"Əndəlüs köpəyi"nin dedikləri...  

 

 

Elə filmlər var ki, nə vaxt və hansı ölkədə çəkilməsindən asılı olmayaraq dünyanın hər yerində kino məktəblərinin dərs proqramlarına salınır və tədris olunur. Sürrealizmin dahisi Salvador Dali ilə məşhur ispan rejissoru Luis Bunyuelin ərsəyə gətirdikləri "Əndəlüs köpəyi" qısametrajlı filmi də belə ekran  əsərlərindəndir. Nümayiş olunduğu elə ilk gündəcə forma planında şok effekti doğuran bu film neçə onillillərdir ki, ünlü kinoşünaslar tərəfindən narrotoloji planda geninə-boluna araşdırılsa da, ideya-məzmun baxımından onun bizlərə çatdırdıqlarının şifrələrini açmaq mümkün olmayıb. Və olmayacaq da. Çünki Bunyuelin özünün dediyi kimi, "rassional düşüncə tərzi ilə izahını tapa bilən kiçik bir detalın belə olmadığı" bu filmdə ideya axtarmaq qaranlıq otaqda əslində orada olmayan qara pişik axtarmaq qədər usandırıcı və lazımsız məşğuliyyətdir. Filmin ədəbi ssenarisini öz tərcüməmdə təqdim edirəm.

Proloq

Bir dəfə...

Gecədir. Aynabənd. Aynabənddə bir nəfər ülgüc itiləyir. O, səmaya baxır və şüşədən görür ki, ...

Yüngül buludlar dairəvi aya yaxınlaşır.

Sonra qız üzü. Onun gözləri geniş açılıb. Ülgüc həmin gözlərə yaxınlaşdırılır.

Bulud parçası Ayın qarşısında süzür.

Ülgüc gözü iki yerə bölür.

Proloqun sonu.

Səkkiz il sonra.

Boş küçə. Yağış yağır.

Velosipeddə oturmuş tünd boz kostyumlu qəribə bir personaj peyda olur.

Onun başına, kürəyinə və ombasına ağ parçadan tikilmiş örtüyə bənzər bir şey bənd edilib, diaqonallar üzrə ağ və qara zolaqlarla bölünmüş qutu qayışlarla sinəsinə bərkidilib.

Personaj sükanı buraxıb əllərini dizlərinin üstünə qoyaraq qeyri-ixtiyari pedalları fırladır.

O, arxa tərəfdən - ombasına qədər "amerikan planı" ilə göstərilir. Sonra ikili ekspozisiyada küçə ilə bizdən uzaqlaşır.

Sonra personaj kameraya yaxınlaşmağa başlayır - o vaxta qədər ki, zolaqlı qutu iri plana düşmür.

Bu küçədəki evlərin birinin 4-cü mərtəbəsində yerləşən adi otaq. Otağın ortasında qəşəng geyimli bir qız dayanıb. O, diqqətlə kitab oxuyur. Lakin qəfildən səksənir, maraqla ətrafa diqqət kəsilir, kitabı yanındakı divanın üstünə atır. Kitab divanın üstünə düşəndə örtülmür. Səhifələrin birində Vermeyerin "Krujeva toxunan qız" əsərindən bir qravür görünür. İndi qız şübhə etmir ki, nə isə baş verir. O, qalxır, dönüb pəncərəyə tərəf gedir.

  Bu vaxt bizə tanış olan personaj küçədə dayanır. O öz velosipedi ilə qeyri-iradi olaraq kiçik su arxına - birbaşa çirkaba yıxılır.

  Qız acıqlı jestlə pilləkənlərlə aşağı tələsir.

 Torpağın üstünə sərilmiş personajın üzü iri planda. Onun üzü əvvəlki kimi ifadəsizdir. Bədəninin vəziyyəti isə yıxıldığı andakı kimidir.

Qız evdən çıxıb, velosipedçinin üstünə uçmur, coşmur, azğın bir tərzdə onun yanaqlarını, gözünü, burnunu öpməyə başlayır.

Yağış o qədər şiddətlənir ki, bu səhnəni bizdən gizlədir.

Ekrana yaxınlaşdıqda böyüyən qutu. Çəpinə tökən yağış onun diaqonallar üzrə kəsişən zolaqlarını döyür. Kiminsə əlləri kiçik açarla qutunu və oradan ipək kağıza bükülmüş qalstuk çıxarır. Qutu, kağız və qalstuk yağışın zolaqları kimi, lakin ayrı enlikdə çəp zolaqlarla örtülmüşdü.

