"Qələmsiz yazılanlar"
haqqında gecikmiş yazı
Yaşadığımız bu dünya 1980-ci illərdən
etibarən hərtərəfli böyük dəyişikliklərə,
çevrilişlərə səhnə oldu. Sənaye
inqilabı ilə birlikdə modern dünyanın inşa etdiyi
və standartlaşdırdığı
"anlayışlar", "terminlər",
"qavrayışlar" "zaman", "dəyərlər",
"ənənəvi sənət", "peşələr"
və s. bir-bir öz anlamını itirdi. Dövrün
insanları isə bu dəyişiklik dalğasının gətirdiyi
yeniliklərə uyğunlaşmaqda çətinlik çəkməyə
başladılar. Bu "informasiya texnologiyası" təməlində
başlayan və cəmiyyətin hər sahəsinə təsir
edən dəyişiklik dalğası bizim
alışdığımız, dəyişməz olaraq dərk
etdiyimiz bütün standartlaşdırılmış dəyərləri
"dəyişim seli"nin önünə qatıb
böyük və sərhədləri olmayan bir boşluğa
sürüklədi. Ədəbiyyat da bu dəyişiklikdən
öz payını aldı...
Bu baxımdan Azərbaycan yazıçısı,
şair Rəşad Məcidin "Turay" nəşriyyatında
işıq üzü görən "Qələmsiz
yazılanlar" adlı kitabı ədəbiyyat-sənət
sahəsindəki dəyişiklikləri dəyərləndirmək
baxımından son dərəcə önəmlidir. Kitabı
oxuduğumuz zaman zehnimizi bir çox sual məşğul edir:
Sosial media bir ədəbiyyat məkanı, ya da ədəbi mühit ola bilərmi?
Buradakı paylaşımların heç olmazsa bir qisminin ədəbi
dəyəri varmıdır? Virtual ortam kitabın
ölümünə səbəb ola bilərmi? İllər
öncə bu mövzudakı suallara Nobel mükafatı
laureatı Orhan Pamuk tərəddüdlə: "Bəlkə
bunlar da ədəbiyyatın bir hissəsidir, bir
növüdür, hələlik bir şey deyə bilmirəm."
- deyə cavab vermişdi. Rəşad Məcid isə sosial
mediadakı ədəbiyyata aid paylaşdığı
statusları "daima tələsən, ayaqüstü yaranan
bir ədəbi janr"
adlandırır və sosial mediada ortaya çıxan, qələmsiz
yazılan, kitabsız təbliğ edilən mətnlərlə
ədəbiyyat baxımından üzləşməyin
lazım olduğunu söyləyir.
Son 30-40 ildə sürətlə artan, toplanan
informasiya və məlumatın
inanılmaz dərəcədə sürətlə
yayılması dünyanı qocaman bir çevirdi. Az qala, hamı hər
şeydən xəbərdar və məlumatlı oldu!
İnformasiyanın texnologiyaya çevrilərək
bütün kainata yayılması, insanların və cəmiyyətin
həyatına da ciddi mənada təsir göstərdi. Fəlsəfə,
müasir elmlər, siyasət, ədəbiyyat, sənət də
bu dəyişiklik dalğasıyla üzləşmək məcburiyyətində
qaldı. Tam da bu zaman modernizmə qarşı savaş elan edən
"postmodernizm" düşüncəsinin müdafiəçiləri
modernizmin bitdiyini, modernizmin yaratdığı standart
qavrayış və terminlərin artıq
yaşadığımız dünyanı, cəmiyyəti və
yeni yaranan dəyərləri təmsil edə bilmədiyini dilə
gətirməyə başladılar. "Ədəbi məktub"
ilə çağımızın "qısa
mesajları" - birinin ölüb, digərinin həyat
qazanması - bunun ən gözəl örnəyidir. Rəşad
Məcid də "Qaçaraq düşüncələr
toplusu" başlıqlı giriş yazısında, daha
doğrusu illər öncəki sosial mediada
paylaşdığı bir statusunda
bu dəyişikliyin nələrə nail ola biləcəyindən
bəhs edir: "Sosial şəbəkələrin və
sosial platformaların meydanı ələ keçirdiyini
gördüyüm gündən bəri klassik medianın və
kitabın gələcəyinə şübhəylə
baxıram…" Bu sözlər
geniş mənada klassik ədəbiyyat və sənət
anlayışının gələcəyinə də
şübhəylə baxmağa əsaslar verir.
