Vətənpərvər

 İlqar Həsənov-65

Məntiq kitabı, beş sual və yeni dövrün nikbin akkordları

 

 

Təxminən 20 il əvvəl Amerika  rejissoru Roland Emmerixin ABŞ-nin müstəqilliyi uğrunda gedən müharibələr mövzusunda çəkdiyi "Vətənpərvər" filminə baxmışdım. Baş rolda məşhur aktyor Mel Gibson olan həmin filmdə eşitdiyim bir ifadə heç zaman yadımdan çıxmayacaq: "İnsanın vətənpərvərlik nümayiş etdirməsi üçün çoxlu variantlar mövcuddur. Ən sonuncusu isə silah götürüb düşmənə qarşı vuruşmaqdır"...

Amma əvvəlcə məntiq kitabı haqqında. Danışırlar ki, əlində kitab mağazadan çıxan bir adam köhnə, həm də savadsız tanışı ilə rastlaşır. Tanışı soruşur ki, bu nə kitabdır?

- "Məntiq".

- Məntiq nədir?

Məntiqin nə demək olduğunu qısa zamanda, həm də savadsız adama izah eləməyin çətin olduğunu bilən kitab sahibi deyir ki, məntiqi bilən adam sənə bir sual verir, əvəzində dörd-beş cavab alır.

- Necə?

- Məsələn, sən evdə balıq saxlayırsan?

- Bəli.

- Deməli, sən balıq saxlayırsansa, onda balıq yeməyi də sevirsən. Balıq yeməyi sevirsənsə, onda sən araq içməyi də xoşlayırsan. Araq içirsənsə, deməli, yaxşı adamsan. Yaxşı adamsansa, heç kəs səndən pislik görməyəcək.

Savadsız adam bu söhbətdən məmnun olur və girib o da mağazadan "Məntiq" kitabı alır. Qapıdan çıxanda o da kiminləsə görüşür və bayaqkı sual-cavab təkrar olunur. O da tanışından soruşur ki, sən evdə balıq saxlayırsan?

- Yox.

- Deməli, sən alçağın, şərəfsizin birisən.

Yəni dörd-beş sualın verilməsini gözləmir.

...Bəlkə də sovet dönəmindən qalmış həmin lətifənin prinsiplərini bu yazıya tətbiq etmək yerinə düşmür, amma "məntiq məcbur edir".

Qətiyyətlə deyə bilərəm ki, İlqar Həsənov haradadır? - sualının dörd-beş yox, 15-20 cavabı olur: "İvanovkaya İkinci Dünya müharibəsinin veteranı ilə görüşməyə gedib". "Qarabağ qəhrəmanı Albert Aqarunova həsr edilmiş tədbirdədir". "Qəbələdəki Çotari udi kilsəsindən material hazırlamağa çalışır". "Balakəndə avar məclisindədir". "Qaxda ingiloyların adət-ənələrindən söz açan yazı hazırlamaq istəyir". "Şamaxıda - qədimi məsciddə təşkil olunmuş dini tədbirdədir". "Mingəçevirdə keçirilən su idmanı yarışlarını işıqlandıran jurnalistlərin arasındadır" və sairə.

İndi kimsə deyə bilər ki, həmin fəaliyyət bölgə müxbiri kimi onun vəzifə borcudur. Ancaq onun kiməsə, hansısa məsələdə kömək eləmək üçün Masallıya, Yevlaxa və ya Zərdaba getməsi... vəzifə borcundan irəli gəlmir. Sadəcə onun çoxsaylı dostu-tanışı olduğunu bilən, ondan kömək gözləyən insanların xahişini yerinə yetirmək üçün yola çıxırsa, bu, xalqa xidmət amalından yaranan hisslərdir. Qalib Arif demiş, bu adam özgənin dərdini öz dərdi kimi qəbul etməyi də bacarır, təmənnasız kömək etməyi də.

İndi yenə qayıdaq məntiqə. Əgər o, rəsmi dövlət qəzetinin tribunasından istifadə edərək ölkədə yaşayan bütün azsaylı xalqların təmsilçilərinə hörmət və ehtiramla yanaşırsa, deməli, həmin adamların özlərini Azərbaycanda rahat, əmin-amanlıqda hiss etməsinə zəmin yaradanların sırasındadır. Əgər həmin fəaliyyəti məslək kimi qəbul edərək, usanmadan yerinə yetirirsə, deməli, bu sahədəki dövlət siyasətimizi dəstəkləyir. Öz sadə fəaliyyəti ilə dövlət siyasətimizi dəstəkləyirsə, deməli, Vətənpərvərdir.

