Ədəbiyyatın
təsir dairəsi: fərdi düşüncədən ictimai
şüura
(Əvvəli ötən sayımızda)
Ədəbiyyat bütün dövrlərdə insan və
cəmiyyət, onun xarakteristikasının dünyaya təsiri
ilə bağlı ən güclü müşahidə və
müzakirə meydanı olub. Söz sənətkarları
dünyanın gözəlləşməsinə və bunun
üçün insanlarda humanizm prinsiplərinin güclənməsinə
çalışıblar. Dünyada insanlığa
qarşı müharibədən daha artıq qənim kəsilən
nə ola bilər ki?! Məsələn, Birinci Dünya
müharibəsində doqquz milyon yarım insan həlak
olmuş, iyirmi milyon insan yaralanmış, onların
üç milyon yarımı ömürlük şikəst
qalmışdı. İkinci Dünya müharibəsində isə
təkcə yetmiş beş milyon insan dünyasını dəyişmişdi.
Hələ dağılmış şəhərlər, viran
olmuş ailələr, məhv olmuş iqtisadiyyatlar və
başqa-başqa ağır nəticələri heç qeyd
etmirik... Müharibənin insanlıq və bəşəriyyət
qarşısındakı bu qədər ağır nəticələri
Hüseyn Cavid yaradıcılığında geniş şəkildə
işlənib. Bu baxımdan onun 1918-ci ildə qələmə
aldığı “İblis” faciəsi xüsusi yer tutur.
Dünyada müharibəyə qarşı
yazılmış şedevr əsərlərdən olan
“İblis” faciəsinin dərin qatlarına endikcə biz
çox-çox mətləblərdən hali oluruq. Əsər
Birinci Dünya müharibəsinin qurtardığı bir
dövrdə qələmə alınmışdı. Burada
İblisə uymuş bəşəriyyətin acı vəziyyəti
və dağılmış insan taleləri diqqətlərə
çatdırılır. “İblis” faciəsinin əvvəlində
bizi İblis və Mələk obrazları
qarşılayır. Bəşəriyyətdə hökm
sürən ağır vəziyyətin səbəbini insanda
görən İblis dünyada qanın sellər kimi
axdığını, insanların isə evlər
yıxdığını qeyd edir. Mələk isə
üzünü Uca Yaradana tutaraq insanların İblisə
uyduğundan, heç kimsədə mürvət
qalmadığından şikayətlənir. Mələyin
fikrincə, bunun kökündə siyasətin İblis ilə
həmrəng olması dayanır.
Mövzusu müharibədən götürülən,
amma real müharibə səhnələrinin təqdim edilmədiyi
“İblis” faciəsində biz Arif obrazının timsalında
isə insanın İblisə uymaqla özünü faciəyə
sürükləyə biləcəyini müşahidə edə
bilirik. Əsərin əvvəlində Arif dünyanın
yaradılmasındakı ilahi məqsədi axtarır...
Bütün insanlıq dünyanın yaranması
haqqındakı ilahi məqsədi Arif kimi axtarmalı
deyilmi?!. Dünyadakı ağır vəziyyət Arifi narahat
etməkdədir. İnsanların xəlq edilməsində hikmət
olduğuna inanan Arif İblisin yaradılmasındakı hikməti
isə anlamaqda çətinlik çəkir.
“İblis” faciəsində insanın müharibə
ucbatından böyük fəlakətlər
qarşısında qaldığı ön plana çəkilir.
Dahi Cavid bu anda insanlara üz tutaraq onları
düşündürməyə sövq edir: “Bir fəzilətsə
öldürüb-ölmək, canavar bizdən əşrəf
olsa gərək...” Bəs İblisə uymuş insanların
müharibə törətməsinə səbəb nədir?
Buna faciədə aydınlıq gətirilir. Birinci səbəb
kimi öz mənliyini, əqidəsini satan insanlar göstərilir
ki, onlar İblisin qarşısında mutidirlər və onun hər
dediklərini şəksiz edirlər. İkinci səbəbsə
bəşər övladının daş-qaş əsirinə
çevrilməsi ilə əlaqələndirilir. Əsərin
əvvəlində haqq-ədalət axtarışında olan
Arif obrazı altının, daş-qaşın əsirinə
çevrilməklə nəticədə qatil olur.
Qardaşını, sevdiyi qadını və ona
yaxşılıq edən kəsləri öldürən
Arif, beləlikə, İblisə uyur və onun köləsinə
çevrilir.