Postmodernizmin müdafiəçiləri modern
dövrün standartlarıyla yaranmış ədəbiyyat və
sənətin yaşadığımız dövrün tələblərinə,
dövrün insanlarının gözləntilərinə
cavab verə bilmədiyi fikrini də irəli sürür, beləcə
ədəbiyyatın və sənətin bütün standart
qavrayışlarının utilizasiya edilməsi vacibliyini
müdafiə edirlər. Yenidən yaradılması vacib olan ədəbiyyat
nədir sualına bəlkə də, ən gözəl cavab
və ən yaxşı örnək Rəşad Məcidin
"Qələmsiz yazılanlar" kitabı ola bilər. Bu
kitabda toplanan, daha öncədən sosial mediada yayımlanan bəzən
bir cümləlik aforizmlərinin, kəskin bir ironiyanın, bəzən
bir paraqraflıq esselərin, bəzən də qısa hekayələrin
insanı dərin düşüncələrə qərq
etdiyinin şahid oluruq. Əksəriyyəti ədəbiyyata
aid bu statusların arxa planında bəzən bir romanlıq
düşüncə toplanır: "Biz hamımız məğlublarıq",
ya da "Nöqtələr bəzən daha çox söz
söyləyir…" Müəllifin "Qara reyhan" və
"Motal pendiri" kimi mənşəyi sosial media olan
qısa hekayələri isə bir roman təsiri
bağışlayır. Burada inkişaf edən ədəbiyyat
bəlkə də zaman qıtlığında, vaxt
qarlığında az sözlə çox şey anlatmaq
ehtiyacından doğur. Belə hekayələri "Qısa
hekayə" adı ilə yeni ədəbi janr kimi
tanıtdıranlar var. Amma məncə, Rəşadın bu
hekayələri "kiçik, qısa" deyil,
"qaçan, tələsən" hekayələrdir.
Bunlara, atüstü ədəbi əsərlər də demək
olar. Bəlkə elə atın yerini avtomobilin
aldığı dünyamızda bunlar bir yolçuluq əsnasında,
qələmsiz-dəftərsiz, telefon ekranına toxunaraq
yazılan ədəbi məhsullardır, nə bilmək
olar...
Bu gün yaşadığımız dünyanın fərqli
bir aləmə, cəmiyyətin başqa bir sosioloji struktura
çevrilməsi, insanların fərqlı bir kimliyə
bürünməsi, həyatdan gözləntilərin dəyişməsi
sanki ədəbiyyat və sənətdə də dəyişikliyi
zərurətə çevirir. Jurnalist, şair, yazar Rəşad Məcid xeyli öncədən
bu məcburiyyətin fərqində olmuş kimi
görünür və elə bu səbəbdən oxucuya, izləyicilərinə
"qələmsiz yazılanlar"la, dövrün dilinə
çevrilən qısa mesaj və sosial mediadakı
statusları ilə müraciət edir.
