütün ruhuyla siyasət adamı və inqilabçı olduğundan onu narahat edən, düşündürən əsas mövzu məhz dünyanın, bölgənin taleyi, siyasi sabahın necə olacağıdır: "İmperialistlərin müharibə qızışdırıcılıq siyasəti üzündən bu il tamam gərginlik şəraitində başa çatdı. 1984-cü ildə bu gərginliyin zəifləməsi və yaxud ləğvi xalq kütlələrinin, müharibəyə zidd qüvvələrin mübarizəsindən asılıdır. İmperializmin ziddi-kommunizm siyasəti bir çox yerlərdə Vətənimizdə də mütərəqqi qüvvələrə qarşı təqib və terrorun güclənməsinə səbəb olmuşdur. Hizb-itude-yi İrana qarşı divan tutulması da məhz bu siyasətin icrasıdır. Həm də bu nöqtə nəzərdən bizim üçün ən ağır il hesab olunur.

Yaradıcılıq cəhətdən müvəffəqiyyətlər olmuşdur. Şərq xalça sənəti üzrə simpoziumda iştirak etdim. İdeoloji işimiz də yaxşı gedir.

1984-cü ildə İranda bizim xeyrimizə dəyişiklik olmalıdır. Olmasa, 84 də ağır il kimi keçəcəkdir. Bakıda bayram şənlikləri, firavanlıq özünü hiss etdirirdi. Lakin İranda, xüsusilə Azərbaycanda vəziyyətin ağırlığı rahat buraxmır. Çünki onlara kömək də mümkün deyil. İran postu qəbul etmir. Qardaşlarımın yanında xəcalətli olmuşam".

Ömrünün ixtiyar çağlarınacan, səhhəti imkan verənə qədər heç bir çətinliyə, sıxıntılara baxmayaraq, Mücirinin ruhdan düşməməsi, ümidli qalması, sabahın daha yaxşı olacağına inanması da onun varlığında nəbz kimi çırpınan həmin inqilabçılıq damarından, mahiyyətcə siyasət adamı olması məziyyətindən irəli gəlirdi.

1990-cı illərin əvvəllərinə aid "Gündəlik"dəki səhifələr sərt gerçəkliyin mənzərəsini cızır. İctimai-siyasi namüəyyənlik, artan dərəbəylik, əhalini məngənəsində sıxan qəhətlik, pulsuzluq, ehtiyac ehtiyac üstündə, sürətlənən bahalaşma, bu biri yandan da həm özünün, həm həyat yoldaşı Südabə xanımın səhhətindəki nasazlıqların artması. Zəruri dərmanları almağa belə vəsait çatmır, maaşı, təqaüdü ordan alırlar, burdan qurtarır. Ancaq hətta bunca bulanıq, ruhsıxıcı günlərdə də Müciri, həmişə olduğu kimi, ürəyində, düşüncəsində nikbin ümidlər bəsləyir, daha yaxşı günlərin gələcəyinə inanmağından qalmır, özünü xoş ovqata kökləyir.

1992-ci il avqustun 16-sı. Qardaşı Məmmədəli axşamüstü onlara gəlir və gözü eyvana qonmuş vəhşi göyərçinə sataşınca sevincək Cəfəri səsləyir.

