Səhnə aktyorun evidir  

 

 

Şəhərin görümlü yerlərinə təzəcə vurulmuş afişalarda bildirilirdi ki, yaxın günlərdə Üzeyir bəy Hacıbəyovun rəhbərliyi və yerli teatr həvəskarlarının iştirakı ilə "Leyli və Məcnun" operası göstəriləcək. Baş rollarda Bakıdan gəlmiş artistlər Hüseynqulu Sarabski və Əhməd Ağdamski oynayacaq. Məşqlər isə sabahdan başlanacaq. Afişada yazılmış bu sözləri oxuyan balaca teatr vurğunu Heydərin sanki sevincdən çiçəyi çırtladı. Axı o, adını eşidib, üzünü görmədiyi Üzeyir bəy Hacıbəyovu və başqa məşhur sənətkarları üzbəsurət görəcəkdi! Heydər bu xoş xəbəri məhəllə uşaqlarına çatdırmaq və sevincini bölmək üçün dərhal evlərinə tərəf götürüldü...

Ertəsi gün məşqlərə baxmaq məqsədilə axşamüstü Heydər teatra həvəsi olan bir neçə tay-tuşunu da götürüb, yay klubuna yollandı. O, məktəbin müəllim və şagird kollektivi ilə birlikdə əvvəllər də dəfələrlə burda olmuş, yerli aktyorların göstərdikləri bir çox tamaşalara baxmışdı. Hətta onların hazırlanmasında digər həmyaşıdları kimi gücü çatdığı işin qulpundan yapışmış, lazım olduqda isə kütləvi səhnələrdə, müxtəlif epizodik uşaq rollarında oynamışdı.

...On-on beş yaşlı bir uşağın hər gün kluba gəlib, saatlarla məşqləri maraqla izləməsi tamaşanın inzibatçı direktoru, şəhərin nüfuzlu ziyalılarından sayılan müəllim və aktyor Azad bəy Əmirovun diqqətindən yayınmadı, Heydərlə yaxından maraqlandı, teatra həvəsi və yaxşı səsi olduğunu öyrəndi, digər məktəblilərlə birlikdə onu da xor səhnəsində oxumağa dəvət elədi.

Bir neçə günlük məşqdən sonra "Leyli və Məcnun" Şuşa səhnəsində böyük uğurla göstərildi. Və tamaşa başa çatandan sonra Üzeyir bəy səhnəyə çıxıb, bütün iştirakçıların, o cümlədən, xorda oxuyan uşaqların əllərini sıxaraq onları təbrik elədi, tamaşaçılara minnətdarlığını bildirdi.

İştirak elədiyi bu tamaşa və Üzeyir bəylə tanışlığı kiçik Heydərə böyük təsir bağışladı, ilk səhifələri yenicə yazılmağa başlayan həyat kitabının kövrək və pozulmaz sətirlərinə çevrildi. Həmin vaxtdan da qəlbində teatr səhnəsinə daha böyük sevgi, hədsiz maraq və sönməz məhəbbət yaranmağa başladı. 1916-cı ilin yayında olan ayağı sayalı və unudulmaz hadisədən sonra Heydər Şuşada göstərilən bütün əsərlərin daimi tamaşaçısına çevrildi...

Uşaq ikən iştirak elədiyi ikinci bir tamaşa isə Heydərin peşəkar aktyor yaradıcılığına başlamasına təkan verdi və həmin gündən o, həyatını həmişəlik teatr səhnəsinə bağladı. 1919-cu ilin yayında şuşalı teatr həvəskarları Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasını tamaşaya hazırlayırdılar. Rol bölgüsü aparılmışdı, ancaq əsərdəki qadın obrazının ifaçısı tapılmırdı, daha doğrusu, heç kəs səhnədə zənən paltarında tamaşaçıların gözünə görünmək istəmirdi. Məşqlərə baxmaq üçün müntəzəm olaraq kluba gələn on beş yaşlı Heydərin sinəsini qabağa verib, cəsarətlə "mən oynaram!" - deməsi hamını heyrətə saldı... Bir neçə dəfə məşq eləyəndən sonra o, səhnəyə çıxdı və Gülnaz rolunu məharətlə oynadı. Tamaşadan sonra rejissor da, aktyorlar da Heydərin ifaçılıq qabiliyyətini yüksək qiymətləndirdilər, ürəyəyatımlı, məlahətli səsini çox bəyəndilər.

