"Mən dərdimi
pıçıldadım dağlara..."
Musa Yaqubun şeirlərindəki təbiət
konsepsiyasına bir baxış
Təbiət həmişə insanlar üçün
böyük sirr və maraq mənbəyi olub. Antik yunan fəlsəfəsinin
başlanğıcındakı filosoflar da bu mənada "təbiət
filosofları" adlanırlar. Təbiətdə gedən
proseslər fəlsəfi münasibətləri ortaya
qoyduğu kimi, ədəbiyyatın da daimi mövzusuna
çevrilib.
Xalq şairi Musa Yaqub şeirlərində təbiət
ünsürlərini kainatın yaradılışını
və təbiət hadisələri vasitəsilə həyati
prosesini təsvir edərkən istifadə edir. Şair bir
müsahibəsində deyir: "Allahdan çox razıyam, mənə
təbiətin gözəlliyini, sirlərini görməyi qismət
edib".
Təbiətin bir fəlsəfəsi, bir sirri vardır
və insan da daxil olmaqla hər şey o fəlsəfənin, o
sirrin içində əriyir. M.Yaqub bu fəlsəfəni
öyrənib mənimsəyir və bir alim kimi bütün
yaradıcılığında "tədqiq və təhlil
edir", əsərlərinin uğuru isə öyrəndiyi
təbiət fəlsəfəsindən
yaradıcılığında bəhrələnə bilməsidir.
Geydim libasını, gördüm barını,
Atımı xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu
payız.
Ovcuma da baxdım, bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
Xiromantiya elminin öyrəndiyi ovuc içindəki
tale, ömür, ürək və s. xətlərini şair
payızda saralan yarpaqdakı xətlərlə müqayisə
edir, onlarda oxşarlıq tapır, ağac yarpağını
insanın ovuc içi ilə poetik bir şəkildə
obrazlaşdırır.
Təbii ki, bu məqalənin mövzusu "Təbiət
dialektikası" və buna təsir edən amillər deyil. Məqsəd
şairin içindəki təbiəti və təbiətdəki
şairi göstərmək səyidir.
Nədir, üfüqlərə qar düşüb elə,
Bir cuna göylərdən asılıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.
Bircə qarışlıqda zülməti
qırıb,
Bir şırım qar tutub qar yarğanını,
Sanki çadrasını ildırım cırıb,
Pambığı çıxıbdı daş
yorğanının.
...Ən dərin yuxudur, dərindən dərin,
Torpağın ən nəhəng kölgəsi
yatır.
Vəhşi qartalların, dağkəlilərin
Qayalı-qapçaqlı ölkəsi yatır.
Təkcə "Dağlar çox qəribə olur
gecələr" şeirinə görə M.Yaqubu "təbiət
filosofu" adlandırsaq, şişirtmiş olmarıq.
Çünki təbiət burada şair üçün də
bədii-poetik düşüncənin təsir sahəsidir. Təbiət
insanları özündə birləşdirən
bütövlükdür. Bu mövzuda şair Yusif Nəğməkarın
bir şeirini xatırlamaq yerinə düşər.
Arxa arxayadır silsilə dağlar,
Üstünə gürşadlar tökülsün, nə
qəm,
Zirvələr buludu başına bağlar,
Bir daşı tərpənməz titrəsə aləm.
Budaqlar hörülər biri-birinə,
Hölləşən kəllərin buynuzu kimi.
Mat qalıb dağların bu hünərinə,
Mələr təbiət də bir quzu kimi.
Dağları əbədi yaşadan belə
O dağın bu dağa kömək əlidir.
Əl-ələ verməyi - birliyi hələ,
İnsanlar dağlardan öyrənməlidir.
(Y.Nəğməkar)
M.Yaqub dağların başındakı dumanı
göylərdən asılan cunaya bənzədir, Y.Nəğməkar
isə bu görüntünü zirvələrin buludu
başına bağlaması kimi təsvir edir. Hər iki
şairin eyni təbiət mənzərəsini oxşar poetik
təsvirlərlə təqdim etməsi diqqətçəkicidir.
Və hər iki şairin gəldiyi qənaət, ilahi fəhm
kağıza bükülən həqiqətlərdir. Bu həqiqətlərdən
bir daha yəqin edirik ki, insanların təbiətə istədiyini
edə bilən bir usta kimi yanaşması böyük səhvdir.
Əksinə, insanlar təbiətə tabedirlər və ancaq
ondan öyrənməklə faydalana bilərlər. Tərsini
düşünənlərin dünyanın bilinməyəndən
kənarda bilinən bir quruluşa malik olması fikri ilə
formalaşan müasir rasional
dünyagörüşünü təbiətə tətbiq
etmək doğru deyil. İnsan birmənalı olaraq qəbul
etməlidir ki, təbiətin mərkəzində insan yoxdur, təbiətin
mərkəzində təbiətin öz qanunları,
münasibətləri var və bu münasibətlərdə
sadəcə tərəfin biri insandır.
1977-ci ildə ictimai-siyasi məzmunda yazdığı
"Bu dünyanın qara daşı göyərməz"
şeirində sosialist poeziyasından uzaqda öz iç
dünyasının səsini dinləyib, oxucuya da dinlədən
şair bədbin halını ifadə edir. Cəsarətli
şair bu şeirini həm də sosialist inqilabının
ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə
səsləndirir. İnsan duyğularına təsir edən bu
bədbinliyi Arazın o tayındakı durğunluğa
bağlayır, şair bu əhval-ruhiyyəsini təbiətdəki
neqativ hallarla əlaqələndirərək maraqlı təşbehlər
yaradır.
Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb
dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.
İnsan-təbiət mübarizəsində
insanları "məsum" kimi görmək və təqdim
etmək şairə doğru gəlmir. M.Yaqubun təbiətindəki
saflıq, təmizlik, təvazökarlıq, dinclik, hətta
narahatlıq da yəqin ki, elə ana təbiətdən gəlirdi.
Bir Allah taxtıdır o quzey, güney,
Burda təbiətin işi nə düzdü.
Qəzəb deyilən şey, qəsd deyilən
şey,
Yoxdu bu dünyada, əfsanə sözdü.
- deyərkən, şairin nəzərində təbiət
hətta vəhşiliyi ilə də insandan daha təmiz və
günahsızdır, çünki təbiətdə yalan,
aldatma, qəsd yoxdur. Şair "Yamanlıq eyləyib
ceyranı ağlat, Timsahın yaşını silənə
kimi" misraları ilə namərd, riyakar, nadan insanların
olduğuna, ürəyiyumuşaq və ya cahil insanların da
istər-istəməz onlara uymasına diqqət çəkir.
Bundan əlavə, şair ədəbiyyatımızda
və milli ənənəmizdə insanlar kimi təbiətdəki
qeyri-insan varlıqlarının da bir xarakter
daşıdığını (timsah göz yaşları)
xatırladır ki, şeirdəki digər elementlər də
bu mənada rəmz kimi işlənir. Başqa bir şeirində
də oxşar fikirlərini şeirə gətirir.
İnsanların arasında bir parçası olduqları təbiətə
zidd gedənlərin də olduğunu qeyd edir və bunu zamanla əlaqələndirir.
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim qovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Mən dərdimi pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara.
Dövrüm verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq.
Məhz burada şairin təbiətə
baxışına təsir edən amilləri - içində
olduğu dövrün poeziya və təbiət
anlayışını və şairin ideologiyasını
özəlliklə diqqətdə saxlamaq gərəkdir. Bu iki
amil M.Yaqub poeziyasının əsasını təşkil
edir. Bu iki amili düzgün dərk etsək, şair-təbiət
münasibətinə tam o nöqtədən baxar, Musa Yaqub
sözünün və şeirinin təbiətlə, tarixlə
və xüsusilə şairin əqidəsilə əlaqəli
olduğunu bir daha yəqinləşdirmiş olarıq.Bu
baxımdan M.Yaqubun yaradıcılığına bələd
olanlar bir məsələdə həmfikirdirlər: Təbiət,
onu oxusun deyə yaradıb Musa Yaqubu!
IX əsrdə yaşamış sufi Bəyazid Bəstami
buyururdu: "Allah insanı sevdiyi zaman ona üç sifət
verir: dəniz kimi səxavət, günəş kimi hərarət,
torpaq kimi təvazökarlıq". Bildiyimiz kimi, bədii ədəbiyyatda
dəniz səxavətlə, günəş hərarətlə
(istiqanlılıqla), yer isə təvazökarlıqla eyniləşdirilir.
M.Yaqub özü də təbiət kimi səxavətli
və təvazökar idi. Bu fikiri Xalq şairi Zəlimxan Yaqub
Musa Yaqub haqqında yazdığı "Bənzətmə"
şeirində bir daha təsdiqləyir.
Qardaşıma bir bənzətmə tapmışam,
Musa Yaqub dağ kəlinə bənzəyir.
Başı zirvə, döşü yamac, özü
dağ,
Şeiriyyətin heykəlinə bənzəyir.
...Bir çiçəkdi, təravətin dilidi,
Halallıqdı, ləyaqətin dilidi.
Danışdığı təbiətin dilidi,
Süleymanın quş dilinə bənzəyir.
Acı deyil şan-şöhrətin, ad-sanın,
Dalğasıdır söz adlanan dəryanın,
Bir gözütox balasıdı Şirvanın,
Öz yurduna, öz elinə bənzəyir.
Bəlkə də şairin əsasən təbiət
qoynunda yaşamasından irəli gəlir ki, hər daşla,
hər bulaqla, hər ağacla öz dilində
danışmağı bacarır.
M.Yaqubun şeirləri İsmayıllının dərələrindən
keçib dərinləşir, Buynuz kəndindəki həyətindən
keçən dəyirman arxının gur axarında yuyulub
söz-söz, heca-heca arınır. Şair insanlardan çox
təbiətə sarılır, təbiətin doğma
qoynunda sözün əsl mənasında yaşayır.
...Könül, hər ömürdən sən xəbərdar
ol,
O palıd babamdır, bu şiv yaşıdım.
Ağacım, yamacım, Göy meşəm, sağ
ol,
Burda bir anımı bir il yaşadım.
...Laləm, yolum üstə bir də çıraq ol,
Bu çıraqlı döşdə qoy şehə
batım.
Ümidlə yaşayan bənövşəm, sağ
ol,
Bir az ömür sürüb xeyli yaşadım.
(Ardı var)
Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2024.- 23 avqust (№151).-S.13.