"Xurşidbanu Natəvana ithaf"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Emil Ağayevdir. Onunla Xalq rəssamı Altay Hacıyevin "Xurşidbanu Natəvana ithaf" əsəri haqqında danışmışıq.

Altay Hacıyev 1931-ci ildə tanınmış rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. Əmir Hacıyev (1899-1972) XX əsr Azərbaycan təsviri sənətində qrafikaları ilə xüsusi yer tutur. Rəssam özü də etiraf edir ki "rəssamlıq sənətini öyrənməkdə atama borcluyam, lakin mənim əlimdən tutub sənət aləminə gətirən ailəvi dostluq münasibətlərimiz olan Böyükağa Mirzəzadə olub". Onun müəllimləri arasında Mikayıl Abdullayev, Tahir Salahovun da adını qeyd edə bilərik. Sənətkarın  adı Azərbaycanda ilk dəfə 1958-ci ilin payızında, istedadlı gənc rəssamların birinci sərgisində çəkilmişdi. A.Hacıyev əvvəlcə  Bakıda Rəssamlıq Texnikumunda, sonra isə Kiyevdəki Rəssamlıq İnstitutunun qrafika fakültəsinə qəbul olur. Burada o, Ukraynanın məşhur qrafika ustası A.S.Paşşenkonun emalatxanasında məşğul olur, dəzgah qrafikasının müxtəlif növlərinin - litoqrafiyanın, linoqravüranın, ofortun sirlərinə yiyələnir, kitab qrafikasının əsaslarını öyrənir.

- Altay Hacıyev yaradıcılığında Xurşidbanu Natəvan obrazı. Emil bəy, istərdim söhbətimizə burdan başlayaq.

- İlk növbədə qeyd etməliyik ki, Xurşidbanu Natəvan ikonoqrafik obrazı Azərbaycan təsviri sənətində məşhurdur. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov bu obraza müraciət etmişlər. İkonoqrafik portreti təsvir edən rəssamlar Xan qızını gəncliyindən yaşlı halına qədər təsvir edərək, xüsusilə başında kələğayı, əynində məşhur milli geyimi ilə canlandırıblar. Əlbəttə ki, Xalq rəssamı Altay Hacıyev yaradıcılığında Qarabağ mövzusuna xüsusilə, Xurşidbanu Natəvan obrazına tez-tez müraciət edərək, "Xurşidbanu Natəvan və Düma", "Xurşidbanu Natəvan və Qasım bəy Zakir", "Natəvan təbiət önündə" və bu mövzuda bir-birindən maraqlı əsərlər işləyib. "Xurşidbanu Natəvana ithaf" triptixi kətan üzərində, yağlı boya texnikasıyla yerinə yetirilmiş, 150x100 sm ölçüsündədir.

- Əsərin rəng həlli və kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Altay Hacıyev zəngin yaradıcılığa malik sənətkardır. O, yaradıcılığında əsasən portret, natürmort, peyzaj və s. janrlardan istifadə edib. Rəssamın yaratdığı sənət nümunələri əsasən dövrünün qəhrəman, aşiq, şairə qadınları, Şuşa, yeni Bakı və olub. Sənətkar hər şeydən əvvəl, gördüklərinə yaradıcı münasibət bəsləyən, onları heyrət qaynağına çevirməyi bacaran rəssamdır. Əsərlərini  səciyyələndirən milli ənənələr, kompozisiya bitkinliyi, məna-məzmun dərinliyi, inandırıcı stilizə və bədii şərtilik də bunu təsdiqləyir.

Altay Hacıyev yaradıcılığında özünəməxsus fərdi xüsusiyyətləri ilə seçilən əsərlərindən biri "Xurşidbanu Natəvana ithaf" triptixidir. Qeyd etmək lazımdır ki, sənətkarın triptixlərinə diqqət yetirsək, öz adını tariximizə qızıl hərflərlə yazmış şəxsiyyətlərin yaradıcılığı rənglərlə canlandırılır. Qarabağın xan qızı, istedadlı şairəyə həsr edilən triptixin ən diqqət çəkən hissəsi mərkəzdədir. Natəvan lirik baxışlarıyla danışır. Şairənin obrazında kubarlıq daha çox vurğulanır. Natəvanın yaradıcılıq fəaliyyəti barəsində triptixdə də sanki söz açılır. Təsadüfi deyil ki, rəssam triptixi şairənin lirik poetikası üzərində qurub. Rəng qamması isə abstrakt və axıcıdır. Triptixin sağ və sol hissələrində isə şairənin şeirlərində olan şam ətrafına fırlanan kəpənəklər sanki cənnəti xatırladır. Əsərin birinci hissəsində Şuşanın memarlıq abidələrinin də ötəri təsvirini izləyirik. Təsvir olunan bütün hadisələr isə Xan qızının yaşadığı doğma Qarabağ torpağında baş verir.

- Sanki Natəvan bir qədər üzgün görünür.

- Əsər Qarabağ işğal altında olan zaman təsvir edilib. Ona görə də rəssam Xan qızı obrazını vətən həsrəti ilə yaşayan, qəmli bir formada işləyib.

- Sizcə, bu rəsm bizə nə deyir?

 

- Görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Altay Hacıyev bədii qüvvəyə malik olan ustad sənətkarlarımızdandır. Rəssamın yaradıcılığı onun iç dünyasıdır, hər bir sənətkar öz mövqeyi ilə fərqlənməlidir.

Bu əsərdə Qarabağ təbiəti, incəsənəti və mədəniyyəti ön plana çıxarılıb. Altay Hacıyev müraciət etdiyi Natəvan obrazını bu əsərində fərqli bir formada poeziyanın vəhdətində təqdim edib. Təsviri sənət və ədəbiyyatın sintezi əsərin süjet xəttində leytmotivdir. Əlbəttə ki, Xalq rəssamı Altay Hacıyev yaşasaydı, bu gün azad Qarabağımızda Zəfər ruhlu əsərlər işləyəcəkdi...

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.-21 avqust (№149).- S.11.