Heydərin səhnədə arvad paltarında çıxış eləməsi xəbəri atası Məşədi Aslanı heç də açmadı, oğlunu məzəmmət elədi. Amma vaxtilə qonşuları olmuş çayçı şəyirdi Əbdürrəhim Fərəcovu və sonra digər qonşusu Əhməd Bədəlbəyli-Ağdamskini gözləri qabağına gətirəndə bir az sakitləşdi. "Bu sənəti xoşlayır qoy dalınca getsin", - deyə bir daha bu söhbətin üstünə qayıtmadı.

Rus-tatar məktəbini uğurla bitirən Heydər Şəmsizadə təhsilini davam etdirmək üçün Şuşa Realnı Məktəbinə daxil oldu. Burda da əla qiymətlərlə oxumaqla yanaşı, məktəb kollektivinin tamaşaya hazırladığı əsərlərdə müxtəlif rollarda oynadı, öz istedadını tamaşaçılar qarşısında bir daha nümayiş etdirdi. Lakin Aprel inqilabından sonra digər təhsil müəssisələri kimi realnı məktəb də qapılarını şagirdlərin üzünə bağladı. Bir ildən çox boş-bekar qalan Heydər 1921-ci ildə Şuşada çıxan "Qafqaz kommunisti" qəzetinin mətbəəsində mürəttib işinə düzəldi. Burda həm də Şuşa qəza partiya və icraiyyə komitələrinin orqanı olan "Qarabağ əkinçisi" və "Karabaxskaya bednota" qəzetləri nəşr olunurdu. 1922-1923-cü illərdə bu mətbuat orqanlarının ətrafına çoxlu mütərəqqi fikirli gənc toplaşmış, mətbəənin nəzdində teatr truppası yaratmışdılar. Dərnəyin əsas aparıcı üzvlərindən olan Heydər Şəmsizadə həvəskar aktyor truppasının tamaşaya qoyduğu Hüseyn Cavidin "Şeyda", Şəmsəddin Saminin "Dəmirçi Gavə" pyeslərində Məsud və Pərviz rollarını özünəməxsus tərzdə oynadı. Hər iki rolun yüksək səviyyədə ifası böyük səhnədə onun ilk uğuru idi.

Sonralar Zülfüqar Abdullayev, Xosrov Mamayev, Xuduş Abbasov, Mikayıl Vəlixanlı, İmran Əbrəxanov, Həmid Axundov, Zeynal Qayıblı, Novruz Əbrəxanov kimi teatr səhnəsində az-çox səriştəsi olan həvəskar aktyorlar da bu dəstəyə cəlb olundular. Kollektiv üzvləri fəaliyyətə başladıqları ilk vaxtlarda kiçikhəcmli əsərləri tamaşaya qoyurdular. Lakin truppa gücləndikcə repertuar daha da genişlənir və zənginləşir, zəmanə ilə ayaqlaşan irihəcmli əsərlərə daha çox yer verilirdi. Həmin vaxtlar repertuarın əsasını Nəriman Nərimanovun "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Süleyman Sani Axundovun "Laçın yuvası" və sair təşkil edirdi.

Azərbaycan səhnəsinin Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Rza Daraplı, Bülbül kimi qüdrətli sənətkarları iyirminci illərin əvvəllərində Bakıdan Qarabağa tez-tez qastrol səfərlərinə gəlir, şuşalı həmkarlarına yaxından köməklik göstərir, birgə tamaşalar hazırlayırdılar. Heydər də bir aktyor kimi bu sənətkarlarla tərəf-müqabil olur, hələlik epizodik rollarda səhnəyə çıxırdı. O, böyük Bülbüllə birlikdə Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında oynadığı günü heç vaxt unutmur, ömrünün ən xoşbəxt anları kimi xatırlayırdı: "Bu hadisə 1923-cü ildə olmuşdu. O zaman Bülbül Tacir Əsgər, mən isə Süleyman bəy rolunu oynayırdıq. Nə gizlədim, bərk həyəcan keçirirdim. Lakin tamaşadan sonra Bülbül özü əlimi sıxdı, məni təbrik elədi və hərarətlə ən xoş arzularını bildirdi".