Mən onun vətənpərvərliyini Akademik Milli Dram Teatrımızın demək olar ki, əksər tamaşalarına getməsi zamanı da müşahidə etmişdim, "Hacı, gəl sabah Səməd Vurğunun ev-muzeyinə gedək" - deyə mənalı bir təşəbbüslə çıxış etməsində də. Mən onun vətənpərvərliyini doğulub böyüdüyü Gəncənin yolunu su yoluna döndərməsi zamanı da müşahidə eləmişdim, Gəncə ziyalılarının hamısının adını göylərə qaldırmaq istəyində də. Fikrimcə, bunların heç biri kiçik məsələ deyil. Bunların hamısı möhtəşəm bir fəaliyyət prinsipinin ayrı-ayrı detallarıdır.

İlqar Həsənov həm də sözün həqiqi mənasında milli mətbuatımızın təəssübkeşlərindəndir. İlk dəfə 17-18 yaşlarında ayaq basdığı "Xalq qəzeti" dəhlizlərində gördüklərini elə danışır, elə söyləyir ki, eşidən hər kəs bu redaksiyaya əstağfürullah, müqəddəs məkan kimi baxmaq istəyir. O, hətta hazırladığı kiçik bir xəbərdə bayağılıqdan uzaq olduğu kimi, hansısa əhatəli məqaləni də canlı yazıya çevirməyə çalışır və nail olur. Həmişə də "biz jurnalist olana qədər Nəsir İmanquliyevdən, Ağababa Rzayevdən, Rəfail Nağıyevdən, Əfqan Əsgərovdan, Əşrəf Hacıyevdən, Əhməd İsayevdən həyat dərsi almışıq" - deyir. İndiki mətbuatdakı bəzi xoşagəlməz məqamları görəndə isə heç kəsi tənqid eləmir, "Allah bundan betərindən saxlasın!" - deməklə kifayətlənir.

...Bir neçə gündən sonra onun 65 yaşı tamam olacaq. Amma Allaha şükür ki, gənclik illərində gördüyümüz İlqar Həsənovun görünüşünü də, əhval-ruhiyyəsini də, nikbinliyini də, çoxbilmişlik və hazırcavablığını da olduğu kimi qoruya bilib.

Bu məqamda mən iki faktı yada salmaq istəyirəm. Əvvəla, neçənci il olduğu yadımda deyil, işlədiyim məktəbdə keçirilmiş tədbir haqqında yazdığım xəbəri "Bakı" qəzetinə aparmışdım. Orada Şükufə Tağızadıni soruşdum. Xəbərlər şöbəsindəki cavan oğlan dedi ki, yazını mənə verin, mən Şükufə xanıma çatdıraram. Soruşdum, sizin adınız nədir? "İlqar Həsənov" - dedi və gülərək soruşdu ki, yazının itməyindən qorxursunuz?

İkinci, ötən ilin martında Qəbələdə "Heydər Əliyev İli" çərçivəsində geniş konfrans keçirilirdi. Tədbirə  Bakıda adı, imzası ilə tanınan dörd nəfər qəbələli dəvət olunmuşdu. Biri də mən idim. İlqar Həsənov isə həmin tədbirdə bölgə müxbiri kimi iştirak edirdi. Tədbirin rəsmi hissəsində rayon rəhbəri, YAP rayon təşkilatının sədri və biz dörd nəfər həm rəyasət heyətində idik, həm də "üzdə". Yəni hamının diqqəti bizdə idi.

Tədbirin sonrakı hissəsində isə həm "rəyasət heyətində", həm "üzdə", həm də hamının diqqət mərkəzində olan məhz İlqar Həsənov idi. Məclisdəkilərin əksəriyyəti ondan nəyisə soruşur, dəqiqləşdirir və ya hansısa maraqlı əhvalatı bir daha yada salmağı xahiş edirdi. Yəni hamı onu yaxından tanıyırdı. Hansısa köhnə əhvalatı yada salanda əvvəlcə özü gülürdü. Həmin gülüş mənə neçənci ildəsə "Bakı" qəzetində şahidi olduğum gülüşü xatırladırdı. Yəni qocalmayıb.

...Hamının həyatında yeni başlanan dövr olur. Onun ömrünün də yeni -  babalıq dövrüdür. Köhnə dostumuzun ömrünün bu dövründəki akkordların həmişə xoş təbəssümlə davam etməsini arzulayırıq.

 

İttifaq MİRZƏBƏYLİ

525-ci qəzet.-2024.- 22 avqust (№150).-S.10.