Məsələn, jurnalist kimliyi ilə "Qadın həbsxanasında
gözəllik salonu!" deyir. Bu status ilk baxışdan xəbər
cümləsi təəssüratı yaratsa da, əslində
dərin qatda fərqli yozumlara yol açır. Hətta həbsxanada,
azadlığın olmadığı yerdə belə gözəl
görünməyə təşnə qadın
psixologiyası - qadın təkcə başqasının
gözünə yox, öz gözünə də gözəl
görünmək istəyir. Bu mənzərə oxucuda istər-istəməz
acı bir təəssüf hissi də doğurur və
böyük bədii dəyər daşıyır. Şair
kimliyi ilə "Bazar gününün rahatlığı
qonmuş Feysbukun çöhrəsinə" deyir Rəşad
Məcid. Bu bir şeirdir, səs, ahəng, ritm,
düşüncə, xəyal, sözün qısası,
poetik bir ifadədir.
Sosial media məkanında yayılan bu
düşüncələri, bildirişləri, şərhləri
"qısa mesaj", "status" və ya başqa terminlərlə
izah edə bilərik. Amma adına nə deyilirsə deyilsin,
bunların ədəbi bir mahiyyət
daşıdığı gün kimi aydındır...
Modernizmə cavab olaraq yaranan postmodernizmin müdafiəçiləri
müasir dövrə aid bir çox standart dəyərin
ölümünü elan etdilər. Ədəbiyyat
dünyasında Umberto Ekonun "Gülün adı"
romanıyla başlayan mübahisələr postmodernistlərin
"mətnin ölümü", "yazarın ölümü"
kimi qavrayışlar ortaya atmasına səbəb olmuşdu. Fəlsəfi
mənada doğrunun "tək" olmadığı fikrini
müdafiə edən postmodern düşüncənin ədəbiyyata
əks olunması, "yazarın" və "mətnin"
oxucunu tək bir nöqtəyə, məqsədə, mesaja
yönləndirməməsi inkişaf etmişdi. Bu səbəbdən
ölüm siyahılarına "yazarı" və "mətni"
də daxil etmişdilər. Bu ölüm məcazi mənada
yazıçının oxucuya azadlıq verməsi, yəni
öz düşüncəsini qəbul etdirməkdən imtina
etməsi, mətnin də oxucunu fərqli yozumlara aparması mənasına
gəlirdi. Beləcə, düşüncənin uzun-uzadı
sözlərlə izahına qarşı
çıxılırdı. Rəşad
Məcidin bu kitabda fərqli mənaları ifadə edən,
sanki onun deyil də, sosial medianın bir statusu kimi görünən
mətnləri var: məsələn, "Hər fürsətdə
reklam…", "Hər kəs göz önündədir",
"Dünya ironik bir təbəssümə bərabərdir"
və s.
Yaşadığımız dövrün əsas
müəyyənedici məfhumlarından olan "sürət",
məsafələri ola bildiyi qədər qısaldır,
zamanı daraldır, insanı "sürətli
yaşamaq", cəld reaksiya vermək", "tez qərar
qəbul etmək…" məcburiyyətində buraxır. Bu
sürət ədəbiyyat sahəsində mətnlərin də
boyunun qısalmasına, böyük ədəbi mətnlərin
sosial media statuslarına, bir neçə cümləlik, bir
paraqraflıq kiçik hekayələrə çevrilməsinə
səbəb olur. Bəzi sosial media platformalarının
statuslar üçün müəyyən olunmuş hərf-işarə
həddi qoymasının da əsl səbəbi budur bəlkə… Bunlar nəzərə
alındığında Rəşad Məcidin bu mətnlərinin
həm də zamanla ayaqlaşmaq niyyətindən
yarandığını söyləmək olar:
düşüncələri ola bildiyindən geniş, bu
düşüncələri ifadə etdiyi cümlələrsə
yığcam və sərhədlidir. Bəlkə də gələcəkdə
sosial media meydanının daha da daralacağını
düşünür: "Heç kimdən heç bir
şey ummamaq qədər böyük azadlıq və
hüzur yoxdur. Sevgiyə, şəfqətə, qayğıya
da ehtiyacın olmur..." Bəlkə qələm və
kağızın yox olduğu bir gələcəkdə
düşüncələrimizi bizə izn verildiyi qədər
cümlə miqdarında ifadə etməyimiz lazım gələcək.