İnsanlığı uçuruma sürükləyən
İblisi, iblis xarakterli insanları və şər xisləti
biz necə tanıya biləcəyik?! Buna müəllif
İblisin dili ilə aydınlıq gətirir. İblis
özünü tanıdır, bizim onu
tanımağımız isə ağıl gücü ilə
mümkündür. Axı o: “Mən Şərqdə abid
oluram, Qərbdə rahib...Bir qazi olub, gah edərim fitnələr
icad, bəzən olurum bir çoban, azadə bir insan, bəzən
olurum zülmü fəsad aşiqi sultan...”
“İblis” faciəsinin sonunda isə böyük
mütəfəkkir kimi Hüseyn Cavid İblislə iblisləşmiş
insan arasında müqayisə aparır. Bütün dövrlər
üçün insanlığı düşündürən
ən böyük ədəbi nümunələrdən olan
bu əsərdə oxuyuruq: “İblis nədir? - Cümlə xəyanətlərə
bais. Bəs hər kəsə xain olan insan nədir? -
İblis”.
İnsanın sərvət-pul hərisliyi, burnunun
ucundan uzağı görə bilməməsi onu iblisləşdirir.
İblisləşmiş insansa İblisdən daha təhlükəli
olmaqla, müharibələr törədir, insanlığı
məhvə sürükləyir. İnsanların bu qədər
alçala bilməsini yenə diqqətlərə
çatdıran Hüseyn Cavid onlara alçalmaq əvəzinə,
dahiliyə yüksəlməyi təklif edir. Bəs insan
dahilik mərtəbəsinə necə yüksələ bilər?
Buna da aydınlıq gətirilir: “Kəssə hər kim
tökülən qan izini, qurtaran dahi odur yer
üzünü...” Böyük bir humanizm məktəbi olan
Hüseyn Cavid yaradıcılığı,
göründüyü kimi, insanlığı İblisə
uymaqla dünyanı uçuruma sürükləmək əvəzinə,
müştərək evimizi xoşbəxtlər diyarına
çevirməyə dəvət edir. Bütün bunlar
“İblis” əsərinin, ümumən, Hüseyn Cavid
yaradıcılığının ana xəttini təşkil
edir.
Humanizmə söykənmiş dünya şeiriyyətinin
zirvəsi olan və hər bir məqamı ilə bizi
düşündürən Hüseyn Cavid aləmindən
ayrılaraq bu dəfə Cəfər Cabbarlının
söz-fikir diyarına üz tutaq. Vətəndaşın Vətən
qarşısında borcunun olduğunu bizə dərin
qatları ilə aşılayan, doğma yurdun bir tikə
çörəyinin yad ölkələrin verəcəyi
mücəfərdən daha üstün hesab edildiyi “Oqtay
Eloğlu” əsərinə diqqət yönəldək.
Dünyanın dünəninə, bu gününə
və sabahına işıq tutan, insanlığın
qaranlıq yolunu aydınladan ədəbiyyatın əhəmiyyətindən
bəhs etdiyim bu geniş yazının sonuna yaxınlaşarkən
özlüyümdə “Ədəbiyyatdan uzaq düşən
insan mənən şikəstdir, natamamdır”, - fikrinin
doğruluğuna inamım daha da qətiləşib. Oxucularda
da belə bir inamən möhkəmlənməsini istərdim.
Söz sənəti, elə bir həyati sahə, elə
bir əhəmiyyətli mövzu yoxdur ki, onu ədəbiyyata gətirməsin,
insanlığın diqqətinə çatdırmasın.
Burada barəsində fikirlərimi bölüşəcəyim
Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində
işlənən mövzu, üzərində diqqətlə
düşünülməli olan mətləbləri
özündə ehtiva edir...
Amerikada, Nyu-York Universitetində çalışan
yapon əsilli amerikalı fizik Miçio Kaku yazır: Nəyə
görə ABŞ-da bu qədər çox dahi alim var? Mən
onu bilirəm ki, ABŞ digər ölkələrdən ən
pis təhsil sisteminə görə fərqlənir.
Amerikalı məzunların biliyi hətta
üçüncü dünya ölkələrindən də
aşağıdır. Bəs necə olur ki, ABŞ-nin elmi
elitası ən yüksək mövqeyi hələ də
öz əlində saxlayır, çökmür?!. Mən
bunun səbəbini sizə deyirəm. Amerikanın bir gizli
silahı var - Əcnəbi alimlər üçün viza.
Unudun “Google”u, Silikon Vadisini. Bütün bunları
amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın -
Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən
yaxşı beyinlərini özünə çəkir.
Miçio Kakunun nəzərdə tutduğu beyin
köçündən başqa bir şey deyil. Görkəmli
fizikin “ABŞ-da təhsil sistemi üçüncü
dünya ölkələrindən də
aşağıdır” fikri ilə razılaşmamaqla bərabər,
ABŞ-nin, hətta bütövlükdə Qərbin beyin
köçündən və dünyanın digər dövlətlərindən
cəlb etdiyi dahi şəxsiyyətlər hesabına bir
çox sahələrdə inqilabi nailiyyətlərə yiyələndiklərinin
isə həqiqət olduğunu düşünürəm.
