Dosdoğmalığın əski(l)məyən ünvanı

 

 

Hər insanın içində, hərdən pərvazlanıb uzaqlara gedəndə belə, istəyəndə ürəklə dönə bildiyi mənəvi yuva statuslu doğma bir ünvan arzusu yatır. Biganəlik dənizinin tufanından sıyrılıb taleyin üzümüzə gülən zamanında da, bəxtin üzüdönük vədəsində də üz tuta bildiyimiz güvənli liman misalı bir ünvan...

Umacaqsız dostluqların barmaq hesabı sayda qaldığı indiki dövrümüzdə Rəşad Məcid tanıdığım gündən bəri mənim və mənim kimi neçə yaradıcı insanın daim dosdoğma əski(l)məyən - köhnəlməyən, azalmayan ünvanı olub.

Rəşad Məcidi ilk tanıdığımda o, mənim indiki yaşımda idi, mən isə universitet auditoriyasının cazibəli ab-havasından yenicə ayrılan, gələcəyə çox ümidli çağımda... Uzun tarixdir, bir igidin ömrü qədər illər keçib aradan...

Və məhz hər gəncin işığa ümidli çağında, ürəkdən gələn təmənnasız mənəvi dəstəyə ən çox ehtiyac duyduğu vaxtda Yaradan yolunu aydınlatmaq üçün birini missioner təyin edir. Rəşad Məcid qəlbindən vəfa borcu, minnətdarlıq duyğusu xali olmayan yaşıd ədəbi nəsildaşlarımla birgə mübaliğəsiz “missioner” deyə biləcəyimiz adamdır.

Sirr isə sadədir. Özünün “Qələmsiz yazılanlar” status-esselərinin birində dediyi kimi: “Sirr xarakterdədir! Sən əgər tanımaza-bilməzə gözəl təşəbbüsləri dəstəkləyirsənsə, yaxşı işləri, istedadlı insanları ürəkdən, təmənnasız dəyərləndirirsənsə, bu, izsiz qalmır... İnsanlarımız minnətdarlıq duyğusundan, ədalət hissindən xali deyil!”

Rəşad Məcidə olan vəfa borcum zaman-zaman uzun müddət öncələrin o tayında davranışından, sözündən, inamından, təqdirindən, yeri gələndə də tənqidindən öyrəndiyim bu ustad adam haqqında urəyimdən qopan şükranlıq duyğularını dilə gətirməyə təşviq edir.

Onun vaxtikən əvəzsiz dəstəyini, yaradıcılığa açdığı meydanı xatırladıqca o təşviq duyğusu bərabərində şəxsiyyətinə duyduğun sevgini və sayğını da xatırladır və sən də ən azından ömrünün yubilyar pillələrində bunu minnətdarlıqla xatırladığını xatırlatmaq istəyirsən...

Bitərəf Əlahəzrət Zaman amansızdır, hamımızı Rəşad Məcidin şeirlərinin birində dediyi kimi, gəncliyin “qələmimizin ürəyimizdən alov diddiyi” qaynar çağından alıb “qəlbimizi bürünməyə xatirə” axtardığımız vaxtın qoynuna tullayır. Və həyat adlandırdığımız bəzən o kəlləmayallaq tullanışın içində anlayırsan ki, yıxılacağın ehtimallarda tutalqa adamları Tanrı bilərək təkrar-təkrar qarşına çıxarır - çoxdan bildiyin təmənnasızlğı, insanlığı və mərdliyi yenidən xatırlatmaq naminə.

Bu baxımdan Rəşad Məcid dönə-dönə üz tutulacaq dönməz ünvanlardandır. Çünki “Bu su bu daşdan keçincə nə çəkir, Allah bilir” misrasının müəllifi müstəsna həssaslıqla qarşısındakı insanın bir baxışından, səsindəki titrəyişin intonasiyasından bilir nə var, nə yox... Rəşad Məcidi də “bilməyən”lərdən ayıran, ayrıcalandıran da məhz bu bilməyidir... “Heç bilənlə bilməyən bir olarmı?” Və ən gözəli odur ki, bu qədərini bilən Rəşad Məcid ruhunda işıq sezdiyi, inandığı insanlar üçün elədiklərini nə dilinə, nə ağlına gətirməyi lazım bilmir... Bilmədiyi də bircə budur. Amma biz ki xatırlayırıq, bilirik...

Və belə adamların da  mükafatı Yaradandan gəlir: Hansısa ürəyə əkdiyi ümidin cücərməsiylə, qəfil sürpriz kimi qarşısına çıxan kimlərinsə şükranlıq kəlmələri ilə, simasında öz “uşaqlığının təkrarlandığını, adının oxşar çağırışı ilə kövrəldiyi” nəvələrinin varlığı ilə, illərin həsrətindən sonra gözünə-könlünə hakim kəsilən “Şuşa ovsunu” ilə, eləcə də dəlicəsinə istəklərin və zəhmətin bəhrəsi olan daha nələrlə... Və bütün bunlardan doğulub qəlbinə, baxışına dolan, boyuna biçilən fərəh dalğası Rəşad Məcidə elə indiki yubiley yaşı kimi yaraşır

 

Düz on il əvvəl 100-ü yarılamağı münasibətilə yazdığım yubiley təbrikində “Rəşad Məcidin elə bu şövqlə, bu dəlicəsinə istəklə 100 yaşa çatacağına və mənim də hələ neçə-neçə belə yubiley yazıları yazacağım” ümidini səpib çıxdığım yazının sonluğunu yubilyarın 60 yaşında qəfildən xatırladım. Bir çox səbəbdən üzüm güldü: Əvvəla, Allahın bəxş etdiyi növbəti ömür payına, aradan keçən onilliyin dostluqları əskiltmədiyinə, ədalət hissimin, minnətdarlıq duyğumun korşalmadığına və taleyin qismət etdiyi misilsiz bəxşişlərlə altmışına yetişən Rəsad Məcid ünvanının həmişəki doğma varlığına...

Və inanmaq istəyirəm ki, on il əvvəl yazıya atdığım o ümid toxumunu tale yubilyarın gələcək yuvarlaq tarixlərində də yenidən xatırlamağı nəsib edəcək. Əsas yaşamaqdır, yaşatmaqdır... Və Allahın qarşıdakı onilliklərdə də Rəşad Məcidə uzun, sağlam və ürəyincə olan ömür payı verəcəyinə bəslədiyim işıqlı ümidi onun misrasındakı digər bir ümidlə qoşalaşdırıb yubilyara ən xoş arzularla yazıdan ayrılıram: “Hələ ki vaxt var...”

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.-2024.- 22 avqust (¹150).-S.9.