Elə həmin il Heydər Şəmsizadə Şuşa Gənclər İttifaqı teatr truppasının rejissoru təyin olundu. Artıq peşəkar teatr kollektivinə çevrilmiş bu truppa vaxtaşırı Qarabağın kəndlərinə və ətraf rayonlara qastrol səfərlərinə də çıxırdı. Teatrın fəaliyyətindən söhbət açarkən o, həmin vaxtlar qarşılarına çıxan çətinliklərdən və bunların dəf edilməsindən, başlarına gələn əhvalatlardan maraqlı epizodlar danışırdı: "...Növbəti səfərimiz Kürdüstan qəzasının Xanlıq kəndinə idi. "Molla Cəbi" əsərini göstərirdik. Tamaşa qətl gününə təsadüf edirdi. Baxmağa gələnlərin sayı məscidin həyətinə gələnlərin sayından qat-qat çox idi. Eyvana "Türk qızlarına teatra gəlmək azaddır!" şüarı vurulmuşdu. Qadınların teatra gəlməsinə şəriət yol verməsə də, onlar üçün xüsusi lojalar düzəldilmişdi. Mollaların fitnə-fəsadına baxmayaraq, tamaşanı böyük uğurla başa çatdırdıq".

Heydər Şəmsizadə Şuşaya tez-tez qastrola gələn Hüseynqulu Sarabskinin oynadığı tamaşalara dəfələrlə baxmış, şəxsən onunla tanış olmuş, hətta bu aktyor-müğənninin teatr truppası ilə çıxış eləmişdi.

İstedadlı aktyor keçdiyi yolun çətinliklərindən qorxmur, vurğunu olduğu sənət yolunda qızğın fəaliyyət göstərir, sönməz, soyumaq bilməyən sonsuz həvəs və coşqun ilhamla çalışırdı. Bu həvəs və məhəbbət də onu aktyor peşəsinə tükənməz sevgini daha da alovlandırır, onu bütün varlığı ilə səhnəyə bağlayırdı...

Sovet hakimiyyətinin ilk günlərində Azərbaycanın bütün iri yaşayış məntəqələrində olduğu kimi, yenicə qəza adını almış Ağdamda da mətbəə təşkil etmək və qəzet çıxarmaq zərurəti meydana çıxdı. Böyük hazırlıq işləri görüldükdən sonra burda mətbəə fəaliyyətə başladı və 1923-cü ildə Heydər Şəmsizadə təcrübəli bir işçi kimi Ağdama işləməyə dəvət olundu. Həmin vaxtlar burda çalışan gənc yazıçı Əli Vəliyevlə tanış oldu, onunla əl-ələ verib, bu çətin və məsuliyyətli işin həyata keçirilməsində yorulmaq bilmədən çalışdı, müxtəlif təşkilatlarla əlaqə yaradaraq mətbəə üçün çap maşını və digər avadanlıqlar aldılar. Beləliklə, hər ikisinin fəaliyyəti sayəsində Ağdamda 1921-ci ildə ilk mətbəə işə salındı. Heydər burda əvvəlcə baş mürəttib və tərtibatçı vəzifələrində çalışdı, az sonra mətbəənin müdirliyi də ona tapşırıldı. İlk vaxtlar burda yalnız müxtəlif siyasi vərəqələr, bülletenlər, ümumiyyətlə, xırda çap məhsulları buraxılırdı. Çox çəkmədən mətbəədə "Ağdam şöləsi" adlı qəzet də çap olunmağa başladı. Heydər yaxın dostu Əli Vəliyevlə və digər silahdaşları ilə birlikdə qəzeti yüksək keyfiyyətdə və dərin məzmunda buraxılması üçün əlindən gələni əsirgəmədi.