Eynilə Rəşad Məcidin bu gündən etdiyi kimi…
Bu gün Azərbaycan ədəbiyyatının önəmli
şair və yazıçılarından olan Rəşad Məcid
bu əsəriylə modern-postmodern mübahisələrinin
içində olmasa da, "qələmin
ölümünü" elan edərək ədəbiyyatda
başqa bir müzakirəni yenidən gündəmə gətirir.
Bu mənada Rəşad Məcidin "Qələmsiz
yazılanlar" kitabı ədəbiyyat-sənət-texnologiya-internet-sosial
media münasibətlərini fərqli baxış
bucağından gündəmə daşıyaraq yeni cəmiyyəti,
cəmiyyətin və insanların tələblərini, ədəbiyyatda
yeni bir anlayışı ortaya qoyan, müzakirəyə səbəb
yaradan ilk əsərlərdən biri, hətta birincisidir. Rəşad
Məcid qələmsiz yazılan bu kitabı ilə sosial
mediada - virtual məkandakı bəlli bir oxucu kütləsini
- izləyicisini, şərh yazıb fikir bildirənləri, tənqid
edənləri bir araya gətirir. Akademik İsa Həbibbəyli
Rəşad Məcidin Azərbaycan ədəbiyyatında yeni
bir "ədəbi janr" ortaya qoyduğunu irəli sürərək
bu yazıları "Sosial media ədəbiyyatı"
konseptuallaşdırır. Ancaq mən SMS-lər iki nəfər
arasında olduğu üçün bunun "SMS məktublar"
adlandırılmasının daha uyğun olduğu qənaətindəyəm.
Bu, məktubun sms-ə məğlub olaraq ədəbiyyat
meydanından çəkilib tarixə qovuşduran bir ədəbi
janrdır.
Fərqli peşə və sənət sahibinolan bir
çox insan kimi yazıçı və şairlər də
içərisində olduqları vəziyyəti qəbul etməkdə,
dəyişikliklərə, dövrün tələbinə
ayaq uydurmaqda çətinlik çəkirlər. Dəyişikliyi
görməyən yazıçılar zamanın və
dövrün dəyişim kodlarını çözə
bilmir, bu tələblərə uyğun əsərlər
yazmaqda problem yaşayırlar. Dəyişim fenomeni hər
zaman yeniliyə qarşı "dirənmə" hissi
yaratdığından bir çox yazıçı və
şair də bu dəyişikliklərə qarşı dirəniş
göstərirlər. Beləcə postmodern fəlsəfəçilərin
tez-tez dilə gətirdiyi kimi yeniliklə ayaqlaşa bilməyən
yazıçı, sənətkar və elm adamlarının
"son istifadə tarixi" keçir, "zamanı
dolur"... Çünki ədəbiyyatın məkanı
da, cəmiyyət və oxucu kütləsi də böyük
sürətlə dəyişir. Əcəba, "oxucu" kəlməsi
yerini "izləyiciyə" buraxacaqmı?
Rəşad Məcid "Qələmsiz
yazılanlar"da hər birimiz yaşadığı, lakin
çoxumuzun dərk edə bilmədiyi dəyişiklik
dalğasını öncədən görən, bu dəyişikliyin
yazarlardan, ədəbiyyatdan tələblərini sezib hiss edən
və buna uyğun özünü yeniləyən, dəyişən
bir şair və yazıçı kimi qarşımıza
çıxır. Çox yazıçı, şair və sənətkarlar
Votsap, Feysbuk, İnstaqram kimi sosial şəbəkələrdə
mesaj, xəbər və gündəlik hadisələrə fərdi
reaksiyalar göstərmələrinə rəğmən, Rəşad
Məcidin "Qələmsiz yazılanlar"ına qədər
bu "SMS" və "statusların" əslində yeni
bir ədəbi janr kimi qəbul oluna bilinəcəyini təsəvvürlərinə
belə gətirmirdilər. Bu əsər, əminəm ki, bir
çox yazar, şair və elm adamına sosial media arxivlərinə
baxıb nələr yazdıqlarını
araşdırmalarına stimul verəcək. Məncə, gələcəkdə
yazıçı, şair və elm adamlarının profilləri
araşdırma mövzusu olacaq. Rəşad Məcid sosial mediada
yayımladığı bu statusların bir ədəbi dəyərinin
olduğunu öncədən gördüyü
üçün 2009-cu ildən bəri planlı şəkildə
yazdıqlarını toplayıb kitab halına salıb.