Və o anda qədim rəvayətlərdəki hüma quşunun qonduğu dama səadət gətirdiyi haqda rəvayətləri xəyalından keçirən Müciri də içərisini bu inamla doldurmağa çalışır ki, ilin-günün bu çağında bu quş bizim eyvana qonubsa, demək, əsla təsadüf deyil, bir müjdədir, rəmzdir ki, çox keçməyəcək, hər şey yaxşılığa doğru irəliləyəcək: "Məmmədəli axşamüstü bizə gəldi. Badımcan dolması gətirdi. Qapını açdıqda təəccüblə dedi ki, "Ora bax!" Baxıb gördük ki, qanadlarının üstü ağ, altı sumağı, reyhan rəngdə bir yahu üçüncü mərtəbədə sakitcə oturub baxır. Dedim ki, yəqin, buna nə isə olub - ya qırğı burub, ya pişik qovub. Gecəni nigaran yatdım ki, ya pişik, ya da uşaqlar gəlib bu quşu narahat edəcək. Səhər durub, yemək hazırlayıb, yediyim yerdə gördüm ki, həmin quş bizim mətbəxin küçəyə baxan pəncərəsinə, bəzək güllərinin yanına qonub. Quşa çörək qurusu, böyük qabda süd, qarpız qabığı verdim. Diqqətlə bu şeylərə baxdı. Sonra yeməyə başladı. Bu, məni hədsiz sevindirdi. Bizim ailəmiz üçün uğurlu hadisə hesab olunur".

...Müciri ömrü uzunu ötəri maraqlardan uzaq oldu. Bir şeylə maraqlananda daha heç vaxt onu yaddaşının alt qatına atmadı. Sanki onun beyni Tanrının lütfü olan təbii bir bilgisayar idi. Onunçün maraq kəsb edən hər nəsnəyə yaddaşında bir taxça ayırırdı. Günlərin-illərin axarında hər taxçaya uyğun olanlar, elə bil təsadüfən qarşısına çıxanlar asta-asta o taxçalarda cəmləndikcə tədricən bütövləşirdi, bir-birini tamamlayırdı və tədricən elə təsəvvür yaranırdı ki, burada pərakəndəlikdən, təsadüfən yan-yana düzülməkdən, üst-üstə qalanmaqdan söhbət belə gedə bilməzmiş, sanki bütün bunlar, elə öncədən düşünülübmüş kimi, bir sapa düzülərək onun ömründə xüsusi məna daşımalıymış. Müciri xalqını da, yurdunu, öz milli tarixini də çox sevirdi və bu tarixi daha dərindən öyrənməkçün heç vaxt heç bir fürsəti fövtə verməzdi. Cavanlıq çağlarında bir ara Azərbaycanın əski tayfalarından olan əfşarlarla maraqlanmışdı. O maraqlanan ömrünün sonrakı onilləri boyu daha fikir beynindən getməmişdi. Harda xalqımızın bur qanadı olan əfşarlar haqda təzə nəsə əxz etmək girəvəsi yaranmışdısa, bu fürsəti fövtə verməmişdi. Beləcə, 1940-cı illərin əvvəllərində başlanan müşahidələri yarım əsr ərzində şəkillənəndən, sistemləşəndən sonra qələm götürərək 1993-cü ildə "Gündəlik"ində əfşarları necə görüb-tanıdığını yazmışdı və bu bələdlik ta əfşarlara xas milli naxışa qədər gəlib çatmışdı: "Bəzi alimlərin fikrinə görə, Abşeron (şor sular) sözü ilə deyil, əfşarlar ilə əlaqədardır. Hazırda əfşarlar Urmi məntəqəsində, Həştəri, Çaruymaq, Xırdauymaq və Cənubi Azərbaycanın digər məntəqələrində yaşayırlar. Mən təxminən 50 il əvvəl Çaruymağın müxtəlif məntəqələrində, o cümlədən, Sultanabad duz mədənində işləyəndə əfşar elləri yaz və payız qabağı gəlib heyvanları üçün duz alıb aparırdılar. Qoçaq adamlardırlar. Azərbaycanlılığın bir çox ənənələrini özlərində saxlayıb və inkişaf etdiriblər. İranın Kirman şəhərinin ətrafında da çoxdan əfşarlar yaşamaqdadır. Bunlar Səfəvilər dövründə buraya köçürülüblər. Mən İran ordusunda olanda Kirmanda həbsxanada siyasi məhbus olduğum günlərdə öyrəndim ki, bu şəhərin ətrafında əfşarlar yaşayırlar. Həbsdən çıxdıqdan sonra bir neçə yoldaşımlabirlikdə, o cümlədən, vaxtı ilə sərhəd məmuru kimi işləmiş sərgürd (mayor) Nasiri ilə birlikdə gedib əfşarlarla görüşdük. Şeir və ədəbiyyatları var. Milli naxışları, mədəniyyətləri də azərbaycanlıdır".