 Bayaqkı otaq. Qız çarpayının yanında dayanıb. O, nəzərlərini yayındırmadan personajın kostyumunun detallarına - çiyin örtüyünə, qutuya, qaba yaxalığa, tutqun, yekrəng qalstukuna baxır. Bütün bunlar elə yerləşdirilib ki, sanki çarpayıda uzanmış adamın əynindədir. Nəhayət, qız saya qalstuku açıb onu qutuda olan zolaqlı qalstukla əvəz etmək üçün yaxalığı əlinə götürmək istəyir. Sonra o, yaxalığı qalstukla əvvəlki yerinə qoyub mərhumun keşiyini çəkən adam pozasında çarpayıya əyləşir. Çarpayının üstündəki balış və mələfə sanki insan bədəninin ağırlığı altında yüngülcə əzilib və yaprıxıb.

  Birdən qıza elə gəlir ki, kimsə onun arxası tərəfdə dayanıb. O, çevrilir və bu dəfə səliqəli geyinmiş həmin adamı görür. Bu, onu heç də təəccübləndirmir. Personaj sağ əlində nəyəsə diqqətlə baxmağa başlayır.

 Qız da yaxın gəlib onun ovcuna baxır. Ovucun ortasındakı qara deşikdən çıxıb qaynaşan qarışqalar iri planda. Dərinliyə hərəkət edən kamera. Çimərlikdə günəş vannası qəbul edən qızın qoltuğunun altındakı tük. Yenə də hərəkət edən kamera - iynələri yüngülcə titrəyən dəniz kirpisi. Kamera uzağı bir daha yaxınlaşdırır. Başqa bir qızın yuxarıdan şaquli çəkilmiş başı və diafraqma şəklində əhatə olunmuş  kəsilmiş əl. Diafraqma açılır və biz görürük ki, qız polis səddini keçməyə cəhd göstərən kütlə ilə əhatə olunub.

Qız ortada dayanaraq rəngli dırnaqları olan kəsilmiş əli yerdən qaldırmaq istəyir. Polislərdən biri irəli keçir, onu kəskin tərzdə məzəmmət edir, sonra əyilir, əli götürür, qatlayır və velosipedçinin boynundan asılmış qutuya qoyur. Sonra bütün bunları qıza verir və onun təşəkkürünə cavab olaraq hərbi qaydada təzim edir.

 Qeyd etmək lazımdır ki, polis qutunu qıza verəndə qız hədsiz dərəcədə həyəcanlanır və bu həyəcan onu demək olar ki, baş verən hadisələrdən təcrid edir. O, sarsılır və sanki öz uşaqlığını yada salan kilsə zənglərinin uzaq əks-sədasını eşidir.

Marağını öldürən insan yığını seyrəkləşir.

Bu səhnə 4-cü mərtəbədəki otaqda qoyduğumuz personajların da diqqətindən yayınmır. Biz onları aynabənd qapısının şüşəsindən görürük. Baş verən hadisələri onlar da bu şüşə arxasından müşahidə edə bilirdilər. Polis qutunu qıza verəndə aynabənddəki personajlar da az qala ağlamaq dərəcəsinə qədər həyəcanlanırlar. Onlar eşidilən musiqinin ritminə uyğun olaraq başlarını yellədirlər.

  Kişi qıza baxıb bir növ "Gördün? Mən sənə demədimmi?" mənasını verən jest edir. Aynabənddəki qız yenə küçəyə baxır. O biri qız küçədə üzülmüş halda quruyub qalıb. Onun yanından sürətlə avtomobillər şütüyür. Qəfildən maşınlardan biri onu vurub bədənini dəhşətlə əzir.

 Onda personaj düz iş görən adam inamı ilə birinci qıza yaxınlaşır və şəhvətlə onun gözlərinə baxıb paltarının üstündən döşlərini sıxmağa başlayır. Qızın döşlərini əlləyən ehtiraslı əllər iri planda. Döşlər paltardan çıxır. Kişinin sifətində demək olar ki, ölümcül dəhşət ifadəsi yaranır. Onun ağzından çıxan qanlı selik qızın çılpaq döşləri üstünə tökülür.

 Döşlər kişinin sıxdığı buda çevrilərək yox olur. Onun üzünün ifadəsi dəyişir. Gözləri qəzəbdən və şəhvətdən alışıb yanır. Açılmış ağzı örtülüb, sanki sfinktrlə yığılıb daraldılıb.

 Qız otağın dərinliklərinə tərəf addımlayır. Kişi pozasını dəyişmədən onun ardınca gedir.

 Qız qəfildən enerjili jestlə onun əllərini açmaq, bu zorən yaxınlıqdan azad olmaq istəyir.