Kənd təsərrüfatının kollektivləşdirilməsi dövründə də gənc Heydər qəzetçilik və mətbəə işləri ilə məşğul olurdu. Həmin vaxtlar camaat arasında geniş və təsirli təbliğat aparmaq, kolxoz quruluşunun vacibliyini kütlələrə başa salmaq üçün rayonda çoxtirajlı qəzet buraxılmasına böyük ehtiyac duyulurdu. Və Heydər kimi vətənpərvər gənclərin sayəsində yeni bir mətbu orqanın nəşrə başlaması üçünsə hər cür şərait yaradılmışdı. Burda əvvəlcə "Kolxoz sədası" adlı qəzet çıxarılmağa başladı, sonra adı dəyişilərək "Kolxozçu" adlandırıldı, 1934-cü ildən isə "Lenin yolu" adı ilə nəşrini davam etdirdi. Korrektor vəzifəsində işləyən Heydər də Bədəl Sahib, Nəsib Məmmədov, Kamran Quliyev, Paşa Ələkbərov kimi iş yoldaşları və qələm sahibləri ilə birlikdə qəzetin daha təsirli və oxunaqlı çıxması üçün var qüvvəsini sərf edirdi.

...Ağdamda Heydər Şəmsizadənin əsas yaradıcılıq fəaliyyəti teatrla bağlıydı. Hələ 1923-cü ildə Əhməd Bədəlbəyli-Ağdamskinin beynəlmiləl ittifaq klubu nəzdində yaratdığı teatr truppası sənətə yeni gələnlər hesabına iri bir kollektivə çevrilmişdi. Qaflan Muradov, Xosrov Mamayev, Nəriman Axundov, Cəmil Muradov, Ayaz Köçərli, Zülfüqar Əsədov kimi həvəskar aktyorlar truppanın ətrafında birləşmiş və onun əsas dayağına çevrilmişdilər. Rəhbərlik isə sənət aləmində kifayət qədər təcrübəsi və səriştəsi olan Heydər Şəmsizadəyə həvalə olunmuşdu. Kollektiv ilk vaxtlar səhnədə, əsasən, cəhaləti, fanatizmi, nadanlığı, ümumiyyətlə, ictimai geriliyi tənqid atəşinə tutan vodevillər, dövrün aktual məsələlərinə cavab verən siyasi kupletlər ifa edir, mövzusu məişətdən götürülmüş kiçik satirik səhnəciklər, din əleyhinə yazılmış birpərdəli pyeslər göstərir, C.Məmmədquluzadənin "Ölülər", Ə.Haqverdiyevin "Ey Şərq", "Ağac kölgəsində", "Ədalət qapıları", M.Kazımovskinin "Molla Cəbi" kimi əsərləri cəsarətlə tamaşaya qoyurdu. Sonralar isə teatr truppası F.Şillerin "Qaçaqlar", N.Nərimanovun "Nadir şah", Ş.Saminin "Dəmirçi Gavə", Ə.Haqverdiyevin "Dağılan tifaq", S.S.Axundovun "Laçın yuvası", H.Cavidin "Şeyda", "Şeyx Sənan", C.Cabbarlının "Aydın", "Od gəlini" kimi dram əsərləri hesabına öz repertuarını zənginləşdirmişdi. Gənc aktyor bu əsərlərdə müxtəlif baş rollar oynamaqla yanaşı, onlara rejissorluq da edirdi.

Bacarıqlı və yüksək təşkilatçılıq qabiliyyəti olan Heydər Şəmsizadə 1926-1928-ci illərdə Şuşa Beynəlmiləlittifaq Klubu İdarə Heyətinin sədri, 1928-1929-cu illərdə Quba şəhər klubunun, sonra Ağdamda şəhər beynəlmiləl klubunun müdiri və rejissoru vəzifələrində çalışmışdır. Klubun nəzdindəki dram və opera kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşmişdi və kollektivə ötən illər ərzində teatr aləmində artıq xeyli təcrübə toplamış Heydər Şəmsizadə rəhbərlik edirdi. O, həm aktyor kimi səhnəyə çıxır, həm də rejissorluqla məşğul olurdu. Gənc rejissor Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, "Arşın mal alan", "Ər və arvad", "O olmasın, bu olsun" musiqili komediyalarının həm quruluşunu verdi, həm də həmin əsərlərin əsas rollarını - Nofəl, Keşiş, Tacir Əsgər, Süleyman, Mərcan bəy, Həsən bəy rollarının ifaçısı oldu. Heydər Şəmsizadə həmişə fəxrlə deyirdi: "Qırx beş ildən artıq bir dövrdə mən dahi Üzeyir bəyin əsərlərini tamaşaya qoymuş və müxtəlif rollar ifa eləmişəm".