Məhz hər mətləbin dərininə getdiyinə, doğma xalqının hər tayfasını yalnız ümumən tarixinə görə deyil, naxış kimi milli yaddaş daşıyıcısı rəmzləri ilə tanıya bildiyinə görə Müciri xalçaçılıq və xalçaşünaslıqda da hər bu sahə adamına müyəssər olmayan üstünlüklər qazanmışdı. Sərraf nəzərləri ilə baxınca nəinki Azərbaycan xalısını digər xalqların xalılarından ayırd edə bilirdi, hətta əfşar naxışının baharlı naxışından, qaşqay naxışının tərəkəmə naxışından incə fərqini də sezə bilirdi. Odur ki, Müciri xalçamızın təəssübünü çəkərək hansısa müddəanı ortaya qoyanda, bu xalça sizinki yox, bizimkidir söyləyəndə ona kimsənin etiraz etməsi müşkül məsələ idi. Çünki oxuyub öyrəndiklərindən, əlyazma və salnamələrdən topladığı biliklərdən savayı, onun ehtiyatında o biliklərlə qovuşaraq onları daha da mötəbər və möhkəm edən həyat müşahidələri və təcrübələri vardı.

Cəfər Mücirinin hər gün gördüklərini, duyduqlarını qələmə aldığı dəftərdəkiləri oxuduqca buna da şahid oluram ki, bir-biri ilə qovuşaraq bir bütövə çevrilən bu adda-budda, üzdən pərakəndə kimi görünən soraqların içərisində bir çoxları var ki, elə mənim də yaddaşımda, düşüncəmdə dolanmaqda olan hansısa məlumatlarla qovuşur, onları tamamlayaraq bütövləşdirir, mənim də öz aləmimdə dağınıq kimi olan hansısa biliklərimi bir-birinə bənd edərək tamamlayır.

Unudulmaz yazıçımız Ənvər Məmmədxanlının ilk gənclik çağlarından başlayaraq ömrünün son illərinədək yazmaqda davam etdiyi gündəlikləri məndədir. Həmin "Gündəliklər"in ilk dəftərlərindən birində Ənvər gənclik coşqunluğu ilə yazır ki, mən indi bir roman başlayıram və bu əsər həm məni məşhur edəcək, həm də Azərbaycan ədəbiyyatında bir hadisəyə çevriləcəkdir. Sonra Ənvər Məmmədxanlı həyatının sonunadək həmin əsər üzərində işlədi. Şah əsəri kimi doğurmağı niyyət etdiyi "Babək" romanını ürəyi istəyən səviyyədə araya-ərsəyə gətirməkçün Ənvər müəllim Xilafət dövrünə, Babəkin şəxsiyyətinə, xürrəmilər hərəkatına dair oqədər kitablar oxumuşdu ki, həmin dövrün hadisələri və insanları ilə müasir kimi idi. Lakin nə acı ki, o əsər bir bütövə çevrilərək tamamlanmadı, yarımçıq qaldı və tamamilə itib-bata da bilərdi Anar olmasaydı. Sən demə, Ənvər Məmmədxanlının ərəb əlifbası ilə, karandaşla yazdığı "Babək"in vərəqlərini toplayaraq Anar onları müasir əlifbaya keçirmək və redaktə etməkçün Cəfər Müciriyə veribmiş.

Cəfər müəllim həmin zəhmətli işi tamamladıqdan sonra Anar Ənvər Məmmədxanlının "Babək" haqqındakı kinossenarisini bu yazılarla birləşdirərək yarımçıq qalmış romanı bu yolla tamamlamağa çalışdı.