  Kişi əllərini hirslə sıxır.

  Qız başa düşür ki, indi nə isə xoşagəlməz bir hadisə, güman ki zorakılıq baş verəcək. O, addımbaaddım küncə çəkilir və kiçik stolun arxasında gizlənir.

  Kişi aldadıcı jest edir. O nə isə axtararaq ətrafa boylanır. Ayaqlarının altında kəndir qırığı görür, onu sağ əli ilə götürür. Sol əli ilə də nə isə əlləşdirir, sonra eyni ilə belə bir kəndir qırığı götürür. Divara qısılmış qız qorxu ilə onun bu təcavüzkar hərəkətlərini izləyir. Zor işlədən kişi çox çətinliklə uzun kəndirlərlə hansısa yükü arxasınca parta-parta hücuma keçir.

 Ekranda ülgüc, sonra qovun, sonra rahib olmağa hazırlaşan 2 gənc və nəhayət, 2 əla royal peyda olur. Royalların üstündə eşşək cəsədləri var. Onların ayaqları, quyruqları, sağrıları və nəcisləri royalların üstünü tutub. Royallardan biri obyektivin qabağından keçəndə biz klaviaturadan sallanan eşşək başını görürük.

 Kişi məhkum olunmuş tərzdə sonuncu qüvvə ilə qıza tərəf can atır. Yol boyu o, stulları, stolu, torşeri və s. vurub aşırır. Eşşəklərin sarğıları əşyalara ilişir. Tavandan asılmış çilçıraq epizodun sonuna qədər yellənir.

 Kişi qızı haqlayanda o, qəfildən cəldliklə çevrilir və qaçır. Kişi kəndiri buraxıb onu təqib etməyə başlayır. Qız qonşu otağın qapısını açır və oraya girir. Lakin qapını örtməyə macal tapmır. Kişi əlinin bilək nahiyəsini qapının arasına soxa bilir.

  Qız qapını özünə tərəf çəkə-çəkə kişinin əlinə baxır. Əl yenidən qaynaşan qarışqalarla örtülür. Birdən qız çevrilir və otağın içərisinə baxır. Bu otaq əvvəlkindən heç nə ilə fərqlənmir, amma işıqlandırılmasına görə bir qədər başqa təsir bağışlayır. Qız görür ki...

 Üstündə əli qapının arasında qalmış kişi uzanan həmin çarpayı. Kişinin üstünə örtük çəkilib, sinəsi üstündə qutu var. O, tərpənmədən gözlərini geniş açır. Sifətindəki ifadə sanki deyir: "İndi nə isə qeyri-adi hadisə baş verəcək".

 

 Gecə saat 3 radələrində.

 

 Giriş qapısının pilləkən meydanında yeni personaj peyda olur. Biz onu arxa tərəfdən görürük. O, bütün bu hadisələrin baş verdiyi otağın zəngini basır. Biz nə zınqrovu, nə də elektrik zənginin toxmaqcığını görürük. Onların yerinə qapının üstündəki deşikdən iki əl çıxır. Onlar adi filmlərdə zəngin düyməsini basan tərzdə dərhal hərəkətə gəlirlər.

 

 Yataqda uzanan diksinir.

 Qız qapını açmağa gedir.

 

  İçəri girən inamlı addımlarla yatağa yaxınlaşır və bizə tanış qətiyyətlə tələb edir ki, ayağa qalxsın. Yatan adam əmrə həvəssiz tabe olduğu üçün içəri girən onun çiyin örtüyündən yapışıb güc tətbiq edir.

 Sonra o, bir-birinin ardınca bu örtükləri çıxarır və pəncərədən atır. Qutu, onun ardınca qayış da küçəyə uçur. Yataqdan qalxan adam ciddi-cəhdlə əşyaları xilas etməyə çalışır. Müqavimətə görə kəlmə kimi onu divar dibində dümdüz dayanmağa məcbur edir.

 Yeni personaj bütün bu hərəkətləri arxası tamaşaçılara tərəf dayanaraq yerinə yetirməlidir. O, o vaxt çevrilir ki, otağın o biri başında nə isə gərəyi olur.

Qəfildən təsvir tutqunlaşır. Təzə gələn adam həyəcanla hərəkət edir və biz onun əvvəlki personajın üzündən fərqlənməyən üzünü görürük. Bu, elə həmin o adamdır, lakin bir qədər cavan görünür.

Təzə gələn adam onu "Amerika planı" ilə çəkən kameranın ardınca otağın içərilərinə tərəf gedir.

  O, kadrda peyda olan məktəb partasına yaxınlaşır.