Heydər Şəmsizadənin fəaliyyəti getdikcə genişlənir, kollektivin repertuarı zənginləşir, geniş tamaşaçı kütləsi arasında hörməti artırdı. 1931-ci ildə teatr truppası M.Maqomayevin "Aşıq Qərib" operasını və C.Cabbarlının "Almaz" pyesini tamaşaya qoydu və bunun ardınca neçə-neçə əsərlər Ağdam teatrında həyata vəsiqə aldı. Və az bir vaxtda Ağdam dram və opera zəhmət kollektivi göstərdiyi məzmunca dolğun, ideyaca aydın, janr, formaca fərqli və üslub etibarilə müxtəlif tamaşaları ilə özünün yetkin bir kollektiv olduğunu sübut elədi. Ayrı-ayrı tamaşalar haqqında yazılar yazıldı, mətbuat səhifələrində müsbət rəylər dərc olundu, aydın fikirlər söylənildi. "Sevil" pyesinin Ağdamda uğurla keçən ilk tamaşası haqqında "Lenin yolu" qəzetində (avqust 1934-cü il, N-44) yazılırdı: "...Avqustun 25-də Ağdam səhnəsində yoldaş Şəmsizadə Heydərin rəhbərliyi altında yerli dram kollektivinin qüvvəsilə Cəfər Cabbarlının "Sevil" pyesi göstərildi. Əsərdə iştirak edənlərdən Sevil rolunda Dilarə Vəlizadə, Balaş rolunda Çingiz Qaradağlı, Balaşın atası rolunda Əhməd Ağdamski, Əbdüləli bəy rolunda Bəhram Zöhrabov yoldaşlar tamaşaçıların hüsn-rəğbətini qazandılar". Ümumiyyətlə, qəzetdə ayrı-ayrı tamaşalar barədə tez-tez yazılar dərc olunur, Heydər Şəmsizadənin rejissor sənəti çox yüksək qiymətləndirilir, aktyorların oyunu təqdir edilirdi.

Ağdam teatr truppası qarşısına çıxan bütün çətinliklərə və maneələrə baxmayaraq, öz işini ləyaqətlə davam etdirir, müasir dövrlə ayaqlaşan əsərləri səhnələşdirirdi. Həmin dövrün tamaşalarında rejissor Heydər Şəmsizadə çox vaxt səhnədə aktyor kimi görünürdü. İsgəndər ("Ölülər"), Altunbay ("Od gəlini"), Baxşı ("1905-ci ildə"), Şəkinski ("Oqtay Eloğlu"), Vasif ("İblis"), Əmiraslan ağa ("Laçın yuvası"), Nadir ("Nadir şah"), Seyran ("Namus"), Frans ("Qaçaqlar") kimi yaratdığı unudulmaz obrazlar o dövr tamaşaçılarının yaddaşından silinməmişdir.

Heydər Şəmsizadə səhnə sənətini sevən bir qrup həvəskar gənci rəhbərlik etdiyi teatr truppasına cəlb edərək yeni aktyor qüvvəsi topladı, teatrın repertuarını daha rəngarəng əsərlərlə zənginləşdirdi, səhnə üçün yazılmış təzə əsərləri uğurla tamaşaya hazırlayaraq kollektivin dövlət statusu almaq məqsədilə münbit bir zəmin yaratdı. Və nəhayət, 1937-ci ildə onun bu istəyi nazil oldu, həyatında yeni bir yol açdı. Heydər Şəmsizadənin əsl yaradıcılığı və sənətkarlığı da elə burda başladı, yaradıcılıq imkanları daha da genişlənən kollektiv müstəqil yaradıcılıq yoluna düşdü. Özü isə teatrın bədii rəhbəri və direktoru təyin olundu. İşə tükənməz həvəs və böyük məhəbbətlə girişdi. Az vaxtda bir sıra dramaturqların əsərləri tamaşaya qoyuldu. Görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyan teatrın yaradıcı heyətinin sənət coğrafiyası daha da genişləndi. Teatr məhdud bir dairədə yox, artıq qonşu rayonlarda da çıxış eləməyə başladı. Gənc rejissor bir sıra mürəkkəb əsərlərə quruluş verdi və sübut eləməyə çalışdı ki, bu dərin mənalı əsərlərin quruluşunu vermək üçün böyük istedad və bacarıq lazımdır. Heydər Şəmsizadə isə bu quruluşları verməkdə heç bir çətinlik çəkmədi, əksinə, bacarığı ilə yaxın və uzaq rayonlarda da tanındı. Onun rejissorluq məharətindən və yüksək peşəkarlığından xəbər tutan Quba, Nuxa, Gəncə, Qaryagin, Şuşa teatrları bu tanınmış səhnə xadimini öz kollektivlərinə dəvət elədi. Bacarıqlı və yenilikçi rejissor bu teatrlarda bir sıra əsərlərə orijinal səhnə quruluşu verdi.