Cəfər Mücirinin "Gündəlik"ləri olmasaydı, bu həqiqətdən xəbərsiz qalacaqdım. Onun sadəcə yerinə yetirdiyi növbəti işlərdən biri kimi bəhs etdiyi bu təfərrüat söz açdığı digər hadisələrin arasında əlahiddə kimi görünsə də, böyük bir ədibin yaradıcılığına gərəyincə vaqif olmaq baxımından tamamlayıcı yük daşıyır və cavabı naməlum bir suala aydınlıq gətirir. Ənvər Məmmədxanlı kimi qiymətli yaradıcının ədəbi ömründəki hər bir cizgi, irsi ilə bağlı sirri açılmamış qalan hər bir məqamsa vacibdir. İllah da ki, söhbət həm ədibin, həm də bütövlükdə nəsrimizin tarixində ən əlamətdar hadisələrdən olan "Babək" tarixi romanından getmiş ola: "Hazırda əlimdə görkəmli yazıçı mərhum Ənvər Məmmədxanlının "Babək" romanını redaktə edirəm. Ərəb əlifbası ilə yazıb. Çox çətin oxunur. Əlyazması ilə müqayisə işi çətinlik törədir. Baxmayaraq ki, onu da yarıya çatdırdım. Oktyabrın axırında qurtaracağam.

Bu gün, 1993-cü il oktyabrın 30-da həm toxuduğum xalçamı yarıya çatdırdım, həm də Ənvər Məmmədxanlının "Babək" romanını redaktə edib qurtardım".

...Cəfər Mücirinin bir müstəsnalığı və imza atdığı bir ilk də o idi ki, ona Azərbaycanda hamıdan qabaq xalçaçılıq üzrə dissertasiya müdafiə edərək alimlik dərəcəsi qazanmaq nəsib olmuşdu.

Lətif Kərimov sanballı araşdırmaları ilə Azərbaycanda xalça elminin bünövrəsini qoydusa, Cəfər Müciri də 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı dissertasiyasını müdafiə edərək Azərbaycan xalçaşünas alimlərinin sonralar uğurla keçməyə başlayacağı mühüm yolda əvvəlinci alim oldu.

Bu ixtisas üzrə o vaxtlar Azərbaycanda müvafiq Dissertasiya Şurası olmadığından Cəfər müəllim müdafiə üçün Tiflisə getməli olmuşdu. Ancaq qızının da söyləməsincə, Cəfər Mücirinin ruscası zəif idi, ona görə mürəkkəb, hətta çıxılmaz kimi görünən qəliz vəziyyət yaranmışdı. Fəqət iş elə gətirdi ki, həmin müdafiə prosesi də SSRİ tarixində bir sıra özəllikləri ilə büsbütün bənzərsiz olan elmi məclisə çevrildi.

Müdafiənin əvvəlində dissertasiyasını təqdim etmək üçün hazırladığı və ruscaya tərcümə edilmiş mətni Müciri güc-bəla ilə də olsa çatdıra bilmişdi. O dövrdə dissertasiyalar təsdiq üçün son olaraq Moskvaya, SSRİ Ali Attestasiya Komissiyasına göndərildiyindən hansı dildə yazılıb müdafiə edilməsindən asılı olmayaraq hökmən ruscaya çevrilməli idi. Odur ki, Tiflisdə opponentlərin dissertasiya ilə tanış olmasına bir maneə yox idi, rusca mətn vardı. Çıxılmazlıq müdafiə edənin rusca bilmədən opponentlərin, aparıcı müəssisənin iradlarını, tənqidi qeydlərini necə cavablandırmasında idi. Ruscanı heç olmazsa babat bilmədən bu işin öhdəsindən gəlmək mümkünsüz idi.