Düşünürəm ki, bizim fərqli tarixlərdə
yazdığımız ədəbi dəyər sayılacaq mətnlərimiz
hansısa sosial media şəbəkəsinin qaranlıq dəhlizlərindədir.
Bir də kağızın,yanğın, sel kimi fəlakətlərlə
yox olma ehtimalı var, amma qələmsiz
yazılanlar əsla itmir. Bilgisayarın yaddaşına yüklənmiş,
əslində bizim üçün yox hökmündə olan
bu yazıları istədiyiniz
zaman geri qaytarıb oxuya bilmək mümkündür.
Rəşad Məcid mənsub olduğu ədəbi nəslin
təmsilçilərinin etdiyi kimi, dəyişikliyə dirəniş
göstərib ədəbiyyatın yeni meydanından
qaçmaq əvəzinə, sosial medianı bir ədəbiyyat
məkanı olaraq inşa etməyə
çalışır və əslində internet nəsli
dediyimiz bir nəslin etməsi lazım olduqlarını onlardan
çox əvvəl ortaya qoyur. Bizim nəslin bir çox təmsilçisinin
hələ qələmə, dəftərə dörd əllə
sarıldığını, bir çoxunun isə heç
bircə sosial media hesabının belə
olmadığını düşünsək, klavyaturaya,
telefon düymələrinə, səsə, ekrana diqqət kəsilərək
virtual dünyada yeni növ ədəbiyyat nümunələri
yaradan Rəşad Məcidin gördüyü işin
vacibliyini daha yaxşı qavraya bilərik. Bu baxımdan onun
dövrün müasir düçüncəli
insanlarının maraq və ehtiyaclarını, tələblərini
hamımızdan əvvəl sezərək ədəbiyatda
yeni bir janr yaratdığını, bu janrda əsərlər
yazdığını, sosial medianı eyni zamanda bir ədəbiyyat
məkanı olaraq kəşf etdiyini, yeni bir janrın - sosial
media ədəbiyyatı janrının qabaqcılı olaraq ədəbiyyat
tarixindəki yerini çoxdan aldığını etiraf etməliyik.
Sosial media ədəbiyyatından bir hekayə istəyirsinizsə
buyurun, Rəşad Məcidin sizə bu dövrü anladan, bu
çağda ölən məsləkləri ironiya ilə bədii
tərzdə göstərən,
həyat qoxulu, həyatı orta yerindən yaxalayan nəfis
bir hekayəsini oxuyun: "İyirmi il fotoqraf olaraq
çalışdım, deyir. Amma bizim məslək
öldü! İndi çayçı işləyirəm.
Zamanə və texnologiya bir çox peşəni ortadan
qaldırdı, qaldıracaq da… Çay isə hər zaman
olacaq! Yaşasın çay! Armudu stəkanda..."
Dövrümüzün insanları böyük
ölçüdə metropollarda toplanıb və bu insanlar həyatı
təlaş içində, tələsərək
yaşamaqdadırlar. Keçib getmiş, bərpası
mümkün olmayan zamandan vaxtında faydalanmaq
günümüzün insanını zamanla yarışa
sürükləyir. İnternet və texnologiya onlardan
faydalanmağı bacaran insanların zamandan daha təsirli və
səmərəli istifadəsini təmin edən bir vasitəyə
çevrilir. Dolayı yolla iqtisadiyyatın, siyasətin, xəbərin,
məlumatın məkanı olan internet, eyni zamanda ədəbiyyatın
və sənətin də məkanına çevrilir.