Miçio Kaku şəxsiyyəti də bu həqiqətin mərkəzində
dayanır. Beyin köçü bir tərəfdən ABŞ
və Avropanın tərəqqisində müstəsna rol
oynamışdırsa, digər tərəfdən də
ölkəsinin qaymağı olan şəxsiyyətləri
itirən xalqlarsa inkişafdan geri qalmış, elmi-texniki tərəqqidə
Qərbdən asılı vəziyyətə
düşmüşdür. Xalqlar və dövlətlər
qarşısında üzərində dayanılası məsələ
olan beyin köçü mövzu kimi XX əsrin əvvəllərində
Cəfər Cabbarlı yaradıcılığı ilə ədəbiyyata
gətirilərək insanların diqqətinə
çatdırılıb.
1922-ci ildə Cəfər Cabbarlı tərəfindən
qələmə alınan “Oqtay Eloğlu” faciəsi Azərbaycanda
milli teatrı yaratmaq məqsədini qarşısına qoyan
Oqtay Eloğlu obrazından bəhs edir. Xalqını mədəni
tərəqqiyə vardırmaq və inkişaf etmiş
xalqlarla bir cərgəyə yüksəltmək istəyən
Oqtay ciddi çətinliklərlə üzləşir.
Çünki düşüncələrdə gerilik hələ
də yüksəkdir, var-dövlət aludəçiliyinin
pik nöqtədə olduğu bir zamanda “yüksək” təbəqə
nümayəndələrinin əksəriyyəti yalnız mənsəb
və zənginlik dalınca düşmüşlər.
Xalqın mənafeyi uğrunda çarpışan
insanların az, qarşılaşdıqları maneələrin
isə həddən ziyadə çox olduğu bir şəraitdə
Oqtay qəhrəmanlıq və fədakarlıq göstərərək,
necə deyərlər, əlini daşın altına qoyub.
Oqtay Eloğlu mövcud dövrdə ən çətin
yolu seçib - milli olmaq və Vətəninə xidmət etmək.
Bu yolda o, olmazın çətinlikləri ilə
qarşılaşır. Maddi imkansızlıqlar, həmkarlarının
çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli
adamların töhməti, təhqiri, dost-tanışın,
qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli,
istedadlı aktyoru müqəddəs bildiyi yoldan döndərə
bilmir. Axı xalqa və Vətənə xidmət insanlar
üçün ən böyük amal olmalıdır. Bundan
üstün heç bir qayə ola bilməz... Oqtay şəxsi
həyatında da rahatlığını büsbütün
unudub. Xalqın mənafeyi qarşısında hər kəsin
bacardığını etməsini vacib sayan, gələcəyin
tələb etdiyi inkişaf qarşısında “bu yazıq
xalqı tək buraxıb qaçmağı” özünə
layiq bilməyən ədəbi qəhrəman sonda sevdiyi
qız Firəngizi də itirib, ana və bacısını tək
qoymaq məcburiyyətində qalıb. Çünki onun nəzərincə,
vətənə və xalqa xidmət etmək bütün zənginlik
və rahatlıqlardan daha üstün və alidir. Vətənə
və xalqa xidmətin, xüsusilə də son yüzillikdə
ölkələr və xalqlar qarşısında
mühüm məsələyə çevrildiyi bir zamanda bu
mövzuya toxunmaqla, insanları milli olmağa, Vətəninə
və mənsub olduğu xalqa xidmətə
çağıran Cəfər Cabbarlı şəxsiyyəti
və yaradıcılığı, ümumən ədəbiyyatın
nə qədər böyük və mühüm amallarla xidmət
etdiyinə aid sadə bir nümunədir. İstər “Oqtay
Eloğlu” faciəsində olsun, istərsə də əvvəlki
hissələrdə haqqında söz açdığım ədiblərin
yaradıcılıq və əsərlərində diqqətə
çatdırdıqlarım da bu deyilənləri təsdiq
edir.
Oxucularla bölüşdüyüm qənaətlərin
nəticəsi kimi bunu vurğulamaq istəyirəm ki, ədəbiyyat
sərhədsiz və hüdudu olmayan bir dünyadır. Bu
dünyanı isə oxumaq, araşdırmaq və nəticə
çıxarmaq lazımdır, çünki o, bizim yolumuzu
aydınladır. Ədəbiyyat olmasa, insanlıq öz yolunu
və istiqamətini itirər.
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet.-2024.- 22 avqust (¹150).-S.11.