Və gözlənilməz hadisə də elə bu əsnada baş verir.

Dissertasiyanın birinci rəsmi opponenti Gürcüstanın görkəmli sənətşünas alimi, elmlər doktoru, professor İrakli Nikolayeviç Tsitsişvili (1918-2001) təyin edilmişdi. Məşhur gürcü knyazları nəslinə mənsub olan professor fransızcanı gözəl bilirmiş və bu, Mücirinin qanının arasına girir. İranda "Rüşdiyyə" məktəbində fransızca oxumuş və bu dildə sərbəst danışan Müciri opponentinin çıxışını fransızca cavablandırır. Ancaq İrakli Tsitsişvilinin işi həmin gün yalnız öz opponentliyini yerinə yetirməklə yekunlaşmır. O, tərcüməçiliyə başlayır və Müciri ilə həm digər opponent, həm də Dissertasiya Şurası üzvləri arasında körpüyə çevrilir, onun fransızca söylədiklərini rus və gürcü dillərinə çevirir.

Əlbəttə, belə güzəştli imkanın Müciriyə yaradılmasında onun siyasi statusunun təsiri olmamış deyildi. Yəqin ki, firqədən müvafiq qurumlara siyasi pənahəndə Cəfər Müciriyə dissertasiya müdafiəsi gedişində müəyyən köməklik göstərilməsi ilə bağlı Azərbaycanda respublika rəhbərliyinə müraciət edilmişdi, ordan da Gürcüstanın əlaqədar məqamlarına müvafiq rica çatdırılmışdı.

O zaman və sonrakı illərdə - təqribən 1980-lərin sonlarınadək iranlı siyasi mühacirlərlə bağlı yetərincə qayğıkeş bir siyasətin aparılması, onların iş və evlə təmini, övladlarının ali məktəblərə daxil olmasından ötrü hər il bəlli sayda yerlərin ayrılmasından ta mənzillərinə telefon çəkilməsinədək sıra-sıra qayğıları Azərbaycan KP MK-nın diqqətində idi.

...Güneyli siyasi mühacirlərin dilində dua kimi səslənən sözlər vardı ki, onların bir yerdə olduqları məclislərdə mümkün deyildi ki, söhbətin nədən getməsindən asılı olmayaraq əvvəl-axır söz gəlib həmin deyişlərin üzərinə çıxmasın.

1945-ci ilin 21 Azərində Təbriz üzərində dalğalanmağa başlayan Azərbaycan bayrağı, Təbrizin səhərlərini açan Millət Şərqisi - Cahangir Cahangirovun Mirmehdi Etimadın sözlərinə bəstələdiyi Milli Hökumətin himni, hər səslənişiylə könülləri vəcdə gətirən Təbriz radiosu, ana dilində tədrisə başlayan məktəblər və o 21 Azərdən növbəti 21 Azərədək 1 il boyunca güneyliləri hər gün bəxtiyar etmiş istiqlal röyası heç vaxt unudulmayacaq, hər dəfə anıldıqca həm köksləri qabardacaq, həm də faciə ilə bitən sonuna görə qubar gətirəcək.

21 Azərin gəlişiylə hər bir azərbaycanlının həyatı büsbütün yeni məna kəsb etmişdi, işıqla, fərəhlə, hər şeyin qat-qat gözəl olacağına soyumaz ümidlərlə dolmuşdu. Bəxtiyarlıq ovcunun içindəykən onu qeyb etməkdən yandırıcı nə dərd olar!

Bakıdakı siyasi mühacirlərin 3-4-ü birgə olunca sözün çəmini mütləq hər dəfə 21 Azərə sarı yönəltməsi şaxtalı-sazaqlı bir gündə ocaq başına toplaşmaq kimi idi. Bu söhbətlər onların ruhunu qızdırırdı, uğradıqları bütün soyuqluqları canlarından çıxarırdı.