1939-cu ildə həmyerlisi, Aşqabad Azərbaycan Dövlət Opera və Dram Teatrının aktyoru Xanlar Haqverdiyev onu Türkmənistana işləməyə dəvət elədi. Heydər Şəmsizadə Aşqabad səhnəsində bir neçə əsərə yeni quruluş verdi. Və bu tamaşalardan ən çox uğur qazananı "Arşın mal alan" musiqili komediyası oldu. O, Üzeyir bəy Hacıbəyovun və digər Azərbaycan dramaturq və bəstəkarlarının bəzi opera və operettalarına da səhnə həyatı verdi, bəzilərində öz sözünü aktyor kimi dedi. Xanlar Haqverdiyevlə tərəf-müqabil oldu, "Leyli və Məcnun"da Nofəli, "Aşıq Qərib"də Şahvələdi oynadı. Türkmənistanın Nebitdağ, Krasnovodsk, Qaraboğaz, Mərv, Bayram-Əli, Cərco şəhərlərində çıxış edərək Azərbaycan operalarının təbliğ edilməsində, tamaşaçılar tərəfindən sevilməsində xüsusi xidmətləri oldu.

Bir müddətdən sonra Heydər Şəmsizadə yenidən Ağdama qayıtdı, əvvəlki qaydada işini davam etdirməyə başladı. Teatra baş rejissor təyin olundu. Ağdam teatrının repertuarını təzəcə genişləndirməyə, səhnəyə yeni-yeni orijinal pyeslər hazırlamağa başlamışdı ki, İkinci Dünya müharibəsi başlandı. Yaradıcı heyətin bir neçə yaradıcı üzvü cəbhəyə yollandığından kollektivdə bir boşluq yarandı. Lakin Heydər Şəmsizadənin işgüzarlığı, çalışqanlığı və bacarığı sayəsində bu boşluq dolduruldu, çatışmazlıqlar tezliklə aradan qaldırıldı. Kollektivə teatrı sevən istedadlı həvəskar gənclər cəlb edildi, tamaşaların keyfiyyəti tədricən yüksəlməyə başladı. Teatr öz işlərini demək olar ki, yenidən dövrün tələblərinə uyğun qurdu, konsert proqramları təşkil olundu, tanınmış Azərbaycan şairlərinin şeirləri əsasında müharibə mövzusuna həsr edilmiş bədii kompozisiyalar hazırlandı. Tamaşalarda vətənpərvərlik hissini daha da qüvvətləndirmək, alman faşistlərinə qarşı nifrəti daha da artırmaq, sovet xalqının qələbəsinə dərin inam oyatmaq, gəncləri qarşıdakı döyüşlərə səfərbər etmək üçün əsərlər tamaşaya qoydu. Bu tamaşalar respublikanın bir çox şəhər və kəndlərində, kolxoz və sovxozlarda, iri sənaye və kənd təsərrüfatı müəssisələrində zəhmətkeşlərə göstərildi. Mirzə İbrahimovun "Həyat", "Məhəbbət", Rəsul Rzanın "Vəfa", Konstantin Simonovun "Praqanın şabalıd ağacları altında", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" pyesləri müharibə illərində Ağdam teatrının səhnəsində tamaşaya qoyuldu. Əlbəttə, bu əsərlərin səhnə uğuru qazanmasında fədakarlıqla çalışan teatrın bədii rəhbəri və quruluşçu rejissoru Heydər Şəmsizadə idi. Elə ona görə də bu səhnə xadiminin çalışqanlığı qiymətləndirildi və 1943-cü ildə teatr sənətinin inkişafında böyük xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verildi. Sənətinə verilən bu yüksək qiymət istedadlı rejissorun yaradıcılıq əzmini daha da artırdı, yeni maraqlı tamaşalar üçün qüvvə və bacarığını cəmləşdirdi.