Gününün böyük hissəsi təyyarələrdə,
metrolarda, qatarlarda, avtobuslarda, yollarda keçən
insanların yüzlərcə səhifə roman oxumağa
zamanı yoxdur. Bu mümkün də deyil. Sürət
dövründə məsafələrin qısalması kimi ədəbi
əsərlərin, ədəbi janrların da qısalması
mövzusu çox aktualdır. Bu səbəbdən
"qısa mesajlar" və "sosial statuslar" günümüzün
insanlarının duyğuları, düşüncələri
və hadisələr qarşısındakı
reaksiyalarının ifadəsinə, xəbər və məlumatın
yayılma vasitəsinə çevrilir. Bu baxımdan sosial
mediadakı "qısa mesaj" və "statuslar"
milyonlarca insanı bir-birinə bağlayan sosial şəbəkələr
vasitəsilə ədəbiyyatın və sənətin də
mərkəzinə çevrilir (bəlkə də artıq
çevrilib). Rəşad Məcidin "Qələmsiz
yazılanlar" kitabına daxil etdiyi telefon mesajlarına və
sosial mediada yayimlanan statuslarına bütöv halda
baxıldıqda, onun bu mənzərəni illər öncəsindən
gördüyü aydın olur. Yəni Rəşad Məcid on
il öncəsindən yazdığı "qısa
mesajların", "statusların" bir gün ədəbi
janr olacağının fərqindədir. Bu mənada deyə
bilərik ki, onun sosial şəbəkələrdə
yazdıqlarını bir kitab kimi yayımlaması və ədəbiyyatda
yeni bir janrın qabaqcılı olması illər öncəsindən
hədəfləibmiş. Çünki qələmlə
yazılan kitablarda olduğu kimi, sosial media dediyimiz yeni məkanda
da bu "mesajları" və "statusları" oxuyanlar,
təqib edənlər, şərh bildirənlər,
müzakirəyə çıxarıb tənqid edənlər
var. Rəşad Məcidin gələcəyi öncədən
görmüş olması, illər sonrakı ədəbi həyatımızda
mütləq əks-səda yaradacaq.
Yeniliklərə açıq, yaradıcı, həyatın
nəbzini tutmağı bacaran dostumuz Rəşad Məcidin bu
il 60 illik yubileyidir. Belə yeniliklərə imza atan söz
adamının ruhunun çox gənc olduğunu söyləyə
bilərik. Bu yazı isə bir neçə il əvvəl
"Turay" nəşriyyatında işıq üzü
görən "Qələmsiz yazılanlar" kitabı
haqqında gecikmiş bir yazıdır. Bu cümlə Rəşad
Məciddən xeyli geridə qaldığımızın da
bir etirafıdır. Demək ki, əslində öncədən
qələmə alınmış
(əcəba "qələmə almaq"
sözünün də ölümünü elan edəcəklərmi?),
daha doğrusu komputer ekranına
köçürülmüş bu yazı onun
altmışıncı doğum gününü gözləyirmiş!
Əziz dostumu ürəkdən təbrik edir, ona
cansağlığı, bitib-tükənməyən
yaradıcılıq eşqi arzulayıram. Onun bu yaxınlarda
Türk Ədəbiyyatı Vəqfinin nəşriyyatında
çapdan çıxan "Şuşa dəftəri"
şeirlər kitabını isə doğum günü hədiyyəsi
kimi qəbul etməsini, uğurlarının daimi və bol
olmasını diləyirəm...
Türkiyə türkcəsindən
Aysel XANLARQIZI uyğunlaşdırıb.
İmdat AVŞAR
525-ci qəzet .- 2024.-21 avqust (¹149).- S.8-9.