Ayrı-ayrı illərə aid "Gündəlik"lərində Cəfər Müciri də 21 Azər ocağını tez-tez çatır. Həm də 21 Azərdən 21 Azərə yox, dekabrın 12-dən dekabrın 12-nə deyil, ilin hər fəslində. Bəzən bunu təkbaşına olanda edir, 21 Azərli düşüncələrini kağıza tökür, hərdən də köhnə silahdaşlarla görüşdən qayıdandan sonra həmin gün etdikləri 21 Azər söhbətlərinin xülasəsini yazır.

Bu parça 1994-cü il "Gündəlik"lərindəndir: "Bu gün 20 azər, saat 10-da yoldaş Danişianın əyləşdiyi otaqda oturub xatirə danışdıq. Mən də dedim ki, 21 Azər hərəkatının məğlubiyyət gününə az qalmış sovet ordusu Azərbaycandan çıxanda ağır silahlarımızı yığıb apardı. Moskvadan və Bakıdan olan bir neçə general məndən ağır silahları istədilər. O vaxt mən Marağa briqadasının qərargah rəisini əvəz edirdim. Mir Rəhim Vilayi də onlarla gəlmişdi. Sözümüz uzandı. Dedilər ki, buğda verib aldığınız silahları da verin. Çünki sizdə nə qədər ağır silahlar görsələr, belə düşünəcəklər ki, Moskva veribdir. Mən dedim ki, yox, bizim Hulasu səngərlərindən birinə 20 metr qalmış İran tankı gəlib xarab olmuşdu. Bizdə ağır silah ancaq iki xumparaəndaz (minaatan - D.A.) idi, biri də xarab olmuşdu. Bir erməni əsgər dedi ki, icazə ver əlimi salım, içində qalmış gülləni çıxarım, düzəlsin.

Mən razı olmadım.

Danişianın yanındakı iclasımız qurtaranda "Azadlıq" radiosunun müxbiri yaxınlaşıb məndən soruşdu ki, 1946-cı ilin dekabrında Milli Hökumət niyə məğlub oldu? Ona da bu əhvalatı danışdım. Ertəsi gün, 11 dekabrda yenə firqədə görüşmüşdük, Sabir Əmirov dedi ki, dünən söylədiyin əhvalatı, mümkünsə, bir də nağıl elə.

Görünür, dostlar bu hekayəti bir-birlərinə söyləyiblərmiş. Dekabrın 25-də Əli Tudə mənə zəng vurdu. O da xahiş etdi ki, həmin əhvalatı ona da söyləyim. Ona da danışdım".

Cəfər Müciri də, digər güneyli siyasi mühacirlər də gözəlcə bilirdilər ki, süqutun, tənha buraxılmalarının, 21 Azər səadətinin burunlarından tökülməsinin gizlinci daha dərindədir, silahları təhvil almağa gələn o generallar da sadəcə tapşırığı icra edirmişlər və Moskvanın qoşununu da yığaraq tələm-tələsik oralardan çıxması Amerikanın birbaşa təhdidləri ilə bağlıymış və məğlubiyyətin əsas səbəbi məşum bir gücdə - SSRİ-də olmayıb ABŞ-da olan və artıq nümayişkaranə şəkildə sınaqdan da çıxarılmış atom bombasındaymış.

Dostların Mücirini dönə-dönə danışdırması da, Mücirinin özünün eyni əhvalatı bezmədən dəfələrlə danışması da ürəkdən daş kimi asılmış köhnə dərdi danışa-danışa azacıq da olsa toxtatmaq üçün idi...