Heydər Şəmsizadənin müharibədən sonra səhnə həyatı verdiyi Zeynal Xəlilin "Qatır Məmməd" pyesi mətbuatda son illərin ən yaxşı tamaşası kimi qiymətləndirildi. "Lenin yolu" qəzetinin 2 aprel 1946-cı il tarixli nömrəsində deyilirdi: "...Talantlı aktyorlar Yəhya Rzayev Qatır Məmməd surəti üzərində işləyərək aktyora xas olan yüksək yaradıcılıq nümunələri göstərmişdir. Simuzər Əmirova istedadlı bir aktrisa kimi ona tapşırılmış Gülcamal surətinin məzmununu yaxşı başa düşmüşdür. Qaflan Muradov (Göyüş dayı), Məmməd Əmirov (pristav Aslan bəy), İbrahim Yusifov (Haqverdi), Hacı Hacıyev (Əliş), Heydər Eminov (Əlibala) və Heydər Nəcəfov (Mirpaşa) öz rollarını yüksək səviyyədə oynadılar".

Lakin Heydər Şəmsizadə yaxşı bilirdi ki, əsl aktyor, rejissor, teatr xadimi olmaq üçün təkcə Allah-Təalanın bəxş elədiyi xüsusi istedad bəs eləmir, bundan ötəri həyati müşahidə, dərin bilik əldə etmək bacarığına malik olmaq da əsas və vacib şərtdir. Ona görə də gənc səhnə ustası özünü tamaşaçılarının gözündə bir daha doğrultmaq üçün rahatlıq və yorğunluq nə olduğunu bilmədən daim çalışır, yaradıcılıq axtarışlarını davam etdirirdi. O, biliyini artırmaq üçün bir neçə dəfə Bakıda kursda da olmuşdu. Amma onu da bilirdi ki, praktiki biliyi kifayət eləsə də, mükəmməl nəzəri biliyə çox ehtiyacı var. Ona görə də 1948-ci ildə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunun rejissorların təkmilləşdirilməsi şöbəsinə (professor İ.Y.Sudakovun sinfinə) daxil oldu. İlk növbədə, Moskva həyatı ilə yaxından tanış oldu, Rusiyanın incəsənət ustaları ilə ünsiyyət yaratdı, onlardan teatr sənətinin, xüsusilə də, rejissorluğun sirlərini maksimum dərəcədə öyrənməyə çalışdı. Teatr haqqında müasir elmin banisi, teatr tarixində ilk bitkin məktəb, ardıcıl təlimin yaradıcısı, teatr nəzəriyyəçisi, məşhur pedaqoq, SSRİ xalq artisti Konstantin Sergeyeviç Stanislavskinin metodunu dərindən öyrənib-mənimsədi. Onun rejissorluq və aktyorluq məktəbini uğurla başa vurub, geri - doğma teatrına döndü.