  Partanın üstündə iki kitab və müxtəlif məktəb ləvazimatları var. Onların yerləşdirilmə ardıcıllığı düşünülməli, tərbiyəvi xarakteri vurğulanmalıdır.

  O, kitabı götürüb birinci personaja baxmaq üçün çevrilir. Bu vaxt təsvir yenə də adi xarakter alır /rapidsiz və yumşaq fokussuz/.

Gəlmə adam birinci personaja əllərini sinəsində çarpazlamağı əmr edir, sonra onun hər ovcuna bir kitab qoyur və cəza kimi bu vəziyyətdə donub qalmağı tələb edir.

 Cəzalandırılanın üzü məkrli və zəhərli ifadə alır. O, gəlmə adama tərəf çevrilir. Onun əllərindəki kitablar çönüb tapança olur.  Gəlmə adam isə ona tərəf çox diqqətlə baxır.

  Birinci personaj silahla hədələyərək gəlməni əllərini qaldırmağa məcbur edir və baxmayaraq ki, o, buna tabe olur, hər iki tapançadan atəş açır.

"Amerika planı". Biz görürür ki, ölümcül yaralanmış gəlmə adam ağrıdan üzünü turşudub yerə yıxılır. Burada yenə də yumşaq fokus tətbiq edilir, personajın yıxılması rapiddə verilir - özü də birinci dəfədəkindən fərqli olaraq daha çox hiss olunan bir tərzdə.

Haradasa uzaqlarda yaralı yıxılır, lakin artıq otaqda yox, parkda. Onun yanında arxası bizə tərəf azca əyilərək çiyinləri çılpaq bir qız əyləşib. Yaralı yıxılanda qadının çılpaq çiyinlərinə toxunmağa və onları sığallamağa çalışır. Onun bir əli əsir və öz bədəninə tərəf çevrilir, o biri əli isə yüngülcə qadının dərisinə toxunur. Nəhayət, yaralı yıxılır.

  Uzaqdan bir neçə adam və keşikçilər yıxılanın köməyinə tələsir. Onlar yaralını əlləri üzərinə götürüb meşə ilə aparırlar. Səhnəyə hiddətlənmiş axsaq adam daxil edilir.

Yenə həmin otaq. Arasında əl qalan qapı yavaşca açılır. Kənarda bizə tanış olan qız dayanıb. O, qapını öz ardınca örtür və caninin dayandığı divar tərəfə baxır.

 Cani artıq orda deyil. otaq da tamamilə çılpaqdır - nə bir mebel var, nə bir dekorasiya.

  Qız səbirsizlik və təəssüf bildirən jest edir.

 Ortasında qara ləkə olan divar.

 Yaxınlaşdıqca məlum olur ki, bu, "ölü baş" kəpənəkdir. Kəpənək iri planda verilir.

Kəpənəyin qanadları ilə cızılmış ölü baş bütün ekranı tutur.

"Amerika planı"na göstərilən və çiynində örtük olan personaj qəfildən yenidən peyda olur. O, dişləri düşürmüş kimi tələsik əlini ağzına aparır. Qız diqqətlə ona baxır.

 Personaj əlini aşağı salanda biz görürük ki, onun ağzı yoxdur. Qız sanki ona deyir: "Yaxşı, bəs sonra?" Və dodaqlarını pamadalamağa başlayır.

 Personajın üzü yenə də gözlərimiz qarşısındadır. Onun ağzının yerində tük bitməyə başlayır.

  Qız bunu görüb qışqırığını çətinliklə boğur və tamamilə tüksüz olan qoltuğunun altına baxır. O, etinasızlıqla dilini personaja göstərir, yaylığını çiyninə atır, yaxınlıqdakı qapını açır və qonşu otağa - böyük çimərliyə keçir.

Sahildə onu üçüncü personaj gözləyir. Onlar bir-birilə salamlaşır və suyun qırağı ilə addımlamağa başlayırlar.

Kadrda onların ayaqları.

Kamera onları izləyir. Dalğalar əvvəlcə qayışları, sonra qutunu, sonra örtüyü və nəhayət, velosipedi sahilə - onların ayaqlarının altına atır.

Onlar gəzintilərinə davam edirlər və yavaş-yavaş onların siuletləri itir. Və bu zaman sanki səmada yazılır: Yazdır.

Hər şey dəyişib. İndi bizim gözlərimiz qarşısında sonsuz səhra uzanır. Səhranın ortasında - günəşin qızmar şüaları altında sinələrinə qədər quma basdırılmış həmin personajlar.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.-2024.- 23 avqust (¹151).-S.14.