...Azərbaycanın gözəl bir xalça cütlüyü var ki, onlar ikisi də bu gün bizdə həmin sənətin zirvələrində dayananlardır və onları qovuşduraraq sədaqətli ömür-gün yoldaşlarına çevirən də elə xalça olub - Xalq rəssamı Eldar Mikayılzadə və zövcəsi Zümrüd Hüseynzadə. Zümrüd xanım nağıl edir ki, vaxtilə peşə məktəbində xalçaçılıq öyrənəndə onlara Lətif Kərimov, Cəfər Müciri dərs verirdilər. Təsəvvür edirsinizmi, peşə məktəbimiz hansı yüksək səviyyədəymiş ki, müəllimləri bunca bilgin və şöhrətli insanlarmış. Zümrüd xanım bunu söyləyir ki, ürəyimdən keçirdi - görəsən, Allah mənə o xoşbəxtliyi nəsib edərmi günlərin birində ustadlarımla yanaşı, mən də müəllimlik edim. Tale Zümrüd xanımı bu arzusuna çatdırdı, illər sonra o, müəllimi Cəfər Müciri ilə çiyin-çiyinə texnikumda gənclərə xalçaçılığın sirlərini öyrədirdi.

Xalça bizimçün sadəcə sənət deyil, millətimizin çöhrəsidir, bu millətin qadınlı-kişili hamısının qanla keçən gözəllik duyğusu və istedadının güzgüsüdür. Qoymaq olmaz ki, bu ocağın odu azalsın. Əgər istəyiriksə yenə Lətif Kərimovlarımız, Kamil Əliyevlərimiz, Cəfər Mücirilərimiz olsun, əgər istəyiriksə həmin atəşi ürəklərində və barmaqlarında yarım əsrdən artıq müddətdə daşıyan, ustadların ənənələrini ləyaqətlə davam etdirə-etdirə özləri də ustadlıq mərtəbəsinə ucalmış Eldar bəy və Zümrüd xanım kimi sənətkarlarımız yenə yetişsin, gərək elə mühit yaradaq ki, universitet və texnikumlar bir yana, bizim peşə məktəblərində də ən üstün alim və sənətkarlar dərs deməyə sevərək yönəlsinlər, onların tələbələri də öyrəndikləri ixtisaslara elə vurulsunlar ki, arzuları sabah müəllimləri ilə bərabər eyni yolu getmək olsun. Əgər istəyiriksə xalçamız yenə dünyadakı ən yaxşılardan və iftixar yerimiz olsun, əgər umuruqsa ki, millətlərin yeni zaman içərisindəki yarışında quyruqda qalanlardan yox, öndə gedənlərdən olaq, gərək hər birimiz də, bütöv millət də həyatını və yolunu xalça sahmanı, xalça dəqiqliyi üstündə qura.

Cəfər Müciri bu həqiqəti dərk etmiş, bəlkə də dərk etməkdən daha çox, qanı və iliyi ilə duyub mənimsəmiş insandı ki, bütün ömrünü elə xalça nizamı ilə sürdü.

Bilmirəm orda - ömrünün son yorğun, halsız parçasını yaşadığı Budapeştdə də gündəliklərini, xatirələrini yazmaqda davam edibmi. Yəqin ki, yox, çünki qızı da Cəfər Mücirinin o dövrdə yataq xəstəsi, can hayında olduğunu təsdiqləyir. Ancaq 1980-ci illərin ortalarından etibarən - o vaxtlar ki, artıq sinni yetmişə çatmışdı və səksənə doğru irəliləyirdi, mütəmadi olaraq hesabatlar verməyə başlayır. Bir dəftəri olurdu, bir qələmi, bir vicdanı, bir də arxada qalmış yol. Doğrudur, hələ canı sulu idi, yetərincə işləmək gücü və qabiliyyəti də qalırdı, ancaq hər ehtimala qarşı mütəmadi olaraq keçilmiş yolu və o yol içərisində özünü kənardan baxan bir şəxs kimi təhlil edirdi və istər 70-də olsun, istər 80-də, istərsə də bir qədər sonra, heç bir bu qəbil yekun vurmasında məhz belə yaşanmış ömrə görə peşman deyil.