1948-ci ildə Moskvadan qayıdandan sonra Stanislavski məktəbinin metodları ilə silahlanmış gənc rejissor H.Sarabski adına Qaryagin Dövlət Dram Teatrına direktor və eyni zamanda baş rejissor vəzifəsinə göndərildi. Lakin maliyyə çətinlikləri ucbatından 1949-cu ildə Quba teatrı istisna olunmaqla, respublikanın bütün rayon teatrları bağlandı. Heydər Şəmsizadə əmək fəaliyyətini Ağdamda davam etdirməyə başladı, amma başqa sahədə. 1952-1958-ci illərdə rayon partiya komitəsində təbliğatçı və təlimatçı vəzifələrində çalışdı. Amma onun yarı canı, bütün fikri-zikri teatrda idi, səhnədə idi. Ağdam teatrının bağlı qapılarının nə vaxt tamaşaçıların üzünə açılacağını səbirsizliklə gözləyirdi. Ona görə də o, arzusunun yerinə yetməsi üçün partiya sistemində işləməklə bərabər, rayonda fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq işinə bacardığı köməyi edirdi. Nəhayət, 1959-cu ildə Ağdam mədəniyyət evində xalq teatrı təşkil olunanda Heydər Şəmsizadə teatrın rejissoru vəzifəsinə təyin edildi. O, necə deyərlər, qollarını çırmalayıb, çoxdan həsrətində olduğu işə can-başla girişdi. Bir-birinin ardınca Səttar Axundovun "Məhəbbət nişanəsi", Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah", Aleksandr Şirvanzadənin "Namus", Məmmədhüseyn Təhmasibin "Bahar", Məcid Şamxalovun "Qaynana", Bayram Bayramovun "Mən ki gözəl deyildim", gənc dramaturqlar Mirzağa Atəşin "Vətən və yar məhəbbəti", Fikrət Hacıyevin "Dayı", belorus yazıçısı Qriqori Stefanskinin "Şeytan əməli" pyeslərinə uğurla səhnə quruluşu verdi. Son üç əsər 1962-1965-ci illərdə Bakıda keçirilən xalq teatrlarına baxışda münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi, rejissor I dərəcəli, iştirakçıları isə II dərəcəli diplomlara layiq görüldülər.

1969-cu ildə Ağdamda xalq teatrının əsasında yenidən dövlət dram teatrı yaradıldı. Burda baş rejissor kimi fəaliyyətə başlayan Heydər Şəmsizadə aktyor kadrları yetişdirmək, kamil repertuar yaratmaq kimi işlərdə qüvvə və bacarığını əsirgəmədi. Qocaman rejissor teatrın köhnə repertuarına bir balaca əl gəzdirdi. Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Jan Batist Molyerin "Zorən təbib", Səməd Vurğunun "Vaqif", Bəxtiyar Vahabzadənin "Vicdan" kimi sanballı əsərlərə səhnə həyatı verdi. 1972-ci ilə qədər teatrın baş rejissoru, ömrünün sonunadək isə quruluşçu rejissor kimi fəaliyyətini davam etdirdi. Bu dövrdə onlarla pyesi səhnədə canlandırdı, özü də müxtəlif obrazlar yaratdı, eyni zamanda bir kino aktyoru kimi də tanındı.

Heydər Şəmsizadənin teatrın inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. Təntənəli keçirilən 70 illik yubileyində əməl və sənət dostları yubilyara vurduqları teleqramlarda öz ürək sözlərini belə ifadə edirdilər:

"Hörmətli Heydər müəllim! 70 yaşınızı, xalqımızın mədəni yüksəlişində 50 illik əməyinizi ürəkdən təbrik edirəm. Səhnəmiz Sizin kimi fədailəri ilə fəxr edir. Var olun, yaşayın, yaradın!.." (Xalq yazıçısı Mirzə İbrahimov)

"Heydər Şəmsizadə işində, həyatında, bu və ya digər məsələlərdə olduqca ciddi və təmkinli bir insandır" (Aktyor, SSRİ xalq artisti İsmayıl Dağıstanlı).

Heydər Şəmsizadə (1905-28.IX.1981) Ağdam rayonunun, eləcə də respublikamızın ictimai həyatında da fəal iştirak edirdi. O, müxtəlif vaxtlarda Ağdam şəhər Zəhmətkeş Deputatları Sovetinə və Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilmişdi. Görkəmli sənətkarın anadan olmasının 70 və səhnə fəaliyyətinin 55 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Üç dəfə (1964, 1966 və 1980-ci illərdə) Azərbaycan SSR Ali Sovetinin, 1975-ci ildə isə SSRİ Ali Sovetinin Fəxri fərmanları, "Qafqazın müdafiəsinə görə", "Əməkdə fərqlənməyə görə", "Əmək veteranı" və başqa medallarla təltif olunmuşdur. Əsl mükafatı isə uzun illərdən bəri yaratdığı və heç bir vaxt unudulmayacaq obrazlar və səhnə həyatı verdiyi əsərlərdir.

 

Vasif QULİYEV

525-ci qəzet.-2024.- 22 avqust (№150).-S.12-13.