1986-cı ilin 27 dekabrında firqənin Mərkəzi Komitəsində - İskra küçəsindəki həmin məşhur ünvanda köhnə məsləkdaşları toplaşmışdılar, Cəfər Mücirinin 70 illiyini qeyd edirdilər və Söhrab Tahir o axşam günün qəhrəmanını səciyyələndirən sərrast sözlər demişdi. Hamı onunla razılaşmışdı və bu sözlər qəlbinə çox yatdığından Müciri deyilənləri elə həmin gecə gündəliyinə də köçürmüşdü.

Şair söyləmişdi ki, Müciridən yazıda, işdə intizam öyrənmişəm, Müciridən insaniyyət, can yandırmaq öyrənmişəm, "İki güllə" əsərimdə də kiçik leytenant Cəfər Azərinin şəxsində onun simasını yaratmağa səy göstərmişəm.

Digər firqəçilər də haqqında tərifli sözlərini söylədikcə Müciri sıxılan kimi olmuşdu, özü ayağa qalxmışdı və onun dedikləri əslində Söhrab Tahir söyləyənin təsdiqi olmuşdu ki, ömrünün mahiyyətini, həyatda qazandıqlarının cövhərini məhz intizam, xalça kimi dəqiq ülgülərə riayət təşkil edib: "Mən istəmədim söhbət uzansın. Özüm durub danışdım ki, mən lap kiçik yaşlarımdan əməyə alışmışam. Valideynlərimə minnətdaram ki, məni əməksevər tərbiyə ediblər. Yarım əsrdən çox zəhmət çəkmişəm, çox vaxt işləyib oxumuşam, oxuyub işləmişəm.

Təbrizdə işləyərkən oxumuşam, Bakıda fabrikdə işlədiyim vaxt Dövlət Universitetində oxuyub, oranı qurtarmışam. Həmişə çalışmışam ki, Vətənə olan borcumu ödəyim".

Həyatı uzunu işləmiş və həmişə də çalışmaqdan zövq almış Cəfər Müciri öz könül mücrülərinin - gündəliklərinin son vərəqlərindən birində ona gün kimi aydın olan və xalçaçılığın əlifbası sayılası bir cümləni - xalça toxumaq qaydasını yazır: "Xalı əslində yüz minlərlə ilmə, ya çindən ibarətdir ki, paralel şəkildə ərişlərə bağlanmış olur. İlmə iki ərişə bağlanır".

Və bu bəlli qaydanı səbəbsiz xatırlatmırdı. Davam edirdi ki, yaxşı xalçaçılarımız yetişib, xalça elmindən səriştə ilə baş çıxaranlar var, inşallah ki, bizdən sonra nə dəzgahımızın arxası boş qalar, nə də xalçaşünaslarımız tükənər.

O cavanlar ki, vaxtilə Cəfər Müciri onlara xalça sənətimizdə və xalçaşünaslıq elmimizdə ümid yeri kimi baxırdı, ötən onillərdə yaşa dolublar, artıq onlar özləri ağsaqqaldırlar. Bəs onlardan sonra kim gəlir?

Barmaqları, ürəyi, düşüncəni və bütövlükdə milləti nizama və sahmana, təmkinə və bütövlüyə kökləyən bir sənət və onun xalq hafizəsindəki qəlibləşmiş vərdişi soyumağa doğru gedəndə nələr itirilə bilər?

Bəlkə hansısa mübhəm fəhmlə yaxın onillərdə həmin səngimənin bizi haqlaya biləcəyini öncədən görən Cəfər Müciri yalnız yaxşı xalçaçı deyil, həm də yaxşı millət olmaqçün əməl edilməsi vacib həmin xalçatoxuma qaydasını bir vəsiyyət və öyüd kimi yada salırmış?!

 

14 avqust 2024

Dəmir Aranelli 

525-ci qəzet .- 2024.-21 avqust (№149).- S.12-13.